AZƏRBAYCANIN ÇAYLARI

Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, onların da bütövlükdə ümumi uzunluğu 33665 km təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi is’ 85500 km² qəbul edilir. 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır. 
Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir:

1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)
2. Araz hövzəsinin çayları (Arazın sol qolları)
3. Birbaşa Xəzər dənizinə tökülən çaylar.

Çayların su toplayıcı sahələrinin yüksəklik vəziyyətinin yerüstü axımın formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq ərazinin çayları iki qrupa bölünürlər:

1) yüksək su toplayıcı sahələri olan çaylar – bu çayların su ayrıcılarının hündürlüyü 2500-3000 m-dən çoxdur;
2) alçaq su toplayıcı sahələri olan çaylar – su ayrıcılarının hündürlüyü 2500-dən çox olmur. Bütün daimi axan və qismən quruyan çaylar yüksək su toplayıcı sahəyə, müvəqqəti axan çaylar isə - alçaq su toplayıcı sahəyə malikdirlər. Beləliklə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir.

Respublikanın yerli çayları dağ çaylarıdır. Bu çaylar gur axınla (daşqın vaxtı axının sürəti 3-6 m/s-yə çatır), böyük orta meylliklərlə (15-150‰) xarakterizə olunurlar. Böyük Qafqazın cənub yamacından axan dağ çayları (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Turyançay, Göyçay, Girdımançay və s.) Kür çayının sol qollarıdır, şimal-şərq yamacından axan (Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay və s.) və Qobustan çayları (Sumqayıtçay, Pirsaat və s.) Xəzər dənizinə birbaşa tökülən çaylardır. Kiçik Qafqazın şimal-şərq yamacından axan (Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay və s.), Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.) və Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar Araz çayının sol qollarıdır. Lənkəran vilayətinin çayları (Viləşçay, Lənkərançay, Təngərüçay, Astaraçay və s.) birbaşa Xəzər dənizinə tökülən çaylardır. Su rejiminin xarakterinə görə, Lənkəran vilayətinin çayları istisna olmaqla, Azərbaycanın çayları yaz-yay gursululuğu və payız daşqınları olan çaylar tipinə aiddirlər. Lənkəran çaylarının su rejimi iki daşqın (yaz və payız) dövrü ilə səciyyələnir.

Respublikanın dağ çaylarında sel hadisələri xüsusi yer tutur. Sel hadisələri daha çox Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında müşahidə olunur. Hər 5-10 il təkrar olunan leysan mənşəli güclü sel axınları adətən yay aylarında müşahidə olunur və böyük dağıntılı gücə malikdirlər. Sel kütləsinin birdəfəlik həcmi Böyük Qafqazın cənub yamacı çaylarında 1-1,5 milyon m3-rə çatır. Kür çayı (Araz ilə birlikdə) hövzəsinin su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 25,9-26,9 km3arasında dəyişir. Xarici (qonşu) ölkələrdən Kür çayının Respublika ərazisinə daxil olan axımı 19,6-20,8 km3 və ya ümumi su ehtiyatlarının 76-77%-ni təşkil edir. Respublika ərazisində formalaşan axım (yerli axım) isə  5,64-7,34 km3-dir. Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86000 km2 su toplayıcı sahəsindən 16,-17,8 km3–dir, qonşu ölkələrdən daxil olan axım 11,7-12,7 km3 və ya 70-71% təşkil edir, yerli axım isə 4,50-6,02 km3-dir. Araz çayı hövzəsinin su ehtiyatı 102000 km2 su toplayıcı sahəsindən 9,10-9,30 km3 bərabərdir, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km3 və ya 85-87%-dir, yerli axim isə 1,04-1,40 km3-dir. Xəzər dənizinə tökülən çayların su ehtiyatları bütövlükdə 2,17-3,41 km3-dir, qonşu ölkələrdən daxil olan axım 0,14 km3-dir, yerli axım isə 2,17-3,27 km3 təşkil edir. Azərbaycan Respublikası çaylarının su ehtiyatları bütövlükdə müxtəlif qiymətlərə görə 28,1-30,3 km3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6km3 təşkil edir. Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur. Azərbaycanda suyun çatışmamazlığı müşahidə olunur ki, bunu da ərazinin hər 1 km2-ə düşən su təminatı ilə göstərmək olar. Yerli axım ilə Respublika ərazisinin təmin olunması 90-122 min m3/il təşkil edir. Xarici ölkələrdən daxil olan axımı nəzərə alaraq Respublikanın bütövlükdə su ilə təmin olunması 324-350 min m3/il təşkil edir. Respublikanın göllərində şirin su ehtiyatları 0,90 km3-dir, göllərin su səthinin sahəsi isə 394 km2-dir. Respublikanın su anbarlarının tam həcmi 21,4 km3, işçi həcmi 12,4 km3-dir, su səthinin sahəsi isə 694 km2-dir.

Azərbaycan çaylarının siyahısı

1000 km-dən yuxarı:

Kür - 1515 km,   Araz - 1072 km

1000-100 km:

Qanixçay - 413 km,  Qabırrıçay - 394 km, Samur çayı - 216 km, Tərtərçay - 200 km, Sumqayıtçay - 198 km,  Kürəkçay - 186 km, Türyançay - 180 km,  Bazarçay - 178 km, Ağstafaçay - 133 km,     Bolqaray - 163 km,  Əyriçay - 135 km, Arpaçay - 126 km, Xaçınçay - 119 km,  Pirsaatçay - 119 km, Göyçay - 115 km, Qarqarçay - 115 km, Viləşçay - 115 km,   Həkəriçay - 113 km,  Qudyalçay - 108 km, Qusarçay - 108 km,
Ceyrankeçməzçay - 100 km.

100-50 km:

Gəncəçay - 99 km,  Gilançay - 99 km,  Əlicançay - 98 km,  Vəlvələçay - 98 km,  Şamxorçay - 95 km,  Qaraçay - 93 km (Quba və Xaçmaz),  Zəyəmçay - 90 km,  Köndələnçay - 89 km,  Girdimançay - 88 km,  Ağsuçay - 85 km, Oxçuçay - 85 km, Ləkərçay - 84 km, İncəçay - 83 km (Ağdərə, Tərtər və Yevlax),  Quruçay - 82 km (Xocavand və Füzuli),  Lənkərançay - 82 km, Gorançay - 81 km, Naxçıvançay - 81 km,  Quruçay - 77 km (Quba və Xaçmaz), Axıncaçay - 76 km Qoşqarçay, 76 km. Gilgilçay, 72 km.  Həsənsuçay, 71 km. Dəmiraparançay - 69 km,  Ağçay - 68 km,  Çikilçay - 68 km,  Çağacıqçay - 65 km,  Bala Kür - 63 km, Hocazsuçay - 63 km,  Əlincəçay - 62 km,  Xonaşençay - 62 km,  Coqasçay - 60 km, Cəyirçay - 58 km,  Muxaxçay - 56 km,  Tikanliçay - 56 km,  Kürmükçay - 55 km, Katexçay - 54 km, Şabrançay - 62 km,  Künkütçay - 52 km, Bumçay - 51 km,  İncəçay - 51 km (Cəbrayıl),  Zabuxçay - 51 km, Göytəpəçay - 50 km.

Bu qruplar arasında fərq yaradan əsas amillərdən biri axına qarışan yeraltı suların miqdarıdır. Birinci qrup çaylara yeraltı sular daim axıb gəldiyi halda, ikincidə bu proses cəmi bir neçə ay davam edir. Üçüncü qrupda yeraltı suların rolu yoxdur. Azərbaycan Respublikasının çaylarının qida mənbələri də müxtəlifdir. Çaylar əsasən qar, yağış və yeraltı sularla qidalanır. Böyük Qafqaz çaylarında qar, Kiçik Qafqazda yeraltı sularla qidalanma üstünlük təşkil edir.

Respublika çaylarının illik axımına atmosfer prosesləri böyük təsir edir. Fevraldan marta doğru hava temperaturunun intensiv artması 1500 m-dən artıq hündürlüklərdə qarın əriməsinə səbəb olur. Aprel və may aylarında yağışlar nəticəsində qarın əriməsi daha da sürətlənir. Çox yüksəkdə (2500-300 m-dən artıq) qarın intensiv əriməsi aprel-mayın əvvəllərində başlayır və iyunun axırlarında qurtarır. Qar örtüyü çayların su rejiminə yay aylarında da təsir edir. Belə ki, torpaq-qrunta hopub süzülən (infiltrasiya olan) qar suları yenidən səthə çıxaraq azsulu dövrdə çayların suyunu artırır. Alçaq çay hövzələrində (Talış sahəsi müstəsna olmaqla) yağıntının çox hissəsi yaz və yayın paylanmasına az təsir göstərir. Talış sahəsində əsas rütubət ehtiyatının çoxu ilin soyuq yarısında düşən yağışlardır. Respublika çayları yay aylarında azsulu olur. Bəzən iyul və avqust aylarında yağan leysan yağışları çaylarda güclü daşqın və sellər yaradaraq təsərrüfata böyük ziyan vurur. Güclü sellər Böyük Qafqazın Zəngəzur silsiləsinin cənub-qərb yamaclarındakı çaylarda müşahidə olunur. Böyük və Kiçik Qafqaz çaylarında axımın çox hissəsi ilin isti yarısında, Talış çaylarında isə ilin soyuq yarısında keçir. Əsas axımı (60-80%) ilin isti yarısında keçən çaylar üstünlük təşkil edir. Axımın il ərzində bu cür qeyri-bərabər paylanması onun təsərrüfat baxımın-dan istifadə edilməsini çətinləşdirir.

Ümumiyytələ, su rejimi xüsusiyyətlərinə görə Azərbaycan Respublikasının çayları 2 qrupa bölünür:  1) gursulu və daşqın rejimli; 2) daşqın rejimli.

Daşqın rejimli çaylara Lənkəran təbii zonası çayları, Qobustan və müvəqqəti axan çaylar aiddir. Qalan çaylarda su rejimi fazası gursululuqdur.

Relyefin mürəkkəbliyi və başqa təbii amillərin təsiri ilə axım ərazi üzrə bərabər paylanmamışdır. Ərazidə axım modulu, ümumiyyətlə, hündürlüyə görə artır. Lakin bu artım müəyyən hündürlüyə qədərdir (Böyük Qafqazın şimal-şərq yamacıda 2800 m, cənub yamacında 2000-2200 m, Kiçik Qafqazda 2200-2400 m). Göstərilən hündürlükdən yuxarıda axım modulu azalır. Oroqrafik xüsusiyyətinə görə Talış sahəsində axım ilə orta yüksəklik arasında bir-birinə zidd iki qanunsuzluq var. Talış silsiləsində axım modulu hündürlüyə görə azalır. Peştəsər və Burovar silsilələrində isə artır.

Azərbaycan Respublikasının çoxsulu çaylarıBöyük Qafqazın cənub yamacındadır. Burada orta illik axım modulu 45/l san km2 artıqdır. Alazan-Əyriçay çökəkliyinə (Alazan-Həftəran vadisinə) doğru axım modulu 5/lsan; km2-ə qədər azalır. Böyük Qafqazın şimal-şərq yamacında orta illik axım modulu 18-20/lsan. Km2-dən artıqdır. Axım modulunun hündürlüyə görə artması burada nisbətən bərabərdir. Axım modulunun intensiv artımı Yan silsilə ilə Baş Qafqaz silsiləsi arasındakı sahədə müşahidə edilir (Qusar, Qudyal, Vəlvələ və s. çayların yuxarı axınları). Orta illik axım modulu həmin sahədə 10-20/lsan. Km2 arasında dəyişir.

Mənbəyini yan silsilənin yamacından götürən çayların axımı Baş Qafqaz silsiləsindən başlanan çaylarınkından xeyli fərqlənir. Axımın artması burada daha şiddətli gedir və onun orta illik modulu 1000-2000 m yüksəkdə yerləşən sahədə 6-18/l san. km2 arasında dəyişir. Bu atmosfer yağıntılarının çox düşməsi ilə əlaqədardır. Baş Qafqaz silsiləsindən Xəzər dənizi sahilinə doğru axım tədricən azalır (0,5/lsan. km2-ə qədər). Dənizkənarı ovalıqda şimal-qərbdən cənub-şərqə doğru axım tədricən azalaraq Abşeron yarımadasında 0-a çatır.

Kiçik Qafqazda axımın paylanması Böyük Qafqaza nisbətən olduqca mürəkkəb xarakter daşıyır. Bu ərazinin oroqrafiyasının mürəkkbəliyi və dağ silsilələrinin müxtəlif istiqamətdə olmaları ilə izah edilir. Axımın ən yüksək kəmiyyəti Gamış və Qapıcıq dağlarının yamaclarından axan çaylarda müşahidə olunur. Burada axım modulu 28/lsan, km2-dən artıqdır. Atmosfer yağıntıları bəzi yerlərdə Qarabağ yaylasının məsaməli süxurları arasında itərək rayonu susuz sahəyə çevirir, bəzi yerlərdə isə bulaq şəklində səthə çıxaraq çayların sululuğunu artırır.

Bu cəhətdən Tərtər, Həkəri və başqa çayların yuxarı axınları daha səciyyəvidir və onların yeraltı sular hesabına qidalanması illik axım həcminin 70-80%-ə qədərini təşkil edir. Kiçik Qafqazın cənub-şərqində (Qarabağ silsiləsindən başlayan çay hövzələrində) axım modulu 0,8-dən 22/lsan. km2-ə qədər, Naxçıvan MR-da isə 0,5-dən 10/lsan. km2-ə qədər dəyişir. Arazboyu düzənliklərə doğru axım modulu 0,5/l san. km2-dən aşağı düşür.

Talış sahəsində axım modulu şimaldan cənuba və qərbdən şərqə doğru artır. Axımın maksimum kəmiyyəti (25/lsan, km2-dən çox) ərazinin mərkəzi hissəsində Təngərud və Astara çayları hövzələrində minimal kəmiyyəti isə (0,5-0,8/lsan. km2) ərazinin Viləş çayından şimaldakı hissəsində, həmçinin Lənkəran və Viləş çay-larının mənbələrində muşahidə olunur. Azərbaycan Respublikasının azsulu sahələri Qobustan, Naxçıvan MR və Kür-Araz ovalığıdır.

Azərbaycan Respublikasının çayları çoxlu xırda səpinti və müxtəlif qırıntı materialları axıdır. Həmin materiallar çay hövzələrində gedən yuyulma porsesinin nəticəsidir. Azərbaycan Respublikasının çayları bulanıqlıq dərəcəsi ən böyük olan çaylardandır. Bulanıqlıq dərəcəsinin orta illik miqdarı ərazi üzrə 0,07 ilə 9,8 kq/m3 arasında dəyişir. Onun minimumu Qarabağ yaylasında, maksimumu isə Böyük Qafqazın cənub yamacında müşahidə edilir. Ən intensiv səthi yuyulma Böyük Qafqazın cənub yamacında (1000-6800 t/km2), ən zəifi isə Qarabağ yaylasında (5-10 t/km2) müşahidə edilir. Böyük Qafqaz çaylarının sutoplayıcı sahələrində səthi yuyulmanın intensivliyi (0,53 mm/il) Kiçik Qafqaz (0,03 mm/il) və Talış (0,04 mm/il) çaylarının sutoplayıcısında odluğudan təqribən 13 dəfə çoxdur.

Çayların su ehtiyatı və istifadəsi
Azərbaycan Respublikasının çaylarının çoxillik orta su ehtiyatı 10,3 mlrd. m3-dir. Bu, respublika ərazisinə qonşu dövlətlərdən daxil olan su ehtiyatı (20,6 mlrd. m3) ilə birlikdə 30,9 mlrd. m3 təşikl edir. Respublikanın hər kvadrat km ərazisinə 90 min m3 ehtiyatı düşür. Adambaşına düşən suyun miqdarı ildə 1270 m3 təşkil edir. Su ehtiyatının böyük hissəsi Kür çayı hövzəsinin payına düşür. Çayların su ehtiyatının il ərzində və ərazi üzrə qeyri-bərabər paylanması ondan istifadəni xeyli çətinləşdirir və ilbəil artmaqda olan su tələbatını ödəyə bilmir. Bu vəziyyət çayların axımını tənzimləməyi tələb edir. Hazırda respublikada hər birinin həcmi 1 mln. m3-dən artıq olan 60-dan çox su anbarlarında 21 mlrd. m3-ə qədər su toplanmışdır. Bu sulardan xalq.təs.-nın müxtəlif sahələrində (suvarma, su təchizatı, sənaye, balıqçılıq və s.) istifadə edilir. Suya tələbatın ödənilməsində Orta Kür su anbarları kaskadının yaradılması diqqəti cəlb edir. Müasir dövrdə məhdud olan su ehtiyatlarının təmizliyini qorumaq və onların sənaye və kommunal məişət tullantıları ilə çirkləndirilməsinə qarşı mübarizə məqsədi ilə ciddi tədbirlər görülür.
 
Çaylar müxtəlif xüsusiliyinə görə qruplaşdırılırlar.

I. Uzunluğuna görə:

Kür-1515 km, Araz-1072 km, Qanıx-413 km, Qabırrı - 389 km, Samur-216 km, Tərtər-200 km;
II. Mənbəyinin hündürlüyünə görə:

Türyançay-3680 m, Samur-3600 m, Qusarçay-3780 m, Əyriçay-3200 m;

III. Mənsəbinə görə:

1. Mənsəbsiz - Ceyrankeçməz, Sumqayıtçay, Pirsaat;
2. Mənsəbli - qalan bütün çaylar;
3. Mənsəbi okean səviyyəsindən aşağı - Kür, Araz və Xəzərə birbaşa tökülən çaylar -Lənkərançay, Vəlvələ, Qusarçay, Viləşçay,Qudyalçay və s;

IV. Relyef xüsusiyyətinə görə:

1. Üzərində şəlalə yaranan - Dəmiraparan (Mucux şəlaləsi), Tərtər, Katexçay, Vəlvələ, Kürmükçay və s.;
2. Dərəsində kanyon olan çaylar - əhəngdaşı yumşaq süxurları kəsib keçən dağ çaylarında Qudyalçay, Qusarçay, Qaraçay, Vəlvələçay və s. ;
3. Enli «U» şəkilli çaylar - gilli süxurları kəsib keçən düzənlik çaylarında - Kür, Araz və s. ;

V. Formalaşmasına görə:

1. Kənardan (tranzit) mənbə götürənlər - Kür, Araz, Arpaçay, Samur, Oxçu, Akstafaçay, Tovuzçay, Qanıx, Qabırrı;
2. Azərbaycanda formalaşan - Tərtər, Girdiman, Qusar, Xaçın, Əyriçay, Viləş, Pirsaat, Sumqayıt, Qudyalçay, Turyançay, Ceyrankeçməz;

VI. Qidalanmasına görə 2 qrupa: 

1. Yayda quruyan - Sumqayıt, Ceyrankeçməz, Pirsaat.
2. Daimi axarlı -Azərbaycanın yerdə qalan çaylarının hamısı.

VII. Coğrafi yerləşməsinə görə

1. Böyük Qafqazın şimal-şərqindən axan çaylar - Qusar, Qudyal, Vəlvələ, Qaraçay, Ataçay birbaşa Xəzərə tökülürlər. Qar və buzlaqda qidalandıqlarından yazın sonu, yayın əvvəlində bol sulu olurlar.
2. Böyük Qafqazın cənub yamacının çayları - Katex, Şin, Kiş, Balakən, Talaçay, Mazım, Kürmük çayları Qanıx və Əyriçaya, daha sonra isə Kürə tökülərək onun sol qollarını əmələ gətirirlər. Bu çaylar öz yataqları boyu-iri gətirmə konusları yaradırlar.
3. Abşeron-Qobustanın çayları - Pirsaat, Ceyrankeçməz, Sumqayıtçay yağış suları ilə qidalandığıdan yayda quruyurlar. Çünki bu əraziyə yağıntı yalnız ilin soyuq dövründə düşür. Mənsəbsizdirlər.
4. Talış dağlarının çayları- Lənkərançay, Astaraçay, Viləşçay - əsasən yağış və yeraltı sularla qidalanır və birbaşa Xəzərə tökülürlər. Talış dağları qar xəttindən aşağıda yerləşdiyindən buradakı çaylar buzlaqla qidalanmırlar. Yayda hava quraq keçdiyindən bu çayların suyu azalır.
5. Kiçik Qafqazın şimal-şərq yamacından axan - Akstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəm, Şəmkirçay, Gəncəçay və Kürəkçay - Kürə qovuşaraq, onun sağ qollarını əmələ gətirir. Əsasən yağış (70%) qismən qar və yeraltı sularla qidalanır.
6. Kiçik Qafqazın cənub-şərq yamacından axan - Tərtər, Xaçın, Həkəri, Oxçu və Qarqarçay - Mil və Qarabağ düzlərinin suvarılmasında istifadə edilir. Bu çaylar püskürülmüş vulkanik süxurlanından ibarət Qarabağ vulkanik yaylasında formalaşdıqlarından əsasən yeraltı sularla qidalanır. Belə süxurların geniş yayılması ərazidə çay şəbəkəsinin seyrək olmasına səbəb olub.
7. Naxçıvanın əsas çayları - Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Bu çaylanın hamısı Araz çayına tökülür. Əsasən qar və yeraltı sularla qidalanırlar.

Azərbaycanda orta illik axım rütubətli iqlimə malik Lənkəran vilayəti və Böyük Qafqazın cənubunda maksimum, Kür-Araz, Abşeron-Qobustan və Naxçıvanın Arazboyu düzənliklərində isə minimuma bərabərdir. (səbəb rütubət çatışmamazlığıdır)

Üzərində su anbarı olan çaylara axımı tənzimlənən çaylar deyilir. Kür, Araz, Akstafaçay, Arpaçay, Tərtər belə çaylardandır. Kür, Araz, Türyançay, Arpaçay və s. düzən çaylarından suvarmada istifadə edilir.
Azərbaycan çaylarının çoxu sellidir. Tərkibinə görə sellər aşağıdakı kimidir: 

a) Palçıqlı sellər - Naxçıvan, Qobustan, Acınohur və Ceyrançölün çayları ; 
b) Daşlı və daşlı-palçıqlı sellər isə Böyük Qafqazın cənub yamacındakı Kiş, Şin, Dəmiraparan, Kürmük, Mucux.

Tikanlı çayları üçün səciyyəvidir. Təsərrüfata böyük miqdarda ziyan vurur. İki yolla bu mübarizə aparılır:
 
1. Hidrotexniki qurğular tikməklə (beton bəndlər); 
2. Fitomeliorativ (ağac, kol, ot örtüyü əkməklə).

Yamacların böyük meylliyi, gur yağışların yağması və asanlıqla aşınan süxurlanın üstünlük təşkil etməsi selin yaranmasının başlıca səbəbləridir.
 
Kür çayı Qafqazın ən böyük çayıdır. Onun uzunluğu 1515 km, sahəsi isə 188 min kvadrat kilometrdir. Kür çayı Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 m mütləq yüksəkliyə malik sahədən başlayır. O, Gürcüstan ərazisindən keçərək, Azərbaycan ərazisinə daxil olur. Kür-Araz ovalığı ilə axaraq Xəzər dənizinə qovuşur. Araz çayı ilə birləşənə qədər Kürün öz sahəsi 86 min kvadrat kilometr təşkil edir. Azərbaycan daxilində Kürün uzunluğu 906 km olub, Neftçala rayonunda Xəzərə tökülür. Kür çayı əsasən qar suları (52%) ilə qidalandığından yazın sonu və yayın əvvəlində, yəni qarın intensiv əridiyi dövrdə bol sulu olur. Çayda suyun maksimum səviyyəsi apreldə, minimum səviyyəsi isə sentyabr aylarında olur. Kürün sağ qolları əsasən Kiçik Qafqazdan başlanan Şəmkir, Gəncəçay, Zəyəm, Xaçın, Tərtər və s. sol qollar isə Böyük Qafqazın cənub yamacından başlayan Qanıx, Qabırrı, Türyan, Əlicançay və s. çaylarıdır. Kür üzərində Mingəçevir, Yenikənd, Şəmkir və Varvara kimi su anbarları var. Bu su anbarlarının yaradılması qrunt sularının səviyyəsinin artmasına, tuqay meşələri və torpaqların xeyli hissəsinin su altında qalmasına səbəb olmuşdur. Kür Azərbaycanın yeganə çay gəmiçiliyi yoludur. Buradakı gəmilər Kürün mənsəbindən Yevlax şəhərinə qədər hərəkət edir. Kür-Araz ovalığı ilə çay meandr (ayri-üyrü) döngələrlə axdığından gəmilərin hərəkətini asanlaşdırmaq üçün çayın yatağıdakı bəzi döngələr kəsilib düzəldilmişdir. Bu meandrda Kürün «axmaz» gölləri Ağgöl, Hacıqabul, Sarısu və Mehman gölləri yaranmışdır. Kür Sabirabad şəhərindən mənsəbinə qədər heç bir qol qəbul etmir. Kür çayından balıqçılıq, nəqliyyat, suvarma və hidroenerji məqsədi ilə istifadə olunur.

Araz çayı Kürün ən böyük qoludur. Ermənistan və Azərbaycan ərazisindən axır. Ümumi uzunluğunun (1072 km) 364 km-i Türkiyənin ərazisinə mənsubdur. Hövzəsinin sahəsi 101,9 min kvadrat km-dir. Başlanğıcını Türkiyədə, Bingildağ silsiləsinin şimal yamacından (2990 m) alır. Axura qolu qovuşandan sonra Araz Bəhramtəpə su qovşağının yaxınlığınadək təqribən 600 km məsafədə Ermənistan və Azərbaycanın Türkiyə və İranla dövlət sərhədini təşkil edir. Çayın axırıncı 80 km-i Azərbaycanın ərazisindən axır və Sabirabad şəhərin ərazisində Kür çayına tökülür. Suyunun çoxluğuna görə Zaqafqaziyada ikinci çaydır. Araz relyef və axım xususiyyətlərinə görə iki hissəyə (dağlıq və ovalıq) ayrılır. Türkiyə ərazisində Araz tipik dağ çayıdır. Axuryanın mənsəbi ilə Araz su qovşağı arasında ararat düzənliyindən, Sədərək, Şərur, Böyükdüz və Naxçıvan düzlərinin cənubundan axır. Bu hissədən çayın sürəti nisbətən azalır. Burada Araza soldan Sevcur, Razdan, Arpaçay, Naxçıvan və s., sağdan Qarasu, Maku və sağ qollar birləşir.Naxçıvan çayının mənsəbinədək Araz çox yerdə kanyonvarı dərələrlə axır; coşqun və astanalıdır. Bu hissədə Araz soldan Əlincə, Ordubad, Mehri, Oxçu və s., sağdan Qotur, Qırsı və sol qolları qəbul edir. Həkəri çayının mənsəbindən sonra Araz tədricən düzənliyə və Kür-Araz ovalığına çıxır; yatağı meandr vəzyyəti alır. Həkəri çayının mənsəbindən aşağıda Araza soldan Quruçay, Köndələnçay və s, sağdan Selin, Qarasu və sol qollar birləşir. Arazın Bəhramtəpə su qovşağından mənsəbinədək axdığı hissədə qolu yoxdur. Çayın dağlıq sahədəki fəal eroziya prosesi ovalığda akkumulyasiyai əvəz olunur.Araz qarışıq mənbədən qidalanır. Axımının 44%-ini sular, 38%-ini qar suları. 18%-ini yağış suları təşkil edir. Arazın mənsəbi yaxınlığında orta illik su sərfi 279 kub m/san, axım həcmi 8,8 mlrd, kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumludur. Orta minerallaşma azsulu dövrdə 560-880 mq/l, çoxsulu dövrdə isə 260-400mq/l-dir. Arazın böyük suvarma və hidroenerji əhəmiyyəti var. Suyundan səmərəli istifadə etmək məqsədi ilə çayın üzərindən Bəhramtəpə su qovşağı, Sovet-İran müqaviləsinə əsasən isə Araz su qovşağı və Mil-Muğan sukötürmə qovşağı tikilmişdir. Araz gəmiçiliyə yararsızdır. Araz aşağı axınında yatağını tarix boyu bir neçə dəfə dəyişmişdir. Son dəfə 1896 ildə Araz daşqın nəticəsində sahil bəndini uçurmuş, suyunun bir hissəsi Muğan düzündən keçərək Xəzər dənizinə axmışdır. Bununla əlaqədər, ərazidə bir neçə göl (Ağçala, Mahmudçala və s.) əmələ gəlmişdir. Sonralar bənd bərpa edilmiş və Arazın suyu əvvəlki yatağına qaytarılmışdır. Bir çox antik və orta əsr müəllifinin əsərində Araz haqqında məlumat verilmişdir. Qədim yunan və Latın mənbələrində Zaqafqaziya, Parsa (Fars) və Orta Asiyada Araz adlı bir çayın adı çəkilir.

Samur çayı Azərbaycanın şimal-şərqinin ən böyük çayı olub Dağıstanda 3600 m yüksəklikdən başlayıb, birbaşa Xəzərə tökülür. Uzunluğu 216 km olan Samur çayından Samur-Abşeron su kanalı çəkilib. Əsasən yeraltı və buzlaq suları ilə qidalanır.

Kür, Araz, Oxçu, Ağstafa, Tovuz, Qarqar çayları Azərbaycanın ən çirklənmiş çayları sayılır.
Samur, Qanıx, Araz, Astara və Bolqarçay Azərbaycanın sərhəd çaylarıdır.
Azərbaycana Ermənistan və Gürcüstandan daxil olan Kür və Araz çayları, onların Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay, Bərgüşad və s. qolları çirklənməyə daha çox məruz qalıb. Ermanistanın Qafan rayonundakı dağ-mədən sənayesinin tullantıları Oxçuçayı «Ölü suya» çevirmişdir. Kür Gürcüstanın Tbilisi və Rustavi, qismən isə Azərbaycanın Kürboyu şəhərlərinin sənaye və məişət suları ilə çirklənmişdir. Daşkəsənin zərərli tullantıları Qoşqarçayla Kürə, Naxçıvandakı Parağacay mədənlərinin tullantıları isə Araza qarışır. Azərbaycanın əkin sahələrinə verilən 10 min tonlarla gübrələr, zərərverici maddələr axar sular vasitəsilə çaylara və s. sututarlara tökülür və onları çirkləndirir. Sular təbii və süni yolla təmizlənir. Axar sular 8-20 km axdıqdan sonra təbii yolla özü-özünü təmizləyir. Çirkab sulardan istifadə etmək üçün onu xüsusi qurğularda təmizləyib, zərərsizləşdirirlər.

Su ehtiyatları

Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil edir. Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür. Təbii şəraitdə respublikada çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3-0,5 qram/litr səviyyəsindədir. Çay sularının kimyəvi tərkibində hidrokarbonat və kalsium ionları üstünlük təşkil edir. Ceyrançöl və Abşeron-Qobustan çaylarının suları isə 0,5-1,5 qram/litr və daha çox minerallaşma dərəcəsi ilə sulfatlı natriumlu kimyəvi tərkibə malikdir.
32646
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic