LƏNKƏRAN-ASTARA İQTİSADİ-COĞRAFİ RAYONU

Lənkəran-Astara iqtisadi-coğrafi rayonu-nun tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı inzibati rayonları daxildir. İqtisadi rayon Azərbaycanın cənubunda, İran İR və Türkiyəyə gedən yollar üzərində yerləşir. Şərqdə Xəzər dənizi, qərbdə və cənubda İran İR ilə həmsərhəddir. Sahəsi 6,14 min km2 –dır, bu da ölkə ərazisinin 7,1%-nə bərabərdir. Lənkəran ovalığı və Talış dağları əsas oroqrafik vahidlərdir. İqtisadi rayonun ərazisinin 26%-i meşələrlə örtülmüşdür. Region rütubətli subtropik iqlimə malik olmaqla təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Əhalinin sayı 855,7 min nəfər, o cümlədən şəhər əhalisi 212,0 min nəfərdir. Ölkə əhalisinin 9,3%-i burada yaşayır. Əhalinin orta sıxlığı hər km2 -ə 141 nəfər, urbanizasiya səviyyəsi 24,8%-dir (2012). Regionda faydalı qazıntılar azdır, qeyri-filizlərdən tikinti qumu, gil, çaydaşı, gips ehtiyatları vardır, zəngin termal və mineral sulara malikdir. İqtisadi rayonda rütubətli subtropik iqlim, məhsuldar torpaqlar, su və əmək ehtiyatları kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar yaradır. Kənd təsərrüfatında faraş tərəvəzçilik, kartofçuluq, üzümçülük, taxılçılıq üstünlük təşkil edir. İqtisadi rayon mühüm sitrus meyvəçiliyi rayonudur. Sahilboyu balıq ovlanır. Sənaye sahələri kənd təsərrüfatı xammallarının emalı əsasında inkişaf etmişdir, bitkiçilik və balıqçılıq məhsullarının emalına əsaslanır. Yeyinti sənayesində balıq emalı, çay, meyvə-tərəvəz konservi və şərab istehsalı mühüm yer tutur, ət, süd, pendir, çörəkbişirmə müəssisələri fəaliyyət göstərir. Bakı-Astara dəmir və avtomobil yolları yük və sərnişinlərin daşınmasında, həmçinin Azərbaycanın İran və Türkiyə ilə iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Lənkəranda müasir tələblərə uyğun hava limanı fəaliyyət göstərir. Gözəl landşaft, isti və soyuq mineral sular, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi rayonda kurort və turizm təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır.
4052
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic