XƏZƏR DƏNİZİNİN EKOLOGİYASI

Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranmışdır. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır.
 Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar.1) Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər, 2) Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə, 3) Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə, 4) Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə. Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Misal üçün, son məlumatlara görə çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 mln.ton neft məhsulları gətirilir və bunun 95% Volqa çayının payına düşür. Xəzərətrafı ölkələr arasında dənizin mühafizəsi üçün yekdil saziş olmadığından brakonyerlik vüsət almışdır. Çirklənmənin və brakonyerliyin artması, Xəzər ətrafındakı balıqartırma zavodlarının əvvəlki güclə işləməməsi dənizdə bir çox növlərin, xüsusən nərə balığının ehtiyatının tükənməsi problemini yaratmışdır.

Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaratmışdır. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o cümlədən limanların, yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır. Məsələn, 1978-1995-ci illərdə səviyyənin 2,5 m qalxmasından Azərbaycan sahil zonasında "ekoloji qaçqınlar" yaranmışdır. Səviyyənin bu qalxmasından Azərbaycana birbaşa dəyən ziyanın miqdarı 2 milyard ABŞ dollarıdır. Xəzər dənizinin çirklənməsində iri çayların, əsasən Kür çayının da rolu böyükdür. Kür və Araz çayları fiziki, kimyəvi və bioloji yollarla çirklənir. Fiziki çirklənməyə sənaye müəssisələrinin tullantı suları, İ.E.S-nın isti suları aiddir. Fiziki çirklənmə zamanı çay suyunun təbii rejimi dəyişir, tərkibində oksigenin miqdarı azalır, suyun “çirklənməsi” prosesi baş verir. Bundan başqa radioaktiv tullantıları da  fiziki çirklənməyə aid etmək olar. Xarakterik çirklənmə mənbəyi kimi fosfatlar, nitrat-nitritlər də fəal rol oynayır. Təkcə onu demək kifayətdir ki, Tbilisi şəhərindən kanalizasiya qurğuları vasitəsilə gündə kür çayına 400-450 min m3 təmizlənməmiş sənaye və məişət çirkablar axıdılır, il ərzində  oksigenlə təmin olunmamış 20 min ton çirkab sular daxil olur.

Xəzəryanı dövlətlərin (Azərbaycan (955,08 km), İran (900km), Rusiya (695km), Türkmənistanın (1200km) və Qazaxıstan (2320km)), nümayəndə heyətləri 2006-cı ildə Aktanda açılan “Xəzər-Dostluq dənizi”  Beynəlxalq  Festivalında  iştirak etmişdir və Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bir çox sənədlər qəbul olunmuşdur.

Respublikamızda hal-hazırda Xəzər dənizini öyrənən alimlərimiz çoxdur və bunlar ayrı-ayrı elmi mərkəzlərdə çalışırlar.  AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, ”Xəzər Dənizinin Problemləri” şöbəsinin müdiri prof.R.M.Məmmədovun  rəhbərlik etdiyi kollektiv  bu istiqamətdə araşdırmalar aparan əsas elmi mərkəzdir.
31314
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic