PİRİ RƏİSİN XƏRİTƏSİNDƏKİ KOORDİNAT TORUNU MARAĞA ALİMLƏRİ ÇƏKƏ BİLƏRDİLƏR

                          (Əvvəli  -  “Xəritənin əsl müəllifi kimdir, admiral Piri Rəis, yoxsa başqa bir alim?”)
 
Tusinin fəaliyyətini öyrənərkən aydın olur ki, o, Yaxın Şərqin məşhur şəhərləri və elm ocaqları ilə yanaşı, həm də Misirin İsgəndəriyyə şəhərində olmuş, oranın bir çox tədris, elm və mədəniyyət mərkəzlərində çoxsaylı maraqlı axtarışlarla məşğul olmuşdur. Həmin ərəfəyə qədər İsgəndəriyyə kitabxanasında saxlanılan bir çox əsərlər və tarixi sənədlər, şəhər səlibçilər tərəfindən dağıdılandan sonra (X əsrdə) Bizans imperiyasının paytaxtı Konstantinopola aparılmışdı. Bundan əlavə, Hülaku xan 1258-ci ildə Bağdad Xilafətini darmadağın edəndən sonra elmi fəaliyyətini genişləndirmək üçün Tusinin qarşısında əlverişli qapılar açılır. İş ondadır ki, Abbasi sülaləsinin hökmranlığı dövründə Bağdadda qiymətli əsərlərlə zəngin olan möhtəşəm bir kitabxana yaradılmışdır. Həmin əsərlər Xilafətin paytaxtına əsasən ərəblər tərəfindən işğal edilmiş şəhərlərdən, o cümlədən İsgəndəriyyədən gətirilmişdi. Elə həmin dövrdə Tusi öz biliyini artırmaq üçün elm dünyasının qiymətli əsərlərilə tanış olur. Marağa rəsədxanasının bünövrəsi qoyulan ilə qədər (1259) alim, çox güman ki, Bağdad şəhərində, gələcəkdə “admiral Piri Rəisin xəritəsi” kimi tanınacaq həmin xəritənin müəyyən hissələri ilə üzləşir və tarixi materialın tədqiqinə başlayır. XIII əsrin ortalarına qədər Yer kürəsinin demək olar ki, Avropa, Asiya və Afrika hissəsi (əlbəttə, qismən) tədqiq edilərək, dünya ictimaiyyəti qarşısında ümumi anlayış yaradılır.
Xəritəyə dair Çarlz Hepqudun sensassion nəticəsi belədir: “xəritədə Antarktidaya yaxın olan məşhur adalardan keçən ənənəvi koordinatlar torunun tərkibində yerləşdirilən enliklər təəccüblü detallarla göstərilir. Çox güman ki, bütün bunlar müasir sferik triqonometriyadan istifadə olunmuş, daha ilkin xəritədən əldə edilmişdir. İş ondadır ki, xəritənin tərtibatçıları Yerin sferik olmasından agah idilər, həm də 50 mil xətası ilə Yerin çevrə uzunluğunun həqiqi ölçüsü ilə elmi tanışlıqları vardır”.
Fikrimcə, bu işdə Tusi mühüm rol oynayıbdır. Ona görə ki, təxminən 6000 il bundan əvvəl tərtib edilən xəritələrdəki koordinatlar müasir koordinatlarla heç cürə uyğun gələ bilməzdi. Məlumdur ki, Tusi və onun komandası sferik triqonometriyadan peşəkarcasına istifadə edə bilirdilər. Çox güman ki, xəritə azərbaycanlı alimin əlinə, koordinat toru çəkilməmiş şəkildə düşmüşdü. Sferik triqonometriyanın bilicisi kimi Tusi koordinat xətlərini çəkərək, xəritənin üzərindəki coğrafi enlikləri və uzunluqları çox dəqiqliklə yerləşdirməyə müvəffəq olmuşdu. Çünki alim Yerin uzunluğunun dəqiq ölçülərinə malik idi. Məhz bunun sayəsində hər bir peşəkar dənizçi xəritəni diqqətlə nəzərdən keçirəndən sonra, okeanda yerləşən bir obyektdən digər obyektə qədər olan məsafənin ölçüsünü təxmini olsa da, əldə edə bilərdi. Elə buna görə də Kolumb birinci səyahətinə yola düşəndə nə qədər yol qət edəcəyini və neçə gün gedəcəyini əvvəlcədən bilirmiş. Bunu bir neçə müasir alimlər də təsdiq edirlər.
Xəritə Kolumbun əlinə keçənə qədər dünyada astronomiya, riyaziyyat və coğrafiya üzrə Tusi kimi peşəkar alim və tabeliyində güclü alim heyəti yox idi ki, sferik triqonometriyanın köməyindən istifadə edərək, koordinat xətlərini dəqiq şəkildə xəritənin üzərində yerləşdirə bilsin.
Məlum olduğu kimi Piri Rəisdə olan xəritədə Yer kürəsinin yalnız qərb hissəsi göstərilibdir. Tusi İspaniyadan tutmuş, Çinə qədər öz dövründə məşhur olan 256 şəhərin coğrafi koordinatlarını demək olar ki, çox dəqiqliklə göstərmişdi. Mənim fikrimcə, koordinatları qoyanda həmin xəritə Azərbaycan aliminin masasının üstündə idi və o, elə bir çox şəhərlərin özlərini də koordinatlarına uyğun olaraq, hazırda olduqları yerdə yerləşdirir. Artıq məlum olur ki, Piri Rəisin adı ilə bağlı olan həmin xəritədə Asiya, Afrika, Amerika, həm də bəlkə Avstraliya qitələrinin konturları çəkilmişdir. Sual verilə bilər ki, əgər bu belədirsə, onda bəs həmin xəritədə göstərilən Yer kürəsinin Şərq hissəsinin aqibəti necə olub?

(Ardı  -  “Türk admiralının xəritəsinin şərq hissəsi haradadır?”)
 
email: ramizdeniz65@gmail.com,
          n.tusi.1965@mail.ru
4868
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic