S.SƏRKISYANIN SAVADSIZLIĞI

01 мая 2014
Bir neçə gün öncə Göyçə (Sevan) gölü ilə bağlı Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə sərsəm və çox savadsız fikirlər səsləndirib.  O bildirib ki, Göyçə gölündən bir damcı su da Azərbaycana getməyəcək.  Azərbaycan Milli Elmlər Akademiyası, Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri  Ənvər Əliyev movqe.az-a açıqlamasında bildirib ki, görünür, Sarkisyan ölkəsinin strateji su hövzələri mövzusunda çox savadsız biridir: 
"Savadsızlığı ondadır ki, Göyçədən bizə yox, bizim çaylardan Göyçəyə su axır. Göyçə axarsız göldür. Göyçə gölünə su daxil olur, amma çıxmır. Qafqazın ən böyük gölü olmaqla, türkdilli xalqlar ərazisinin ən gözəl göllərindən biridir. Vaxtı ilə Azərbaycan Milli Hökumətinin sərhəddi bu gölün ortasından keçirdi. Göyçə gölü tektonik mənşəlidir. Təxminən 1250 kvadratkilometr sahəsi, dəniz səviyyəsindən 1898 metr hündürlükdədir, orta dərinliyi isə 80-90 m-dir. Gölün ortasında sualtı tirə keçir. Bu tirə gölü kiçik və böyük Göyçəyə bölür. Göyçə şirin sulu olmaqla istifadəyə çox yararlıdır. Gölə gələn suların böyük əksəriyyəti Ermənistanın Ararat vadisində əkinçilikdə istifadə edilir. O vaxt Sovet İttifaqı adında bir ölkədə yaşayırdıq. Mərkəzin  razılığı əsasında, Ararat vadisi mühüm əkinçilik və heyvandarlıq ərazisi olduğu üçün bu respublikanın tranzit çayları olan Bərküşad və Arpaçayın sularını Göyçəyə yönədilməsinə qərar verildi. Nəticədə həmin çayların suyunun Azərbaycana ötürülməsində problem yarandı. Ermənilər bu çayların hesabına özlərində etibarlı əkinçilik sahələri yaratmağa başladılar. Vaxtı ilə səviyyəsi 18 metrə qədər aşağı düşən gölün artıq bərpasına başlanıldı. Bundan əvvəlki illərdə, hətta göldə adalar da əmələ gəlmişdi. Proseslərin nəticəsi olaraq sukeçirtmə qabiliyyəti 250 milyon kubmetr olan Arpaçay-Göyçə su kanalı qazıldı. O çayların üzərində 556 min kilovatt/saat enerji verən 6 su elektrik stansiyası da (SES)  tikildi. Bizim çayların hesabına Ermənistanın həm enerji ehtiyatları artırıldı,  həm də Göyçə xilas edildi. Bizim isə Arpaçay vasitəsi ilə suvardığımız Şərur düzündə müəyyən problemlər yarandı.  Ermənistan Respublikası ərazisində 1981-ci ildə  Arpaçay üzərində həcmi 24 milyon kubmetr olan "Keçid" Su Anbarını istifadəyə verildi. Onun tikintisi ilə eyni zamanda Göyçə gölünə çəkilmiş tunel və su kəməri vasitəsi ilə ildə 280 milyon kubmetr, (yəni çayın illik həcminin 40%-i qədəri) gölə axdılırdı. Odur ki, qalan su ilə Arpaçay su anbarını doldurmaq mümkün olmadı. Əvvəl suvarılan torpaqların xeyli hissəsi korluq çəkməyə başladı. Bundan əlavə, yenə də sovetlər dönəmində Bərküşad çayının üzərində həcmi 3.4 milyon kubmetr olan Andrexakot Su Anbarından həmin tunel ilə Göyçə çayına su ötürməyə başladılar. Azərbaycan torpaqlarını susuz qoyaraq, həm Arpaçay, həm Bərküşad çaylarının xeyli hissəsi Göyçə çayına yönəlməsində məqsəd, ümumi gücü 556 milyon kilovatt/saatdan artıq olan SES və 10 min hektar suvarılan torpaqları su ilə təmin etmək və bunun nəticəsində son 30 il ərzində səviyyəsi 17 metr aşağı düşmüş Göyçə gölünün fəlakətdən qurtarmaq idi. İndi isə bizə hədə-qorxu gəlirlər ki, Naxçıvana su verməyəcəyik. Bu isə mümkün deyil. Amma onlar bizdə problem yaratmaq üçün gələn suyun həcmini azalda bilərlər. Azərbaycanın üzərinə düşən iş isə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmasıdır”.
 
Mübariz BAYRAMOV 
 
11566
СЛЕДУЙТЕ ЗА НАМИ
КАЛЕНДАРЬ
ГЕОГРАФИЧЕСКИЕ ТЕРМИНЫ
ОТПРАВИТЬ ПРЕДЛОЖЕНИЕ
ПОЗНАЙ АЗЕРБАЙДЖАН

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Национальная академия наук Азербайджана Институт Географии Азербайджанская национальная библиотека GoMap National Geographic