LAYIHƏ IŞTIRAKÇILARI MƏKTƏBLILƏRLƏ GÖRÜŞDƏ COP-UN ƏHƏMIYYƏTINDƏN DANIŞIBLAR
08 октября 2024
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) üzvləri AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçiləri ilə birlikdə Naftalan şəhəri İ.Nəsimi adına 1 saylı orta məktəbinin şagirdləri ilə görüşüblər.
COP29-a həsr edilmiş tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş Azərbaycan Coğrafiya Cəmiyyətinin “Qarabağın ekoloji vəziyyəti” adlı layihəsi çərçivəsində həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fuad Zamanov qonaqları – layihə rəhbəri c.ü.f.d., dosent Mirnuh İsmaylovu, layihənin təlimçiləri, c.ü.f.d. Gülnar Hacıyevanı və Emil Cəbrayılovu, layihənin eksperti c.ü.f.d., dosent Səidə Zeynalovanı tədbir iştirakçılarına təqdim edərək, onların respublikamızda bu il baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası, yəni COP29-un əhəmiyyəti və iqlim dəyişmələrinin yaratdığı ekoloji problemlər haqqında maarifləndirici məlumat verəcəklərini açıqlayıb.
Layihə rəhbəri M.İsmayılov iqlim dəyişmələrinin yaratdığı problemləri geniş şərh edib, COP29-un əhəmiyyəti və Qarabağın ekoloji problemləri haqqında danışıb. G. Hacıyeva Qarabağın ekoloji vəziyyəti haqqında şagirdləri məlumatlandıraraq işğal dövründə Qarabağda mövcud olan xüsusi mühafizə olunan təbiət ərazilərində həyata keçirilən ekosid haqqında ətraflı məlumat verib. E. Cəbrayılov “İqlim dəyişmələrinin ekocoğrafi təsirləri” mövzusu ilə iqlim dəyişmələri, istixana effekti və onun ekoloji nəticələri haqqında çıxış edib. S. Zeynalova isə ətraf mühitin mühafizəsi üçün lazım olan tədbirlər barədə məlumat verərək, şagirdlərlə mövzunu müzakirə edib. Tədbirdə şagirdlərin coxsaylı sualları cavablandırılıb.
Sonda məktəbin direktoru Fuad Zamanov tədbirin təşkilinə görə ACC və Cİ nümayəndələrinə öz təşəkkürünü bildirib.
253