AZƏRBAYCAN LANDŞAFTLARI

Azərbaycan Respublikasının təbii şəraiti mürəkkəb olduğundan onun ərazisində inkişaf etmiş landşaftlar da müxtəlifliyi ilə səciyyələnir.
 Landşaftlar dağlıq və düzənlik landşaftlarına bölünür. Bunların daxilində isə bir sıra landşaft tipləri və yarımtipləri ayrılır (Budaqov B.Ə., Landşaftlar, Azərbaycan Milli Ensiklopdeiyası, səh. 24-28, 2007).
 
Dağlıq landşaftları:

1. Yüksək dağlığın nival və qismən nival-buzlaq landşaftı. Əsasən Böyük Qafqazın (Baş Qafqaz silsiləsi, Yan silsilə), qismən Kiçik Qafqazın (Murovdağ, Zəngəzur silsilələri, Qarabağ vulkanik yaylası və s.) təqribən 3000 m-dən yüksəkdə yerləşən sahələrini əhatə edir. Dağlar struktur-denudasion, nival-buzlaq və erozion-buzlaq mənşəlidir. Yura və Tabaşirin terrigen, karbonatlı, vulkanogen, vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Səthi çox yerdə çılpaq qayalıq və çınqıllıqdır. Relyefi intensiv parçalanmışdır. Qravitasiya-denudasiya prosesləri səciyyəvidir. Kar, təknəvan dərə (troq), moren buzlaq relyefi formaları yayılmısdır. Dağlıq tundra iqliminə malikdir. Orta temperatur yanvarda -15°C-dən -8,5°C-yə dək, iyulda 4-9°C-dir, İllik yağıntı 800-1200 mm-dir. Böyük Qafqazda (Bazardüzü, Bazaryurd, Tufan və Şahdağ zirvələrində) 3800-3900 m-dən yüksəkdə ümumi sahəsi təqribən 6 km2 olan buzlaqlar var. Torpaq örtüyü inkişaf etməmişdir. Çox seyrək qayalıq-çınqıllıq bitkilərinə, yüksək dağlıq dırnaqlılarına (qaya-keçisi, Azərbaycanda Dağıstan turu), bəzi quş və gəmirici növlərinə rast gəlinir. Böyük Qafqazın Qusar, Qudyal, Əyriçay və s. çayları buradan başlanır. Turizm və alpinizm məqsədilə istifadə edilir.
 
2. Yüksək dağlığın alp, subalp və çəmən-çöl landşaftı. Böyük Qafqazda (Baş Qafqaz silsiləsi, Yan silsilə) və Kiçik Qafqazda (Şahdağ, Murovdağ, Zangəzur və s. silsilələr, Qarabağ yaylası) 2000-2200 m-dən 3000 m-ədək hündürlükləri əhatə edir.

Yura və Tabaşirin, əsasən, karbonatlı-terrigen, vulkanogen, tufagen çöküntülərindən təşkil olunmuşdur. Şiddətli parçalanmış relyefə malikdir. Dağlar denudasion-struktur mənşəlidir. Burada vaxtaşırı güclü sellər yaranır. Sel ocaqları, əsasən, qayalıq və dağ çəmənlikləri sahəsində yerləşir. Çay dərələri, əsasən, bu landşaft sahəsində formalaşmağa başlayır. İqlimi soyuqdur. Orta temperatur yanvarda -120C-dən -70C-yədək, iyulda 8-17°C-dir. İllik yağıntı Boyük Qafqazın cənub yamacında 1400-1600 mm, qalan sahələrdə 900 mm-ədəkdir. Əsasən, çimli dağ-çəmən torpaqları yayılmışdır. Dağıstan turu, qarapaca, bezoar keçisi, gəmiricilər (qarsiçanı, dağsiçanı), kor köstəbək, Qafqaz uları, Qafqaz tetrası, kərkəz, qaya kərtənkələsi və s. məskunlaşmşdır. Alp, subalp çəmənləri və çəmən-çöl yarımtiplərinə bölünür. Alp çəmənləri 2400-2500 m-dən yüksəkdə yerləşir. Bitkilərin boyu çox qısa, növləri azdır. Alp çəmənlərindən aşağıda, 2000-2200 m-dən 2400-2500 m-ədək hündürlükdə, subalp çəmənləri zolağı uzanır. Subalp çəmənləri növ etibarilə zəngin olan hündürboylu, əsasən, çox hissəsini yem otları təşkil edən çoxillik bitkilərdən ibarətdir. Kiçik Qafqazın subalp və alp çəmənləri Böyük Qafqazdakından bir qədər kserofitliyi ilə fərqlənir. Çəmən-çöl landşaft yarımtipi Zəngəzur silsiləsində və Qarabağ yaylasında inkişaf etmişdir. Alp çəmənlərindən yay otlağı, subalp çəmənlərindən isə həm yay otlağı, həm də biçənək kimi istifadə edilir. Arıçılığın inkişafı üçün əlverişli sahədir.
 
3. Orta dağlığın enliyarpaqlı meşə və meşədən şonrakı çəmən-kol landşaftı. Bu landşaft respublikanın dağlıq landşaft zonaları arasında daha geniş yer tutur. Böyük Qafqaz, Kiçik Qafqaz (Naxçıvan MR-in sahəsi istisna olmaqla) və Talış dağlarının yamaclannda təqribən 1200 m-dən 1800 m-ə, bəzi yerlərdə 2000-2200 m-ədək hündürlükləri əhatə edir. Yura və Tabaşirin əhəngdaşı, qumdaşı, gilli şistlərindən, Üçüncü Dövrün gillicələrindən, qumlarından, vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Ərazi şiddətli parçalanmış relyefə malikdir. Dağlar, əsasən, denudasion-struktur mənşəlidir. Dağ uçqunları və sürusmələr geniş yayılmışdır. Sellər, əsasən tranzit xarakterlidir. Dik yamaclı dar və dərin dərələr səciyyəvidir. İqlimi soyuq və mülayim-istidir. Orta temperatur yanvarda -6°C-dən -2°C-yədək, iyulda 13-190C, illik yağıntı 600-1300 mm-dir. Qonur dağ-meşə, çöküntülü-karbonatlı dağ-meşə, tipik və yuyulmuş dağ-meşə torpaqları, Talış dağlarında podzollaşmış torpaqlar və dağ-sarı torpaqlar yayılmşdır. Meşələrin çox hissəsində, xüsusilə 1400-1600 m hündürlükdə şərq fıstığı, yuxarı hissələrdə isə Şərq palıdı, bəzi yerlərdə tozağacı və ağcaqayın ağacları üştünlük təskil edir. Daha yuxarılarda meşələr seyrələrək subalp çəmənləri landşaftına keçir. Meşə landşaftının yuxarı hissəsində rütubətsevən, aşağı hissəsində isə quraqlığadavamlı ağac növləri yayılmısdır. Atmosfer yağıntılarının mövsümlər üzrə bərabər paylanmaması orta dağlıqda meşələrin inkişafının və onların yayılma dərəcəsinin müxtəlifliyinə səbəb olmuşdur. Meşənin intensiv qırılması çəmən və əsasən, meşədən sonrakı kollarla qarışıq müxtəlif ot bitkiləri ilə əvəz olunmasına şərait yaratmışdır. Bu landşaft heyvanlarla, xüsusilə dırnaqlılar və quş növləri ilə zəngindir. Maral, cüyür, çöldonuzu, boz ayı, müxtəlif növ dələ və s. yayılmışdır. Bir çox ağac növləri meşə və ağac emalı sənayesi üçün xammaldır. Yabanı meyvə yığılır.
 
4. Orta dağlığın dağ-kserofit landşaftı. Naxçıvan MR-də (Zəngəzur və Dərələyəz silsilələrində), qismən Talış dağlarında (Talış və Peştəsər silsilələrinin qərb və cənub-qərb hissələrində) inkişaf etmişdir. Başlıca olaraq Paleogenin vulkanogen, vulkanogen-çökmə süxurları üzərində yaranmışdır. Naxçıvan MR-də təqribən 1100 m-dən 2000 m-ədək, Talış d-rında dağarası çökəkliklərdə 1300m-dən 1900 m-ədək hündürlükləri əhatə edir. Naxçıvan MR-də soyuq iqlim, Talış dağlarında yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda -5°C-dən -4°Cyədək, iyulda 18°C-dən 25°C-yədəkdir, illik yağıntı Naxçıvan MR-də 400-500 mm, Talış dağlarında 300-400 mm-ədəkdir. Hər iki ərazidə yayın quraq keçməsi kserofit landşaftın əmələ gəlməsinə səbəb olmuşdur. Dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitkisi dağkserofit (friqanoid) tiplidir (gəvən, tıstıs və s.). Canavar, tülkü, dovşan, daşlıq dələsi, müxtəlif növ siçan, ular, boz kəklik və s. səciyyəvidir. Heyvandarlıq, əkinçilik, bağçılıq və arıçılıq inkişaf etmişdir.
 
5.Alçaq dağlığın çöl, qismən meşə-çöl landşaftı. Böyük Qafqazın cənub yamaclarında, Kiçik Qafqazın kənar hissələrində, Talışda Burovar silsiləsinin şimali-qərbində (əsasən, Cəlilabad rayonu ərazisində) 100-150 m-dən 1000 m-ədək hündürlükləri əhatə edir. Tabaşir (Kiçik Qafqaz) və Neogenin (Böyük Qafqaz) dəniz karbonatlı-terrigen, kontinental-allüvial çöküntülərindən təşkil olunmuşdur. Relyefi struktur-erozion və arid-denudasion-struktur mənşəlidir. Səthi güclü və orta dərəcədə parçalanmışdır. İqlimi mülayim-istidir. Orta temperatur yanvarda -3°C-dən +2°C-yədək, iyulda 19°C-dən 24°C-yədəkdir. İllik yağıntı 400-600 mm-dir. Dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bu landşaft üçün daşdayan, yovşan-daşdayan və yovşan daraqotu kimi çöl və yarımçöl bitkiləri səciyyəvidir. Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik və s. var. Qış otlağı kimi istifadə edilir.
 
6. Alçaq dağlığın yarımsəhra landşaftı. Qobustanda, Ceyrançöldə, Bozdağ (Gəncə Bozdağı) silsiləsində, Acınohur çölü və onun ətrafında, 50-100 m-dən 1000 m-ədək hündürlükləri əhatə edir. Neogenin dəniz və kontinental çöküntülərindən təşkil olunmuşdur. Mülayim-isti, yanmsəhra və quru çöl iqliminə malikdir. Orta temperaturr yanvarda -3°C-dən -1 °C-yədək, iyulda 19°C-dən 26°C-yədəkdir. İllik yağıntı 200-400 mm-dir. Qəhvəyi, açıq-qəhvəyi, boz-qonur torpaqlarda yarımsəhra bitkiləri üstünlük təşkil edir. Qış otlağıdır.
 
7. Dağ ətəklərinin enliyarpaqlı meşə landşaftı. Böyük Qafqazın cənub-şərq hissəsinin şimal yamacında və Talış dağlarının alçaq dağlıq hissələrində inkişaf etmişdir. 100-300 m-ədək hündürlükləri əhalə edir. Əsasən, Kaynozoyun əhəngdaşı, gil, qumlu-gilli çöküntülərindən, çaqıl  daşlarından təşkil olunmuşdur. Relyefi Qusar maili düzənliyi hissəsində akkumulyativ-denudasion, Dəvəçi rayonu sahəsində struktur-erozion, Talış zonasında denudasion-struktur mənşəlidir. İqlimi mülayim-istidir. Orta temperatur yanvarda -3°C-dən +2°C-yədək, İyulda 18°C-dən 26°C-yədəkdir. İllik yağıntı Böyük Qafqaz hissəsində 600 mm-ə, Talış zonasında 1900 mm-ə qədərdir. Karbonatlı və tipik qəhvəyi dağ-meşə, Talış zonasında podzollaşmış dağ-sarı torpaqlar geniş yayılmışdır. Meşələrin növ tərkibi çox müxtəlifdir. Böyük Qafqaz hissəsində palıd və vələs, Talış zonasında Hirkan tipli relikt növlər - dəmirağac, şabalıdyarpaq palıd, azat və s. üstünlük təşkil edir. Cüyür, çöldonuzu, dələ, oxlu kirpi, süleysin, qırqovul, kəklik və s. var. Meşə olmayan sahələr heyvandarlıqda və bitkiçilikdə istifadə olunur.
 
8. Ön dağlığın kserofit və çöl landşaftı. Bu landşaft tipi Qusar maili düzənliyinin şərqində, Ceyrançöl və Acınohur ön dağlığının cənub kənarında və s. ərazilərdə inkişaf etmişdir. 100 m-dən 1100 m-ə qədər hünd.-ləri əhatə edir. Neogenin dəniz karbonatlı-terrigen, kontinental-allüvial çöküntülərindən təşkil olunmuşdur. Dağlar arid-denudasion struktur mənşəlidir. Bedlend, yarğanqobu şəbəkəsi, gil karstı inkişaf etmişdir, İqlimi mülayim-istidir. Hər iki sahəda yay quraq keçir. Orta temp-r yanvarda -2°C-dən 0°C-yədək, iyulda 19°C-dən 23°C-yədəkdir. İllik yağıntı 500-600 mm-dir. Dağ şabalıdı, dağ boz-qəhvəyi, boz-qonur və s. torpaqlar yayılmışdır. Bitkiləri yarımsəhra tiplidir (ardıc, saqqızağacı, qara-tikan kolları və s.). Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik, turac və s. var. Relyefi əlverişli olan sahələrdə bağçılıq inkişaf etmişdir.
 
Düzənlik landşaftları:
9. Ovalıq-düzənliklərin meşə-çəmən landşaftı. Qanıx-Əyriçay çökəkliyində, Lənkəran ovalığının cənub, Samur-Dəvəçi ovalığının şimali-qərb hissəsində (Şollar düzü), dəniz sahillərində -27 m-dən 200 m-ədək hündürlükləri əhatə edir. Antropogenin allüvial-prolüvial, dəniz-kənarı hissələrdə isə Holosenin dəniz çöküntülərindən təşkil olunmuşdur. İqlimi Şollar düzündə mülayimisti yarımsəhra və quru-çöl, qalan yerlərdə mülayim-istidir. Orta temperatur yanvarda -2°C-dən +5°C-yədək, iyulda 20°C-dən 26°C-yədəkdir. İllik yağıntı Şollar düzündə 300-400 mm, QanıxƏyriçay çökəkliyində 600-900 mm, Lənkəran ovalığının cənub-qərbində 1400 mm-ə qədərdir. Qrunt suları səthə yaxındır. Şollar düzündə allüvial çəmən-meşə, Qanıx-Əyriçay çökəkliyində allüvial çəmən və allüvial çəmən-meşə torpaqları, Lənkəran ovalığında isə podzollu və qleylipodzollu sarı torpaqlar yayılmışdır. Meşələrin növ tərkibi müxtəlifdir. Qanıx-Əyricay çökəkliyi və Samur-Dəvəçi ovalığı meşələrində palıd, vələs, qarağac, yalanqoz və s., Lənkəran ovalığında isə şabalıdyarpaq palıd, dəmirağac, azat və digər ağac növləri üstünlük təşkil edir. Çöldonuzu, canavar, oxlu kirpi, süleysin, qırqovul və s. var. Tütünçülük, meyvəçilik, tərəvəzçilik və s. inkişaf etmişdir. Lənkəran ovalığında subtropik bitkilər (çay, sitrus bitkiləri) becərilir.
 
10. Düzənliklərin quru-çöl landşaftı. Gəncə-Qazax düzənliyini, Şirvan düzünün şimal, Mil və Qarabağ düzlərinin alçaq dağlığa qovusduğu cənub hissələrini, gətirmə konuslarını, konuslararası çökəklikləri, terrasları və allüvial-prolüvial düzənlikləri əhatə edir. Mülayim-isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda -2°C-dən -10C-yədək, iyulda 25°C-dən 27°C-yədəkdir. İllik yağıntı 400 mm-ə yaxındır. Çəmən-boz-qonur, şorlaşmış boz və açıq-şabalıdı torpaqlar yayılmışdır. Əsas bitki qrupları yovşan-daşdayan, yovşan-daraqotudan ibarətdir. Canavar, tülkü, müxtəlif qumsiçanı, qırqovul, kəklik, turac və s. var. Suvarma əkinçiliyi inkişaf etmişdir. Qıs otlağıdır.
 
11. Ovalıqların və dağarası düzən1iklərin yarımsəhra landşaftı. Azərbaycan Respublikasındakı bu landşaft zonası ən geniş sahəyə malikdir (ərazinin təqribən 25%-i). Kür-Araz ovalığının çox hissəsini, Naxçıvan MR-ın Arazboyu düzənliklərini, Abşeron yarimadasını və Samur-Dəvəçi ovalığının cənub-şərq, yarısını əhatə edir. Hündürlük -27 m-dən (Xəzər dənizi sahilində) 600-1000 m-ə (Naxçıvan MR-də) qədərdir. Antropogenin allüvial-prolüvial, Holosenin allüvial, prolüvial-delüvial çöküntülərindən təşkil olunmuşdur. Mülayim-isti yarımsəhra və quru çöl iqliminə, Naxçıvan MR-ın Arazboyu düzənliklərində isə soyuq yarımsəhra və quru çöl iqliminə malikdir. Hər iki sahədə yay quraq keçir. Orta temperatur yanvarda 1-4°C, Naxçıvan MR-in  Arazboyu düzənliklərində -4°C-dən 2°C-yədək, iyulda, müvafiq olaraq, 21°C-dən 27°C və 23°Cdən 280C-yədəkdir. İllik yağıntı 130 mm-dm 300 mm-ə qədərdir. Boz-çəmən, boz, boz-qonur və s. torpaqlar yayılmışdır. Yovşanlı, kəngizli, yovşanlı-şoranotulu, gəvənli yarımsəhra bitkiləri üstündür. Bu landşaft tipi daxilində çəmən-bataqlıq (Kür çayı yatağı boyundakı çalalarda, qrunt sularının səthə çıxdığı yerlərdə, axmazlarda və s.), şorakət (okean səviyyəsindən alçaqda yerləşən sahələrdə) landşaft yarımtipləri də ayrılır. Ceyran, canavar, tülkü, boz dovşan, müxtəlif qumsiçanı,qırqovul, turac, kəklik və s. var. Ərazi Antropogen təsirlərə məruz qalmışdır, çox hissəsi şumlanmışdır. Pambıqçılıq, üzümçülük, bağçılıq, heyvandarlıq inkişaf etmişdir.

Azərbaycan Respublikasında təbii landşaftların yüksəkliyə görə dəyişilməsində Böyük və Kiçik Qafqaz, Talış (Lənkəran), Naxçıvan MR landşaft strukturu qrupları ayrılır. Böyük və Kiçik Qafqazın landşaft struklurunda alçaq dağlıqdan yüksək dağlığa doğru yarımsəhra, dağ çölləri, dağ meşələri, dağ çəmənləri və nival landsaft qurşaqları bir-birini əvəz edir. Bunlardan fərqli olaraq Talışda landşaft inversiyası bas verir - alçaq dağlığın meşə landşaftı yüksəkliyə doğru dağ-kserofit landşaftına keçir. Düzənliklərin meşə-çəmən landşaft strukturunda iqlimin quraq keçməsi əsas rol oynayır. Naxçıvan MR-ın Arazboyu düzənliklərinin yarımsəhra və orta dağlıq hissəsində quru çöl, yüksək dağlıq hissəsində dar zonada dağ çəmənləri, ondan yüksəkdə isə nival qurşaq yerləşir.

 
44503
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic