XƏRİTƏ BİZƏ LAZIMDIRMI?

Bizlər çox zaman kartoqrafik məlumatların gündəlik məişətə geniş daxil olmasını nəzərdən qaçırırıq. Orta və ali məktəblərin tədris otaqlarında, qəzet, jurnal səhifələrində və televizor ekranlarında xətirələri görməyimiz adi hala çevrilib. Radio və mətbuatda minlərlə coğrafi adlardan istifadə olunur, beynəlxalq və daxili xəbərlərin təqdimi, kosmik gəmilərin uçuşu, tikintilər, səyahətlər, hava məlumatları daim müxtəlif məzmunlu xəritələrlə müşayiət edilir. Bu məlumatlar axınında düzgün istiqamətlənmək üçün hər bir insanın xəritə savadına malik olması lazımdır.
Ali təhsil müəssisələrində coğrafiya fənnini tədris edərkən, II kurs tələbələrinin xəritəni “oxuya” bilməmələrini gördükdə çox təəccübləndim. Bəzi tələbələr düzənliklərin, dağ massivlərinin, dəniz və okeanların hansı rənglərdə işarə olunduğunu belə bilmirdilər. Hətta bir nəfər 20 yaşlı tələbə isə şimal, cənib, şərq, qərb kimi cəhətləri də təyin edə bilmirdi.
Mənim bir nəfər həmkarımın söylədiyinə görə, 11-ci sinif şagirdi ona sübut etməyə çalışırdı ki, Azərbaycan Avstraliyada yerləşir! Bir çoxları indiyə qədər bilmirdilər ki, Qarabağın dağlıq hissəsindən başqa həmçinin Laçın, Qubadlı, Lənkəran, Fizuli, Kəlbəcər, Ağdam və digər rayonlar da işğal altındadır.
Bizim suveren Respublikamızda televiziya və radio reportajları vaxtı bu və ya digər siyasi icmalçı, yaxud müxbir xəritə üzrə düzgün istiqamətlənmirsə, cavan nəsil barədə nə demək olar.
Doğma ölkəmizin tarixini və coğrafiyasını əhalinin pis bilməsini dərk etmək çox ağırdır. Mən və həmkarlarım hesab edirik ki, coğrafiyanı yalnız orta məktəblərdə və ali məktəblərin coğrafiya fakültələrində deyil, həmçinin ali  məktəblərin digər fakültələrində də tədris etmək lazımdır. Ümumiyyətlə Respublikanın hər bir vətəndaşı ana dilini, vətən tarixini və coğrafiyasını bilməlidir.
Müasir xəritə müxtəlif peşə sahiblərinə - coğrafiyaşünaslara, geoloqlara, mühəndislərə, müəllimlərə, hərbçilərə, aqronomlara, kosmonavtlara, təyyarəçilərə və gəmiçilərə lazım olan güclü məlumatlar toplusu və mənbəyidir. Bütün bu peşə sahibləri xəritədən müxtəlif məlumatlar almaqla bərabər, ona qarşı öz tələblərini də irəli sürürlər. Xəritəni oxumaq bacarığı müəyyən vərdiş və hazırlıq tələb edir. çünki xəritə üzərindəki məlumatlar şərti işarələrlə ikiölçülü fəzada təqdim olunur. Müasir kartoqrafiya xəritəyə real dünyanın şərti işarəli təsvir modeli kimi baxılır. İlk dəfə xəritəyə bu cür baxışı sovet alimi K.A.Salişev əsaslandırmışdır. Sonrakı axtarışlar göstərir ki, xəritədə yerləşdirilmiş məlumatlar yalnız işarələr vasitəsilə qeyd edilmiş məlumatlarla deyil, həmçinin onların qruplaşdırılması, ardıcıllığı və qarşılıqlı asılılığı vasitəsilə də verilir.
Kartoqrafik təsvirlər bir sıra qrafik vasitələrlə göstərilir: işarələrin forması və miqdarına, strukturlarına, istiqamətləndirilmələrinə, rənglərinə görə və s. xəritələri şərti işarələrlə təsvir etməyə imkan verir. Məsələn; faydalı qazıntıların işarələri ərazinin geoloji quruluşunu göstərən rəngli fornun üzərində göstərilir və s.
Xəritəni oxuyarkən tədqiqatçı ona lazım olan işarələr kombinasiyasını, xüsusi konfiqurasiyaları axtararaq onları ayırıb təhlil edir və qoyulmuş məqsədin kartoqrafik simasını formalaşdırır. Məsələn; ən sərfəli marşrutun axtarışı, tikinti altında yararlı sahələrin seçilməsi, təsərrüfat obyektləri ilə təbii proseslər arasında əlaqələrin təyin edilməsi. Kartoqrafik məlumatların təyin edilməsinin onlarca üsulu mövcuddur. Bunlara xəritənin adi vizual analizi, xəritə üzrə qrafiki quruluşlar, istiqamətlərin, uzunluqların, sahələrin, obyektlərin həcmlərinin təyin edilməsi və s. aiddir. Bundan əlavə alınan statistik materialların emalı əsasında coğrafi hadisə və proseslərin riyazi modellərinin hazırlanması da mümkündür.
Müxtəlif məzmunlu xəritələrin bir çox əlaqəli təhlili üsulları hazırlanmışdır. Müxtəlif dövrlər üçün tətbiq edilmiş xəritələrə əsasən təbii proseslərin inkişaf dinamikasını, müxtəlif təhlillərə görə təbii proseslər arasındakı əlaqəni, müxtəlif miqyaslı xəritələrə görə isə müxtəlif səviyyəli geosistemlərin ərazidə yerləşmə areallarını təyin etmək olar.
Müasir kartoqrafiya yalnız xəritənin hazırlanması ilə kifayətlənmir. Xəritələşmə prosesinin problem əhatəsinə həmçinin xəritələrdən istifadə, yəni onardan real dünya haqqında məlumatların alınması, onlardan praktiki istifadə edilmə məsələləri də daxildir.
Yer haqqında elmlərin əsas tədqiqat üsullarından biri də elmi axtarışların nəticələrinin xəritələşdirilməsi üsullarının hazırlanmasıdır. Bu üsulun köməyi ilə təbiətin qlobal və lokal qanunauyğunluqları öyrənilir. Məsələn; Yer kürəsində baş verən sistemli parçalanma proseslərini yalnız kiçik miqyaslı xətirələrin köməyi iə tutuşdurmaq və izləmək mümkündür. Xəritələr Yer haqqında elmlərin bir sıra nəzəriyyələrinin işlənməsi və faktiki olaraq əsaslandırılması üçün çox vacibdir.
Yer haqqında elmlərdə təbii obyektlərin kəmiyyət və qeydiyyət xüsusiyyətlərinin tədqiq edilməsinin ən səmərəli vasitəsi xəritələşdirmə üsuludur. Xəritədən istənilən nəticədə kəmiyyət göstəricilərini götürərək alınmış bütün nəticələri işləmək və riyazi analiz aparmaq mümkündür. Xəritələrdən alınmış məlumatlar bütün elmi istiqamətlərin yaranmasına da təkan verir.
Yerin relyefinin forma və quruluşunun kartoqrafik təhlili digər planetlərin – Ayın, Marsın, Merkurinin relyefinin xəritəsinin hazırlanmasında da böyük köməklik göstərmişdir. Bu xəritələri müqayisə edərək planetlərin səthinin quruluşunun oxşar və fərqli cəhətlərini tədqiq etmək olur.
Kartoqrafik təsvir üsulu təbii coğrafiyanın inkişafında da xeyli kömək olmuşdur ki, müxtəlif dövrlərə aid olan xəritələrin köməyi ilə xəstəliklərin yayılan areallarının inkiçaf xüsusiyyətlərini, təbii, onları doğuran ilkin iqtisadi –sosial şəraiti təyin etməyə imkan verir. Nəhayət qeyd edək ki, kartoqrafik təsvir üsulu – iri təsərrüfat problemlərinin təhlili üçün də bir vasitədir. aydındır ki, xəritələr olmadan, ərazilərin planlaşdırılması, yenio torpaqların mənimsənilməsi, faydalı qazıntıların axtarışı, təbii resursların səmərəli istifadəsi, okeanların və atmosfer proseslərinin öyrənilməsi, havanın proqnozlaşdırılması mümkün olmazdı.
Yuxarıda qeyd edilənlər bir daha sübur edir ki, müasir həyatımızda hər bir insan xəritədən istifadə vərdişinə, xəritə savadına malik olmalıdır.
c.ü.f.d., dosent Stara Tarixazər
"Kənd təsərrüfatı və ekologiya" jurnalı, Baki, 2001, № 4, s.3-6
722
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic