ŞƏRQDƏ ASTRONOMİYA VƏ COĞRAFİYANIN TƏKMİLLƏŞMƏSİ - II HİSSƏ

(əvvəli “Şərq dünyasının astronomları” adlı məqalədə)
 
Biruni “Astrolaybiyanın hazırlanmasının müxtəlif yolları”, “Astronomiyada açar”, “Yer fırlanır, ya fırlanmır?”, “Hindistan”, “Ərəblərin Yerin hərəkəti nəzəriyyəsi haqqında” əsərlərində heliosentrik sistemin ideyalarını müdafiə edir.
Alim astronomiya müşahidələri ilə dərindən məşğul olmaq üçün, 995-ci ildə diametri 7,5 metr olan divar kvandrantını hazırlamış və qurmuşdu. Həmin cihaz vasitəsilə təyin edilən kəmiyyətlərdən biri ekliptikanın mailliyinin qiymətini əldə etməsidir. O, iki dəfə (995-996-cı və 1020-ci illərdə) ekliptikanın mailliyinin qiymətini təyin etməklə məşğul olmuş və bu müşahidələrin nəticəsində alim ekliptikanın mailliyi üçün 230 35/ 45// və 230 35/ 50// qiymətlərini almışdı.
H. Məmmədbəyli bu haqda belə yazır: “Günəş apogeyinin uzunluq koordinatını təyin etmək üçün Biruni yeni metod vermişdir. Biruni tərəfindən riyazi kartoqrafiya və coğrafiya sahəsində diqqətəlayiq əsərlər yazılmışdır. Yerin kürə şəklində olmasını iddia etmək, bəzi müəlliflərin göstərdiyi kimi heç də Biruninin elmi xidməti deyildir. Biruninin bu sahədə əsas xidməti Yerin ölçülərini təyin etmək üçün yeni bir üsul verməsidir”.1
Həmin metodun mahiyyətini açıqlamaq üçün Biruni belə izah edirdi:
“Yer meridianı qövsünü ölçmək üçün mən yunan alimlərinin, hindlilərin və Məmun astronomlarının metodlarından fərqli olan bir metod vermişəm. Bu məqsədlə mən Hindistanda düzənliklər üzərində yüksələn hündür bir dağ tapdım. Həmin dağın təpəsindən mən Yer ilə Göyün birləşməsini, yəni, üfüq dairəsini cihazda (astrolyabiyada) tapdım ki, bu da şərq-qərb xətti istiqamətində idi. Bucağı təyin etdim ki, 34 idi. Mən dağın 652,05 dirsək təyin etmişdim”.
Alimin hesablamalarına əsasən yerin radiusu 12851369 dirsəyə, Yerin mühiti 80780039 dirsəyə, Yer mühitinin bir dərəcəlik qövsü isə 50,2 ərəb milinə bərabərdir.
Nallino və Şöy dirsəyin 0,493 metrə və ərəb milinin isə 4000 x 0,493 m = 1972 metr olduğunu təyin etmişlər.
Biruni bir dərəcəlik meridian qövsünün uzunluğunu 111,6 km. (müasir qiyməti 111,1 km.) təyin etmişdir.
Mütəxəsisslər bildirirlər ki, Biruni coğrafi uzunluğu təyin etmək üçün öz dövrünün texniki səviyyəsinə uyğun olan bir metod işlətməklə riyazi coğrafiyaya böyük hədiyyə vermişdir. Doğrudur, bu metod nəzəri cəhətdən tamamilə düzgündür, amma müşahidə xətalarının çox olması üzündən o dövrdə yaxşı nəticə verə bilmirdi.
İş ondadır ki, Biruni nəinki nəzəri olaraq coğrafi uzunluqlar fərqini tapmaq yolunu vermişdi, o, eyni zamanda Bağdad ilə Şirazın, Qurqanın, Qəznənin coğrafi uzunluqlar fərdini təyin edə bilmişdi.
Biruni bir çox şəhərlərin coğrafi uzunluq və enliklərinin cədvəlini tərtib etmişdi. Qeyd etmək lazımdır ki, başlanğıc meridian üçün o, özündən əvvəl təyin edilmiş meridianı qəbul etmişdir.
   Tacik alimi H. U. Sadıqov Biruninin xidmətlərini qiymətləndirərək yazırdı: “Şərqin böyük alim astronomlarından biri olan Biruni astronomiya elminin bir çox sahələrində nəhəng işlər görmüşdü”.
Astronomiya sahəsinin qədim elm olduğunu inkar etmək olmaz. İş ondadır ki, astronomiya erkən orta əsrdə Şərqdə geniş yayılmış və onun incəliklərinin araşdırılıb üzə çıxarılmasında, müsəlman astronomları böyük səy göstərmişdilər. Yuxarıda göstərilibdir ki, həmin elm Azərbaycanda hələ Babakuhi Bakuvinin dövründə öyrənilib tədqiq edilmişdir. Hətta astronomiya Azərbaycanın şimal hissəsi sayılan Şirvanda daha tez inkişaf etmişdi. Buna sübut olaraq professor Eybali Mehrəliyevin ifadələrini göstərmək vacib olardı.
Riyaziyyat və nücum elminin inkişaf tarixinə dair əsərlərdə Şirvanda astronomiya elmi mərkəzinin olmasını və burada öz dövrü üçün yüksək səviyyəli tədqiqatlar aparılması barədə sistemli olmasa da, tez-tez ədəbiyyatda rast gəlmək olur. Buna inam ona görə ümidvercidir ki, Şirvan hələ IX-X əsrdən Xarəzmlə əlaqədə idi...
Astronom və şair Fələki Şirvani Kafiəddin nəslinin haqqında danışarkən onun ailə üzvlərinin yüksək vətəndaşlıq qayəsindən və bütün nəsil içərisində Vəhidəddin Şirvaninin (1100-1159 – R. D.) nücum və üsturlab sahəsində əvəzedilməz şəxs olmasından danışır.2
Əbu Əli ibn Sina (980-1037) Məmun Akademiyası təşkil edildikdə oraya dəvət edilmişdi.
Ümumiyyətlə, ibn Sina 29 fənn üzrə ən azı 450 kitab və elmi iş yazıb, lakin bizə çatanların sayı cəmi 274-dür.
İbn Sina o vaxt olan bütün elmləri tədqiq etmişdir. Fizika, həkimlik, filosofiya, riyaziyyat, həndəsə, biologiya, psixologiya, metafizika - bunlar hamısı İbn Sina vasitəsilə yenidən işıq üzü gördülər. İbn Sina mexanika ilə də maraqlanırdı və bəzi cəhətlərdən bu elmə bəzi dəyişikliklər yeritdi. O, çox-çox illər sonra kəşf edilən elementlərin xassə uyğunluğunu qeyri-ümumilləşdirilmiş halda vermişdi.
Onun astronomiya və riyaziyyat sahəsində yazmış olduğu əsərlərinin ümdəsi bunlardır.
         1. Ekvatorun xüsusiyyətləri haqqında.
         2. Biruninin on sualına cavablar.
         3. Biruninin on altı sualına cavablar.
4. Yerin və Göyün surətləri haqqında.
5. Göy cisimləri və onların hərəkətləri haqqında.
6. İsfahanda müşahidə üçün hazırlanmış astronomiya cihazları haqqında.
7. Göy, ulduzlar və meteorlar haqqında.

Əbu Əli ibn Sina (980-1037)
İbn-Sina tibb elminin bütün sahələrinə dərindən nüfuz etmiş və elmi yeniliklər etmiş alimdir. O, hər bir doğulanın bir gün öləcəyini yaxşı bilirdi. Rübailərinin birində yazmışdı ki, “mən dünyanın yerdən tutmuş səma cisimlərinədək sirrlərini açmağa nail olsam da ölüm düyününü aça bilmədim”. 
Məmun Akademiyasında çalışan alimlərdən biri də Orta Asiya alimi Biruninin müəllimi olmuş Hamis ben Əl Xəzər Əbu Mahmud Əl Xocəndidir. O, bir neçə elmi risalənin müəllifidir və astronomiya tarixində ən önəmlisi üsturlabın tətbiqi haqqında risalədir.
Xocəndi Tehranın yaxınlığındakı Rey şəhərinin rəsədxanasında çalışmışdır. O, diametri 80 dirsəyə (40m.) bərabər olan seksant (süds) adlanan cihazı icad etmiş və həmin cihaz vasitəsilə bucaqları 1 “dəqiqliyi ilə ölçmək mümkün idi. Bunun vasitəsilə Xocəndi eklipikanın mailliyini 230 32/ 21// qədərində, 2/ 01” dəqiqliyi ilə təyin etmişdi.
Xocəndi həmin müşahidələri haqqında belə yazır: “384-cü hicri ilində yaxud Yezdicürd erasının 363-cü ilində, özüm kəşf etmiş olduğum və süds fəxri adlanmış cihaz vasitəsilə biz Rey şəhərində müşahidələr apardıq. O diametri 80 dirsəyə bərabər dairə qövsündən ibarətdir. Mən onu Rey, Həmədan və İsfahanın hökmdarı olan Fəxriddövlənini şərəfinə “Süds fəxri” adlandırıram”.
Daha sonra o, yazır: “Xoşbəxt müşahidələr və qayğıkeş dəqiq hesablamaların bizi gətirib çıxardığı nəicələr bunlardır. Bu cihazla başqaları arasındakı fərq burasındadır ki, onların vasitəsilə ekliptikanın mailliyi dərəcə və dəqiqlikləri ilə ölçülürdü, biz isə dərəcə, dəqiqə və saniyələrlə ölçü aparırıq və beləliklə biz bir addım irəli atmış olduq”. Bu onu sübut edir ki, ekliptikanın mailliyinin dəyişən kəmiy-yət olduğunu ilk dəfə Xocəndi qeyd etmişdir. Hindlilər mailliyin artıq dəqiq qiymətini tapmışdılar (240).
Xocəndi qeyd edir: “Ptolemey onu 230 51/”, “İmtahan Zici”nin müəllifi (Həbəşül Hasid) 230 35/, mən isə 230 32/ 21// təyin etmişdim.
Kənar qiymətlər arasındakı fərq, yəni, hindlilərin və mənim aldığım qiymət arasindakı fərq yarım dərəcəyə çatır. Bu fərqin səbəbi cihazlar xətası ola bilməz. Bu halda biz gərək bir dəfə böyük, bir dəfə isə kiçik qiymət almalı idik və o həmişə bir istiqamətdə dəyişə bilməzdi.
Məmun Akademiyasının qabaqcıl alimlərindən biri Biruninin müəllimi olmuş Əbu Nəsr ibn İraqi (- 1035 ölüb) Məmun Akademiyası bərbad edilən vaxta qədər uzun müddət Xorezmdə yaşamış, ondan sonra elmi fəaliyyətini Mahmud Qəznəvinin sarayında davam etmişdir. O, astronomiya və riyaziyyat sahəsində bir çox əhəmiyyətli əsərlər yazmışdır.
Alimin astronomiya üzrə ən mühüm əsrləri bunlardır.
1. “Süni yolla astrolyabiyanın qurulması”.
2. “Evklidin XIII kitabının çətin yerləri barəsində”.
3. “Şah Zici”.
4. “Dəqiqələr cədvəli”.
Məmun Akademiyasında Əbu Əli ibn Sinanın müəllimi Əbu Səhl İsa ben Məsihi Qurqani də çalışmışdır. Astronomiyaya və təbabətə dair bir neçə elmi əsər yazan alim Mahmud Qəznəvinin qoşunlarının təqibindən səhrada gizlənərkən ölmüşdür.
Ömər ibn İbrahim Əl Xəyyam Qiyasəddin, Əbül Fəthi (1048-1123) 1074-cü ildə dostu Nizamülmülk Cəlaləddin Məlik şah Səlcuqinin sarayına dəvət etmişdi. Məlik şah İsfahan şəhərinə özünə paytaxt seçdikdən sonra orada rəsədxana təsis etmişdir.
Qarşıya astronomiya təqviminin islahatını həyata keçirməkdən ötrü rəsədxananın baş astronomu Ömər Xəyyam, astronomları isə Əbu Müzəffər Sfaranı və Məmun ben Əl Nəcəb əl Vəsiti təyin edilmişdi.
Ömər Xəyyam (1048-1123)

Fransız alimi Vopkenin sayəsində qərb alimləri Xəyyamı yalnız bir şair deyil, bəlkə də böyük alim kimi tanımağa başladılar.
Xəyyamın başçılığı ilə İsfahan rəsədxanasında “Zic Məlik Şahı” adlı astronomiya kataloqu tərtib edilmişdi. Həmin Zicin bir nüsxəsi Paris Milli kitabxanasında saxlanılır (əlyazma №5669). Kataloqda 100 ulduzun koordinatları verilmişdir.
 
Yazçı-tədqiqatçı Ramiz Dəniz,
Ədəbiyyat üzrə Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı
 
email: ramizdeniz65@gmail.com,
          n.tusi.1965@mail.ru
 

          1 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 1980. səh.25-26
          2 E. Mehrəliyev. Şirvan Elmlər Akademiyası. Bakı, “Çaşıoğlu”, 2000. səh. 52-53
14904
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic