İZMİRDƏ İKİNCİ TÜRKİYƏ-AZƏRBAYCAN COĞRAFİYA GÜNLƏRİ KEÇİRİLİB

02 Noyabr 2017

Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günlərinin davamı olaraq, bu il oktyabrın 24-dən 27-dək Türkiyənin İzmir şəhərində  Ege Universiteti,  AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə İkinci Türkiyə-Azərbaycan Coğrafiya Günləri keçirilib.

Tədbirin açılışında çıxış edən Ege Üniversitəsinin rektoru Prof. Dr. Necdet Budak qonaqları salamlayaraq, İkinci Türkiyə-Azərbaycan Coğrafiya Günlərinin  Türkiyə və Azərbaycan coğrafiyaçılarının gələcək birgə elmi əlaqələrinin daha da genişlənməsi üçün imkan yaradacağını vurğulayıb.

AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti akademik Ramiz Məmmədov giriş sözü ilə çıxış edərək Azərbaycan coğrafiyaçılarının salamını türk həmkarlarına çatdırıb və bu görüşlərdən sonra elmi əlaqələr sahəsində əsaslı dönüş yaranacağına əminliyini bildirib.

Plenar iclasda və müxtəlif mövzular üzrə  keçirilən seksiyalarda Cİ alimləri - akademik Ramiz Məmmədov  “Xəzər dənizinin səviyyə dəyişkənliyinin səbəbi və uzunmüddətli proqnozu”, coğrafiya üzrə elmlər doktorları  Məhəmməd Abduyev “Azərbaycanın çay sularının keyfiyyəti və içməli su təminatında onların rolu” və Zakir Eminov  “Müasir dövrdə dünyada demoqrafik vəziyyətin əsas meylləri və türkdilli ölkələrdə baş verən dəyişikliklər”, c.ü.f.d. Mirnuh İsmayılov  “Şərqi Qafqaz dağarası çökəkliyi landşaftlarının struktur-genetik xüsusiyyətləri və təbii ekoloji potensialı”, elmi işçi Elşən Abdullayev “Cənubi Xəzərin qərb bortunda Alt Pliosen çöküntülərində gil minerallarının xüsusiyyətləri” mövzularında məruzə ediblər.

Akademik Ege Üniversitəsinin Okeanologiya Mərkəzində olub, orada “Qlobal iqlim dəyişkənliyi və Xəzər dənizinin səviyyə tərəddüdləri” mövzusunda mərzə ilə çıxış edib.    İnstitutun İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.ü.e.d. Zakir Eminov isə Dokuz Eylül Universitəsində keçirilən “Enerji, Xəzər dənizinin statusu və türkdilli ölkələrin demoqrafiq vəziyyəti” konfransında “Türkdilli ölkələrdə demoqrafiq inkişafın əsas  meylləri” mövzusunda məruzə edib. Z.Eminov bildirib ki, bu universitədə 60 min tələbə pulsuz olaraq təhsil alır və ümumiyyətlə, Türkiyənin dövlət universitələrinin hamısında  təhsil pulsuzdur.

İclasda R.Məmmədov İkinci Türkiyə-Azərbaycan Coğrafiya Günlərində çoxdan arzusunda olduğu, görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun Türk Dünyası Coğrafiyası çoxcildliyinin yaradılması ideyasını gerçəkləşdirmək təklifini irəli sürüb və bu təşəbbüs  böyük razılıq və məmnunluq hissi ilə qəbul edilib. 

R.Məmmədov, eləvə də digər çıxış edən məruzəçilər  qardaş ölkə coğrafiyaçıları arasındakı əlaqələrin – elmi-tədqiqat mövzularının işlənməsi, qrant layihələrinin həyata keçirilməsi, doktorant və dissertantların qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını alqışlayıb, bu münasibətlərin hər iki ölkənin coğrafiya elminin inkişafına müsbət təsir göstərəcəyinə, yeni-yeni nailiyyətlərə sövq edəcəyinə inandıqlarını ifadə ediblər.
 








 

 

13007
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic