“AVRASIYA CİS – 2018” BEYNƏLXALQ KONFRANSININ NƏTICƏLƏRI

Sentyabrın 4-dən 7-dək Azərbaycan Milli Elmlər Akademiyasında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiya CİS – 2018” adlı Beynəlxalq elmi konfrans keçirilib.

4 gün davam edən  konfransda Azərbaycan və Türkiyə ilə yanaşı Rusiya, ABŞ, Qazaxıstan, Moldova, Nepal, İran, Gürcüstan və digər ölkələrin  alim və mütəxəssisləri, həmçinin marağı olan dövlət idarələrinin nümayəndələri və tanınmış müvafiq təşkilatların  fərdi iş adamları iştirak edib, 150-yə yaxın məruzə dinlənilib.

Tədbirin əsas məqsədi  elmin və təsərrüfatın müxtəlif sahələrində coğrafi informasiya sistemlərindən istifadə imkanlarını aşkara çıxarmaq olub.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov konfrans iştirakçılarını salamladıqdan sonra CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunması və s. haqqında geniş məlumat verib.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Prezident İlham Əliyevin ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlər verdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, CİS texnologiyaları bu sərəncamların icrasının atributlarından biridir. Onların  tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə elmi-tədqiqat işlərinin intensivləşdirilməsi və yüksək ixtisaslı kadrların hazırlanması zəruridir.

 “Azərbaycan Respublikasının şərqində desertifikasiya prosesinin tədqiqat dinamikası” mövzusu ilə məruzə edən R.Məmmədov  bildirib ki, müasir dövrdə CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edilir. AMEA-da coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqinin elmi-nəzəri əsasları araşdırılır, bu sahədə mövcud problemlərin həlli məsələləri ilə bağlı mühüm işlər görülür, bir sıra layihələr həyata keçirilir. Akademik məruzəsində Abşeron yarımadasında intensiv gedən səhralaşma prosesindən danışıb. Qeyd edib ki, peyk şəkilləri, CİS texnologiyaları ilə əldə olunan  məlumatlar əsasında ərazinin xəritə  sxemləri tərtib edilib.

Sonra Səlcuq Universitetinin professoru Fərrux Yıldız, avstraliyalı alim professor Ali Akbar Rasuli, türkiyəli dr. Emin Bank və başqaları çıxış edərək CİS texnologiyalarının elmin müxtəlif sahələrində tətbiqinin dinamik inkişafı, mövcud problemlərin həlli üçün mühüm tədbirlərin görülməsi ilə bağlı fikirlərini bölüşüblər.

“Coğrafi informasiya sistemləri”, “Məkan verilənlərinin strukturu və onların CİS-də tətbiq”, “Məkan analizlərinin CİS-də tətbiqi”, “Ətraf mühitin monitorinqi”, “CİS-də təbii fəlakətlərin və təbii resursların idarə olunması”, “CİS-də torpaq, su və iqlimin tədqiqi”, “Kadastr, torpaq planlaşdırılması və idarəetmə”, “GPS, məsafədən zondlama və CİS”, “CİS vasitəsilə Yerin müşahidəsi və geodezik ölçmələrin üsulları” konfransda müzakirə olunan prioritet mövzular olub.

Sonra bölmələr üzrə  məruzələrə başlanılıb.

Konfransda məsafədən zondlama metodlarının təsnifatı, torpaq örtüyü və torpaqdan istifadənin xəritələşdirilməsi, Azərbaycan və Türkiyədə istifadə olunan kadastr texnologiyaları, sahil zonaları boyunca meteoroloji proqnozlar, Azərbaycanda və Gürcüstanda eroziya proseslərinin proqnozlaşdırılması üçün məsafədən zondlama,  dron texnologiyalarından təsərrüfatın müxtəlif sahələrində, seysmologiyada və onun memarlıq modelləşdirilməsi  sahəsində tətbiqi, eləcə də taramanın (ckan edilmə) lazer  texnologiyaları vasitəsi ilə müqayisəsi və s. məsələlər müzakirə olunub.

Avstraliyalı alim Əli Rasuli özününün təqdim etdiyi məruzələrində Azərbaycanın zəbt olunmuş ərazilərində bitki örtüyü, Abşeron göllərinin su sərhədləri və Urmiya gölü ətrafında yer örtüyü  dəyişkənliyinin təyin edilməsi  məqsədilə kosmik təsvirlərin deşifrlənməsi   haqqında məlumat verib.

BP Şirkətinin coğrafi informasiyalar üzrə mütəxəssisi Emil Bayramov Azərbaycanda CİS-in tədqiqi ilə neft və qaz boru kəmərləri boyunca eroziya proseslərinin proqnozlaşdırılması, bu ərazinin bitki örtüyü bərpasının monitorinqi metodları haqında danışıb.

Diqqəti cəlb edən məruzələrdən biri də türkiyəli profesosor Filiz Bektaş Balcikin “Müxtəlif bitki indekslərinin istifadəsi ilə torpaqdan istifadə və torpaq örtüyünün təsnifatı üçün kocmik təsvirlərin analizi” olub. Məruzəçi kosmik təsvirlərin təsnifatının optimal üsulunu təqdim etməklə onların yer örtüyü temperaturu ilə qarşılıqlı əlaqəsini qiymətləndirib.

Yerli təşkilatların nümayəndələri torpaq sahələrinin kadastr qiymətləndirilməsini, habelə şəxsi daşınmaz əmlakın qeydiyyatını, torpaq sahələrinin kadastr qiymətləndirilməsində Azərbaycanın mövcud imkanlarını təqdim etmək üçün mövcud texnologiyaları nümayiş etdiriblər.

Coğrafiya üzrə fəlsəfə doktoru Xasiyət İsmətova məruzəsində ətraf mühit, neft-qaz, su problemləri və s. kimi müxtəlif nümunələrə istinadən kosmik təsvirlərin analizində məsafədən zondlama və geoinformatik texnologiyaların qabaqcıl metodlarınından danışıb.

Cİ əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Natəvan Cəfərova özünün “Daşqın zamanı Kür çayında suyun səviyyəsinin qalxması  nəticəsində onun məcrasının  dəyişməsi” məruzəsində peyk informasiya monitorinqi və 3D modelinin yaradılması vasitəsilə Kür çayının yuxarı məcrasında müxtəlif vaxtlarda   sel hadisələri proqnozunun alınması haqqında məlumat verib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Gülbəniz Qənbərova çıxışında bildirib ki, Nazirlik kənd investisiya layihəsi çərçivəsində kəndlərdə müxtəlif mikrolayihələr həyata keçirir ki, onlardan 3 milyon 600 minədək insan faydalana bilir. layihənin veb saytında coğrafi informasiya sistem xəritəsi hazırlanıb ki, istənilən şəxs internetdə onlayn olaraq  oradan  öz kəndləri haqqında – görülən işlər, maliyyəsi, büdcəsi, dayanıqlığı və s. lazım olan məlumatı əldə edə, rəylərini  bildirə bilirlər.

Məruzə və müzakirələrdən sonra konqresin qərar layihəsi iştirakçılar tərəfindən yekdilliklə qəbul edilib və müvafiq təşkilatlara göndərilməsi tövsiyə edilib.

 

04-07 sentyabr 2018-ci il tarixlərində Bakı, Azərbaycanda keçirilən

“Avrasiya CİS 2018" Konqresinin

 QƏRARI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlərinin icrasının atributlarından biri CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunmasıdır. Bununla əlaqədar keçirilən Konqress Coğrafi İnformasiya Sistemləri sahəsində innovativ təhlil tərkibli praktiki məsələlərin müzakirəsi və mübadiləsinə, elm-tədqiqat, QHT və hökümət qürumları nümayəndələrinin səylərinin cəmlənməsinə yönəldilib. Coğrafi İnformasiya Sistemləri məsafədən zondlama məlumatlarının interpretasiya və təhlilinin müasir metodlarının işlənməsinə, kosmik çəkilişlərinin nəticələrinin istifadəsi əsasında yeni texnologiyaların tətbiqinin vacibliyini nəzərə alaraq qərara alınır:

  1. Coğrafi İnformasiya Sistemləri, məkan verilənlərin strukturu, məkan analizlərinin tətbiqinin aparılan elmi tədqiqatlarda geniş istifadə olunması və bu istiqamətdə təlim və treyninqlərin aparılması ilə müasir tələblərə uyğun olan səviyyəyə gətirilməsi və yüksək ixtisaslı kadrların hazırlanması tələb olunur.
  2. Ətraf mühitin monitorinqində, təbii fəlakətlərin və təbii resursların idarə olunmasında məkan verilənlərindən istifadə edərək əvvəlcədən təhlükələrin aşkar edilməsi və fəlakətlərin qarşısının alınmasında CİS təhlilin zəruriliyi və vacibliyi səbəbindən istifadəsi xeyli artırılmalıdır.
  3. Torpaq, su və iqlim tədqiqatlarında, kadastr, torpaq planlaşdırılması və idarə edilməsində CİS təhlildən istifadə edərək verilənlər bazasının yaradılması və kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ölkələrdə və xüsusi ilə Azərbaycanda qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının artmasına təkan verə bilər.
  4. GPS, məsafədən zondlama və geodezik ölçmələr üsulları ilə geniş ərazilərin qlobal iqlim dəyişmələri, tektonik hərəkətlər, səhralaşma və bu kimi diqər qlobal problemlərin tədqiqində beynəlxalq verilənlər bazasının yaradılması istiqamətində aparılan işlərin artırılması tələb olunur.
  5. Regionların və ölkələrin davamlı sosial-iqtisadi inkişafının və məşqulluğun təhlil edilməsində Coğrafi İnformasiya Sistemlərinin imkanlarından geniş istifadə edərək problemlərin aşkar edilməsi və aradan qaldırılması sahəsində işlərin aparılması zəruridir.
 
 
9069
СЛЕДУЙТЕ ЗА НАМИ
КАЛЕНДАРЬ
ГЕОГРАФИЧЕСКИЕ ТЕРМИНЫ
ОТПРАВИТЬ ПРЕДЛОЖЕНИЕ
ПОЗНАЙ АЗЕРБАЙДЖАН

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • ad
Национальная академия наук Азербайджана Институт Географии Азербайджанская национальная библиотека GoMap National Geographic