MILLI ELMLƏR AKADEMIYASINDA AKADEMIK HƏSƏN ƏLIYEVIN KITAB KOLLEKSIYASININ TƏQDIMATI KEÇIRILIB.

Mayın 11-də görkəmli coğrafiyaşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyi münasibətilə Milli Elmlər Akademiyasında (MEK) alimin kitab kolleksiyasının təqdimatı keçirilmişdir.

Coğrafiya İnstitutunun  Mərkəzi Elmi Kitabxanaya təqdim etdiyi kolleksiya müxtəlif elm sahələrinə  aid 488 kitabı əhatə edir.

Tədbirdə akademik Həsən Əliyevin adını daşıyan AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov,  həmin institutun, eləcə də digər ali və orta təhsil müəssisələrinin  coğrafiyaçı alim və mütəxəssisləri, müəllim və tələbələri iştirak etmişlər.

Akademik R.Məmmədov çıxışında əvvəlcə böyük coğrafiyaçı alimlər – Ənvər Şıxlinski və Həsən Əliyevin kitab  kolleksiyalarının təqdimatına görə MEK-in təşkilatçılarına Coğrafiya İnstitutu adından təşəkkürünü bildirib. Qeyd edib ki, belə tədbirlər Azərbaycan elminin inkişafında əvəzsiz  xidmətləri olmuş alimləri bir daha yad etmək, onları gənc nəslə tanıtdırmaq baxımından böyük rol oynayır.  Sonra o, akademik Həsən Əliyevin şərəfli və ləyaqətli ömrünün heç də hamıya məlum  olmayan maraqlı məqamlarından söhbət açıb. Bildirilib ki, könüllü olaraq müharibəyə gedən  H.Əliyev 1943-cü ildə ağır yaralanır və səhvən həlak olanların siyahısına düşür. İsti nəfəsindən qarın əridiyini hiss edən tibb bacısı onun xilasına səbəb olur.

 R.Məmmədov H.Əliyevin  o vaxtın keçmiş sovet respublikaları içərisində ilk dəfə olaraq coğrafiya institutunda Ətraf mühitin  mühafizə şöbəsini yaratmasından, elmlər namizədi olarkən akademiyanın müxbir üzvü seçilməsinə baxmayaraq Moskva şəhərində uğurla doktorluq dissertasiyası müdafiə edərək elmlər doktoru adı qazanmasından da maraqla danışıb. O, qeyd edib ki, Xəzər dənizində 30 il istifadə olunan dəniz observatoriyanın yaradılması da məhz Həsən Əliyevin danılmaz xidmətidir.

Sonra çıxış edən coğrafiya üzrə fəlsəfə doktorları Məhərrəm Həsənov, Habil Haqverdiyev, İsmayıl Quliyev, coğrafiya elmləri doktorları Şövqi Göyçaylı, Tapdıq Həsənov, Yaqub Qəribov,  elmi işçi Zahid Əhmədov və b.  Həsən Əliyev haqqında xatirələrini, özlərinin və başqalarının bir alim kimi yetişməsində onun rolundan, Vətənini, torpağını, xalqını sevən böyük vətənpərvər alimin Azərbaycan uğrunda xidmətlərindən danışıblar.

  

4094
СЛЕДУЙТЕ ЗА НАМИ
КАЛЕНДАРЬ
ГЕОГРАФИЧЕСКИЕ ТЕРМИНЫ
ОТПРАВИТЬ ПРЕДЛОЖЕНИЕ
ПОЗНАЙ АЗЕРБАЙДЖАН

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Национальная академия наук Азербайджана Институт Географии Азербайджанская национальная библиотека GoMap National Geographic