PIRI RƏISIN XƏRITƏSININ IZI HARALARA GEDIB ÇIXIR?

                                                        (Əvvəli  -  “ABŞ alimləri Piri Rəisin xəritəsini tədqiq edirlər”)
 
Qədim xəritələr kritlilərin və finikiyalıların vasitəsilə İsgəndəriyyənin məşhur kitabxanasında özünə yer tapmışdır.
Əlbəttə, bu məsələyə dair mənim öz fikrim var. Antik dövrdən qabaq dünyanın qədim sivilizasiysı mərkəzlərindən biri qədim Babilistan idi. Ən istedadlı sənətkarlar, tanınmış alimlər və aqil insanlar demək olar ki, elə oraya toplaşmışdılar.
Bizə məlum olmayan sivilizasiya zamanı Antarktidanın və Yer kürəsinin başqa hissələrinin tərtib edilmiş xəritələri naməlum adamların vasitəsilə, naməlum yollarla çox güman ki, gəlib Babilistana çıxmışdır. Sonrakı dövrdə Makedoniyalı İsgəndər dünyanı fəth etmək üçün, özünün izdihamlı yürüşünə başlayır və b.e. ə. IV əsrin əvvəlində yaratdığı imperiyanın mərkəzini qədim Babilistanı elan edir. Dünyanın fatehi b.e. ə. 332-ci ildə Misirdə İsgəndəriyyə şəhərinin əsasını qoyur və həmin şəhər qısa bir dövrdə Antik dövrün elm və mədəniyyət mərkəzlərindən birinə çevrilir. Elə təxminən həmin dövrdə Babilistanda saxlanılan qədim xəritələr yavaş-yavaş İsgəndəriyyənin məşhur kitabxanasına köçürülməyə başlanır. Məhz buna görə də admiral Piri Rəis həmin tarixi sənədləri, İsgəndərin dövründə tərtib edilən xəritələr kimi adlandırır.
Həmin dövr üçün şəhərin cavan olmasına baxmayaraq, İsgəndəriyyə Antik dünyaynın elm və mədəniyyət mərkəzinə çevrilir. Aralıq dənizi hövzəsinin bütün məlum şəhərlərindən oraya tanınmış alım və filosoflar axışıb gəlirdi. Şəhər şübhəsiz halda özünün, heç bir yerdə tayı-bərabəri olmayan kitabxanası və Musseyon kimi tanınan ilahilər Məbədi, Elmlər Akademiyası ilə öyünə bilərdi.1
Musseyondakı alimlər İsgəndəriyyə kitabxanasındakı əlyazmalarla məşğul olur və yazdıqları əsərlərin bir neçə nüsxəsini orada saxlayırdılar.
Attalidlərin məşhur Perqam kitabxanası İsgəndəriyyəyə gətiriləndən sonra Musseyondakı əlyazmalar xeyli artır və Sezar Misirə gələnə qədər oradakı bağlamaların sayı 700 minə çatır.
Hələ eramızdan bir neçə yüz il əvvəl Afrikanın sahil boyunda ekspedisiyalar təşkil olunmuş və şübhə yox ki, uğurlu səyahətlər əldə olan xəritələrin sayəsində baş verirdi. Misirdə, Levantda və Ərəbistan yarımadası sahillərində yaşayan dənizçilər dövrlərinin ən mahir ustadları sayılırdılar. Müəyyən etmək olar ki, həmin dövrün xəritələri az qismdə olsa da, gəlib antik dövrün kitabxanalarının rəflərində özlərinə yer tutmuş və alimlər də həmin materiallardan özlərinin elmi əsərlərində istifadə etmişdilər. Ərəblər Hind okeanı akvatoriyasında, finikiyalılar isə Atlantik okeanının şərq sahillərində istədikləri mənzilə gedib çıxa bilirdilər. İslam dünyasında movcud olan, xüsusən də ərəblərin tərtib etdikləri “cəfriyə” – xəritə və portulanların sayı çoxsaylı idi və Piri Rəis onların əksəriyyətinin öyrənilməsi ilə məşğul idi. Maraqlıdır ki, portuqallar Atlantikada Afrikanın cənub sahillərinə doğru üzdükdə məhz ərəblərdən, xüsusən də tanınmış dənizçi, peşəkar naviqator Əhməd ibn Məciddən istifadə etmişdilər. O, Bartolomeu Diaşla Afrikanın cənub nöqtəsinə, Vasko da Qama ilə birlikdə (şturman kimi) Hindistana üzmüşdü. Məlumdur ki, Əhməd ibn Məcid nəsildən-nəsilə ötürülən peşəkar dənizçilik sənətinə yiyələnmiş və bu sahəyə aid olan sənədlərin köməyi ilə həmin sənəti həm nəzəri, həm də praktik cəhətcə mənimsəmişdi. O, bu bilgilərini 40-a yaxın elmi işdə və iki kitabda – “Dənizlər barəsində əsas prinsiplərin yekun toplusu” (1462) və “Dənizçilik elminin əsasları və qanunlarının xeyri kitabı” (1490) - əks etdirmişdi.
Dənizçilikdə lazım olan həmin vəsaitlər Piri Rəisin daim istifadə etdiyi ədəbiyyatlar idi. Ona görə ki, həmin əsərlər bir neçə ölkələrdə dənizçilər arasında kifayət qədər yayılmışdı. Məlumatlarını genişləndirmək üçün Piri Rəis, M. Polodan sonra Çinlə bağlı olan “Hatainamə” əsərinin bəzi hissələri ilə tanış olur. Çin imperatoru Çju Xouçjao taxta əyləşən zaman, Osmanlı səyyahı Əli Əkbər Hatai 1505-1506-cı illərdə həmin ölkədə olmuş və adı çəkilən kitabı fars dilində 1520-ci ildə İstanbulda nəşr etdirmişdi.
Paralel olaraq türk admiralı erkən orta əsrlərdə fəaliyyət göstərmiş Avropanın ən tanınmış coğrafiya, astronomiya alimlərinin, o cümlədən də, Toskanellinin elmi işləri ilə tanışlığı vardı. Bu ondan xəbər verir ki, Piri Rəis geniş dünyagörüşünə malik olan bir dənizçi idi və coğrafiyaşünaslıqla, xəritəşünaslıq sahəsində heç bir alimdən geri qalmırdı.
Məlumdur ki, Piri Rəis Misirin baş admiralı vəzifəsinə kimi yüksəlmiş və böyük səlahiyyətlərin sahibi sayılırdı. Onun Aralıq dənizində, xüsusən də mərkəzdən tutmuş şərq sahillərinə kimi hökmranlıq etməsi, bir çox marşrutların nəzarət altında saxlanmasına gətirib çıxarmışdı. Fransadan və İspaniyadan Apennin yarımadasında yerləşən krallıqlara və Yunan şəhərlərinə, Venetsiyadan, Genuyadan və Neapoldan həm Fransaya, İspaniyaya, həm də Yunan şəhərlərinə gedən gəmilər nəzarət altında olduğundan, əksər hallarda Piri Rəisin donanmasının hücumlarına məruz qalırdı. Bundan əlavə onun tabeliyində olan bir çox casuslar Aralıq dənizi akvatoriyasında, o cümlədən, Atlantik okeanı sahillərində yerləşən Portuqaliya, İspaniya, Fransa, Niderland və İngiltərənin limanlarında məxfi fəaliyyət göstərərək, oradan uzaq sahillərə yola düşən ekspedisiyalar barəsində mühüm məlumatlar əldə edir və həmin materialları Piri Rəisə göndərirdilər. Bir sözlə, Avropa krallıqlarına məxsus olan bir çox məxfi materiallar admiralın ixtiyarında olurdu. Məhz həmin materialların sayısində Piri Rəis dənizçilik və gəmiçilik sahəsində mühüm rol oynayan “Dənizlər kitabı” («Китаб-и-бахрие») adlı əsərini yazıb ərsəyə gətirir.
Ən çox Piri Rəisi maraqlandıran mühüm çoğrafi obyektlərin, xüsusən də naməlum sahil zolaqların konturları çəkilən xəritələr idi ki, onların sayəsində o, gələcək planlarını qururdu. Məhz bu səbəbdən o, zamanında ən təcrübəli və bacarıqlı donanma başçısı sayılırdı. 
Misir Osmanlı Türkiyəsinin müstəmləkəsi olduğundan orada saxlanılan bir çox tarixi sənədlər İstanbula aparılmışdı. Tarixi sənədlərlə və ən əsas konturlarından, koordinat ölçülərindən asılı olmayaraq bütün xəritələrlə maraqlanan türk admiralı İstanbulda olduğu kimi elə İsgəndəriyyə şəhərində də xeyli xəritələr əldə edir və sonradan onlar üzərində işləyərək, 1528-ci ildə mükəmməl bir atlas tərtib edir. Lakin həmin xəritələrin içərisində yalnız bir xəritə müasir alimlərin diqqət mərkəzində olur. O da “1513-cü ildə” tərtib edilən Amerikanın, Antarktidanın və Şimal-Qərbi Afrikanın konturları göstərilən xəritə.
Piri Rəis həmin xəritənin bir neçə qədim xəritələrin surətindən köçürülmə vasitəsilə tərtib etdiyini gizlətmir. Onun bu etirafı tədqiqatçıların işini yüngülləşdirmiş və bu istiqamətdə sistemli iş aparılmağa başlandı.
                                 (Ardı  -  “Xəritənin əsl müəllifi kimdir, admiral Piri Rəis, yoxsa başqa bir alim?”)

 
email: ramizdeniz65@gmail.com,
          n.tusi.1965@mail.ru
11150
FOLLOW US
CALENDAR
GEOGRAPHICAL TERMS
SEND OFFER
DISCOVER AZERBAIJAN

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Azerbaijan National Academy of Sciences Institute of Geography National Library of Azerbaijan GoMap National Geographic