AZƏRBAYCANIN HEYVANLAR ALƏMİ

Azərbaycan Respublikası ərazisinin təbii şəraiti müxtəlif olduğundan, onun heyvanlar aləmi də çox rəngarəngdir. 
Burada 101 məməli, 365 quş, 52 sürünən (reptiliya), 10 suda-quruda yaşayan (amfibiya), 101 balıq, 25 minə qədər cücü, 1100-dən çox hörümçəkkimilər, 181 ilbiz, 360 xərçəngkimilər, 287 rotatori (dəniz qurdları), 400 litohelmint (bitki parazitləri), 1200 helmint (heyvan parazitləri), 1500-dən artıq sərbəst yaşayan, insanlarda və heyvanlarda parazitlik edən ibtidai (protozoa) heyvan növləri məlumdur. 101 növ məməli heyvandan 13-ü cücüyeyən, 28-I yarasa, 29-u gəmirici, 2-si dovşankimilər, 19-u yırtıcı, 9-u dırnaqlı, 1 növü isə kürəkayaqlıdır. Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxləlifdir. Bəzi heyvanlar çox məhdud (göl, çay, dağın bir hissəsi), digərləri isə geniş ərazilərdə yayılmışdır. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Parazit ibtidailər, qurdlar qidalandıqları orqanizmlərin - sahiblərinin (kənd təsərrüfatı heyvanları, ev quşları və s.) arealından asılı olaraq respublikanın bütün zonalarında qeyd edilir. Məməlilərdən ceyran düzənlik, yarımsəhra, kiçik təpəlikli dağətəyi ərazilərdə, Dağıstan turu Böyük Qafqaz dağlarının cənub və şimali-şərq yamaclarında (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar rayonları) və yüksək dağlıq ərazilərdə məşkunlaşmışlar. Quşların bir çox növü mesələrdə, dağlıq və düzənlik ərazilərdə, digərləri su hövzələrində, zərərverici cücülər müxtəlif aqrosenozlarda, ölkə faunasına daxil olan başqa növlər tarixən uyğunlaşdıqları müxtəlif ekosistemlərdə yayılmışdır.

Çöldonuzuna Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarındakı meşələrdə, həmçinin Kür ətrafındakı tuqay meşələrində, Mil, Muğan və Şirvan düzlərinin qamışlıqlarında daha çox rast gəlinir. Dovşanlar, əsasən, Kür-Araz ovalığının becərilən sahələrində, ümumiyyətlə isə respublikanın subalp və alp qurşaqlarından başqa hər yerdə yayılmışdır. Göstərilən heyvanların sayı azaldığından onların ovlanma miqdarı tənzimlənir. Bəzi heyvan və quşların ovlanma vaxtı məhdudlaşdırılmış, sayı azalmaqda olan qiymətli heyvan və quşların (ceyran, cüyür, köpgər, maral, turac və s.) ovlanması, heyvanları və insanları zəhərləyən kimyəvi maddələrdən istifadə edilməsi qadağan edilmişdir. Azərbaycan Respublikasının "Qırmızı kitab"ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14-ü məməli, 36-sı quş, 13-ü sürünən və suda-quruda yaşayan, 5-i balıq və 40 növü cücülərdir. Xəzli heyvanlann əksəriyyəti (bataqlıq qunduzu, tülkü, yenot, dovşan, az miqdarda dələ, porsuq, meşəpişiyi, ayı, çaqqal, canavar və s.) Azərbaycanın bütün müvafiq ərazilərində, o cümlədən, Böyük və Kiçik Qafqazın meşə və dağlıq hissələrində məşkunlaşmışdır. Bataqlıq qunduzu Kür ətrafındakı qamışlı göllərdə, Varvara su anbarında, Qızılağac körfəzində, Dəvəçi limanında, bir sözlə, qamışlıq, bataqlıq və cəngəllik olan sulu biotoplarda məşkunlaşmışdır.

 Azərbaycan Respublikasında heyvanları qorumaq, eləcə də artmasını təmin etmək üçün qoruqlar, yasaqlıqlar və milli parklar yaradılır, ov qaydaları nizama salınır. Hirkan Milli Parkı ərazisində 14-17 baş xallı maral qalmışdır. Berkut məhdud sahədə, əsasən, dağ meşələrində məşkunlaşmışdır. Qafqaz tetrasına Böyük və Kiçik Qafqazın subalp qurşaqlarında, yaşılbaş ördəyə Xəzərin sahilində və başqa sututarlarda rast gəlinir. Qayakeçisi (bezoar keçisi) və dağ qoyunu (Asiya muflonu) hazırda Naxçıvan MR-in yüksək dağlıq ərazilərində, Dağıstan turu (dağkeçisi) Böyük Qafqazın cənub yamaclarında, ceyran Şirvan Milli Parkında və Korçay yasaqlığında yayılmışdır.

   


 
87085
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic