“ƏSRLƏRİ QABAQLAMIŞ ALİM – NƏSİRƏDDİN TUSİ” YAZILAN RƏY – DOSENT VİDADİ BƏŞİROV

Bəşər ustadı haqqında vəsait
 
“Azərbaycan bir balaca diyar olsa da, həmişə öz alimləri, şairləri və mütəfəkkirləri ilə başqa ölkələrdən seçilmişdi. Bu ondan irəli gəlir ki, hələ erkən orta əsrlərdən elmə, mədəniyyətə, incəsənətə və ədəbiyyata xüsusi diqqət yetiri-lir və bu sahələrin inkişafı üçün güclü mütəxəssislər yetişdirmişdi. Bundan əlavə, Azərbaycan alimləri ölkənin sərhədləri ilə yaxın olan dövlətlərdə baş verən elmi proses-lərin necə cərəyan etdiyi ilə dərindən maraqlanır və onlar da elmi-tədqiqatlarını davam etdirirdilər”.
Bu mübarək kəlamlarla öz oxucularına müraciət edən, peşə və sənət baxımından, hələlik yalnız öz zehninə və fitri istedadına güvənən gənc tədqiqatçı Ramiz Dəniz (Qasımov) Nəsirəddin Tusi haqqında çox mötəbər məlumatları əldə edərək, ümumiləşdirmiş, sonra onun hər bir əsəri üzərində ayrıca dayanmış, onların şərhlərinə və elmi tutumuna dair mövcud məlumatlarla oxucuları tanış etmiş, elmi-nəzəri və ideya-mənəvi irsinin böyük bir qisminin saxlanıldığı ünvanları tanıtmışdır. Son illərdə Tusinin elmi-mənəvi irsi ilə bağlı məxəzlər silsiləsi ilə tanışlıq məsələləri ayrı-ayrı alim və tədqiqatçılar tərəfindən tədqiqata cəlb edilsə də, onun bütövlükdə din, təbiət, əxlaq tərbiyəsi, nücum, musiqişünaslıq, hüquq, siyasət elmi sahəsində dinamik baxışlarını, mən deyərdim ki, fədakarlıq nümunəsində, peşəkar səviyyədə mənimsənilməsini bu gənc tədqiqatçı qədər nəfis və hərtərəfli araşdıran olmamışdır.
Onu da qeyd edək ki, gənc tədqiqatçı, istedadlı qələmi sahibi olan Ramiz Dəniz oxuculara yaxşı tanışdır.
Onun zəka sahibləri olan görkəmli elm və sənət adamları, aqil şəxsiyyətlər haqqında kamil düşüncələri, dərin sosial axtarışları öz əhatə dairəsi baxımından geniş və rəngarəngdir.
Tarixi şəxsiyyətlərin, nadir istedad sahiblərinin fəzilət və yaradıcılıq dünyasını öyrənib, qələmə almaq və bu tarixi irsdən ictimai tərəqqi ideyaları baxımından böyüyən nəslin hərtərəfli və ahəngdar inkişafında təsiri olacaq səviyyədə sanballı bir əsər hasilə gətirmək, əlbəttə, nəcib və şərəfli bir iş sayılmalıdır.
Bu baxımdan Nəsirəddin Tusi irsi bütün dövrlərdə və xüsusən müasir şəraitdə ən qiymətli, əhəmiyyətli mənbə, qaynaq olmuşdur və olmaqdadır. Böyük mütəfəkkirin tarixin gerçəkliklərinə çevirilmiş nəzəri baxışları, konseptual ideyaları müəllifi ciddi düşündürmüş, onu bu sahədə, bir-neçə tədqiqi xarakterli axtarışlar aparmağa sövq etmişdir.
Bir incə mətləbi də qeyd edək ki, dünya şöhrətli alimin ideya-nəzəri irsini yüksək vətəndaşlıq qayəsi, milli təəssüb-keşlik nümunəsi kontekstində öyrənib üzə çıxardan müəllif bu gün təkcə milli məhdudluq çərçivəsində qalmayıb, bu qəbildən olan elmi-xronikal salnamələri ilə xarici ölkələrdə də özünə geniş hörmət və nüfuz qazandırmışdır.
Onun bu vaxtadək bəşəriyyətin böyük duhaları olan N. Gəncəvi, X. Kolumb, C. Bruno, İ. Nəsimi, N. Kopernik və digərləri haqqında topladığı zəngin materiallar çox qiymətli və təqdirəlayiqdir.
Bununla belə, o, xeyli vaxtdır ki, Tusinin də elmi irsi, keçdiyi həyat yolu, dahiyanə şəxsiyyəti, elmi kəşfləri haqqında da silsilə məqalələr, elmi nəşrlər toplusu hazırlamışdır.
Bəşər duhasının böyük söz ustadının elm və həyat yolunu işıqlandırmağa tuşlanan “Əsrləri qabaqlamış alim Nəsirəddin Tusi” adlı fundamental məlumatlar toplusu olan kitabı isə onun oxucularla növbəti görüşüdür.
Respublika “Təhsil” cəmiyyəti tərəfindən “xeyir-dua” almış bu kitabın ilk oxucularından biri kimi, mən bir incə mətləbi qeyd edim ki, Tusi haqqında toplanılmış ilkin, orijinal məxəz və mülahizələr müəllif tərəfindən çox aydın, səlist və hamı üçün anlayışlı şəkildə izah olunmuşdur.
Nəsirəddin Tusi fenomeninə məxsus bütün həyati cizgilər müəllif tərəfindən sosial-fəlsəfi mündəricədə, dərin məntiqi ümumiləşmələr əsasında işlənilərək, oxucuya təqdim olunmuşdur.
Zəngin tarixi qaynaqlar, sonsuz sayda toplanmış əlyazmaları, yaradıcı məfkurə əsasında yaranmış bu kitab. Tu-sinin elmi baxışlarını, idrak səltənətini, müdrik aqilliyini bir daha sezib, mənimsəmək baxımından çox dəyərli vəsaitdir.
Hiss olunur ki, gənc tədqiqatçı öz şəxsi marağı əsasında dünyanın bir çox ölkələrin elmi kitabxanalarına və əlyazmaları fondlarında olmuş, N. Tusi irsindən müxtəlif vaxtlarda bəhrənələrək, topladığı ən incə məqamları belə yaddaşının dərin yerlərində saxlamışdır.
Əsərdə həm də dünya şöhrətli məşhur səyyah, tədqitçı və coğrafiyaşünasların, təbiət alimlərinin N. Tusi işığından güc alan müdrik əməlləri barəsində də maraqlı mülahizələr söylənilmişdir.
Bu sahədə, xüsusən məşhur dəniz mücahidi, böyük coğrafi kəşflər dövrünün “flaqmanı” olmuş X. Kolumbun bitib-tükənmək bilməyən şücaətləri haqqında da səhih və dolğun məlumatlar verilir.
İnanırıq ki, Ramiz Dənizin yenicə işıq üzü görmüş “Əsrləri qabaqlamış alim Nəsirəddin Tusi” kitabı, öz möhumentallığı, əhatə problematikası, yüksək həyati məziyyətləri ilə oxucuların stolüstü kitabına çevriləcəkdir.
                                                                                                          
                                                                   Vidadi Bəşirov                                                                     
                                                                   Pedaqoji fəlsəfə elmlər doktoru
13246
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic