NƏSİRƏDDİN TUSİNİN VƏTƏNPƏRVƏR HİSSLƏRİ

Bir çox İslam tarixçiləri Tusini monqol işğalçıları ilə birlikdə Bağdad Xilafətinin məhvində fəal iştirak etməyini pisləyirlər. Həmin dövrdə Yaxın Şərq üçün, o cümlədən Azərbaycan üçün həm Bağdad Xilafəti, həm də monqol işğalçıları eyni dərəcədə faciə idi. Lakin onlar bir-birilərilə toqquşmaqla öz güclərini zəiflətmiş olurdular.
Qeyd etməliəm ki, Bağdadın işğalı zamanı Hülaku xanı müşayiət edən Tusi, şəhərdəki alimlərin, qadınların və uşaqların xilas olunmasında əvəzsiz rol oynamışdı. O, Bağdadın işğalından sonra Hülakunun siyasətini dəyişməyə və yeni kütləvi qırğınların qarşısını almağa nail olmuşdu.
Tarixdən bəllidir ki, Bağdada yaxınlaşan Hülaku xan eyni zamanda Səlcuq türklərinin məskunlaşdığı ərazinin sərhədində ayaq saxlayır. O, iki seçim qarşısında qalır: ərəb Xilafətinin sonuncu sığınacaq yeri sayılan Bağdad şəhərinə və yaxud da Konstantinopolun divarlarına qədər uzanan səlcuqilərin ərazisinə hücum etsin. Hülaku xan elə bir addım atmalı idi ki, yaratdığı “Elxanilər” dövləti bunun nəticəsində azacıq da olsun zəifləməsin.

Hülakü xan və Doqquz xatun. Cami ət-tavarix əlyazması. (XIV əsr)

 
Yersiz qığınlara sinə gərən Tusinin bu haqda çox gözəl fikirləri var: “Qələbədən sonra, əlbəttə, başdantutma edama başlamamalı, kin və nifrətdən əl çəkməli, ədavətə son qoymalıdır, çünki qələbədən sonra məğlub edilmişlər qulam və rəiyyət yerində olarlar...
 Əfv edib bağışlayan şahlar bağışlamayanlardan daha yaxşıdır, çünki gücü göstərdikdən sonra bağışlamağın başqa hüsnü var”.1
Hülaku xan Azərbaycanda olarkən, həqiqətən də dilemma qarşısında qalmışdı – Bağdada hücum etsin, yoxsa səlcuq türklərinin üzərinə yerisin? Bunun üçün əyanların məsləhəti hər şeyi kökündən dəyişə bilərdi.
Azərbaycan alimi türk milliyətindən olduğu üçün çox güman ki, belə bir vəziyyətdə səlcuq türklərini müdafiə etməli idi. Həm də o tarixdən çox yaxşı bilirdi ki, Ərəb Xilafəti yox, Kiçik Asiyanın Anadolu hissəsində yaşayan məhz türk tayfaları, dünyada İslam dininin müdafiəçiləri sayılırdılar. Çünki yalnız onlar, Roma papasının təhriki ilə Avropanın xristian hökmdarları, İslam dinini məhv etmək üçün səlcuq türklərinin üzərinə yeddi böyük səlib yürüşü təşkil etmişdilər. Bundan əlavə Anadoluda məskunlaşan türk tayfaları qərbdə xristian dünyası ilə “Elxanilər” dövləti arasında baryer rolunu oynayaraq, güclü müdafiə xətti təşkil edirdilər. Nəhayət sonda bildirmək istəyirəm ki, Hülaku xan İrana və Azərbaycana soxulandan sonra monqol ordusunun avanqardında türklərin süvariləri və piyada əsgərləri durmağa başladı. Söz yox ki, belə bir qüvvə ilə monqol xanı səlcuq türkləri üzərində qələbə əldə edə bilməzdi. Hülaku xan tarixdən bilirdi ki, türklər döyüşkən, bir-birilərinə sədaqətli, sadiq və çox nadir hallarda bir-birilərinə qarşı silah qaldırırlar. Bütün bu amillər, səlcuq türklərini böyük təlafatlardan xilas etmişdi. Sonrakı prosesdə Bağdad Xilafətinin darmadağın edilməsində, monqol ordusunun tərkibində olan avanqard türk dəstələri başlıca rol oynamışdılar.
Tusinin yaşadığı dövrdə monqollar Azərbaycanı bütünlüklə işğal etmişdilər. Orada yerləşən bütün inzibati və mədəni obyektlər monqolların nəzarəti altında olmuşdu. Bu ondan xəbər verir ki, azərbaycanlı alimin özü və gördüyü işlər də monqolların nəzarəti altında idi. Kamil və müdrik məsləhətləri ilə başqalarından fərqlənən Tusi monqolların hakimləri sayılan əvvəlcə Hülaku xanın, sonra isə Abaqa xanın saraylarında baş vəzir vəzifəsində işləmişdir. Həmin vəzifələrdə işləməsinə baxmayaraq, görkəmli alim elmi nailiyyətlərinə görə adları çəkilən xanların sevimlisinə çevirilmişdir.
Kamil düşüncəsi, ağıllı məsləhətləri və dünyagrüşü ilə bir çox vəzir-vəkillərdən qabarıq şəkildə seçilən Tusi Hülaku xanın gözündə ölkənin bacarıqlı və çevik siyasətçisi kimi görünürdü. Buna görə də alimin məsləhətləri monqol hökmdarı üçün bütün əyanların məsləhətindən üstün idi. Hülaku xan yaxşı bilirdi ki, Tusi təkcə əxlaqi nəsihətlər verməmiş, eləcə də ölkə idarəçiliyi, hakimiyyətin saxlanılmasının əsaslarına dair əməli və lazımlı təkliflərini irəli sürmüşdü. İdarəçilikdə qlobal siyasəti, ərazi siyasəti, ünsiyyət siyasəti məsələlərini analiz edərkən Aristotelin, Platonun, Fərabinin və ibn Sinanın fikirlərini bütün incəliklərlə təhlil etmişdi. H. B. və S. M. Bayramovlar qeyd edirlər ki, ... Platonun “Siyasət” kitabının təhlili Tusinin ictimai-humanitar düşüncə sahəsində ensiklopedik nəzəri dünyagörüşünə malik sima olduğunu sübut edir. Ölkə siyasəti, Müdafiə siyasəti, Kəramət siyasəti, Cəmaət siyasəti başlıqlarında (“Əxlaqi-Nasiri” əsərindəki fəsillərin başlıqları – R. D.) dair orijinal fikirlər irəli sürür. Ölkə idarəçiliyinin prinsiplərini təklif edən Tusi bu sahədəki siyasəti iki yerə bölür: birinci fəzilətli (demokratik – H. B.) siyasət, ikincisi zorakı (avtoritar – H. B.) siyasət.
Hülaku xanın tarixdə keçdiyi yol bir çox tədqiqatçılar üçün maraqlı olduğundan, onun dövrü fəaliyyəti diqqət mərkəzində olub. O, Çingiz xanın sevimli nəvələrindən biri olmuşdu. Bütün ömrüboyu köçəri həyat sürmüş Hülakunun ən sevimli əyləncələri şahin və pusqu ovlarına çıxmaq, böyük ziyafətlər təşkil etmək idi. Gözəl mallara olan həvəs onun istəyinə çevirilmişdi. O, nəinki Çingiz xanın hərbi məktəb sənətinə yiyələnmiş, həm də həmin sənəti düşmən əhatəsində öz şəxsi marağı üçün istifadə etməyi bacarırdı.
Rəşidəddinin sözlərinə görə Hülaku xan elmləri çox sevir və sarayında alimləri, müdrik adamları saxlamağı xoşlayır və onların biliyindən istifadə edərdi.
Hülaku xanın xüsusiyyətində mərdlik, zəhmlilik və qəddarlıq xeyli seçilir, lakin ona yaltaqlanmağı xeyli xoşlayırdı... Dostlarına qarşı ürəyiaçıq, düşmənlərinə qarşı isə çox rəzil, mali-mülkə hərisli olan Hülaku xan belə bir rəngarəng fiqur idi.2
Hülaku xan Çin dövlətinin hökmdarı Xubilay xanın qardaşı idi və həmişə də nüfuzlu və qüdrətli hökmdarın yanında böyük hörmətə malik idi. Tusi çox yaxşı bilirdi ki, Xubilay xan öz qardaşının sözündən çıxmayacaq və məhz buna görə də əmin idi ki, Hülaku xan möhtəşəm rəsadxananın Azərbaycanda tikilməsi razılığını öz qohumundan alacaq. Razılıq almaqdan əlavə bu sahədə işləyən mütəxəssislərin Çindən Azərbaycana gətirilməsi vacib idi. Hülaku xan bu məsələ barəsində qardaşına müraciət edir və astronomiya sahəsində lazımi qədər təcrübəsi olan cavan alim Fao Mun-Çi Azərbaycana gəlməli olur.

Xubilay xan (1215-1294)

Tusi bu məsələdə bir növ peşəkar diplomat kimi hərəkət etmişdi. Nəhəng imperiyanın (Yuan) hökmdarı Xubilay xan möhtəşəm bir rəsədxananın Çində tikilməsini istədiyi bir vaxt məhz Azərbaycanda tikilir. Əlbəttə, rəsədxananın tikintisinə külli-miqdarda pul sərf olunmalı və heç kim də əvvəlcədən zəmanət verə bilməzdi ki, həmin rəsədxana necə fəaliyyət göstərəcək. İmperiyanın hüdudlarında tikiləcək elm ocağının astronomiya elminə keyfiyyət baxımından müsbət təsir etməsi, bu işə sərmayə buraxan hər bir adamı möhkəm narahat etməli idi. Xubilay xan öz qardaşının xahişini yerinə yetirəndə nə etdiyini çox yaxşı bilirdi. Hülaku xanın verdiyi sərmayənin hesabına – 20 min dinar – Azərbaycanda tikiləcək rəsədxana keyfiyyət baxımından necə inşa ediləcək və onun fəaliyyəti hansı yönümdə qane etsə, onda o, da belə bir rəsədxananın Çində tikilməsinə səy göstərəcək və bunun üçün ən təcrübəli mütəxəssisləri məhz Azərbaycandan gətirəcəkdir.
Xubilay xan anlayırdı ki, Marağada rəsədxana işə salınandan sonra həmin elmi ocağın nəzdində astronomiya, riyaziyyat, həndəsə, coğrafiya elmini inkişaf etdirmək üçün mütəxəssislər hazırlanacaq. Belə olan halda, gələcəkdə Çində tikiləcək rəsədxananın işlədilməsi üçün Azərbaycandan gətirdiləcək mütəxəssislər əsas işlərin öhdəsindən gəlməlidirlər. Əlbəttə, Tusi məktəbinin yetirmələri nəinki Çində və Azərbaycanda, ümumiyyətlə, dünyanın hər bir yerində fəaliyyət göstərməli idilər.
 
                                                                                     Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                      Prezident təqaüdçüsü,
                                                                                     “Qızıl qələm” mükafatı laureatı

 
email: [email protected],
          [email protected]
 
         1 Xacə Nəsirəddin Tusi. Rəhim Sultanovun farscadan tərcüməsi. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005. səh.235
         2 Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв. Москва, «Наука», 1978. стр. 243


 
16533
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic