AKADEMİK HƏSƏN ƏLİYEVİN ANADAN OLMASININ 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB

   İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyası, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunu və Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanda torpaq idarəçiliyində kadastr və coğrafi informasiya məlumatlarından istifadənin elmi əsasları” mövzusunda elmi-praktiki seminar keçirilib. Tədbir görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunub.

    Tədbirin  keçirilməsində məqsəd torpaq idarəçiliyində, kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından daha səmərəli istifadədə, o cümlədən torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsndə, kənd təsərrüfatı ərazilərinin planlaşdırılmasında ən son elmi nailiyyətlərin, müasir innovativ yanaşmaların tətbiqi ilə əlaqədar qarşılıqlı elmi-tədqiqat işlərinin təkmilləşdirilməsidir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə çıxış edərək elmin inkişafı, ən son yeniliklərin tətbiqi, elmi fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən danışıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov giriş nitqində Azərbaycanda torpaqların elmi əsaslarla idarə edilməsi  və onlardan səmərəli istifadə edilməsində akademik Həsən Əliyevin müstəsna xidmətlərindən söhbət açıb.

    Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov görkəmli alim, akademik Həsən Əliyevin həyatı,  elmi və ictimai fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, bildirib ki, H.Əliyev keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılırdı. O, Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycanda torpaq idarəçiliyində kadastr məlumatlarından istifadənin elmi-praktiki əsasları istiqamətində təqdimatla çıxış edib.

   Elmi-praktik seminarda həmçinin Coğrafiya İnstitutunun alimləri - c.ü.f.d. M. Həsənov c.ü.f.d. U.Tağıyeva ilə birgə yazdığı “Azərbaycanın aqroiqlim ehtiyatlarından torpaq idarəçiliyində istifadə imkanları”, c.e.d. Z.Eminov c.ü.f.d. E.Bədəlovla həmmüəllifi olduğu “Abşeronda əhalinin cəmlənməsi və torpaqlardan  istifadə problemləri” mövzularInda məruzələrlə çixiş ediblər.

    Tədbir çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandum imzalayıb. Memoranduma əsasən daşınmaz əmlak kadastrı, coğrafiya elminin qarşılıqlı maraq doğuran sahələrində innovasiyaların tətbiqi, kadr hazırlığı istiqamətində birgə işlər görüləcək. Təqdim olunan layihələrin birgə elmi-metodiki ekspertizası  aparılacaq.
  
 

8872
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic