DEMOQRAFİK UÇURUM...

Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri, c.ü.f.d. Nizami Eyyubov yeni doğulan qız uşaqları sayının azalmasının səbəbləri barədə “Ekspress” qəzetinə müsahibə verib
  Statistikaya görə, yeni doğulan oğ­lan uşaqlarının sayı yenə qızları üs­tələyir. Ekspertlərin fikrincə, bu, əhalinin demoqrafik tərkibinin po­zulması ilə nəticələnə bilər. Uzun müddət belə davam etsə, gələcəkdə milli etnik tərkibin dəyişməsi qaçıl­mazdır.
Qeyd edək ki, Ədliyyə Nazirli­yinin rayon (şəhər) qeydiyyat şö­bələri tərəfindən bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alı­nıb. Dövlət Statistika Komitəsin­dən verilən məlumata görə, əhali­nin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Məlumata görə, doğulan körpələrin 53,1 %-i oğlan, 46,9%-i isə qız uşaqlarından iba­rət olub. Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.
Bununla yanaşı, bu ilin 9 ayı ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.
AMEA Akademik Həsən Əli­yev adına Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Eyyubov “Ekspress”ə bildirib ki, həqiqətən son vaxtlar oğlan və qız uşaqları­nın sayı arasındakı fərq kəskin gö­rünür. “Xüsusilə də, kənd yerlərin­də qız uşaqlarını istəmirlər. Hamı oğlan uşaqlarını istəyir. Şəhər yerləri ilə müqayisədə kəndlərdə vəziyyət daha pisdir. Şəhərlərdə də əhalinin ümumi sayının tərkibində oğlan uşaqlarının sayı çoxalıb, qız uşaqlarının sayı azalıb. Dölün cinsiyyətini əvvəlcədən müəyyənləşdirib tələf edirlər. Ona görə də Azərbaycanda qız uşaqlarını  abortla tələf edilməsi böyük problemdir”.
N.Eyyubov bildirib ki, getdikcə hər 1000 nəfər oğlana düşən qızların sayı kəskin azala-azala gedir. “Bəzi rayonlarda qadınların sayı həmişə kişiləri üstələyirdi, lakin indi həmin rayonlarda hətta Ki­şilər çoxalıb. Belə getsə, demoqrafik tərkibdə problemlər yaranacaq. Evlənməli oğlanlara qız çatmayacaq. Qız çatışmayanda məcbur olub başqa millətlərdən qız alacaqlar. Uzun müddət belə da­vam etsə, kişilərimiz Rusiyadan, Ukraynadan gəlin gətirəcək. Nəti­cədə milli etnik tərkib tədricən də­yişəcək. Bunun fəsadlarını hələ çəkəcəyik”.
Eyyubov təklif edir ki, birinci növbədə niyə əksəriyyətin qız uşağı istəmədiyini anlamaq lazım­dır: “Niyə çoxu qız uşağını istəmir? Qızın problemi çoxdur. İndi sosial- iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Hər bir valideyn fikirləşir ki, övladımı gələcəkdə necə böyü­düm? Ona necə təhsil verim? Ne­cə edim ki, sonra özünə iş tapa bilsin? Onu gələcək həyatı üçün tam hazırlaya bilim, ailə sahibi olsun. Qız haqqında elə belə demə­yiblər ki, “Qız yükü, duz yükü””.
Onun sözlərinə görə, əhalinin demoqrafik tərkibi pozulmasın de­yə, ən yaxşısı ailədə iki və üç qızı olan ailələrə müavinət verilsin: “Ailələrin sosial vəziyyəti yaxşılaşdırılmalıdır”...
 
Aynurə MƏMMƏDOVA
 
Ekspress qəzeti
17 noyabr 2017-ci il
6921
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic