“COĞRAFİYA VƏ TƏBİİ RESURSLAR” JURNALI. (MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR)

AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİ
“Coğrafiya və təbii resurslar”  elmi-kütləvi jurnalı
 
Müəlliflər üçün qaydalar

 

Bu təlimat Azərbaycan Coğrafiya Cəmiyyətinin nəşri olan elmi-fundamental problemlər və elmi-tətbiqi məsələlərə həsr olunmuş məqalələri dərc edən “Coğrafiya və təbii resurslar” jurnalının redaksiyasına təqdim olunan materialın düzgün tərtib olunmasında müəllif(lər) üçün yardımçı rolunu oynayır. Jurnalda məqalələrin müəllifi Azərbaycan Coğrafiya Cəmiyyətinin həqiqi üvü olan (müstəsna hallarda kənar şəxslər) alim və mütəxəssislər ola bilər.

Məqalənin tərtibatı qaydaları
Təqdim olunan məqalənin mətni kompüterdə Microsoft Windows əməliyyat sistemində işləyən xüsusi mətn redaktoru – Microsoft Word 2007-2013 versiyalar istifadə olunmaqla yazılır. Mətn üçün şrift olaraq Azərbaycan, ingilis və rus dillərində Times New Roman qəbul edilir. Səhifənin ölçüləri A4 (21,0x29,7 sm) formatına uyğun olmalıdır. Səhifədə yazı səhifəsinin sol tərəfindən 3 sm, sağ tərəfindən 1,5 sm, yuxarı və aşağı hissələrdən isə 2 sm sahə saxlanılır.

Məqalənin adı
Məqalənin adı müvafiq əlifbanın böyük hərfləri ilə qalın (bold) yazılır (şriftin ölçüsü 14 pt, interval 1), mətn sahəsinin eni (16,5 sm) boyu, səhifənin orta xəttinə nisbətən simmetrik yerləşdirilir.

Müəllif(lər)in adı, atasının adı və soyadı
Məqalənin adından sonra 1 sətir boş yer saxlamaqla aşağıda müəllif(lər)in adı, atasının adı və soyadı qısa şəkildə  (14 pt, 1 interval) yazılır (məs: A.F.Həşimov, Ə.Ş.Qasımov) və səhifənin orta xəttinə nisbətən simmetrik yerləşdirilir.

Müəllif(lər)in işlədiyi idarənin adı və ünvanı
Müəllif(lər)in adı, atasının adı və soyadından aşağıda 1 sətir boş yer saxlamaqla kursiv şriftlə  (14 pt, 1 interval) müəllif(lər)in işlədiyi idarənin adı və ünvanı yazılaraq səhifənin mərkəzinə nəzərən simmetrik yerləşdirilir. Əgər məqalənin müəllifləri ayrı-ayrı idarələrdə işləyirsə, onların hər birinin ünvanı yazılmalıdır və hər bir müəllifə məxsus ünvan ərəb rəqəmləri ilə nömrələnərək dəqiq göstərilməlidir.

Məqalənin annotasiyası
Ünvan(lar)dan aşağıda bir sətir boş sahə buraxıldıqdan sonra  məqalənin annotasiyası verilir:
Həcmi 15 sətirdən çox olmamaq şərtilə məqalənin (onun yazıldığı dildə) qısa məzmunu (annotasiya sözü yazılmadan) verilir (12 pt). Annotasiya mətnində problemin vəziyyətinin icmalı, düstur və ədəbiyyatlara istinadlar verilməməlidir. Annotasiya mətnindən sağa və sola ümumi mətn sahəsinə nəzərən 1,5 sm məsafə saxlanılmalıdır (yəni  annotasiya sətirlərinin uzunluğu 13,5 sm olmalıdır). Sətirlər arasındakı məsafə 1 interval, axırıncı sətirdən sonra aralarındakı məsafə 1 interval olmaqla əsas mətnə qədər iki sətir boş sahə ayrılır.

Məqalə mətninin tərtibatına dair
Başlıq və yarımbaşlıqlar ayrıca sətirdə müvafiq olaraq 14 pt və 12 pt qalın şriftlə yığılır.

Mətnin hazırlanması
Bütün abzasların birinci sətri yazı sütununun sol kənarından 1 sm irəli çəkilməklə başlanır. Məqalə mətninin şriftinin ölçüsü 14 pt, sətirləri arasındakı məsafə isə 1,5 interval olmalıdır.  Hecalara ayırmadan mətndə istifadə olunmamalıdır. Məqalənin həcmi 14 səhifədən çox olmamalıdır (cədvəllər, şəkillər və istifadə olunan ədəbiyyat siyahısı daxil olmaqla). Məqalə Azərbaycan, ingilis və rus dillərində təqdim oluna bilər. Redaksiya xarici ölkələrin elmi ictimaiyyətini alimlərimizin nailiyyətləri ilə tanış etməyi planlaşdırdığından (İnternet vasitəsilə nəzərdə tutulur) ingilis dilində yazılmış məqalələrə üstünlük verilir. Məqalənin mətni format çərçivəsində (bütün sətirlər sol və sağ tərəflərdən yazı mətni sahəsindən kənara çıxmamaq şərtilə) düzəldilməli, diqqətlə redaktə edilməli, coğrafi terminlərin və həmçinin vahidlərin (beynəlxalq Sİ sistemində) düzgünlüyü yoxlanılmalıdır. Məqalənin tərtibatı ümumi sxemə: giriş (problemin vəziyyəti) – məsələnin qoyuluşu – tədqiqatın şərhi (tədqiqat üsulu, istifadə olunan materiallar, məlumatların təhlili və s.) – alınan nəticələrin şərhi – nəticələr – istinad edilən ədəbiyyat siyahısı riayət olunmaqla yerinə yetirilir.
Məqaləyə, ingilis və məqalənin yazılış dilindən asılı olaraq, Azərbaycan və ya rus dilində (20 sətrədək) xülasələr əlavə edilir: Xülasələr 12 pt ölçülü şriftlə yazılmalıdır. Xülasələrin hər birində, onun yazıldığı dildə müəllif(lər)in adı, atasının adı və soyadı qısa şəkildə (məqalənin özündə olduğu kimi), eləcə də məqalənin adı yazılmalıdır.

Şəkillər, cədvəllər, düsturlar
Məqalədə şəkillərin (xəritə, diaqram, sxem və s.) hər biri tərtib olunduğu proqramdan asılı olmayaraq vahid obyekt şəklində (ayrı-ayrı şəkillərin süni surətdə birləşdirilməsi yolverilməzdir) mətnin sonunda verilir və ya JPEG (*.jpeg, *.jpg) formatında fayl şəklində verilir (başqa formatlar qəbul olunmur). Ölçüləri üfüqi istiqamətdə əsasən 7,75 sm, mümkün olmadıqda mətn sahəsinin enindən (16,5 sm) böyük olmamalı və səhifənin mərkəzinə nisbətən simmetrik yerləşdirilməlidir. Şəkillər “şəkil” sözü ilə nişanlanır və ardıcıl nömrələnir (məs. : Şəkil 1).
Hər bir cədvəlin başlığı olmaldır. Cədvəllər ardıcıl olaraq nömrələnir (məs. : Cədvəl 1). Cədvəllərin nömrəsi və adı onların üstündə verilir. Cədvəllər yığcam, yazı sahəsi enindən böyük olmamalıdır. Cədvəllər mətn daxilində yerləşdirilməli və onlar bir səhifədən (əvvəli) digərinə (davamı) keçirilməməlidir.
Düsturlar çıxarılışsız, son yazılış formasında verilməlidir. Düstur simvollarının izahı onun altında verilir. Simvolların dərəcə və indeksləri dəqiq ayrılmalıdır. Düsturun nömrəsi onunla bir sətirdə sağ tərəfdə mötərizə içərisində verilir. Düstur yazılan sətrin uzunluğu 7,75 sm-dən böyük olmamalıdır (düsturun nömrəsi də daxil olmaqla).

Ədəbiyyat
Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]).
İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə (kvadrat mötərizədə) verilir (12 pt).
Jurnal məqalələri üçün aşağıdakı məlumatlar verilməlidir: müəllif(lər)in soyadı və inisialları, məqalənin adı, jurnalın adı (kursiv şriftlə), nömrəsi, çap olunma ili və səhifə. Məs.:
Танрывердиев Х.К., Сафаров А.С. Эколого-геоморфологические исследования Малого Кавказа (в пределах Азербайджана), Вестник БГУ, Серия естественных наук, №1, 2006, c. 160-166
Monoqrafiya və s. Bu növ nəşrlər üçün – müəllif(lər)in soyadı və inisialları, kitabın adı, nəşriyyat, şəhər, nəşr ili və səhifə göstərilir. Məs.:
Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri. “Nafta-Press”, Bakı, 2006, 160 s.
Toplular, o cümlədən konfrans (simpozium, seminar və s.) və ya idarələrin əsərləri üçün – müəllif(lər)in soyadı və inisialları, məqalənin (elmi məlumat, məruzə və ya məruzənin tezisi) adı, toplunun adı (kursiv şrift ilə), şəhər, nəşrin ili və səhifə göstərilir. Məs.:
Əfəndiyev V.Ə., Eminov Z.N. Müasir dövrdə Azərbaycanda kənd əhalisi və kənd yaşayış məntəqələrinin inkişaf xüsusiyyətləri. “Azərbaycanda coğrafiya elminin inkişafı” mövzusunda respublika elmi konfransı. Bakı, BDU, 2013, s. 153-157.

İnternet məlumatları (veb istinadlar).Məqalənin və ya məlumatın yerləşdiyi internet ünvanı (URL) dəqiq göstərilməli, istinada son baxılma tarixi və digər mümkün məlumatlar (məqalənin və müəllifin adı, istinad edilən qurum və s.) verilməlidir.

Xəzərin ekoloji problemləri, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi (2015, 1 yanvar). Mənbə: http://www.eco.gov.az/x-ep.php

Məqalə jurnalın redaksiyasına iki variantda – elektron (kompakt diskdə və ya e-mail vasitəsilə) və A4 formatlı kağızda surəti çıxarılmış şəkildə təqdim olunmalıdır. Müəllif(lər)in işlədiyi idarənin rəsmi məktubu və ekspert rəyi məqaləyə əlavə olaraq təqdim edilməlidir. Redaksiya, alınan məqaləni rəyə göndərmək səlahiyyətini saxlamaqla, onun nəticəsinə əasən məqalənin çap olunması  (və ya rəyçinin iradlarına əsasən məqalənin yenidən işlənməsi) haqqında qərar qəbul edir.

                                                                                                              REDAKSİYANIN ÜNVANI
                                                                                           AZ 1143, Bakı ş. H.Cavid pr. 115
                                                                                           AMEA-nın əsas binası, 2-ci mərtəbə 244-cü otaq
                                                                                           Tel.: (012) 5393376
                                                                                           (050) 7520042

4072
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic