ADPU-DA AKADEMİK B.BUDAQOVA HƏSR OLUNMUŞ GÖRÜŞ KEÇİRİLİB

Görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun  90 illik yubileyi münasibəti ilə  coğrafiyaçı alim və mütəxəssislərin  Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrlə görüşü keçirilib.

 ADPU Tarix və Coğrafiya fakültəsinin dekan müavini, k.t.ü.f.d. Mətanət Əsgərova tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Universitetin IV kurs tələbəsi Taleh Mirzəyev  akademik  Budaq Budaqov haqqında hazırladığı təqdimatla çıxış edib. Sonra I kurs tələbələri alimin həyat və yaradıcılığı barədə ingilis və rus dilində çıxışlar ediblər.

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov hazırladıqları təqdimat və çıxışlara görə tələbələrə təşəkkürünü bildirib. “Akademik Budaq Budaqovun  Azərbaycan coğrafiya elmində rolu” mövzusu ilə geniş məruzəsində M.Həsənov qeyd edib ki, milli coğrafiya elmi məktəbinin bünövrəsini qoyan B.Budaqov  yüksək ensiklopedik biliyə və təfəkkürə, tədqiqatçı bacarığına malik  olub, coğrafiya elminin bir çox sahələri üzrə böyük uğurlar qazanıb. Direktor müavini görkəmli alimin özündən sonra qoyub getdiyi zəngin elmi irsindən söhbət açıb, mindən çox əsərin, o cümlədən 30 xəritə-atlas, 40 monoqrafiyanın müəllifi, yüzdən çox əsərin elmi redaktoru olduğunu diqqətə çatdırıb.

ADPU Tarix və Coğrafiya fakültəsinin dekanı, c.ü.f.d., dosent Şahin Pənahov çıxışında akademik Budaq Budaqovun pedaqoji fəaliyyətindən bəhs edib, onun da vaxtı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetin (o zamankı Pedaqoji İnstitut) məzunu olduğunu xatırladıb. Ş.Pənahov qeyd edib ki, B.Budaqov filoloq olmaq istəyirdisə də, tale onu coğrafiya sahəsinə gətirmişdi. Amma  bu təsadüf onun həyatında, özünün də dediyi kimi, xoşbəxt dönüşlə nəticələndi. O, coğrafiyanı sevirdi və coğrafiyaçı olması ilə fəxr edirdi.

Sonra Məhərrəm Həsənov bilik və bacarığı ilə fərqlənən fəal tələbələrə  AMEA  ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, ADPU Tarix və Coğrafiya fakültəsi və Azərbaycan Coğrafiya Cəmiyyətinin diplomunu təqdim edib.

Sonda iştirakçılar xatırə şəkli çəkdiriblər.

908
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic