ƏL-BİRUNİNİN ASTRONOMİYA VƏ COĞRAFİYA SAHƏLƏRİNDƏKİ FƏALİYYƏTİ - III HİSSƏ

X əsrdə Misirdə Qahirə, İranda Rey və İsfahan rəsədxanaları, Orta Asiyada “Məmun Akademiyası”, Bağdadda “Beytül Hükamə” Şərqdə böyük elm mərkəzləri kimi fəaliyyət göstərirdi.
X əsrdəki Qahirə rəsədxanasının banisi və elmi rəhbəri İbn Yunis (1009-cu ildə vəfat etmiş) olmuşdur və onun ümumi rəhbərliyi altında həmin rəsədxanada “Zic Əl-Kəbir” adlı astronomiya kataloqu tərtib edilmişdi. Adı çəkilən astronomiya kataloqu haqqında “Zic Elxani”  əsərində Tusi tərifli fikirlər söyləmişdir.
Zəmanəsinin tanınmış alimi Əbdürrəhman ben Ömər Əbdül Hüseyn Əl Sufi (903-986) Rey şəhərindəki rəsədxananı təsis etmişdir. Orada aparılan müşahidə işləri səmərəli olmuş və onların əsasında ulduzlar kataloqu tərtib edilmişdir. Bu kataloq 1874-cü ildə Peterburqda Şellerup tərəfindən “Decreption des etoiles fixes” (Sabit ulduzlar siyahısı) adı ilə nəşr edilmişdir.
Əl Sufi bir çox dəyərli əsərlərin müəllifidir. Rey rəsədxanasında onunla birlikdə, sekstant adlı astronomiya cihazının qurucusu məşhur alim Xocəndi işləmişdir.
X əsrin ikinci yarısında Orta Asiyanın Xorezm dövlətində Xorezmşah II Məmun tərəfindən “Məmun Akademiyası” təsis edilir. Həmin dövrdə Xorezm dövlətinin mədəni və təsərrüfat həyatında böyük yüksəliş yaranır və Urgenc, Kyat kimi böyük şəhərlər təşəkkül tapır. Həmin şəhərlər bütün Orta Asiyada öz zəngin kitabxanaları olan mədəniyyət və elmi mərkəzləri ilə məşhur idilər.
Məmun Akademiyasında Biruni, Əbu Əli ibn Sina, Əbu Nəsr İraqi, Xocəndi, Əbu Səhl Məsihi, Əbul Həsən Həmmar və Biruninin müəllimləri olmuş Həraçi və Həmdaki kimi alimlər fəaliyyət göstərmişdilər.
Əbu Reyhan Mühəmməd ben Əhməd əl-Biruni (973-1048) Kyat şəhərində Əbu Nəsr Mənsur ibn Əhməd ibn İraqinin yanında oxumuş, elə ilk astronomik müşahidələrinə də həmin şəhərdə başlamışdır. Biruni 22 yaşına çatanda doğma Kyat şəhərini tərk edib Qurqana (Curcana) gedir və elə həmin dövrdə də özünün çox məşhur olan “Əl əsrar”, “Əl baqiyə”, “Qədim xalqların xronolojisi” adlı əsərini yazır. Bu kitabda bir çox xalqların mədəniyyət, incəsənət və ədəbiyyat tarixləri haqqında, onların təqvimləri, adətləri, bayramalrı və s. haqqında çox geniş məlumatlar verilmişdir.
                    
           Əbu Reyhan əl-Biruni (973-1048)          “Xronlogiyavə ya  keçmiş nəslin abidələri”

Həmin kitab Biruniyə böyük şöhrət qazandırır və Xorezmşah II Məmun alimi təsis etdiyi Akademiyaya dəvət edir. O, burada yeddi il işləyir. Məmun Akademiyası, Mahmud Qəznəvi 1017-ci ildə Xorezmi zəbt edənə qədər fəaliyyət göstərmişdi.
Mən, H. Məmmədbəylinin “Mühəmməd Nəsirəddin Tusi” əsərindən iki abzasa toxunmaq istəyirəm. “Xorezm işğal olunan kimi Məmun Akademiyasının bəzi alimləri Xorezmdən qaçmağa imkan tapmışdılar. Amma başqaları Biruni ilə birlikdə həbs edilmişdi. Onu islam dini əleyhinə çıxmaqda müqəssir hesab edirdilər. Saray adamlarının vasitəsilə Biruni həbsdən azad edilir və az bir zamanda Mahmud Qəznəvinin sarayında ən sevimli alim olur. Özünün astronomiya əsərlərindən birini o, Mahmud Qəznəvinin oğlunun şərəfinə “Məsud Qanuni” adlandırır. Mahmud Qəznəvi və onun oğlu Biruninin bilik xəzinəsindən çox istifadə edirdilər.
Bir dəfə türk ölkəsinin elçisi Sultan Mahmud Qəznəvinin yanına gəlib, şimal qütbünə yaxın bir uzaq ölkədə gördüklərini söylədi ki, orada Günəş həmişə üfüq üzərində durur, gecə isə heç yoxdur. Sultan buna inanmadı, çünki bu o dövrün etiqadının əksinə gedirdi və bu barədə əbu Reyhanın fikrini soruşdu. Biruni bu hadisəni o qədər aydın və inandırıcı tərzdə izah etdi ki, Sultan ona inandı və elçiyə çoxlu hədiyyələr verdi”.4
Mahmud Qəznəvi Hindistanın şimalına yürüş edir və Birunini də özü ilə aparır. Qısa müddət ərzində alim sanskrit dilini mükəmməl surətdə öyrənərək, Hindistan xalqlarının elmi nailiyyətləri və adətləri ilə tanış olur. Biruni sanskrit dilini o qdər səlis öyrənir ki, həmin dildə elmi əsərlər yazır, ərəb və fars dillərinə və əksinə, həmin dillərdən sanskrit dilinə tərcümə edir.
Biruni Hindistana gəlməmişdən əvvəl bu ölkədə riyaziyyat və astronomiya elmləri lazımi qədər inkişaf etmişdi. Orada triqonometriya da öyrənilmişdi. 1860-cı ildə ingilis dilinə “Surya-Siddxanta” adlı astronomiyaya dair hind əsəri tərcümə edilir. Bu əsərin tərtib olunma dövrü bizim eranın IV əsrinə təsadüf edilir. Başqa bir “Siddxanta Çiromani” adlı əsər Baskar Akaria tərəfindən XII əsrdə yazılmışdır.
Həmin əsərlərin dəqiq tədqiqi ilə Renaud, Albrext Veber, Morits Kantor və başqaları məşğul olmuşdular. Sonradan məlum olub ki, hindlilərin riyaziyyatla və astronomiya ilə bağlı olan bilikləri yunanlardan keçmişdir.
Alimin Hindistanda olduğu dövr elmi cəhətdən çox səmərəli olur, ona görə ki, onun tərəfindən sanskrit dilinə tərcümə edilmiş Ptolemeyin “Almagest” və Evklidin  “Əsaslar” kitabı Hindistanda elmin inkişafında əhəmiyyətli rol oynamışdır.
     
             Əl-Biruni növbəti əsəri üzərində işləyir                              Əl-Birunu actronomik cihaz olan
                                                                                                       astrolyabiyanı təkmilləşdirmişdi
 
Biruninin 1030-cu ildə yazdığı “Hindistan” kitabı olduqca qiymətli bir əsərdir və həmin kitabın yarısı (səksən fəsildən qırxı) hindlilərin astronomiya biliklərinə aiddir. “Hindistan” kitabını Biruni belə adlandırmışdı: “Hindlilərə” mənsub olan əql tərəfindən qəbul və rədd edilən təlimlərin izahı olan kitab”. Alimin həmin əsəri haqqında məşhur rus şərqşünası Bartold yazmışdı ki, o öz qəlbində yeganədir və onun bərabəri qədim və orta əsrlərin elmi ədəbiyyatında yoxdur.
Həmin kitab 1887-ci ildə Londonda ərəb dilində və növbəti ildə ingilis dilinə tərcümə edilmişdi.
Biruninin elmi irsi zəngin və rəngarəng olduğundan, onun qələmindən çıxan qiymətli əsərlərinin kiçik siyahısını göstərmək maraqlı olar.
 
1. Dağın başından görünən üfüqün enməsinin müşahidəsi əsasında yerin ölçülərinin təyin edilməsi.
2. Astronomiya cihazları və onlardan istifadə etmək.
3. Astrolyabiyanın hazırlanmasının müxtəlif yolları.
4. Ulduz xəyallarının proeksiya olunması.
5. Kometalar.
6. Göy hadisələrinin tədqiqi məsələsinə dair.
7. Günəş hərəkətinin yoxlanması səyi.
8. Evklidin işləri barəsində qeydlər.
9. Ptolomeyin astronomiyasına qeydlər.
    10. Xorezminin astronomiyaya aid işləri haqqında.
    11.Ərəblərin Yerin hərəkəti haqqında nəzəriyyəsinə dair.
 
Biruni özünün elmi şücaəti sayəsində müsəlman ruhaniləri tərəfindən edilən arasıkəsilməz hücumlarına baxmayaraq, heliosentrik sistemin əsas müdafiəçiləridən biri olmuşdur. Haqlı olaraq o, geosentrik sistemini astronomiyanın əsası hesab edənlərin və bu sistemin çıxarılması ilə astronomiyanın məhv olması fikrini yürüdənlərin əleyhinə qarşı amansız mübarizə aparırdı.
O, deyirdi: “Yerin hərəkətsiz durması təlimi astronomiyanın əsaslarından biridir, bu isə hind astronomlarının ehkamlarından biridir. Bu, astronomiyada böyük çətinliklər törədir”.
Biruni göstərir ki, Yerin fırlanması heç də astronomiyanın əhəmiyyətini azaltmır. Doğrudan da, bu qəbildən olan hər cür astronomiya hadisələri həmin müvəffəqiyyətlə bu nəzəriyyə əsasında izah oluna bilər.
Adı çəkilən alimin elə elmi ixtiraları var ki, bir neçə əsr keçəndən sonra tanınmış alimlər həmin ixtiraları təkmilləşdirməyə səy göstərmişdilər. Lakin onun elə bir kəşfləri olub ki, həmin elmi işlər mütəxəssislər tərəfindən lazımi qədər diqqət yetirilməmişdir. Müasir dövrdə Azərbaycanın görkəmli alimi professor R. Hüseynov Biruni haqqında deyir: “Şərq aləmində Yerin fırlanması haqqında XI əsrdə məşhur Orta Asiya alimi Biruni astronomiyanın bir çox sahələrində fəaliyyət göstərməklə yanaşı, onun astronomiya haqqında traktatları - “Qanunlar kitabı” - çıxıbdır, həmin qanunlarda çox qəribə fikir söylənilibdir; Yerin öz oxu ətrafında fırlanması astronomiyanın heç bir müddəalarına zidd deyil”.5
Lakin hər iki məşhur alimdən əvvəl Şeyx Məhəmmədəli Babakuhi Bakuvi Kainatın heliosentrik quruluşu haqqında fikri yürütməklə astronomiyada dönüş yaratmağa çalışmışdır. Bu fərziyyə Nikolay Kopernikin bu sahədə kəşfindən 500 il əvvəl yürüdülmüşdü.
Bu fikri Şərqin başqa bir məşhur alimi Nəsirəddin Tusi də söyləmişdir və həmin elmi fikrə alman məxəzlərində rast gəlmək olardı. Lakin naməlum səbəblərdən həmin elmi araşdırılma sona çatdırılmamışdı.
Deməli, Yerin tərpənən olduğunu məşhur Polşa alimi Nikolay Kopernikdən (1473-1543) əvvəl Şərq astronomları söyləmişdilər. Nikolay Kopernikin vəfat etdiyi ildə, 1543-cü ildə “Göy sferalarının dolanmaları haqqında” əsəri çapdan çıxmışdır. Bu əsərində Kopernik hər şeydən əvvəl özünün heliosentrik sistemini şərh etmişdi. Bu sistemə əsasən dünaynın mərkəzində tərpənməz Yer deyil, öz oxu ətrafında fırlanan Günəş yerıləşir. Yer başqa planetlər kimi həm Günəşin ətrafında, həm də öz oxu ətrafında fırlanır.
  
                                                                       Yazçı-tədqiqatçı Ramiz Dəniz,
                                                                      Ədəbiyyat üzrə Prezident təqaüdçüsü,
                                                                     “Qızıl qələm” mükafatı laureatı
 
        5 Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti 2002 il 28 iyunda dahi Azərbaycan alimi Nəsirəddin Tusinin 800 illik yubileyinə həsr olunmuş “Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi yazıçı-tədqiqatçı Ramiz Qasımov yaradıcılığında” mövzusunda keçirilən elmi-praktik konfransda professor Rəhim Hüseynovun məruzəsi.
 
        4 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 1980. səh.21-22 

email: ramizdeniz65@gmail.com,
          n.tusi.1965@mail.ru
23834
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic