COP29-A DAIR MÜƏLLIMLƏRƏ TƏLIM KEÇIRILIB
Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) üzvləri - sədr və layihə rəhbəri dosent Mirnuh İsmayılov, təlimcilər c.ü.f.d. Gülnar Hacıyeva və Emil Cəbrayılov və layihənin eksperti dosent Səidə Zeynalova AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçiləri ilə birgə Naftalan şəhərinin İ.Nəsimi adına 1 saylı orta məktəbinin müəllimləri ilə təlimlər keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş ACC-nin “Qarabağın ekoloji vəziyyəti” adlı layihəsi ilə əlaqədar təşkil edilib.
Müəllimlər qarşısında çıxış edən layihə rəhbəri Azərbaycan Respublikasının prezidenti cənab İ.Ə.Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik” ili elan etməsinin və COP29-un Azərbaycan üçün ekoloji, siyasi və iqtisadi əhəmiyyətindən danışıb. O qeyd edib ki, belə nüfuzlu mötəbər tədbirin Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkəmizə olan yüksək etibar və inamın bariz nümunəsi olmaqla yanaşı, siyasi nöqteyi-nəzərdən rolunun beynəlxalq arenada daha da artmasına səbəb olacaq.
Diqqəti qlobal ətraf mühit problemlərinə yönəldən S. Zeynalova çıxışında təbiətin hər bir komponentinin bir-biri ilə vəhdət təşkil etdiyini və onu qorumağın vacib olduğunu vurğulayıb.
G.Hacıyeva ətraf mühitin çirklənməsinin qarşısının alınması haqqında maarifləndirmə işlərinin daha da artırılmasının vacibliyini qeyd edərək təbiəti mühafizə tədbirləri işində həmrəylik nümayiş etdirməyin önəmindən danışıb.Cəbrayılov iqlim dəyişmələrinin yaranmasında insan amilinin əsas rol oynadığını vurğulayaraq, ətraf mühitə təsirlərin azaldılması və eyni zamanda istixana effekti və s. haqqında ətraflı məlumat verib.
Görüşdən məmnunluq bildirən iştirakçılar belə tədbirlərin mütəmadi keçirilməsinin faydalı olduğunu qeyd ediblər.
268