LERİK TƏBİƏTİN HORMONİYASI

Talış dağlarının zirvəsində Azərbaycanın füsunkar təbiəti, mavi Xəzəri, əzəmətli dağları, saysız hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən zümrüd meşələri, nadir ağacları, hayqıran  çayları, çağlayan şəlalələri, zəngin flora və faunası ilə seçilən Lerik rayonu yerləşir.

Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. Lerik rayonun ərazisi İran İslam Respublikası ilə sərhəd boyu Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, ərazinin şimalında isə Burovar silsiləsi uzanır.   Talış və Peştəsər silsilələri arasında  Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 metr) və Qızyurdudur (2433 metr) Bir vaxtlar Zuvand kimi tanınan bu diyar 1938-ci ildən Lerik adlanaraq Azərbaycan xəritəsinə  düşmüşdür. Ərazisi 1084 kvadrat kilometrdir. Əhalisi 76,4 min nəfərdir . Əhalinin 37742 nəfəri kişilər, 38658 nəfəri qadınlardır. Bir kvadrat kilometrə 68 nəfər düşür. Bundan 39 min hektarı zümrüd meşələridir.

Zuvand Peştəsər, Burovar və Talış sıra dağlarının əhatəsində, Qızyurdu və Kömürköy zirvələrinin arasında yerləşən bir ərazinin adıdır. Hal-hazırda Zuvandın ərazisində 34 kənd yerləşir ki, bunların da əksəriyyətində türklər yaşayırlar. Azərbaycanda sovet hakimiyyəti qurulandan 1938-ci ilə qədər isə Lerikin bütün ərazisi Zuvand rayonu adlanmışdır. 1938-ci illərdən sonra “Zuvand” məfhumu        (toponimi) ancaq öz tarixi ərazisinə, əsasən, “Dağlar qapısı” və “Nisli körpüsü”ndən cənubda yerləşən vadiyə Diabar vadisinə (Diabar çökəkliyinə) aid edilməyə başladı” (7. 46-47). Dilçiliyimizdə “Zuvand” toponimi haqqında fərqli fikirlər mövcuddur.Bəzi müəlliflər bu adı talış, bəziləri fars, bəzilləri də türk mənşəli hesab edirlər. M.Mirzəyev “Talış toponimlərinin qısa izahlı lüğəti”ndə yazır: “Fikrimizcə, talışca “zuxvand” sözü fonetik dəyişikliyə məruz qalaraq zuvand şəklinə düşmüşdür. “Zu”-güc, qvvət, “xvand”- sahib, yer deməkdir. Zuvand sözünü “zoən” (Zü-ön), yəni oğlanlar, igidlər yeri şəklində mənalandırmaq da olar. Talışın dağlıq hissələrindən rayonumuza pənah gətirmiş bu tayfalar məskunlaşdıqları əraziyə Zuvand adı vermişlər, yəni Zuvand toponimi etnonimlə bağlıdır (5. 42-43). M.Yaqublu yazır: “ Zuvand toponiminin özü də talış dilində oğullar, igidlər, ərlər deməkdir. Zuva-oğul, an, and- məkan mənasını verən şəkilçilərdir” (7. 56). Zuvand sözünün farsca güclü, qüvvətli ,zorlu mənasını verən “zurmənd” sözündən yaranması da ehtimal olunur (5. 42). N.Əsgərov qeyd edir ki, bəzi mənbələrə Zuvand toponimi Züvənd şəklində yazılır. Züvənd oykonimindəki “ vənd” komponentinin bulqar tayfa adı ilə bağlı olması faktını daha inandırıcı hesab edir. Bu barədə yazır ki, bulqar türk tayfalarının cənub bölgəsinin etnogenezində daha fəal iştirak etməsini orada tarixən və hazırda mövcud olmuş toponimlər də təsdiq edir. Bunlara Bolqar çay, Mişar çay hidronimlərini, Bolqar, Göytəpə kəndlərini, Biləsuvar oykonimini və.s onomastik vahidləri misal göstərmək olar”.

Zuvand toponimi etnonim mənşəlidir. Zuvandlar eramızın ilk əsrlərində Mərkəzi və Şərqi Asiyadan gələn türk tayfalarından biridir.

Zuvand toponimi iki hissədən (zu-(v)-and ) ibarətdir. Zu- qədim türk dilində (şumercə )“bilən”, “müdrik” mənasındadır, -an( -and) isə cəmlik bildirən komponentdir. Zuvand sözünün mənası “müdriklər” deməkdir.

1938-ci ildə  Azərbaycan SSR Rəyasət Heyətinin 19 iyul tarixli fərmanı ilə mərkəz Lerikə köçürülmüş və rayon Lerik rayonu adlanmağa başlamışdır. Lerik rayonun öz xüsusi toponimik izahı vardır.

"Lerik" toponimi barədə müxtəlif rəylər və mülahizələr mövcud olsa da, indiyə qədər bu adın dəqiq izahı yoxdur. Bir versiyaya görə, "Lerik" indi də yerli əhalinin dilində işlənən "Lik" toponiminin təhrif edilmiş formasıdır. "Lik" (lığ, lıx, lıxka) torpaq, palçıq deməkdir. Bunun əslində bir əsaslandırması da mövcuddur. Yəni, Lerikdə yağıntının miqdarı çox olduğundan, ərazi, onun yolları ilin əksər aylarında palçıqlı olur.

Başqa mülahizələrə görə isə "Lik" qədim etnonim olub, mənşəyini qədim leqlərin adından götürüb. Xalq arasında isə "Lik" sözü "yağmurlu, çiskinli hava" mənasında işlənir. "Lerik"i təbiətin harmoniyası kimi izah edənlər də var. Buranın təbiətinin əsrarəngizliyi, hava şəraitinin gün ərzində bir neçə dəfə gözlənilmədən dəyişməsi və s. belə bir variantın meydana çıxmasına təkan verib.

Yer kürəsindəki 11 iqlim tipindən 8-nin Lerikdə olduğu müəyyən edilmişdir. Lerikin iqlimi mülayim-isti rütubətli, mülayim-soyuq quru və soyuq rütubətlidir. Ərazisinin əsas hissəsi üçün mülayim-isti rütubətli iqlim səciyyəvidir. Buranın yayı quru, nisbətən sərin olub, qışı mülayim-isti, payızı və yazı yağmurludur. Orta illik temperatur dəniz səviyyəsindəki hündürlükdən asılı olaraq tədricən azalır. Dəniz səviyyəsindən 600-1000 metr hündürlükdə olan dağ-meşə zonasında orta illik temperatur 9,6 – 12,1 dərəcə, 2000-2500 hündürlüyə malik dağ-çəmən ərazisində  6 dərəcədir.

Buranın yayı mülayim quru, qışı soyuq keçir. Yanvarda orta aylıq temperatur 0 dərəcədən aşağı, iyulda isə 20 dərəcədən yuxarı qalxmır. Burada iqlimin quru olmasının əsas səbəbi ərazinin hər tərəfdən dağlarla əhatə olunması və cənub-qərbdən isti havanın axıb gəlməsidir. Hava hər kilometrdə dəyişir. Rayon ərazisi dəniz səviyyəsindən xeyli hündürlükdə yerləşdiyindən illik yağmurun miqdarı 300 millimetrdən 800 millimetrə çatır. Yağmurun müəyyən miqdarı payızın ortalarında və qışda qar şəklində düşür. Qar örtüyünün qalınlığı 70-80 santimetrə çatır. Burada küləklər (germic) tez-tez əsir. Bu küləklər bəzən ziyansız ötüşmür.

          Qədim tarixə malik olan Lerik rayonu ərazisində daş dövrünə aid olan əşyalar tapılmışdır. Buzeyir mağarası Azərbaycan ərazisində daş dövrünə aid olan ən qədim yaşayış məskənlərindəndir. XVIII-XIX əsrlərdən başlayaraq məşhur fransız arxeoloqu Jak de Morqan, K.Şaffer və qardaşı Henri ilə apardığı arxeoloji qazıntı zamanı buranı "arxeoloji cənnət" adlandırmış, qiymətli tarixi eksponatlar aşkarlamışdır. Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. O, mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir.

Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş Midyalılardır”. Lerik rayonunun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə etmişlər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü ) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur... Lerik ərazisində mövcud olan Oğlan və Qız qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkibmiş. Qalaların bürcləri orijinal arxitektura quruluşuna malikdir. Bu qalalar haqqında əfsanələr mövcuddur.

Lerikdə tapılmış mağarada daş dövrünün insanlarının yaşaması güman edilir. Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən "Qızyurdu" adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII–XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin eskizlərini çəkmiş, gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır.

Rəvayətə görə bura qədim Albanların məskəni olmuşdur.Burada Albanlara məxsus qəbiristanlıq indi də mövcuddur. Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır. Rayonun ərazisində olan Xanəgah məscidi XIV əsrə aiddir. Bir sözlə qədim tarixi özündə yaşadan neçə-necə maddi- mədəni abidəni sinəsində qoruyub saxlayan Lerik rayonunun ərazisi tarixin yaddaş kitabının baş səhifələridir.

Leriki qarış-qarış gəzən akademik, əməkdar elm xadimi Həsən Əliyev buranın təbii gözəlliklərini belə təsvir edib: "...Yaz vaxtı Talış meşələri ətriyyat mağazalarını xatırladır. ...Talış dağlarının füsünkar guşələrindəki mineral bulaqları xalqımızın sağlamlıq ocaqlarına çevirmək lazımdır....Talış meşələrinin relikt flora və faunasını saxlamaq üçün həmin meşə başdan-başa Karpat meşələri kimi milli park və ya təbiət parkına çevrilməlidir. Oradakı mineral və digər içməli suların çoxluğu bu məqsəd üçün gözəl mənbədir..."

Lerikin florası çoxsaylı müalicəvi dərman bitkiləri ilə də zəngindir. Faunasında isə vaxtilə şir, pələng, dağkeçisi və başqa nadir heyvanlar olub. İndinin özündə də Lerik meşələrində vaşaq, bəbir, qaban, ayı, canavar, çaqqal, tülkü, dovşan, meşə pişiyi, dələ, süleyşin, həmçinin kəklik, turac, meşə xoruzu, torağay, bildirçin və s. quş növlərinə rast gəlmək mümkündür. Rayonun Zuvand bölgəsində Zuvand qoruğu salınıb. Burada ölkəmizdə və dünyada az rast gəlinən, əsasən cənub bölgəsində yayılan heyvan və quşlar qorunur.

Ərazinin bitki örtüyü iki əsas zonaya bölünür: Dağ-çəmən zonası.Dağ-meşə zonası. Dağ-çəmən zonası rayonun cənub-qərbində Peştəsər silsiləsi ilə Talış silsiləsini əhatə edir. Statistik məlumatlara görə, torpaq səthinin 60-70 faizi çəmən bitkiləri altında, 10-15 faizi qayalıqlarda yerləşir. Dağ-çəmən zonasında yüksəkliyə qalxdıqca çim əmələ gətirən bitkilərlə rastlaşırsan. Burada bitki növlərindən gəvən, pində, ardıc kolu, kəklikotu, dağ nanəsi bitir. Dağ-meşə zonasında dəmirağacı, nil, cökə, göyrüş, vələs, fıstıq ağacları daha çox yayılmışdır. Yalnız meşələrdəki müqəddəs ziyarətgahlarda həmişəyaşıl şümşad ağacı bitir. İlboyu ətrafı atlas kimi bəzəyir, insanlara xoş ovqat bəxş edir.  Lerik meşələri Alaşar – Buravar silsiləsində yerləşir və sahəsi 28120 hektara çatır. Meşələrdə alma, armud, alça, qoz ağacları, giləmeyvələrdən çiyələk, dağ çiyələyi, böyürtkən, yemişan, qaragilə geniş yayılmışdır.

        Lerik ərazisinin torpaqları dörd qismə bölünür: Dağ-çəmən torpaqları. Qonur dağ-meşə torpaqları. Qəhvəyi dağ-meşə torpaqları. Sarı dağ-meşə torpaqları.

Dağ-meşə torpaqları rayonun cənub və cənub-qərb hissəsindədir, sahəsi 28934 hektardır. Qonur dağ-meşə torpaqları kənd təsərrüfatına yararlıdır. Bu torpaqlarda meşə bitkiləri qırılmış, bəzi sahələrdə tək-tək ağaclar qalmışdır. Qəhvəyi dağ-meşə torpaqları isə rayonun şimal hissəsində olub, sahəsi 13.310 hektara yaxındır. Sarı dağ- meşə torpaqları da şimaldadır və sahəsi 8370 hektara çatır.

Rayonun ərazisi təbii şəraitinə görə heyvanlarla zəngindir. Dağlıq ərazilərdə xınalı kəklik, tülkü, canavar; meşələrdə bəbir, qonur ayı, cüyür, çöl donuzu, çöl toyuğu, porsuq, çaqqal yaşayır. Zuvand Dövlət Təbiət yasaqlığı 1969-cu ildə yaradılmışdır və sahəsi 15000 hektardır. Yasaqlığın bir hissəsi Lerik rayonuna aiddir. Buradakı Talış dağlarına xas olan fauna qorunur.

Buraların dup-duru, şəffaf suyu, bulaqları, cayları bənzərsizdir. Sors çay, Zuvand çay, Lerik şay, Bilnə çay, Ləkər çay, Vazaru çay bu yerlərə xüsusi yaraşıq verir və təbiəti daha da gözəlləşdirir.

Bülüdül, Zərinqala, Xanbulaq, Xansu, Yolahoni (Böyükbulaq). Bu bulaqların suyu süfrələrin bəzəyidir və respublikanın bölgələrinə göndərilir. Narzan tipli Bülüdül bulağının suyu böyrək, mədə-bağırsaq, qara ciyər, öd, oynaq və s. xəstəliklərin müalicəsində əvəzsiz rol oynayır. Rayonun ərazisindəki kükürd tərkibli sulardan mədə-bağırsaq, revmatizm xəstəliklərinin müalicəsində çox-çox keçmişdən istifadə olunur. Zərinqala və Yolahoni bulaqlarının suyunun tərkibi əhəngsizdir. Lerik özünün "Bülüdül", "Zərinqala", "Zuvand", "Xansu", "Xanbulaq" kimi yüksək keyfiyyətli müalicəvi suları ilə də yaxşı tanınır.

İlahinin bəxş etdiyi bənzərsiz gözəlliklər, sərvətlər qiymətsizdir. Qərbində havadan qar qoxusu gələndə şərqində hələ meyvə ylğılır. Şimalında aramsız yağışlar yağanda cənubunda torpaq quraqlıqdan korluq çəkir.Bir yanında şaxta iliyə işləyəndə o biri tərəfində kölgəliyə tələsirsən.Aranında biçin qurtaranda yaylağında hələ ot göyərir.

Füsünkar Lerikin sosial - iqtisadiyyatı möhkəmləndikcə əhalinin güzəranı yaxşılaşmış, tikinti və abadlığa geniş meydan verilmişdir. Yeni sənaye obyektləri işə salınmış, kənd təsərrüfatı diyarın iqtisadiyyatında aparıcı sahəyə çevrilmişdir. 1986-cı ildə dağ rayonlarının iqtisadiyyatını qaldırmaq barədə Azərbaycan KP Mərkəzi Komitəsinin qəbul etdiyi qərar Lerikdə bütün sahələrdə yüksəlişi təmin etmişdir.

Lerik rayonu  sürüşmə zonadır. Burada yaz-yay aylarında  torpaq sürüşməsi daha çox aktiv olur.  Dağ sürüşmələri  nəqliyyatın işni gediş- gəlişini çətinləşdirir, əhaliyə maddi  iqtisadi ziyan vurur. Yollar əhalinin üçün çox təhlükəlidir. Ümumiyyətlə burdakı mövcud vəziyyət burda yolun qalmağının mümkün olmamasıdır. Daha münasib bir yerdən əsas yolun çəkilişi əhali üçün və həm də ora dincəlməyə gələn turistlər daha yaxşı olardı.

Öz fünkar, ecazkar təbiəti ilə seçilən turizm sahəsi son illər inkişaf etməkdədir. Artıq Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmiş və bu iş uğurla davam etdirilir. “Relax”,    “Xəyal”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Paradiz” və digər turizm obyektlərində hər cür şəraiti olan kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. “Xəyal” istirahət mərkəzinin öz xüsusi heyranedici mənzərəsi var. Vazaru çayının axar istiqamətində  və çayın üstünə gölgə salan  meşənin sərv çinar ağaçları  turistlərin həyat  məkanına çevrilib.  Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən “Relax” turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır. Bundan başqa rayonun Zuvand, Bürsülüm, Livədirqə, Orand, Nücü və digər ərazilərində turizmin inkişafı üçün hər cür şərait vardır.

Lerik əsasən aqrar rayondur. Tarixən burada təsərrüfatın əkinçilik və heyvandarlıq sahələri yaranıb inkişaf etmişdir. Torpağının böyük bir hissəsini - 40,3 faizini meşə sahələri təşkil edir ki, bu da ümumi torpaqların təqribən 37, 2 faizi deməkdir.

Rayonda 1 dövlət (damazlıq qoyunçuluq) və 169 qeyri-dövlət kənd təsərrüfatı müəssiəsi vardır. Əhali relyef və iqlim şəraitinə uyğun olaraq paxla, lobya, noxud, lərgə, qarğıdalı, mərci, kürüşnə, darı, pərinc, buğda, arpa, çovdar, kartov, çuğundur, yerkökü, soğan, sarımsaq əkib-becərir. Geniş meyvə bağları vardır. Kəndlərin əksəriyyətində arıçılıqla məşğul olur, çox keyfiyyətli arıçılıq məhsulları yetişdirilir.

Rayonda sənaye tipli üç müəssisə - Lerik Rayon Paylayıcı Elektrik Şəbəkəsi, Rayon Su Kanal İdarəsi və Lerik Qaz istismar Sahəsi fəaliyyət göstərir. Son illər isə sahibkarlıq fəaliyyətinin genişlənməsi ilə əlaqədar Lerikdə kərpic zavodu, "Lerik broyler" və s. istehsal müəssələri yaradılıb.

Sənətkarlığın inkişafı ilk növbədə təbii-coğrafi şərait və təsərrüfatın xarakteri ilə bağlı bir məsələdir. Bu baxımdan Lerikdə xalq sənətkarlığının ağacişləmə və toxuculuq sahələri daha çox inkişaf edib. Bu da Lerikdə meşə sərvətlərinin bolluğu və maldarlıq təsərrüfatının, əsasən də qoyunçuluğun geniş yayılması ilə əlaqədar olub.

Yeri gəlmişkən, xalçaçılıq sənəti Lerikdə bu gün də davam etdirilir. Bu xalq sənəti nümunəsi gəlin köçən qızların cehiz dəstinin çox mühüm elementi sayıldığından, indinin özündə də, demək olar, hər bir evdə xalça toxunur. Bundan əlavə, Lerik şəhərində uzun illərdir ki, xalçaçılıq sexi fəaliyyət göstərir. Burada milli ornamentli, müxtəlif çeşidli xalçalar toxunur. Rayonun Pirəsora, Blaband və Noda kəndlərində də xalçaçılıq sexləri mövcuddur. Lerik əhalisi arasında boyaqçılıq, əyiricilik və toxuculuq peşəsi ilə əlaqədar olan digər sənət sahələri, həmçinin Şingədulan və Şonaçola kəndlərində qədim tarixə malik dəmirçilik, nalbəndlik və s. bu gün də yaşadılır.

Rayonun mətbu orqanı “Lerik” qəzeti (1966-cı ilədək “Zuvand kolxozçusu”, “Artel yolu”, “Kolxoz yolu”, 1966-cı ildən 1989-cu ilədək “Bolluq uğrunda”) çıxır. Qəzet 1987-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Rayonda televiziya verilişlərinə baxılır.

Lerik rayonunda 37 tam orta, 49 ümumi orta və 23 ibtidai məktəb fəaliyyət göstərir, 4 orta məktəb şəhərdədir. Məktəblərdə 9321 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 1440 pedaqoq məşğuldur. Əhalinin sağlamlığını 1 mərkəzi xəstəxana, 6 kənd xəstəxanası, 41 tibb məntəqəsi, 19 həkim məntəqəsi qoruyur. Sağlamlıq müəssisələrində 61 həkim, 224 orta tibb işçisi çalışır.

Son illər rayonda nəqliyyat və rabitə müəssisələrinin, məişət obyektlərinin şəbəkəsi xeyli genişlənmişdir. Ölkəmizin paytaxtından Lerik şəhərinə rahat sərnişin avtobusları işləyir.

Rabitə xidmətinin səviyyəsi də xeyli yaxşılaşmışdır. Rayonda 23 elektron avtomat telefon stansiyasının xidmətindən 6100 abonent istifadə edir. Yeni quraşdırılan antenaların hesabına mobil telefondan istifadə edənlərin sayı 26.500 nəfərdir. Poçt şöbələrinin sayı 30-a çatdırılmışdır. Bu müəssisələr vasitəsilə göndərişlər, məktublar və jurnallar ünvanlara çatdırılır. Üç bankomat quraşdırılmışdır. Enerji, qaz və kommunal xidmələrinə görə pullar da poçt şöbələrində qəbul edilir.

Lerik rayonu üzrə 44 klub, 22 mədəniyyət evi, 74 kitabxana, 1 tarix- diyarşünaslıq muzeyi, 1 Uzunömürlülər muzeyi, Heydər Əliyev Mərkəzi, 1 Rəsm Qalereyası, 1 Uşaq İncəsənət məktəbi və 1 Uşaq musiqi məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə 483 nəfər işçi çalışır ki,onlardan 31 nəfəri ali, 53 nəfəri orta ixtisas, 369 nəfəri orta təhsillidir. Mədəniyyət evlərində 112, klublarda 133, kitabxanalarda 170, musiqi məktəblərində 33, muzeylərdə 24 və qalereyada 6 nəfər işləyir. Mədəniyyət müəssisələrində 255 nəfər qadın çalışır ki, bu da ümumi işçilərin 52 faizini təşkil edir. Rayon üzrə 202 tarixi abidə qeydə alınmışdır. Bunlardan 42-si ölkə əhəmiyyətli, 160-ı isə yerli əhəmiyyətli abidələrdir.

MKS üzrə kitab fondunun ümumi həcmi 337000 nüsxə, kitab verilişi 373400 nüsxədir. Oxucuların sayı 20400 nəfərdir ki, bu da əhalinin 32,5 faizini təşkil edir. 80500 nüsxə kitab latın qrafikalıdır. Rayonda 74 kitabxana fəaliyyət göstərir ki, burada da 170 nəfər çalışır. Lerik rayon Dövlət Rəsm Qalereyası 2005-ci ildə yaradılıb. Rayon mədəniyyət evinin binasında yerləşir. Fondda 55 ədəd əsər vardır. Bunlardan 35-i Nazirlik tərəfindən verilmişdir ki, 12-si qrafika, 23-ü rəngkarlıq əsəridir. 22 əsər isə kəndlərdən toplanmışdır. Iyulun 18-dən 22-dək keçirilən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş foto-sərgiyə 1000 nəfərə yaxın tamaşaçı baxmışdır. 

Lerik rayon Diyarşünaslıq Muzeyi 1983-cü ildən fəaliyyət göstərir. Tarix- Diyarşünaslıq Muzeyi ilə Uzunömürlülər muzeyində 3608 eksponat saxlanılır. Muzey 8 salondan, 1 açıq səma altında ekspozisiyadan, 2 foyedən ibarətdir. Bu ilin 8 ayı ərzində muzeyə 1600 nəfər tamaşaçı gəlmişdir. Uzunömürlülər muzeyi: 1991-ci ildə respublikada analoqu olmayan Uzunömülülər muzeyi Lerikdə yaradılıb. Bu, heç də təsadüfi deyil. Çünki Lerik nəinki respublikamızda, eləcə də dünyada uzunömürlülər diyarı kimi tanınmışdır. Burada planetimizin ən qocaman sakinləri Şirəli Müslümov 168 il, Mahmud Eyvazov 150 il, Məcid Ağayev143 il ömür sürmüşlər. Bu gün də Lerikdə yaşı 100-ü ötmüş 14 nəfər yaşayır.
 
 2014-cü il
 
                                                                 Əhmədzadə Həlimə
                                                                  Vüsalə Məmmədova
                                                                   Nazarov Zamiq
42099
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic