ACC-NİN HESABAT İCLASI KEÇİRİLİB

22 Dekabr 2016
           2016-cı il, dekabrın 20-də akademik Ramiz Məmmədovun sədrliyi ilə Azərbaycan Coğrafiya Cəmiyyəti Rəyasət Heyətinin növbəti iclası keçirilib.
        İclasda elmi katib, c.ü.f.d. Mirnuh İsmayılov Cəmiyyətin 2016-cı ilin yekunlarına həsr olunmuş illik hesabatı haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat ilində “Azərbaycanı tanıyaq və tanıdaq” devizi altında Respublikanın görməli yerlərinə - qoruq, milli park, dağ zirvələri, palçıq vulkanlarına ekoturlar təşkil olunmuş, ACC üzvləri Dağıstan Respublikasında turizmin ekstrimal növləri üzrə keçirilən "Yarıdağ-2016" Beynəlxalq festivalda iştirak etmişlər. İl ərzində bir sıra tanınmış coğrafiyaçı alimlərin yubileyləri qeyd edilmiş, elmi nailiyyətlərə görə coğrafiyaçılar  mükafatlarla təltif olunmuşlar. "Azərbaycan Respublikasının Coğrafiyası" üçcildlik əsərinə görə akademik R.M.Məmmədov, AMEA müxbir üzvü, prof. E.K.Əlizadə, c.ü.f.d. M.Həsənov və c.e.d. Z.Eminovun Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülməsi ölkəmizin  coğrafiya tarixi üçün ən mühüm hadisələrdən biri olmuşdur. Həmçinin E.K.Əlizadə və c.ü.f.d. S.A.Tarixazər "Böyük Qafqazın ekogeomorfoloji risk və təhlükələrin tədqiqi" adlı kitabına görə Rusiya Coğrafiya Cəmiyyətinin və Qazpromun birgə təsis etdiyi "Billur kompas" mükafatlarına layiq görülmüşlər.
       Qeyd olunmuşdur ki, cari ildə ACC və Coğrafiya İnstitutunun birgə dərgisi olan “Coğrafiya və təbii resurslar” jurnalının çapdan çıxmış 2 nömrəsində  52 elmi məqalə çap edilmiş, redaksiya heyətinin iclaslarında jurnalın beynəlxalq redaksiya heyətinin yaradılması, coğrafiyaçı xarici alimlərin elmi məqalələrinin çap olunması, jurnalın saytının yaradılması kimi məsələlər də müzakirə edilmişdir.
         E.K.Əlizadə, F.Ə.İmanov, R.M.Qaşqay, T.G.Həsənov, O.K.Alxasov və başqaları çıxış edərək  hesabata münasibət bildirmiş və təkliflər  irəli sürmüşlər.
       Qərara alınmışdır ki, növbəti ildə Lənkəran filialı ilə birgə “Regionlarda qeyri-neft sektorunun inkişafının coğrafi problemləri” mövzusunda konfrans, eləcə də Cəmiyyətin filiallarının işinin yaxşılaşdırılması məqsədilə bir neçə filialda görüşlər təşkil edilsin. 
16672
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic