ASTRONOMİYA VƏ COĞRAFİYA ELMLƏRİNİ İNKİŞAF ETDİRMİŞ KEÇMİŞ ALİMLƏR - I HİSSƏ

Zəka sahibləri olan aqil insanların kamil düşüncələri, adi insanların yüz illiklərlə qavramaq istədikləri həyatda baş verən proseslərin aludəliyini anlamaq üçün oriyentir rolunu oynayır. Fironların dövründən başlayaraq, indiki dövrə qədər alim zirvəsinə qalxan bütün kamil insanlar Yer kürəsinin quruluşu, bu planetdə baş verən bioloji, fizioloji, geoloji proseslərin necə getməsini araşdıraraq, cəmiyyət üçün qlobal sayılan bu məsələnin üzə çıxarılmasında böyük səy göstərirlər. Bəşəriyyət tarixində məlum olan elm sahələrinin təkmilləşdirilməsi, təhsil sistemində tədris metodunun mexanizmini asanlaşdırıb inkişaf etdirilməsi, insan təfəkkürünün yüksək səviyyədə formalaşmasına, intellektual potensialın artırılmasına dinamik təkan verir. Təbii qanunlara görə dinamik fazanın həyata keçirilməsi prosesinin avanqardında, bilavasitə alimlərin durduğunu inkar etmək olmaz.

Demək olar ki, elmə diqqət yetirən hər bir ölkədə nəşr olunan ensiklopediyaların səhifələrini vərəqləyəndə, dünya elminin inkişafında müstəsna rol oynamış antik dövrdən başlayaraq, erkən orta əsrin görkəmli şəxsiyyətləri, hamımızın dillər əzbəri olmuş Aristotelin, Platonun, Eratosfenin, Herodotun, Platonun, Arximedin, Biruninin, İbn Sinanın, Evklidin, Strabonun, Hipparxın və başqalarının adları ilə üzləşirik. Bütün bu alimlərin dövri fəaliyyəti və elmi irsi beynəlxalq mütəxəssislər tərəfindən öyrənilərək, dünya ictimaiyyətinin nəzərinə çatdırılmışdı. Lakin elə də olur dünya əhəmiyyətli elmi ixtiraların, kəşflərin banisi olan bir şəxsin adı lazımi şəkildə, yüksək səviyyədə hallanmır, onların tanıtdırılması üçün heç bir əməli tədbir həyata keçirilmir.

Dünya elmi, mədəniyyəti, incəsənəti,  ədəbiyyatının sürətlə inkişaf etdirilməsində müsbət rol oynamış tarixi şəxsiyyətlərin fəaliyyətini öyrənərkən başa düşmüşəm ki, bir çox şəxsiyyətlərin taleyi və elmi irsi heç də lazım səviyyədə tədqiq edilməmiş və layiqincə öz qiymətini almayıbdır. Açığını bildirim ki, elə Azərbaycanda da yaşayıb fəaliyyət göstərən bütün dahilərin həyatı mənim diqqət mərkəzimdə idi.

Azərbaycanın görkəmli şəxsiyyəti, Yaxın Şərqdə tanınmış alim Mühəmməd Nəsirəddin Tusinin (1201-1274) elmi irsi, dövri fəaliyyəti mənim marağıma səbəb oldu. İş ondadır ki, o, dünya əhəmiyyətli elmi ixtiraların sahibi ola-ola müasir dövrdə nəinki dünya miqyasında, hətta yaşadığı regionda kifayət qədər tanınmamışdır. Vaxtı ilə öz dövrünün məşhur alimi, tarixi şəxsiyyəti kimi tanınan Tusinin elmin bir çox sahələrində xüsusi rol oynamış elmi əsərlərinə ciddi əhəmiyyət verilmir və nəticədə onun elmi irsi sönmüş vul-kan kimi əsrlərin yuxusuna qərq olub. Təxminən 50 il bundan əvvəl professor Həbibulla Məmmədbəylinin sayəsində həmin vulkanın püskürməsi baş verir. Yəni, biganə tədqiqatçıların ucbatından kifayət qədər təbliğ olunmayan və demək olar ki, böyük bir kütlənin yadından çıxan Tusi, professor H. Məmmədbəylinin səyi nəticəsində Azərbaycan xalqının özünə qaytarılır.

Məlum olur ki, Tusi astronomiya, riyaziyyat, həndəsə, etika, məntiq sahələrində şah əsərlər yaradaraq, həmin elmlərin inkişaf etdirilməsində bilavasitə mühüm rol oynamış və bu sahələr üzrə tanınmış alimləri bir neçə yüz il qabaqlamışdır. O, əsərlərinin əksəriyyətini ərəb və fars dillərində yazmış və indiki dövrə qədər həmin işlər dünyanın bir çox qabaqcıl dillərinə tərcümə olunmuşdur. Acına-caqlı haldır ki, alimin yalız iki əsəri Azərbaycan dilinə tərcümə edilərək – “Əxlaqi Nasiri” “Təhrir Öqlidis” (2002-ci il) – oxucuların geniş istifadəsinə verilmişdir. Təkcə onu demək kifayətdir ki, təlim-tərbiyə və əxlaq problemində aktual məsələlərə toxunan “Əxlaqi-Nasiri” əsərini oxuyandan sonra Tusinin dahiliyini dərk etmək çətin deyil. Bu əsərin ölməzliyi onunla sübut olunur ki, onun yazılmasından 770 il keçməsinə baxmayaraq, indiyənə kimi bir çox müsəlman dövlətlərində yetişən nəslin tərbiyə olunması üçün bu kitabdan tədris vəsaiti kimi istifadə olunur. Yəni, Tusi Şərq ölkələrində yetişən saf cəmiyyətin yetişdirilməsində mühüm rol oynayır. Alimin yazdığı əsərlərin əksəriyyəti, ona qədər yaşamış məşhur alimlərin əsərlərinə nisbətən aktuallığına, mahiyyətinə və əhəmiyyətinə görə bütün parametrlər üzrə çoxsahəli və əhatəlidir. Tusi müsəlman Renessansının böyük şəxsiyyətlərindən biri sayılır. O, öz yaradıcılığında Yaxın və Orta Şərqin üç renessans zonalarını birləşdirmişdi - ərəbdili, farsdili və türkdili.

Tarixi dövrlərin arasında olan yüzilliklər məkanına baxmayaraq, sonrakı zamanlarda yaşayan alimlər öz elmi mütaliəsini və araşdırılmalarını inkişaf etdirməkdən ötrü daim əvvəlki sələflərinin elmi irsinə müraciət etmişdilər.

İtaliyanın özündən və Qərbi Avropadan fərqli olaraq Şərqdə, xüsusən ərəbdilli mədəniyyət zonasında antik mədəniyyətə müraciət, Selevkilərin ellin mədəniyyəti dövründən başlayaraq davam etmiş, İslamın formalaşıb Yaxın və Orta Şərqə yayıldığı vaxta ümumi xətti kimi özünü qoruyub saxlamış, bunun ifadəsi olan peripatetizm bütün Şərq təfəkkürünün mühüm meyarına çevirilmiş, filosoflar onun tərəfdarları və ya əleyhdarları kimi təsnif edilmiş, kəskin polemika aparmışlar.

Şərqin ensiklopedik alimi olan Tusi ibn Sinanın peripateteik fəlsəfəsini müsəlman illahiyyatçısı Fəxrəddin Razinin tənqidindən müdafiə etməklə, Qəzali ilə İbn Rüşt arasında peripatetizmlə bağlı polemikanı araşdırmaqla antik fəlsəfənin dərin bilicisi və müdafiəçisi olduğunu göstərmişdir.[1]

Hazırki dövrdə çox qəribə hal yaranıb. Vaxtilə bir çox tanınmış alimlər Tusinin əsərlərindən bir mənbə kimi istifadə edərək, özlərinin intellektual potensiallarını artırmışdılar. Hətta onun bəzi əsərlərinin demontaj edilərək, başqa alimlərin adı ilə çıxmasına da şübhə etməmək olar. Son zamanlar isə Tusinin tanıtdırılması üçün ciddi səy göstərilmir və nəticədə onun unutdurulmasına böyük zəmin yaradılır. Məhz buna görə də mən bütün səy və bacarığımdan istifadə edərək, nəinki Azərbaycanın, hətta Şərq dünyasının fəxri alimi sayılan Tusinin elmi xidmətlərini, elmi nailiyyətlərini, elmi irsini araşdırmağa cəhd edəcəm.

Bunun üçün ilk növbədə mən Antik dövrdə yaşayıb yaratmış bir neçə tanınmış alimlərin elmi nailiyyətlərinin bəzi nəticələri barəsində məlumat verməli olacağam. Çünki onlar həmin dövrdə məlum olan bütün elmlərin banisi və təkmilləşdiricisi sayılırlar. Riyaziyyat, həndəsə, fəlsəfə, astronomiya və coğrafiya elmlərinin sürətlə inkişafı məhz həmin adamların çiynində durmuşdu.

Yer kürəsində sivilizasiyanın ilkin rüşeymləri cücərəndən bəri əqli cəhətcə inkişaf etmiş insanları ilkin növbədə bircə şey maraqlandırırdı; burada həyat necə yaranıb, Yer kürəsinin forması hansı şəkildədir və yerləşdikləri məkanda su böyük üstünlük təşkil edir, yoxsa torpaq? İlk növbədə insanlar elə bilirdilər ki, yaşayıb fəaliyyət göstərdikləri yer balaca bir bölgədən ibarətdir. Lakin onlar yaşadıqları məntəqədən, digər yaşayış məntəqəsinə səyahət edəndə artıq anlamağa başlayırdılar ki, fəaliyyətdə olan məkan heç də təsəvvür etdikləri kimi balaca deyil.

Sonrakı dövrlərdə uzağa getdikcə, yeni-yeni yaşayış və coğrafi məntəqələri aşkarlandıqca, belə bir anlayış yaranırdı ki, insanların məskunlaşdıqları yerin ərazisi, ümumiyyətlə sonsuzdur. Qədim dövrdə sürətli minik vasitələrinin olmaması, belə bir faktın hökm sürməsinə rəvac verirdi. Çünki bütün məsafələr demək olar ki, ayaq ilə qət edilirdi. Belə olan halda qədim dövrün alimləri Yer kürəsinin quruluşu barəsində və onun hansı sahəyə malik olması haqqında elmi axtarışlara cəhd göstərirdilər.

İllər keçdikcə insanların təfəkküründə Yer və Göy haqqında təsəvvürləri tamamilə müxtəlifləşirdi. Bu ondan xəbər verirdi ki, artıq astronomiya və coğrafiya elmləri yavaş-yavaş inkişaf edir, bu sahələri tədqiq edən alimlərin sayı artırdı.
 
                                                                                                         
Yazçı-tədqiqatçı Ramiz Dəniz,
 Ədəbiyyat üzrə Prezident təqaüdçüsü,
“Qızıl qələm” mükafatı laureatı

email: ramizdeniz65@gmail.com,
          n.tusi.1965@mail.ru




 
      1 Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001. Professor Y. F. Qaraməmmədlinin məruzəsi, səh. 267
5627
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic