“AZƏRBAYCANIN TƏBİƏT VƏ MEMARLIQ MÖCÜZƏLƏRİ” KİTAB-ALBOMU ÇAP OLUNUB

Tarix hər bir millətə özünün gözəl irsi keyfiyyətlərini göstərmək və müdafiə etmək, təbiətini, tarixini və mədəniyyətini bilmək, keçmişinə hörmət etmək,

indini və gələcəyi qurmaq və bunları özünün və hər kəsin xeyrinə etmək haqqını veribdir. Bizim çoxmillətli ölkəmizin xalqlarında milli və ümumbəşəri dəyərlərə maraq artmaqdadır. Həyata addım atan hər yeni nəsil təbiət, insani hisslər və münasibətlər, qəliz və çox haşiyəli dəyərlər dünyasını yenidən özü üçün aşkar edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Biz simasını, dilini, elmi ənənələrini qoruyub saxlamış ölkəyik”. Bu, vətəninin tarixinə, ölkəsinin təbii, mədəni-tarixi irsinə və ənənələrinin qorunmasına böyük diqqətlə yanaşan müdrik dövlət və ümummilli liderin mövqeyi idi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi altında nəşr olunan “Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu ilk dəfə işıq üzü gördü. Milli Elmlər Akademiyasının 70 illiyi münasibətilə hazırlanmış və həcmi 337 səhifədən ibarət olan, 500 tirajla nəşr olunan bu kitab-albom akademik A.Əlizadənin ön sözləri ilə açılır.

Kitab-albomun əsas icraçıları AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – direktor, akademik R.M. Məmmədov, elmi işlər üzrə direktor müavini,  AMEA-nın müxbir üzvü, professor E.K. Əlizadə, coğrafiya üzrə fəlsəfə doktoru, dosent S.Ə. Tarixazər, coğrafiya üzrə fəlsəfə doktoru E.C. Kərimova, AMEA Geologiya və Geofizika İnstitutunun professoru, geologiya-mineralogiya üzrə elmlər doktoru, T.N. Kəngərli, Memarlıq  və Mədəniyyət İnstitutunun əməkdaşları - R.Ş. Əliyeva, E.N. Əliyev, T.N. İsayeva, N.A. Zeynalovdur. Müəllif heyəti Azərbaycan təbiətinin unikallığını və ölkənin təkrarolunmaz təbiətini tam həcmdə əks etdirməyə çalışıb.

Gələcək nəsillərə ötürüləcək “Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu ölkəmizin qiymətli irsidir. Bu gün işğal olunmuş torpaqlarımızda vəhşicəsinə dağıdılmış yüzlərlə tarixi, təbii, dini və mədəni abidələrimiz vardır. Bu kitab-albom Azərbaycanın təbii və mədəni irsini  inkişaf etmiş dünya cəmiyyətlərinə və təşkilatlarına  çatdırmalı, həmçinin, vətənə və Azərbaycanın xoşbəxt gələcəyinə xidmət etmək vərdişini gələcək nəsillərə ötürməlidir.

Burada ilk dəfə olaraq, ölkənin ən təsirli mənzərələri toplanmışdır. Bu kitab-albom  ucsuz-bucaqsız vətənimiz haqda əvəzolunmaz bir nəşrdir. 400-dən artıq əsrarəngiz foto-şəkil, açıqlama və turistik məlumatlar onu unikal edir. Kitab-albomun əsasında Azərbaycan daxilində gələcək məzuniyyətinizi planlaşdıra bilərsiniz. O mütləq sizin kolleksiyanızda giymətli yer tutacaq və hər bir gözəllik sevənə dəyərli hədiyyə olacaq.

Bizim arzuladığımız bu qeyri-adi kitab-albom, eyni zamanda Azərbaycanın gəzməli və görməli yerlərinin ensiklopediyası, həmçinin illüstrasiyalı turistik məlumat kitabıdır. Burada səyahətçi üçün bütün lazımi məlumatlar var. Bu kitab-albomun tövsiyələrindən istifadə edərək virtual səyahətə yollanmaq, həmçinin, doğma ölkəmiz haqda biliklərimizi artırmaq olar.  Siz əvvəllər yalnız arzu etdiyiniz Azərbaycanın maraqlı məkanlarına unudulmayacaq səyahət edə biləcəksiniz! İstəyin, və  qarşınızda dünya açılacaq!

Azərbaycanın çoxəsrlik tarixi var ki, burada müharibələr, qələbələr, inkişaf və zəifləmə hadisələri cəmlənmişdir. Bir çox ölkələr və hökm edən sülalələr burada tarixi abidələr şəklində öz izini qoymuşdur. Azərbaycan ərazisindən özündə Şumer, Assuriya, Yunanıstan, Roma, İran, Türkiyə, Hindistan, Çin və digər qədim sivilizasiyaları birləşdirən Böyük İpək yolu kimi  karvan yolu keçirdi. Azərbaycan ALLAH tərəfdən mükafatlandırılan ölkədir.

Bu gün cavan və müstəqil Azərbaycan qarşısında məsuliyyətli və şərəfli vəzifə durur: - bu günümüzə çatan irsi qoruyub saxlamaq! Azərbaycanda 6 mindən çox təbii, arxeoloji, memarlıq və mədəni abidələr var ki, bu gün də müasirləri heyrətləndirir. Azərbaycan relyefin, dağ çaylarının, göllərin, şəlalələrin, meşələrin, mineral suların və s. müxtəlifliyi ilə məşhurdur. Dünya şöhrəti qazanmış və dünyada yeganə olan müalicəvi  naftalan nefti  Azərbaycandadır. Bəziləri YUNESKO-nun qorunan təbiət möcüzələri siyahısına salınmış,  unikal təbiət hadisəsi olan palçıq vulkanları da məhz buradadır.

Qədim dövrlərdən bəri Azərbaycan ərazisində səpələnmiş çoxsaylı tarix-memarlıq abidələri səyahətçiləri, tarixçiləri və etnoqrafları bura cəlb edirdi. Əsrləri adlamış, dağların təpəsində yerləşən qüdrətli qalalar, əsrarəngiz saraylar, sirli məbədlər, möhtəşəm körpülər, hündür məscid minarələri bu gün insan düşüncəsini heyrətləndirir. Azərbaycan memarlığının şah əsərlərinə Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, Mömünə Xatun məqbərəsi, Şəki Xan sarayı, “Atəşgah” alov məbədi, qayada yonulmuş Diri-Baba məqbərəsi, Kiş kəndindəki ilk alban məbədi (“Şərq məbədlərinin anası”) və s. aiddir.

Dünya mədəniyyətinin nadir incilərindən olan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu (bir-birini təkrar edən və etməyən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələrini toplayan qaya rəsmlərinin yaşı 10 min ildən çoxdur) Azərbaycana iki dəfə səfər etmiş, tanınmış norveç  səyyahı və tədqiqatçısı Tur Heyerdalın böyük marağına səbəb olmuşdu. O  hesab edirdi ki, “Edda” eposunda adı hallandırılan “aslar”, millətlərin böyük köçü zamanı Avropanın şimalına gəlmiş qədim azərbaycanlılardır. Böyük marağa səbəb olan möcüzələrimizdən biri də Qafqazda aşkar olunmuş ən böyük Azıx karst mağarasıdır. Yerin ən qədim insanının (500 min il bundan əvvəl) Azərbaycan ərazisində yaşaması haqda dünya əhalisi az məlumatlıdır. Azıx mağarası Yerin ən qədim insanlarının (onları Azıxantrop adlandırırlar) dayanacağı olmuşdur.

Dağlarda yerləşən qədim şəhərlər və unikal kəndlər  etnoqrafiyanı və keçmişi sevənlər üçün əsl cənnətdir. Xınalıq kəndində indiyədək milli həyat tərzi və ənənələr qorunub yaşanmaqdadır. Dağın təpəsində dayanarkən, Xınalığın ətrafından açılan əfsanəvi və möhtəşəm mənzərələrə şahid olmaq və təmiz dağ havası almaq olar. Lahıc kəndində xalq sənətkarlığı (xalça toxuma, mis qabların hazırlanması, ipək üzərində əl işləri və s.) qorunub bu günədək saxlanılmışdır. Bəşəriyyətin ən qədin məskənlərindən biri Naxçıvandır. Alimlərin hesablamalarına görə  buradakı ilk insan məskənləri 5 min il əvvələ aiddir. Əfsanələrə əsasən, ərazi üzərindən yüksələn İlan dağı, Nuh Gəmisinin ilişərək təpəsini yaran həmin qayadır. Deyilənlərə görə, Naxçıvanın əsasını Nuh qoyub.    

Dağlıq Qarabağ təbiətinin gözəlliyi doğrudan da insanı heyrətləndirir. Nahaq yerə onu “kiçik İsveçrə” adlandırmırlar. Burada dağlar və təpələr mənzərəli dərələrlə, çaylarla və müxtəlif bitkilərlə, zəngin meşələrlə növbələnir. Üzünü Xəzər dənizinə tutan Talış dağlarının yamaclarında yerləşən iriyarpaqlı meşələrdə Hirkan florası qorunmaqdadır. Hirkan florası insan yaranışından milyon illər əvvəl var idi. Bunlar  şabalıdyarpaq palıd, dəmirağac və vələsin (Lənkəran akasiyası, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması, Azat və s. Dəmirağacın budaqları və gövdələri çox vaxt bir-birinə bitişir. Bu cür meşə möhtəşəm və əfsanəvi görkəm alır.

Deyilənlər çox cəlbedici səslənir, elə deyilmi?

Kitab-albomun strukturu regional əsaslara əsasən bölünüb. Azərbaycanın hər bir bölgəsi – Böyük Qafqaz, Kür-Araz, Kiçik Qafqaz, Lənkəran, Naxçıvan,  bütün təbii rəngarəngliyi ilə nümayiş etdirilib. Bu, heyvanat və bitki aləminə, unikal landşaftlara, cansız təbiət obyektlərinə, əsrarəngiz mənzərələrə aiddir. Axı Azərbaycanın hər bir bölgəsi özünəməxsus və təkrarolunmaz çalarlara və unikal təbiətə malikdir!

Kitab-albom analitik məlumatlarla və şəkillərlə boldur. Siz hər bir azərbaycanlının bilməli olduğu  Azərbaycanın ən gözəl və möcüzəli yerləri ilə tanış olacaqsınız.

Kitab-albom insanı heyranedici  gözəllik və xəyallar, hətta əfsanələr aləminə aparır!

             

2504
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic