XƏZƏR DƏNİZİNİN HİDROLOGİYASI

Xəzərin sahəsi 380000 km-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir.Ən uzun sahəsinin uzunluğu 1205km, eni 554 km, ən dərin yeri 1025 m-dir. Xəzərin suyunun səviyyəsi dünya okeanının səviyyəsindən 28 metr aşağıdadır. Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Bu çaylar arasında əsas yeri Volqa 80%, Kür 6% və Ural çayı 5%. Terek, Sulak, Samur çayları, ümumilikdə Xəzərə tökülən suyun 5%-ni , yerdə qalan suyu isə İranın xırda çayları gətirir. Xəzər dənizinin şərq sahillərindən heç bir çay dənizə tökülmür.

Xəzər dənizini digər iri həcmli su tutarlarından fərqləndirən ən səciyyəvi xüsusiyyət onun səviyyəsinin geniş diapazonda daimi dəyişməsidir. Paleocoğrafi, arxeoloji və tarixi məlumatlara görə son 3 min ildə Xəzərin səviyyəsinin dəyişmə amplitudası 15 m-ə yaxın olmuşdur. Xəzər dənizi səviyyəsinin dəyişməsi üzərində müşahidələrin əsası 1837-ci ildə Bakı sahilində akademik C.Lents tərəfindən qoyulmuşdur. Müşahidələr dövründə qeydə alınmış ən yüksək səviyyə (-25,2 m) 1882, ən aşağı (-29,0 m) isə 1977-ci ildə qeydə alınmışdır. Göründüyü kimi bu müddətdə səviyyənin ümumi enimi 3,8 m olmuşudur. Qeyd etmək lazımdır ki, bu ümumi enmə fonunda qalxmalar da müşahidə olunmuşdur. 1978-1995-ci illərdə isə 2,5 m qalxmış -26,5 m-ə bərabər qiymət almışdır.

Səviyyənin dəyişməsinin səbəbini izah etməkdə tədqiqatçılar arasında fikir ayrılığı vardır: iqlim və geoloji amillərə üstünlük verənlər. Bununla birlikdə xüsusi qeyd etmək lazımdır ki, geoloq alimlərin əksəriyyəti də iqlim amilinə üstünlük verirlər. Yəni, səviyyə dəyişmələrinin əsas səbəbi iqlim amilidir. Şübhəsiz geoloji və antropogen amilləri də nəzərə almaq lazımdır. İqlim amili öz təsirini Xəzərin su balansının gəlir (dənizə axan çayların suları və səthə düşən yağıntılar) və çıxar (səthdən buxarlanma) hissələrində göstərir. Balansın pozulması səviyyənin dəyişməsi ilə nəticələnir, yəni çay suları və yağıntının miqdarı səthdən buxarlanmadan çox olsa səviyyə qalxır və əksinə azalır.

Səviyyənin dəyişməsi əsasən iqlim proseslərindən asılı olduğundan və iqlimin proqnozunun verilməsinin hələlik mümkün olmadığından, səviyyə dəyişmələrinin uzunmüddətli proqnozunu vermək mümkün deyil .Bu haqda verilmiş proqnozların hamısı ancaq ehtimal xarakteri daşıyır.

Dalğalanma. Xəzər dənizinin hidroloji rejimini təyin edən əsas faktorlar bunlardır: iqlimi, su axını, dənizin dərinliyi, dibinin relyefi və sahillərinin kələ-kötürlüyü. Xəzər dənizində güclü dalğalanma xüsusilə payız və qış aylarında əsən güclü şimal və cənub istiqamətli küləklər zamanı yaranır.Şimali Xəzər dalğa rejiminə görə dənizin digər hissələrindən xeyli fərqlənir. Burada dərinliyin az olması nəticəsində dalğalar ən böyük qiymətlərinə külək sürətinin 15 - 20 m/s qiymətlərində çatır. Ən böyük dalğalar (8 m-ə qədər) Orta Xəzərlə sərhəd ərazilərində cənub küləklərində müşahidə edilir. Orta Xəzərdə ən intensiv dalğalanma şimal - qərb istiqamətli küləklər əsən zaman Abşeron yarmadasında, şimal küləklərində isə ondan şimala doğru ərazilərdə müşahidə edilir. Maxaçkalanın şimal - şərqində isə güclü dalğalanma cənub-şərq küləklərində yaranır. Dalğalanma nöqteyi-nəzərdən Xəzər dənizinin ən təlatümlü rayonları bunlardır: sahil zonaları üzrə Dərbəddən - Abşerona qədər ərazi, açıq dəniz rayonlarında isə Abşeron astanasına bitişik dəniz akvatori-yası.                

Axınlar. Xəzər dənizində axın yaradan faktorlar bunlardır: külək, dəniz suyunun sıxlığının dəyişkənliyi, dənizin dərinliyi və sualtı relyefi, sahillərinin forması, və su axımları. Bu proseslər içərisində ən mühümü küləkdir. Dənizdə real şəraitdə bu proseslərin birgə təsiri nəticəsində yaranan axınlar sistemi müşahidə edilir.

Xəzər dənizində su dövranı orta çoxillik hidrometeoroloji şərait nəticəsində yaranmışdır. Ümumi halda axın sistemi belə təsvir edilir. Dəniz üzərində bütün il boyu hakim olan şimal küləkləri Şimali Xəzərdən cənuba doğru qərb sahilləri boyunca dreyf axınları yaradırlar və bu su selləri Abşeron yarımadasına qədər hərəkət edərək 2 qola ayrılır. Bunlardan daha güclü olanı yarmadadan keçərək cənuba daxil olur, sonra isə Cənubi Xəzərin sahilləri boyunca hərəkət edərək yenidən Orta və Şimali Xəzərə doğru hərəkət edirlər. ikinci qol isə Abşeron yarımadasından şərqə doğru hərəkət edərək şərq sahillərinə daxil olur və burada əsas qolla birləşir. Manqışlaq yarımadasına daxil olan bu birləşmiş axın, yarımada tərəfindən qərbə tərəf dönür və beləliklə Şimali Xəzərdə tsiklonik (saat əqrəbinin əksinə) su dövranı yaranır. Dənizin cənub hissəsində Abşeron yarımadası ilə Kür çayı mənsəbi arasında yerli antitsiklonik (saat əqrəbi istiqamətində) axınlar da mövcuddur.                                                 
                                                           
Şimali Xəzərdə ən böyük sürətə şimal - şərq və cənub - qərb (25 sm/s), az sürətə isə şimal - qərb və cənub - şərq (13 sm/s) axınları malikdir. Digər istiqamətlər üzrə axınların sürəti 15-18 sm/s intervalında dəyişir, naviqasiyası müddətində qərb ərazilərdə axınların sürəti 100 sm/s də çata bilər.Orta Xəzərin qərb sahilləri boyunca cənub - şərq istiqamətli axınlar hakimdir. Abşeron yarımadası ərazisində sahilin təsiri nəticəsində güclü şimal - qərb küləkləri sahildən şərqə, açıq dənizdə isə şimal-qərbə yönəlmiş axınlar yaradır. Abşeron yarmadasından şimala doğru zəif küləklərində axınların sürəti 10 - 20 sm/s, mülayim küləklərdə 30 - 40 sm/s və güclü küləklərdə isə 60 -100 sm/s təşkil edir.Cənubi Xəzərdə Bakı arxipelaqı rayonunda sürəti 10 sm/s olan cənub axınları üstünlük təşkil edir. Burada maksimal axın sürətləri (40 - 50 sm/s) güclü şimal - qərb küləkləri zamanı müşahidə edilmişdir. Cənubi Xəzərin şərq sahilləri boyunca aprel - sentyabr aylarında cənub istiqamətli axınlar hakimdirlər. Burada axınların sürəti mülayim küləklərdə 15 - 30 sm/s, güclü küləkdə isə 50 - 60 sm/s təşkil edir.   

Suyunun duzluluğu. Xəzər dənizinin suyu okean mənşəlidir, dəniz qədim  dövrdə okeanla birləşmiş, Aralıq, Qara və Azov dənizləri ilə birlikdə Para Tetis dənizinin tərkibində olmuşdur. Xəzər dənizinin əlahiddə su hövzəsi kimi yaşı 3 - 5 milyon il hesab edilir. Xəzər dənizinin suyunun orta duzluğu 12,85 ‰ (promil) təşkil edir (okean suyunun orta duzluğu 35 ‰ - dir). Duzluğun aşağı olması dənizin qapalı olması və çay axımlarının böyük olması ilə əlaqədardır. Xəzər suyunda okean sularına nisbətən karbonat və sulfatların miqdarı çox, xloridlərin miqdarı isə azdır. Şimali Xəzərdə duzluq çay mənsəblərdə 0,1 ‰ - dən Orta Xəzərin sərhədində 12 ‰ - ə, Cənubi Xəzərin şərq sahillərinə doğru isə 13,4 ‰ – ə qədər dəyişir. Ərazinin şimal - şərq və qərb sahilləri boyu daha durulu sular yerləşmişdir.

Xəzər dənizinin dərin hissələrində açıq dənizdə duzluğun orta qiyməti 12,8 – 12,9 ‰ təşkil edir. Dərinliyə doğru duzluq az dəyişir, təxminən 0,1 – 0,2 ‰ artır. Qışda Orta Xəzərdə duzluq şimal-qərbdə 11,0 ‰ - dən cənubi-şərqdə 13,4 ‰ - ə qədər artır. Yayda həm Orta, həm də Cənubi Xəzərdə (səthə) duzluq eyni olub, 12.8 -12,9 ‰ təşkil edir. Lakin duzluq Orta Xəzərin şərq sahillərində və mərkəzi ərazilərdə 13 ‰ qiymətlərinə qədər artır. Xəzər dənizinin duzluğu şimalda, Volqa çayı hövzəsində, 0,3%-dir, ona görə də Şimali Xəzər tipik şirinsulu dəniz hövzəsi kimi qəbul olunur. Ancaq, cənuba doğru duzluq sürətlə artmağa başlayır və cəmi 100 km məsafədə onun qiyməti 10%-ə çatır. Dənizin qərb hissəsində duzluğun illik orta qiyməti 12.5, şərq hissəsində isə 13.0%-dir. Bəzi hallarda cənub-şərqdə duzluq 13,5%-ə çatır, Qara-Boğaz-Qol körfəzində isə 300%-dən çoxdur. Dənizin duzluğu da mövsümdən asılı olaraq dəyişir. Belə ki, qışda Xəzərin duzluğu artır, yayda isə nisbətən azalır. Buna səbəb qışda Xəzər sularını duruldan Volqa çayının qışda donması və sularının azalmasıdır.

Buz rejimi. Şimali Xəzərdə dayaz şimal hissəsi hər il donur, amma dənizin dərin digər hissələri isə həmişə donmur. Buzların yaranma əraziləri, müddəti və onun sonrakı inkişafı ilin qış vaxtında dəniz üzərindəki atmosfer prosesləri ilə müəyyən edilir. Sərt qışda Şimali Xəzərin bütün səthi, mülayim qışda isə 3 m izobata qədər olan əraziləri donur. Burada ən böyük buz qatı yanvar-fevral aylarında (sərt qışda sal buzun qalınlığı 70 – 90 sm, mülayim qışda 35 – 40 sm) müşahidə edilir. Orta Xəzər buz əmələgəlmə adətən noyabr ayının axırında, şərq sahillərinin qapalı buxtalarında başlayır. Qərb sahillərində Maxaçqala-Niyazobaya qədər ərazisində sərt qışda ilkin yerli buzlar noyabrın axırında, mülayim qışda isə yanvarda müşahidə edilir. Burada buzların qalınlığı 20 – 25 sm, şərq sahillərində eyni coğrafi enlikdə isə 40 – 45 sm təşkiledir.İsti qış mövsümündə qərb sahillərində ümumiyyətlə buz müşahidə edilmir. Ən sərt qış mövsümündə uzunmüddətli əsən şimal küləkləri üzən buzları qərb sahilləri boyu hərəkət etdirərək Abşeron yarımadasına gətirib çıxa bilər. Axırıncı dəfə bu hadisə 1953/1954 - cü ildə qışda müşahidə edilmişdir, 5 fevral 1954 – cü il tarixində Abşeron yarımadasının şimal hissəsində möhkəm salbuz yaranmışdır. Cənubi Xəzərdə çox nadir hallarda buz yaranır. Qərb sahillərində buz əmələgəlmə dekabr-fevral, şərq sahillərdə isə dekabrın ortalarında (erkən), fevralın əvvəllərində (gec) baş verə bilər. Xəzər dənizində buzların yaşama müddəti geniş intervalda dəyişir. Normal qış mövsümlərində Şimali Xəzərin dayaz sahil zonaları 60 -140 gün, açıq dəniz rayonları isə 10-40 gün buzla örtülür.  Qış mövsümündə Şimali Xəzərin suları donur. Adi iqlim şəraitində dəniz noyabr ayının ortalarından donmağa başlayır. Donma sərhədi Çeçen adası ilə Manqışlak yarımadasını birləşdirən xətdən keçir. Buzların dağılması və əriməsi fevral ayının ikinci yarısına təsadüf edir. Qışı sərt olan illərdə Abşeron sahillərinin də donması müşahidə olunmuşdur. Son 70 ildə 6 dəfə Abşeron yarımadası rayonunda donma və buzların dreyfi müşahidə olunmuşdur.  

 
Xəzər dənizi və onun ətraf əraziləri üzərində meteoroloji şərait və iqlim Avroasiya materiki üzərindəki atmosfer dövranlarının, dənizin sahil zonasının relyefi və su səthinin təsiri ilə formalaşır. Bir çox hallarda Xəzər üzərində sərbəst dəniz hava kütlələri formalaşır. Qışda əsasən soyuq Arktika havası şimaldan dəniz üzərinə daxil olur. Bu müddətdə, eyni zamanda, İranın dağlıq ərazisindən də hava kütlələri dəniz üzərinə daxil olur və yüksək təzyiqə malik bu iki hava hərəkətinin toqquşması dənizin orta hissəsində siklonik hava dövranı yaradır. Bundan əlavə Qara və Aralıq dənizi siklonları da Xəzərə nüfuz edir. Yaz mövsümündə Sibir antisiklonu və Aralıq dənizi siklonu şərq və şimal-şərqə doğru irəliləməyə imkan tapır, nəticədə sinoptik proseslər və hava kütlələri tez-tez dəyişir. Yayda temperatur kontrastları hamarlaşır, atmosferin aşağı və yuxarı qatlarında dövran prosesləri zəifləyir. Bu mövsümdə Xəzər üzərindəki sinoptik proseslərə əsasən Azor maksimumu təsir edir. Payızın ortalarına doğru Azor maksimumunun təsiri azalmağa başlayır və şərqdən kontinental hava kütlələri daxil olur, atmosferdə qərb daşınması güclənir.

Xəzər nisbətən aşağı en dairəsində yerləşdiyindən onun səthinə intensiv günəş şüaları düşür, burada radiasiya balansı müsbətdir və onun qiyməti 60 kkal/sm2. Xəzərin orta və cənub hissələrinin iqlimi mülayim və subtropik, şimal hissəsininki isə kontinentaldır.
3463
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic