KOLUMBUN TRANSATLANTİK LAYİHƏSİ VƏ PORTUQALLARIN MƏXFİ EKSPEDİSİYALARI - III HİSSƏ

                                     (əvvəli – “Zic-Elxani” əsəri avropalı dəniz səyyahları üçün vacib mənbə ola bilərdi)
 
Transatlantik nəzəriyyəni öyrənən Kolumb, bir çox alimlərin başağrısına çevrilən məşhur layihəsini tərtib edir və onu, Seutanın arxiyepiskopu Diyeqo Ortis de Villeqasın rəhbərliyi altında, Portuqaliyanın ən istedadlı və bacarıqlı alimlərin, riyaziyyatçıların fəaliyyət göstərdikləri kiçik Lissabon akademiyasına – “Riyaziyyatçılar Xuntası”na – təqdim edir. Bu təşkilatın bir neçə üzvü yəhudi alimləri idi; o dövrün astrolyabiyasını və sektantını təkmilləşdirmiş usta Rodriqo və naviqasiya astronomiyasının ustası Xose Vitsinqo. Adı çəkilən adamlar dəqiq bilirdilər ki, layihədə göstərilmiş uzunluq barəsindəki ölçülər və həmin ölçülərə dair verilmiş məsafələr düzgün ola bilməz. İş ondadır ki, onlarda da Yer kürəsinin uzunluğunun dəqiq ölçüsü yox idi, lakin buna baxmayaraq həmin alimlər əmin idilər ki, elə Kolumbun da ortaya qoyduğu hesablamalar düzgün verilməyibdir.
Dəqiq bilinmir həmin şura hansı qərarı verir, lakin o məlumdur ki, 1485-ci ildə çıxarılan qərar gözlənildiyi kimi Kolumbun xeyrinə olmayıbdır. Elə həmin ildə genuyalının həyat yoldaşı vəfat edir və o, İspaniyaya getməyi qərara alır.
Genuyalı dənizçi Lissabonu tərk edən kimi kral II Juan onun dediklərini yoxlamaqdan ötrü, Atlantik okeanının qərb hissəsinə ekspedisiya təşkil etməyi qərara alır. Kral və onun müşavirləri bu məsələdə yekdil fikirə gəlirlər.
Kolumb transatlantik layihəsini müzakirə edir    
Həmin dövrdə nəinki Pireney yarımadasında, hətta Avropanın tərkibinə daxil olan bir çox ölkələrdə Atlantik okeanının qərb hissəsində yerləşən “Yeddi şəhər adası”ndan, Xaldat və Antiliya adalarından çoxlu söz-söhbətlər gəzirdi. Portuqal dəniz səyyahları həmin adaların axtarılıb tapılması üçün bir neçə ekspedisiya təşkil etmişdilər.
Keçmiş alimlər Antiliya adalarının yalnız Asiya qitəsinin şərqində yerləşdiyini göstərmişdilər. Həqiqətən də adı çəkilən adaların göstərildiyi xəritələr Avropada geniş şəkildə yayımlanırdı.
İtalyan xəritəşünası Fransisk Pitsiano 1367-ci ildə Antiliya adalarını göstərməklə xəritə tərtib etmişdi. Hazırda xəritə Parmanın İtaliya kitabxanasında saxlanılır. Fransız xəritəşünası Battista Bekkariya 1435-ci ildə xəritə hazırlamışdı. Həmin xəritədə Antiliya adı ilə bərabər onun sinonimi Stanahiya sözü də qeyd olunmuşdu. İtalyan xəritəşünası Andrea Biankini 1436-cı ildə, Antiliya adaları göstərilmiş Böyük Venetsian xəritəsini yaratmışdı. İtalyan alimi Paolo Toskanelli 1474-cü ildə tərtib etdiyi xəritədə Antiliyanı Atlantik okeanının mərkəzində göstərmişdir.
Adları çəkilən xəritələrin tam əksəriyyəti Avropa alimləri tərəfindən müzakirə obyektinə çevrilirdi. Bəzi alimlər bilirdilər ki, Köhnə Dünyadan qərb tərəfdə yerləşən Atlantik okeanının sahilləri sonsuz deyil və uzaq qərbdə həmin okeanda böyük torpaq ərazisinin mövcudluğu heç kimdə şübhə doğurmurdu. Lakin maraqlandıran o idi ki, həmin ərazi Avropadan neçə kilometr aralıda yerləşir?
Bütün bunları yoxlamaq lazım idi. Lakin həmin işi II Juan Kolumba yox, tamamilə başqa bir adama, Portuqaliyada Fernan de Ulmo adı ilə tanınmış fələməngli Ferdinand van Olmenə tapşırır.

Portuqal kralı II Juan
Həmin dövrdə Portuqaliyanın xidmətində olan bir çox dənizçilər, maliyyəçilər, tacirlər öz pullarına bir çox ekspedisiyalar təşkil edirdilər; məsələn porrtuqaliyalı Kortereal qardaşlarının 1500, 1502 və 1506-cı illərdə təşkil etdikləri ekspedisiyalar buna bariz nümunədir. S. Morison, Ç. Verlinden, V. Magidoviç və İ. Magidoviç elmi əsərlərində qeyd edirlər ki, “Van Olmen öz ekspedisiyasını təşkil edəndə, Madeyra adasından Estreyto adlı bir müstəmləkəçi ilə birləşir. Van Olmenin sözlərinə görə o, istəyirdi ki, Atlantik okeanın qərb hissəsində yerləşən bir neçə adanı və yaxud da bütöv bir qitənin sahilini kəşf etsin. Həqiqətən də kəşf etmək istədiyi ölkənin adı onun üçün qaranlıq qaldığından o, həmin yeri ənənəvi olaraq “Yeddi şəhər adası” adlandırırdı”.
Bu çaşdırıcı fikir sayılırdı. Çünki van Olmen birbaşa kralın tapşırığı ilə səyahətə yollanmış və Kolumbun layihəsini praktiki cəhətcə yoxlamalıydı.
Toskanellinin məşhur xəritəsi tərtib olunmamışdan əvvəl Portuqaliyanın hakim dairələri Atlantik okeanının naməlum qərb hissəsinə yetərincə diqqət yetirirdilər. XV əsrin ortalarında portuqallar bir neçə dəfə adı çəkilən adalardan qərb tərəfə səyahətlər təşkil etmişdilər.
Kral V Alfons 1462-ci ildə Voqado adlı bir kəsə, qərb istiqamətində yerləşən təxminən iki adaya sahib olmaq üçün böyük imtiyazlar vermişdi. Bir neçə il sonra isə Telles adlı digər dənizçi Antiliyanın və yaxud da “Yeddi şəhər adası”nın axtarışına çıxmışdı. Bir çoxları onların ardınca səyahətə yollanmış, amma heç kim müvəffəqiyyət əldə edə bilməmişdi.
Van Olmen həm Voqadonun, həm də Tellesin səyahətlərinin nəticələri ilə tanış idi və yaxşı bilirdi ki, Hindistana qərb yolu ilə üzərkən, yolda heç bir adalardan istifadə edə bilməyəcək və təşkil etdiyi ekspedisiya yolda böyük çətinliklərlə üzləşəcək. Məhz bu səbəbdən II Juan ekspedisiyanın təşkilinə icazə versə də, səyahət zamanı tam uğur qazanılmasına şübhə ilə yanaşırdı. Yoxsa, həmin ekspedisiyanı o, öz puluna təşkil edərdi.
Ekspedisiya uğurlu keçəcəyi halda kral 1486-cı ildə van Olmenə bir çox imtiyazlar vermişdi. O, həmin espedisiyanı öz hesabına hazırladığından belə bir addım atılmışdı.       
“Riyaziyyatçılar Xuntası”ndan krala bildirirlər ki, Kolumb öz layihəsini Toskanellinin Yer kürəsinin verdiyi hesablamalar sayəsində tərtib edibdir. Məhz buna görə də van Olmen Atlantik okeanında həmin hesablamalara uyğun olaraq axtarışlar aparmalı idi. Çox güman ki, genuyalının layihəsi “Riyaziyyatçılar Xuntası”nda olanda, orada həmin sənədin surəti köçürülmüş və sonradan van Olmenə ötürülmüşdü.
1487-ci ilin yaz fəsilində van Olmen iki karavella ilə səyahətə başlayır. O, Atlantik okeanını 40 gün müddətinə qət edəcəyini nəzərdə tutur. Xatırlatmalıyam ki, 1492-ci ildə Kanar adalarından Baham adalarına kimi olan məsafəni Kolumb 36 gün müddətinə qət etmişdi. Fələməngli dənizçinin bəyanatı akademik Çarlz Verlindenə məlum olanda o, heyrətini gizlətmədən bildirmişdi ki, 1486-cı ilə qədər portuqal dənizçiləri məxfi şəkildə Atlantik okeanının qərb hissəsinə ekspedisiyalar təşkil etmiş və təxmini olsa da, okeanın o tayında hansı adaların və ya naməlum qitənin harada yerləşdiyini bilirdilər.6
Ç. Verlindenin bu fikri ilə razılaşmaq çətindir. Əgər, van Olmen təxmini olsa belə bilsəydi ki, Köhnə Dünyaya məlum olmayan adalar və yaxud da ki, iri torpaq ərazisi Atlantik okeanın hər hansısa bir hissəsində yerləşir, onda çətinlik çəkmədən o, həmin coğrafi obyektləri kəşf edərdi. Həm də portuqal dənizçiləri Yeni Dünya sahillərinin şərq sahil zolağının konturlarına malik olsaydılar, onda Roma papası 1493-cü ildə öz bullası ilə Yer kürəsini iki krallıq arasında bölərkən, portuqal nümayəndələri öz mənafelərinə uyğun olaraq, demarkasion xəttin Atlantik okeanının hansı meridian üzrə keçməsini göstərməliydilər. Lakin bu baş verməmişdi. Məlum olduğu kimi portuqallar yalnız 1494-cü ildə Tordesilyasda öz istədiklərinə nail olurlar. Əgər, hər şey yuxarıda deyildiyi kimi olsaydı, onda II Juanın nümayəndələri demarkasion xəttin Yaşıl Burun adalarından qərbə tərəf 370 liq yox, Kolumbun kəşf etdiyi Antil adalarına kimi 470 liq çəkilməsini tələb edərdilər. Deməli, portuqallar Atlantik okeanında Kanar, Madeyra, Azör və Yaşıl Burun adalardan qərbdə hər hansı bir adanın və ya iri torpaq ərazisinin mövcudluğundan xəbərsiz idilər. Van Olmenin okeanı 40 gün müddətinə qət etməsi fikrinə gəldikdə isə bunun səbəbini başqa bir şeydə axtarmaq lazımdır.
Kolumb Portuqaliyada olarkən bildirmişdi ki, Asiya qitəsinin şərq sahilinə çatmaq üçün Atlantik okeanını 30 gün və ya həmin müddətdən bir qədər artıq vaxta qət edəcək. Van Olmen də onun layihəsilə tanış olandan sonra həmin fikiri II Juan ilə bölüşdürmüşdü. Deməli, fələməngli dənizçinin başçılıq etdiyi ekspedisiya Toskanellinin tərtib etdiyi xəritədən əlavə, paralel olaraq Kolumbun hazırladığı transatlantik layihəyə əsasən səyahətə yollanmışdır.
Paolo Toskanellinin məşhur xəritəsi və Orta Amerikanın əsl təsviri

Zəmanəsinin təcrübəli və bacarıqlı dənizçilərindən biri olan Xristofor Kolumb belə bir gedişatı gözləyirdi. Ona görə də o, yanlış rəqəmlərdən ibarət olan layihəsini təqdim etmişdi, həm də onun hamıdan gizlətdiyi (gələcəkdə “Kolumbun itmiş xəritəsi” kimi hallanacaq) bir xəritə var idi ki, həmin materialı ən yaxın adamlarına göstərməyi belə lazım bilmirdi. Elə van Olmenin də səyahət boyu uğur qazanmamasının səbəbi bu idi.
Nəzərdə tutulan səyahətə ciddi hazırlaşan fələməngli dəniz səyyahı ekspedisiyanın Portuqaliya sahillərinə altı aydan sonra qayıdacağını planlaşdırırdı. Lakin nəticədə o, müvəffəqiyyət qazana bilmir. Van Olmenlə Estreytonun uğursuzluqla üzləşməsi, onların ilin münasib olmayan vaxtında yola düşmələri və Kolumbdan fərqli olaraq, okeanda hərəkət edən passatlardan lazımi şəkildə istifadə etməmələri ilə izah etmək olar.
Genuyalı dənizçinin müasiri olan, Yeni Dünya sahillərinin konkistadorlar tərəfindən işğal olunmasını ilk dəfə qələmə alan səlnaməçilərindən biri Bartolomeu de Las Kasas hekayələrinin birində Ernan de Olmosun (çox güman ki, o, Ferdinand van Olmeni nəzərdə tutur) səyahətindən xəbər verir. O, yazır ki: “həmin səyahət onu bir dəfə İrlandiyanın qərb sahillərinə, Kolumbun gələcəkdə qoyduğu marşrutdan xeyli şimala gətirib çıxarır”.
Təəssüflər olsun ki, van Olmenə həmin səyahətdən qayıtmaq müəssər olmamışdı.
Portuqal dənizçilərinin Atlantikanın qərbində uğursuzluğa düçar olmasının səbəbinin izah edilməsində alimlər çətinlik çəkirlər. Çünki əsas amil yaddan çıxarılir. Səbəbi sadədir. XV əsrin ortasından başlayaraq Avropa alimləri İslam dünyasının ən tanınmış alimlərinin əsərlərini əldə edərək, onların araşdırılmasına və nəticələrindən istifadə etməyə başlamışdılar. Həmin dövrdə Biruni və Xocəndinin əsərləri geniş təşəkkül tapdığından, onların hesabatlarına da ciddi əhəmiyyət verilirdi. Portuqal alimləri də hər iki alimlərin nəticələri ilə razılaşaraq elə zənn edirdilər ki, Yerin başlanğıc meridianı indiki Qrinviç meridianından 250 qərb istiqamətdə (Atlantik okeanının demək olar ki, ortasından keçir) başlayır. Portuqal dənizçilərinin də uğursuzluğu elə bu amil ilə izah olunur. Onlar qərbdə yerləşən Antiliya və digər naməlum əraziləri məhz həmin akvatoriyalarda axtarmış və vətənə əliboş qayıtmağa məcbur olmuşdular. Yəni, onlar maksimum Qolfstrim cərəyanına kimi gedib çıxmış və həmin cərəyanın əhatəsi ilə də Avropa sahillərinə qayıtmağa məcbur olmuşdular. Tusi isə başlanğıc meridianı adları çəkilən hər iki alimin meridianlarından daha 100 qərbdə göstərmişdir, hansı ki, indiki Braziliyanın ucqar şimal-şərq sahilindən keçir.

                                                  
                         Nəsirəddin Tusi (1201-1274)                                  Əbu Reyhan əl-Biruni (973-1048)

Hər iki ekspedisiyanın gedişatını analiz edəndən sonra qətiyyətlə deyə bilərəm ki, fələməngli dənizçiyə nisbətən Kolumb öz səyahətinə daha ciddi hazırlaşmış və qətiyyətlə Biruni ilə Xocəndinin meridianlarını arxada qoyaraq Dördüncü qitənin kəşfinə nail olmuşdu.
 
(davamı - “Toskanelli, Eratosfen və Tusinin hesablamaları və Kolumbun kəşfi”)
 
Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı,
“Coğrafiya” Cəmiyyətinin üzvü,
yazıçı-tədqiqatçı Ramiz Dəniz
 
email: [email protected],
          [email protected]
 
6 Чарльз Верлинден, Покорители Америки: Христофор Колумб. “Феникс”, Ростов-на-Дону. 1997 г., стр.23.
13995
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic