AKADEMİK BUDAQ BUDAQOVUN XATİRƏSİ YAD EDİLDİ

Böyük coğrafiyaşünas alim, AMEA-nın həqiqi üzvü, coğrafiya elmləri doktoru, akademik Budaq Budaqovun 90 illik yubileyi ilə əlaqədar,  alimin doğum günü  əziz xatirəsini yad etmək məqsədilə AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun kollektivi, dostları, qohumları fəxri xiyabana gəlmiş, abidəsi önünə tər çiçəklər qoymuş, ruhuna dualar oxumuşlar.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov alimin həyat yoluna işıq salaraq elmi, ictimai, pedaqoji və publisist yaradıcılığından, Azərbaycan coğrafiyasına verdiyi töhfələrdən söhbət açıb.  Bildirilib ki, Budaq müəllim geniş maraq dairəsinə, zəngin dünyagörüşünə malik bir alim idi. Coğrafiya elminin bütün sahələri onu maraqlandırırdı. Azərbaycanın geomorfologiyası, landşaftşünaslığı, toponimiyasının bünövrəsini qoyanlardan olmasına baxmayaraq, poeziya, jurnalistika, təbiətşünaslıq, ekologiya, ətraf mühit, islam dini, demoqrafiya, təbiət abidələri, turizm, Xəzərin problemləri və bu kimi saysız mövzular alimin maraq dairəsini əhatə edirdi. Mənfur qonşularımızla olan problemlər haqqında tədqiqatçı-publisist alim “Vətən yanğısı” kitabını yazmışdır, erməni vəhşiliklərini açıqlayan onlarla tutarlı məqalələrin müəllifidir. “Ermənistanda türk mənşəli toponimlərin izahlı lüğəti”,  “Yuxarı Qarabagın toponmləri”, “Gürcüstanda türk mənşəli adların izahlı lüğəti” kimi əsərlər ancaq onun kimi,  millət təəssübü çəkən, vətənpərvər alimin qələminin məhsulu ola bilər. Ümumiyyətlə, akademik B.Budaqov 1000-dən artıq əsər - 30 monoqrafiya, 4 lüğət yazmış, onlarla xəritələr tərtib etmişdir. Dəyərli pedaqoq idi,  50 elmi dərəcəli mütəxəssis yetişdirmişdir.

Ramiz Məmmədov böyük alimin yubileyi münasibətilə Coğrafiya İnstitutunda görülən tədbirlərdən danışaraq qeyd edib ki,  Elmi şuranın  qərarı ilə Landşaftşünaslıq şöbəsinə B.Budaqovun adı verilmiş, şöbənin qarşısına büstü qoyulmuş, Bakı şəhəri küçələrinin  birinə  alimin adının verilməsi barədə Səbail rayon İcra Hakimiyyəti  qarşısında vəsatət qaldırılmışdır.

Mərasimdə digər çıxış edənlər də – elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, coğrafiya üzrə elmlər doktorları Rəna Qaşqay, Məhəmməd Abduyev, c.ü.f.d. Habil Haqverdiyev və başqaları Budaq Budaqovun həyat yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Alimin oğlu Vasif  Budaqov atasının xatirəsinə göstərilən diqqət və hörmətə görə ailəsi adından  İnstitut rəhbərliyinə və şəxsən akademik Ramiz Məmmədova dərin minnətdarlığını bildirib.
  

  •   
865
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic