AKADEMİK R.MƏMMƏDOVUN ADPU-NUN TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜ KEÇİRİLİB

12 Oktyabr 2017
 

Oktyabrın 10-da  Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix və coğrafiya” fakültəsində Coğrafiya bölməsi tələbələrinin AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) prezidenti, akademik Ramiz Məmmədovla görüşü keçirilib.

Görüşdə həmçinin Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənov, İnstitutun Təhsil şöbəsinin müdiri, c.ü.f.d., dosent Müseyib Yunusov da iştirak edib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı, c.ü.f.d., dosent Şahin Pənahov akademik R.Məmmədovu, eləcə də onunla gələn qonaqları salamlayıb. Sonra Universitetin  tələbələri akademik R.Məmmədovun həyat və yaradıcılığı barədə geniş məlumatla çıxış ediblər.

Daha sonra R.Məmmədov ACC-nin tarixi, fəaliyyəti, Cəmiyyətin müxtəlif illərdə həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bu Cəmiyyətin nəinki Azərbaycanda, hətta keçmiş SSRİ-də yaradılmış ilk qeyri-hökumət təşkilatlarından biri olduğunu qeyd edib, onun respublikamızın coğrafi şəraitinin, təbiətinin, təbii ehtiyatlarının öyrənilməsində və təbliğində böyük rolu olduğunu  diqqətə çatdırıb. Məruzəçi, eyni zamanda, ACC-nin ən böyük filiallarından birinin  məhz ADPU-nun olduğunu xüsusilə qeyd edib. Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda aparılan elmi-tədqiqat işləri barədə məlumat verən alim bildirib ki, İnstitut kollektivinin uzun illər hazırlayaraq  nəşr etdirdiyi “Azərbaycan Respublikasının coğrafiyası”  üç cildlik kitabı 2016-cı ildə AR Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. Dövlət başçısının coğrafiyaçıların əməyinə verdiyi bu yüksək qiymət coğrafiya elminin ən böyük uğuru hesab edilə bilər.

Akademik Ramiz Məmmədov gələcəyin ən böyük coğrafiyaçılarının bəlkə də məhz bu gün bu auditoriyada əyləşmiş tələbələr arasında olduğunu vurğulayıb və tələbələrə təhsildə müvəffəqiyyətlər  arzulayıb. O eyni zamanda iştirakçıları maraqlandıran sualları da cavablandırıb.

Görüşün sonunda dekan Şahin Pənahov, dekan müavini, k/t.ü.f.d., dosent Mətanət Əsgərova və kafedra müdiri, c.e.d. Məhəmməd Abduyev və s.  çıxış edərək akademik R.Məmmədova və gələn qonaqlara öz minnətdarlıqlarını bildiriblər və çox səmimi keçən bu görüşün tələbələrin xatirində böyük iz qoyacağını qeyd ediblər.

89
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic