NAXÇIVAN İQTİSADİ COĞRAFİ RAYONU

Azərbaycan Respublikasının tərkibinə daxildir. 1920-ci ildə Naxçıvan Sovet Sosialist  Respublikası kimi yaradılmış, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Vilayəti kimi mövcud olmuş, 09.02.1924-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist  Respublikasına çevrilmişdir. 1990-cı ildən Naxçıvan Muxtar Respublikası adlanır. Naxçıvan MR şimalda və şərqdə 246 km Ermənistan Respublikası ilə, cənub-qərbdə 13 km Türkiyə ilə, cənubda 204 km İran İR ilə həmsərhəddir. Sahəsi 5,5 min km2, əhalisinin sayı 418,5 min nəfər, o cümlədən şəhər əhalisi 121,7 min nəfərdir (2012). Azərbaycan ərazisinin 6,4%-i, əhalisinin 4,55-i MR-ın payına düşür. MR 7 inzibati rayona – Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarına və paytaxt Naxçıvan şəhəri ərazi dairəsinə bölünür. Muxtar Respublikanın ərazisinin çox hissəsini Kiçik Qafqaza daxil olan Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru ayrılan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsiləsidir (Qapıcıq d.,3904m). Bura eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Dərələyəz silsiləsi (Küküdağ,3120 m) MR-ın şimalında yerləşir. MR-ın ərazisinin 1/3-ni orta hündürlüyü 600-800 m olan Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Kəngərli, Naxçıvan, Culfa, Ordubad düzləri) tutur. Naxçıvan MR molibden, mis, polimetal, qızıl, sürmə, civə, kobalt, daş duz, dolomit, tikinti materialları (mərmər, qum-çınqıl, tikinti daşı, travertin) ilə zəngindir. 200-dən çox mineral bulaq vardır. Muxtar Respublikanın iqliminə ərazisinin hər tərəfindən dağ silsilələri ilə əhatə olunması, okean və dənizlərdən uzaqda yerləşməsi təsir göstərir. Mütləq maksimal temperatur 44C-dir (Culfa). Yağıntıların orta illik miqdarı Arazboyu düzənliklərdə 200-300 mm, yüksək dağlarda 500-800 mm-dir. Naxçıvan MR daxili suları Araz çayının hövzəsinə aiddir. Burada təqribən 400 böyük və kiçik çay var. Göllərin sayı az, sahəsi və həcmi isə kiçikdir. MR-da Batabat və Qaragöl yüksək dağ göllərinə aiddir. Zəngin heyvanlar aləminə muflon, bezoar keçisi, ayı, vaşaq, tülkü, kirpi, çöl donuzu, çöl pişiyi, kələz, gürzə, quşlardan Xəzər uları, dağ qaranquşu, kəklik, dovdaq aiddir. MR-da Zəngəzur milli parkı yaradılmışdır.
7716
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic