İSTANBULUN TOPQAPI MUZEYİNDƏN TAPILAN SENSASSİON XƏRİTƏ

Osmanlı Türkiyənin hərbi dəniz donanmasının bir çox görkəmli nümayəndələri olubdur, onlardan da biri admiral Piri Rəis idi. Admiral Piri ibn Hacı Məmməd Rəis (1475-1554) dövrünün təcrübəli kapitanı, istedadlı naviqatoru, bacarıqlı donanma kapitanı, tanınmış donanma sərkərdəsi, peşəkar şturmanı, savadlı xəritəşünası kimi tanınırdı. Onun tərtib etdiyi xəritələr koordinat ölçülərinə və sahil zolaqlarının konturlarının dəqiqliyinə görə dənizçilik elmində ən lazımlı vəsait sayılırdı. Bundan əlavə Piri Rəis, başqa-başqa ərazilərin konturları göstərilən cürbəcür miqyaslı xəritələri vahid miqyas şəkilində araya gətirə bilirdi. Belə bir xəritələri hər bir ölkənin kapitan və şturmanları əldə etmək istəyirdilər.
1929-cu ildə İstanbulun Topqapı sarayında bərpa təmir işləri aparılarkən, otaqların birində, doktor Edhem tərəfindən, qazelin dərisindən düzəldilən perqament üzərində çəkilmiş köhnə bir xəritə tapılır. Həmin xəritə Hicri tarixi ilə 919-cu ilin Məhərrəm ayında (Miladi tarixi ilə 1513-cü il) Çəliboluda tərtib edilmişdir.
Piri Rəis 1528-ci ildə xəritələr toplusundan ibarət olan bir atlasın tərtibini həyata keçirir və həmin xəritəni də 1513-cü il tarixi ilə atlasa daxil edir. Admiralın xəritəsi iki hissədən ibarətdir; biri 1513-cü ildə, o biri isə 1528-ci ildə tərtib edilmişdir. Sonradan məlum olur ki, həmin tarixi material Konstantinopolun İmperiya kitabxanasında saxlanılan daha qədim manuskriptlərdən köçürülmüşdü, yəni, başqa xəritələrin surəti sayılırdı.
Avropanın bir çox xəritəşünasları, coğrafiyaşünasları və tarixçiləri İmperiya Kitabxanasına düşməkdən ötrü bütün mümkün olan vasitələrdən istifadə edirdilər, lakin öz istəklərinə nail ola bilmirdilər. Müharibələr zamanı Perqam, Babil, İsgəndəriyyə, Bağdad, Təbriz, Marağa, Dəməşq, Afinadakı elmi ocaqların kitabxanaları İstanbula gətizdirilmişdi. Hamı bilirdi ki, həmin kitabxananın rəflərində çox qədim əlyazmalar, xəritələr, antropoloji, etnoqrafik məlumatlar vardı və həmin materiallara yiyələnən kəs sensassion məlumatların sahibinə çevrilərdi. Buna bariz nümunə, Yerin Qərb yarımkürəsinin konturları çəkilən Piri Rəisin müəllifliyi ilə tapılan xəritədir. 
Tarixi mənbələrdən məlumdur ki, Piri Rəis qədim sənədlərin və xəritələrin tədqiqi ilə məşğul olmaq üçün həmin kitabxananın çox diqqətli oxucularından biri sayılırdı. Konturları çox hallarda dəqiq göstərilmiş xəritə türk alimlərinin ciddi marağına səbəb olur. Çünki tarixinə görə həmin dünya xəritəsi Amerika qitəsinin konturları çəkilən ən erkən xəritələrdən biri, bəlkə də ilkini sayılırdı. Bundan əlavə sensassion materialda həm Şimali Amerika, həm də Antarktida materiklərinin də konturları göstərilirdi. İş ondadır ki, xəritə Kolumbun birinci səyahətindən düz 21 il sonra tərtib edilmişdir. Halbuki Genuyalı admiral Panama, Nikaraqua və Hondurasın şərq sahillərini nəzərə almasaq, həmin materikin sahillərinə ayaq basmamışdır. Antarktida isə hələ 300 ildən bir qədər artıq müddətdən sonra Faddey Bellinshauzen və Mixail Lazarev (1820) tərəfindən kəşf edilir. Bunun üçün bir çox alimlər xəritənin tədqiqinə başlamaqdan ötrü radikal addımlara əl atırlar. Maraqlıdır, bunu kim, nə vaxt və harada tərtib etmişdi?
Burada maraqlı məqamlardan biri o idi ki, Piri Rəis öz dəst-xətti ilə həmin konturları başqa qədim xəritələrdən çəkmiş və Kolumbun səyahət zamanı apardığı qeydiyyatları ora həkk etmişdi. Türk admiralı özü etiraf etmişdi ki, qərb hissəni o, Kolumbun xəritəsindən köçürmüşdür. Deməli, məşhur səyyahın da birinci səyahətinə təkan verən unikal xəritələrə əli çatırmış. Nəzərə almalıyıq ki, tarixçilər və coğrafiyaşünaslar bir neçə yüz il, Kolumbun təxminən Vest-Hind adalarında tərtib etdiyi, “Kolumbun itmiş xəritəsi”nin müvəffəqiyyətsiz axtarışları ilə məşğul olublar.
Söz yox ki, doktor Edhemin Topqapı sarayında aşkarladığı xəritə sensassion bir tapıntı sayılırdı. Çünki həmin xəritədəki təsvirlər XV əsrin sonunda və XVI əsrdə tərtib olunan xəritələrdəki kimi deyildi. Nəzərə alsaq ki, həmin dövrdə meridianları dəqiq təyin etmək üçün münasib cihazlar və ya alətlər yox idi, lakin Cənubi Amerika ilə Afrika materiklərindən keçən uzunluqların koordinatları çox dəqiqliklə verilirdi. Axı, belə bir material Avropanın heç bir tanınmış xəritəşünasın, coğrafiyaşünasın və ya dəniz səyyahının qələmindən çıxmamışdı? Alman və türk alimləri diqqətlə həmin tapıntının tədqiqi ilə məşğul olmağa başlayırlar.
Amerikanın dövlət katibi Henri Stimson bu məsələ ilə maraqlanır. Onun bəzi təsəvvürlərinə görə “Kolumbun itmiş xəritəsi” haradasa Türkiyədə ola bilərdi. O, ABŞ-ın Türkiyədəki səfirinə xəritəni tapmaq üçün axtarışlara başlamağa göstərişlər verir. Türkiyə höküməti hərtərəfli olaraq axtarışlara yardım göstərsə də, heç bir müvəffəqiyyət əldə edilmir.
Piri Rəis bəyan etmişdi ki, o, Makedoniyalı İsgəndərin dövründə dəqiq riyazi hesablamalarına əsasən, tərtib edilmiş iyirmiyə yaxın xəritədən istifadə etmişdir. Lakin alimlər onun 1929-cu ildə tapılmış xəritəsinə dair verdiyi izahatına inanmırdılar.
                                                            
                                                     Admiral Piri Rəis (1475-1554)
 
Həmin dövrdə aerokosmik texnologiyanın mövcud olmadığı halda, alimlərin türk admiralının verdiyi bəyanatlarına şübhə ilə yanaşmaqlarından başqa çarələri qalmırdı. Axı, İsgəndərin dövründə mövcud olan xəritələrin bir dənəsinin olsun belə nüsxəsi yox idi. Həmin xəritənin türk admiralının sahibi olduğu bütün Türkiyədə böyük rezonansa səbəb olmuşdu.
Xəritəşünaslığın XVI əsrdə Türkiyədə nə dərəcədə inkişaf etməsindən qürurlanan Türkiyə prezidenti Mustafa Kamal Atatürkün əmri ilə xəritə 1935-ci ildə Dövlət mətbəəsində çoxsaylı tirajla çap edilmişdir.
 
                                                                  (Ardı – “ABŞ alimləri Piri Rəisin xəritəsini tədqiq edirlər”) 
                                                                                                           
email: ramizdeniz65@gmail.com,
          n.tusi.1965@mail.ru
18537
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic