QUBA RAYONUNA SƏYAHƏT

Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə İyunun 11-də Quba rayonuna ekotur təşkil olunmuşdur. İlk olaraq dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbəyə gələn iştirakçılar burada yerli əhali barədə məlumat almışlar. XVIII əsrdə Dağıstandan köçərək gəlmiş yəhudilər burada Quba xanı Hüseynəli xanın göstərişi ilə məskunlaşmışlar. Hazırda da qəsəbə əhalisinin böyük əksəriyyəti yəhudilərdir. Qəsəbədə 3 sinaqoq və bir rus dilli məktəb fəaliyyət göstərir. Daha sonra iştirakçılar qəsəbəni Quba şəhəri ilə birləşdirən, mühüm tarixi-memarlıq əhəmiyyətinə malik, XIX əsrə aid Tağlı körpüdə olmuşlar. Səfərin növbəti məkanı Quba Soyqırımı Memorial Kompleksi olmuşdur. 2013-cü ildən fəaliyyət göstərən bu kompleks 1918-ci ildə erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmışdır. Quba kütləvi məzarlığı 2007-ci ildə təsadüf nəticəsində burada aşkarlanmışdır. Həmin ildən ərazidə geniş arxeoloji tədqiqat işləri aparılmış və bununla da mənfur düşmənin törətdiyi cinayətlər faktiki olaraq bir daha sübut olunmuşdur. Kompleksin bələdçiləri iştirakçılara soyqrım zamanı baş verən hadisələr barədə geniş məlumatlar vermişlər. 
Ziyarət başa çatdıqdan sonra iştirakçılar Təngəaltı kəndində olmuşlar. Vəlvələçayın sahilində, Təngə dərəsində yerləşən bu kəndin landşatları və cənubda yerləşən "qoşa qaya" iştirakçıların marağına səbəb olmuşdur. Qayalıqda yerləşən "Qaçaq Mayıl" mağarası qeyri-adi mövqeyinə görə diqqət çəkmişdir. Ötən əsrin 20-ci illərində Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın şimalında qaçaqçılıq hərəkatının liderlərindən olan Mayıl adlı qaçaq uzun müddət axtarışda olmuş və özünə bu mağarada sığınacaq tapmışdır. Mağaranın adı da məhz həmin şəxsin adından götürülmüşdür.
Səfərin növbəti məkanı ölkəmizin məşhur təbiət abidələrindən biri olan Afurca şəlaləsi olmuşdur. Yan silsilənin ətəklərində, əhəngdaşlı süxurların üzərindən, 60 m hündürlükdən tökülən şəlalə öz bənzərsizliyi və xüsusi görünüşünə görə səyahətçilərin diqqətini cəlb etmişdir.
Sonda İkinci Nügədi gəndində yerləşən Çənlibel gölünə baş çəkən ekotur iştirakçıları təbiətin gözəlliyindən bir daha zövq almış və xoş təəssüratlarla geriyə qayıtmışlar.
10787
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic