NƏSİRƏDDİN TUSİ VƏ XIII ƏSRDƏ ASTRONOMİYANIN İNKİŞAFI - I HİSSƏ

XIII əsrdə, zəmanəsinin görkəmli filosof, astronom, riyaziyyatçı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquqşünası sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi (1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa şəhərində, şəxsən özü-öz layihəsi ilə inşa etdirdiyi rəsədxanada işləmişdir.
Tusinin tikdirdiyi rəsədxana quruluşuna, həcminə və orada görülən elmi araşdırmalara görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoymuşdur. Ora bir növ, bütün dünya üçün astronomiya, coğrafiya və riyaziyyat elmləri üzrə kadrlar yetişdirilməsinin akademiyası sayılırdı.
Oranın kollektivi astronomik müşahidələr aparmaq üçün çox dəqiq cihazlar hazırlamışdılar. Belə bir müşahidələrin aparılması zamanı qeydiyyatların aparılması üçün hökmən dəqiq ölçülü saatlar lazım idi. Marağada rəqqaslı vaxtölçülü (saatlar) cihazlar hazırlanmışdır, lakin həmin cihazlar naməlum səbəblərdən gəlib bizim dövrümüzə qədər çıxmamışdır. Bəlkə də zaman yetişəcək, hər hansısa bir ölkənin tarix muzeyində və yaxud da tarixi qədim mədəniyyətə malik olan abidələrin qorunub saxlanan dövlət qoruğunda Marağa rəsədxanasında qurulan Yer kürəsinin qlobusları və ixtira edilən rəqqaslı saatlar tapılıb üzə çıxarılacaq.
Marağada aparılan astronomik müşahidələr zamanı “İlhanilərin astronomik cədvəlləri” (“Zic Elxani”) adlandırılan kollektiv əsərin yaranması baş vermişdir.
Bu cədvəllərin sonuncusu 1284-cü ildə Tusinin vəfatından 10 il sonra tərtib edilmişdir. Buna oxşar cədvəllər Avropada 400 il sonra yaradıldı.
Mühəmməd Nəsirəddin Tusi (1201-1274)
“Zic Elxani” əsəri barəsində fizika-riyaziyyat elmləri doktoru professor Rəhim Hüseynov yazır: “Nəsirəddin Tusinin və ümumiyyətlə, Marağa rəsədxanasının astronomiyaya aid ən qiymətli işi “Elxan cədvəlləri” (“Zic Elxani” – R. D.) əsəridir. Bu əsər dörd kitabdan ibarətdir. Birinci kiabda çin, uyğur (türk – R. D.), yəhudi və ərəb təqvimlərinin əsasları və bir təqvimdən digərinə keçmək üsulları şərh olunur; ikinci kitabda planetlərin və Günəşin hərəkətləri təsvir olunur, Günəş diski mərkəzinin Marağa meridianında həqiqi günorta vaxtı müəyyən tarixlərdə ekliptik uzunluğu, planetlərin orta sutkalıq hərəkətinin dəqiqləşdirilmiş qiymətləri verilir; üçüncü kitabda vaxtın təyini üsulu şərh olunmuşdur; nəhayət dördüncü kitabda astronomiya haqqında müxtəlif məlumatlar verilmişdir. “Elxan cədvəlləri”ndə planetlərin efemeridləri cədvəllərində verilən geosentrik uzunluqlarının qiymətləri müasir qiymətlərdən çox az-qövs saniyəsində mində biri qədər fərqlənir. Tusi planetlərin geosentrik enliklərini bir qövs saniyəsi dəqiqliyilə təyin etmişdir. O, illik presessiyanın qiymətini xeyli dəqiqləşdirmişdir”.1
Marağa rəsədxanasına, zəmanəsinə görə kifayət qədər ən bacarıqlı və təcrübəli alimlər yığışılmışdı ki, Yerin və Göy fəzasının quruluşu barəsində lazımi qədər məlumatlar toplasınlar.
V. N. Pipunırov yazır: “Ədalət naminə qeyd etmək lazımdır ki, 1259-cu ildə Nəsir-əd-din ət-Tusi tərəfindən yaradılan Marağa rəsədxanası böyük məşhurluqla və şöhrətlə təşəkkül tapmışdı. Təchiz olunan astronomik cihazlarına görə həmin zaman onun tayı-bərabəri yox idi. Marağa rəsədxanasında nəinki Günəş və su saatları, Göy qlobusları, armillyar sferalar vardı, o cümlədən, cürbəcür təyinaylı kvadrantlar (divar, hərəkət edən və s.), tutulmaları müşahidə edən, gün bərabərliyini, ekliptikanın mailiyini təyin edən cihazlar, sinus-alətlər”.1
Bir neçə məsələnin həll edilməsi üçün, bir çox əsas astronomiya kəmiyyətlərinin təyin olunması üçün vahid proqramlı, intensiv müşahidə aparan, nisbətən daha yüksək dəqiqliyə malik olan astronomik tədqiqat obyetktinin tikilməsi vacib idi.
Bu, əsas sabitlərdən biri illik presessiyanın miqdarı idi. Məlum olduğu üçün Ayın və Yerin cazibəsinin Yerin ekvatorial hissəsinə olan təsiri nəticəsində Yer kürəsinin fırlanma oxu çox kiçik miqdarda olsa da, öz istiqamətini dəyişir. Ayın və Günəşin cazibəsindən başqa planetlərin cazibəsi nəticəsində ulduzların koordinatlarında müəyyən dəyişikliklər əmələ gəlir. Bundan başqa Ay və Günəş tutulmalarını əvvəlcədən xəbər verməkdən ötrü Ay və Günəşin hərəkət cədvəllərini tərtib etmək üçün onların hərəkətlərinin və tutulmalarının ünsürlərini bilmək lazım idi.
Alimin rəhbərliyi ilə elmin müxtəlif sahələrinə aid bir sıra qiymətli əsərlər yaradılmışdır. “Zic İlxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta bir neçə əsr astronomik müşahidələrinə nisbətən dəqiq təyin edilmişdi. “Zic İlxani” bir neçə əsrdə astronomiya elminə dair yaradılan unikal əsər sayılırdı. Təəssüflər olsun ki, həmin əsər vaxtında tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmamışdı. Lakin kitab ilə maraqlanan bəzi alimlər tərcüməçilərin vasitəsilə həmin elmi iş ilə tanış olurdular.
Tusi “Zic İlxani” əsərinin müqəddiməsində yazır: “Bizə qədər, Hipparxın müşahidələri ən məhsuldar iş sayılır, həmin tarixdən bizim apardığımız müşahidələrə qədər 1400 və bir neçə il keçibdir. Hipparxdan 285 il sonra Ptolemeyin müşahidələri gəlir. Daha sonra həmin müşahidələr Xəlifə Məmunun dövründə Bağdadda baş verir və həmin vaxtdan bizim günlərə qədər 430 ildən bir az çox vaxt keçmişdir. Bütün bunlardan ən çox bizim müşahidələrə oxşar işlər Hakaminin və İbn Əl Əalamənin 250 il bundan əvvəl apardıqları müşahidələrdi”.
Elmə, mədəniyyətə və incəsənətə böyük üstünlük verən Teymurləngin nəvəsi Mühəmməd Tarağay Uluqbəy (22-III/1394–27X/1449) Səmərqəndin hökmdarı olandan Səmərqənddə möhtəşəm bir astronomik rəsədxana tikdirmişdi. Orada astronomiya və riyaziyyat elmlərini inkişaf etdirmək üçün Uluqbəy səltənətində yaşayan, zəmanəsinin ən məşhur alimlərini – Qiyasəddin Kaşanini, Qazızadə Rumini, Əli Quşçunu, Mühəmməd Xəvofi ni başçılıq etdiyi rəsədxanaya dəvət edir. Qiyasəddin Kaşani “Zic Elxani”nin mükəmməl forması əsasında “Zic Xaqan” adlı bir astronomik kataloqunu işləyib hazırlayır.
                                 
   Qiyasəddin Cəmşid Kaşani (1380-1429)                      Ələddin Əli əl-Quşçu (1402 –1474)

Marağa rəsədxanasının astronomik cihazlarını dərindən öyrənmiş Qiyasəddin astronomik cihazlar haqqında bir risalə (traktat) və riyaziyyatın inkişafında mühüm rol oynayan “Hesabın açarı”, “Çevrənin mühiti haqqında”, “Vətər və sinus” və s. əsərlər yazmışdı.
Qazızadə Rumi Uluqbəyin müəllimi olmuş, Qiyasəddin vəfat edəndən sonra elmi kollektivin rəhbəri vəzifəsinə keçmişdi. Əli Quşçu isə Qazızadə Ruminin vəfatından sonra demək olar ki, bütün elmi işləri başa çatdırmış və Uluqbəy rəsədxanasının əsas elmi işlərini özündə əks elətdirən “Zic Uluqbəy”, yaxud “Zic Gürgani” kataloqlarını tərtib etmişdi.
Az bir vaxtda fəaliyyət göstərmiş Uluqbəy rəsədxanası elm dünyasında iki şeylə məşhurlaşmışdı: biri radiusu 40,04 metr olan Divar sektantı, o biri isə “Zic Uluqbəy” adlı astronomik kataloqdur. Divar sektantı Marağa rəsədxanasında olduğu kimi dairənin dörddə bir hissəsindən ibarətdir. Bunun üzərində 00-dən 900-yə kimi bölgülü şkala vardır.
Bu cihazın yarısı yerin altında, qalan hissəsi isə yerin səthindədir. Divar sektantının yuxarı yarısı üçün xüsusi bina tikilmışdir. Bu, 21 metr yüksəliyində üçmərtəbəli bina idi və cihazın özü meridian müstəvisində yerləşdirilmişdir. Həmin binanın yuxarı hissəsində Günəşi və planetləri müşahidə etmək üçün bir qübbə var idi.
                         
    Mühəmməd Tarağay Uluqbəy (1394-1449)             Salahuddin Qazızadə Rumi (1364-1436)

Uluqbəy rəsədxanasını məşhurlaşdıran “Zic Uluqbəy” əsərinə gəlincə, XX əsr özbək astronomlarından biri Cəlalov bu kataloq ilə “Zic Elxani”ni müqayisə etmiş və belə qərara gəlmişdir ki, bunlarda oxşar yerlər çoxdur. “Zic Elxani”də nəzərdə tutulmuş müşahidə proqramı bir yerdə “Zic Ulqbəy”in müşahidə proqramından fərqli olmuşdur. Bunun fərqi isə bundan ibarətdir: Uluqbəy rəsədxanasındakı müşahidələr zamanı 1018 ulduzun koordinatları verilmişdir. Amerika astronomu E. B. Knobelin həmin ulduzların koordinatlarının tədqiqatı nətisində məlum olmuşdur ki, bu ulduzlardan 900-un uzunluq koordinatı və 878 ulduzun isə enlik koordinatları tamamilə yenidən Uluqbəy rəsədxanasında tərtib edilmişdi. Əlbəttə, astronomiya elmində bu yüksək nəticə sayılırdı. Bundan sonra bu məsələyə dair E. B. Knobel yazır: “Özünün xüsusi müşahidələrinin əsasında tərtib olunmuş ulduz kataloqu çox nadir bir əhəmiyyətə malikdir”.
Uluqbəy rəsədxanasının tədqiqi ilə məşğul olmuş məşhur fransız riyaziyyatçısı və astronomu Pyer Laplas əsl reallıqdan uzaq olaraq bu haqda belə yazmışdı: “Öz məmləkətinin paytaxtında, Səmərqənddə o, (yəni, Uluqbəy – R. D.), ulduz kataloqu və astronomik cədvəllər tərtib etmişdi ki, bunlar Tixo Brageyə qədər onların hamısından yaxşı idi”.
 “Zic Uluqbəy” ulduzlar kataloqu, onların koordinatları astronomiyanın inkişafında, xüsusən astronomik müşahidələrin aparılmasında, fəza cisimlərinin qeyri-adi hərəkətindən, ulduzların xüsusi hərəkətini, onların quruluşunu öyrənmək işində ətraflı və lazımlı bir əsər sayılırdı. Lakin bildirməliyəm ki, Marağa rəsədxanası XIII əsrin ikinci yarısından, Uluqbəy rəsədxanası işə XV əsrin birinci yarısından fəaliyət göstərməyə başlamışdır. Həmin rəsədxanaların fəaliyyət göstərmələrində, böyük bir müddət fərqi, yəni, ən azı 150 il fərq var idi. Elmi ocaqlarda həmin il fərqli elmi nəticələrin əldə olunması üçün həddindən artıq böyük müddət sayılır. Marağa rəsədxanasında aparılan elmi təcrübələr, astronomik müşahidələr və əldə olunan elmi nailiyyətlər miqyasına görə, Tixo Brage rəsədxanasına qədər, tikilən bütün rəsədxanalarda əldə olunan elmi nailiyyətlərdən çox üstün idi. Etiraf etməliyik ki, Səmərqənd astronomları bir çox fəaliyyətlərində Marağa rəsədxanasındakı işlərin nəticələrindən istifadə etmişdilər. Azərbaycanın tanınmış alimləri H. Məmmədbəyli, Z. Xəlilov, Fərəcov bu faktı qətiyyətlə təsdiqləmişdilər.
İllik pressesiyaların qiymətini göstərməklə, bir çox şeylər aydınlaşar:
Ptolemey – 36//,0
Əlbəttani – 54//,4
Əl-Sufi – 55//,0
Nəsirəddin – 51//,4
Uluqbəy – 51//,4
Professor H. Məmmədbəyli bu barədə yazır: “Marağa rəsədxanasında 256 şəhərin coğrafi koordinatları cədvəli tərtib olunmuşdu və bu cədvəl “Zic Elxani”yə daxil edilmişdir. Belə bir cədvəl “Zic Uluqbəy”də də vardır. Aparılan tədqiqat nəticəsində aşkar edilmişdir ki, bu cədvəl “Zic Elxani”dən mexaniki sürətdə “Zic Uluqbəy”ə köçürülmüşdür. Yalnız burada Səmərqənd şəhərinin koordinatları yenidən tərtib edilmişdir. “Zic Uluqbəy”də də triqonometrik funksiyalardan sinus və tangensdən hər dəqiqədən bir qiymətini verən cədvəllər vardır. Lakin bu cədvəllər Marağa cədvəllərinə nisbətən daha dəqiq tərtib olunmuşdur.
Nəsirəddin Tusi “Zic Elxani” əsəri üzərində işləyir

Həmin funksiyaların qiyməti dördüncü altmışlıq rəqəminə qədər dəqiqliklə verilmişdir. Uluqbəy rəsədxanası ilə Marağa rəsədxanasını bir-birilə müqayisə etdikdə göstərməliyik ki, Marağada aparılan elmi işlər həm nəzəri, həm də təcrübi cəhətdən Səmərqənd rəsədxanasına böyük təsir göstərmişdir. Bununla belə hər bir rəsədxananın öz müstəqil elmi fəaliyyəti olmuşdur”.1
Bununla belə bildirmək olar ki, görkəmli Azərbaycan alimi Tusinin və onun rəhbərlik etdiyi elmi işlər Uluqbəy rəsədxanasının astronomları üçün bir çox işlərdə istiqamətverici, Marağa rəsədxanası isə oriyentir məntəqəsi rolunu oynayırdı.
Ümumiyyətlə, Orta əsrlərdə hər hansı bir rəsədxana yaradılanda astronomik müşahidələrin aparılması üçün, Tusinin yaratdığı rəsədxanada aparılan elmi-praktik işlər stimulyator rolunu oynamış və hər bir xırda elmi təcrübələrdən zərurət kimi istifadə edilmişdir. Məhz bu səbəbdən Marağada hazırlanmış və ixtira edilmiş astronomik cihazların quruluşu Avropa astronomlarına məlum olmuşdur. Tixo Brage Kopenhagendə yaratdığı rəsədxanada Marağada ilk dəfə icad olunmuş fırlanan kvadrantın bir neçəsi (burada onlara azimutal kvadrant da deyirdilər) və Divar kvadrantının da bir nümunəsi orada tapılmışdır. Onun, semisirkuli öz inkişafı nəticəsində müasir astronomiyada işlənən “Universal” cihazına çevrilmişdir. Bu ondan xəbər verir ki, Tixo Brage hələ, Kopenhagendə məşhur elm ocağını yaratmamışdan əvvəl, tabeliyindəki alimləri, Marağa rəsədxanasının dövri fəaliyyətini dərindən öyrənməkdən ötrü, Azərbaycana yollamış və şəxsi işlərin görülməsi üçün qiymətli məlumatlarla yanaşı, həm də lazımlı materiallar əldə etmişdir. Marağada icad olunan və istifadə edilən bütün avadanlıqlar və cihazlar dünyada fəaliyyət göstərən bütün astronomların, riyaziyyatçıların, xəritəşünasların və coğrafiyaşünasların diqqət mərkəzində idi.
                         
          Tixo Brage (1546-1601)                                 Tixo Brage rəsədxanada iş başında

Marağada aparılan müşahidələrin dəqiqliyi, bir çox Avropa və Asiya rəsədxanaları üçün ideal olmuş, yalnız XVI əsrin axırında Tixo Brage tərəfindən aparılan müşahidələrin dəqiqliyi onları arxada qoymuşdur.
Hindistanın Caypur rəsədxanası nəinki öz ölkəsində, həm də Asiyanın cənubunda məşhur astronomik müşahidələr ocağı sayılmışdır. Həmin rəsədxanada Şah Cahanın (1628-1659) və Məhəmməd Şahın (1719-1748) dövrlərində iki dənə astronomik kataloqlar “Zic Şah Cahanı” “Zic Məhəmməd Şahi” – tərtib olunmuşdur. Bu kataloqun bir neçə alimlər tərəfindən aparılan dəqiq tədqiqi göstərir ki, onun tərkibi üçün düzəldilmiş müşahidə proqramı Səmərqənd və Marağa rəsədxanalarında aparılmış müşahidə proqramından ibarətdir. Buradakı bir çox cədvəllərin bəzisi “Zic Elxani”də olan cədvəlin surətindən ibarətdir.
Artıq belə bir nəticələrdən sonra qeyd etmək olar ki, “Zic Şah Cahani” əsərinin müəllifi hind astronomu Əbu Mulla Fərid Dəhləvi və “Zic Məhəmməd Şahi” əsərinin müəllifi Hindistanın böyük alimi Savoy Cay-Sinq belə bir astronomik kataloqları tərtib edərkən, Tusinin fəaliyyətini və Marağa rəsədxanasında aparılan astronomik müşahidələri dərindən öyrənərək, özləri üçün müsbət nəticə əldə etmişdilər. Nəzərə almaq lazımdır ki, Savoy Cay-Sinq öz kataloqunu yaradarkən artıq XVIII əsrin ortası idi və qeyd etməliyəm ki, “Zic Elxani”nin yaradılmasından 500 il keçməsinə baxmayaraq, hələ də dünya astronomları bir mənbə kimi Tusinin əsərindən istifadə edirdilər. Həmin dövrə qədər Avropanın rəsədxanalarında fəaliyyətdə olan astronomik cihazların tam təkmilləşməsi prosesi gedirdi. Yəni, optikalı cihazların istehsalı baş verirdi. Asiyanın rəsədxanalarında çalışan astronomlar müşahidələr aparmaq üçün bilavasitə Avropada istehsal olunan cihazlardan istifadə etməyə üstünlük verməyə başlamışdılar.
Hindistanın görkəmli dövlət xadimi Cavaxarlal Nehru Savoy Cay-Sinq haqqında belə bir fikir söyləyib: “Vaxtilə Savoy Cay-Sinq hələ astronomiya müşahidələrinə başlamazdan əvvəl Avropada astronomiyanın nəzəri və təcrübə səviyyəsi ilə tanış olur və belə qərara gəlir ki, Şərq alimlərinin bu sahədə nailiyyətləri Avropa alimlərinin işlərindən geri qalmır və o, optikasız astronomik cihazlar qurur”.
 
                                                                              Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                              Prezident təqaüdçüsü,
                                                                              “Qızıl qələm” mükafatı laureatı
 


 
email: ramizdeniz65@gmail.com,
          n.tusi.1965@mail.ru
 

          1 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 1980. səh.148
 
            1 R. Ə. Hüseynov. Astronomiya. Ali məktəblər üçün dərslik. Bakı, “Maarif”, 1997. səh. 10
     1 В. Н. Пипуныров. История часов с древнейших времен до наших дней. Издательство «Наука», Москва, 1982, стр. 91
 
684
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic