MÜASIR ELMIN, MÜASIR TƏDQIATÇI ALIMI

akademik Ramiz Məmmədov

Deyirlər yaşamaq bir sənətdir. Yaradıb yaşamaq, yüksək ideyalar, amallar uğrunda çarpışmaq bu sənətin əsasıdır. İnsanın xoşbəxtliyi onu əhatə edən insanlar arasında oyatdığı duyğulardan asılıdır.

Yalnız insaniyyət, xeyirxahlıq, rəhimdillik , insaf, ədalət kimi fəzilətlər ətrafımızdakılarda bizə qarşı mehribanlıq, dərin hörmət və ehtiram hissləri doğura bilər.

İnsan təbiəti bir okeana çevrilib, kainat okeanına. İnsan elmin qüdrəti ilə bu gün də kainatın dərin keçmişinə doğru səyahət edir, hər hansı bir təbii  obyektin, materiyanın və ya  cismin ilkin vəziyyətini aşkar edir və o dövrün təbiətini də  bu günədək izləyir.

Haqqında  söhbət açdığımız şəxsiyyət, ömrünü Xəzərin ömrünə qatan, hətta onun yolunda sağlamlığını da qurban verən, bir zamanlar əngin suların tədqiqatçısına  çevriləcəyini heç xəyalına gətirməyən - AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı Laureatı Ramiz Mahmud oğlu Məmmədovdur. Ömrün həyat səhifəsini vərəqlədikcə görürsən ki,  ömrün hər bir ilinin öz maraq dünyası var. Bu maraq dünyanın içərisinə səyahət edəndə  duyursan  ki, orada ayrı bir aləm var. Bu aləmin özündə isə elmə, vətənə, xalqa olan möcüzəli, rəngarəng bir həyat durur.

R.Məmmədov Azərbaycanda və dünyada Xəzər dənizinin tədqiqatları üzrə tanınmış alim və mütəxəssisdir. Onun elmi tədqiqatları, əsasən, Xəzər dənizinin ən aktual problemlərinə-hidrofizikasına, hidrologiyasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə, səviyyənin dəyişməsinə, iqlim dəyişmələrinin Xəzər dənizinə təsirinə, çirkləndiricilərin dənizdə yayılmasının fiziki-coğrafi modelinin yaradılmasına, Xəzər dənizinin status probleminə və ümumiyyətlə, Xəzərin geofizikası, hidrofizikası, ekocoğrafi problemlərinin tədqiqinə həsr olunmuşdur.

Kür-Araz hövzəsinin transsərhəd su problemləri, Azərbaycanda səhralaşma prosesinin tədqiqi, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi də R.Məmmədovun əsas tədqiqat istiqamətlərindəndir.

Landşaftın planlaşdırılması və ətraf mühitim mühafizəsi istiqamətlərində akademik Ramiz Məmmədovun dəyərli tədqiqat işləri həyata vəsiqə almışdır.  Akademikin qiymətli tədqiqat işlərindən biri də “Xəzər dənizinin hidrometeoroloji Atlası”nın işlənib hazırlanmasıdır. Tərtib olunmuş bu atlasda 275 xəritə cəmlənib və bu mənbə əvəzsiz  informasiya vasitəsidir. Gərgin  axtarışlar bahasına hazırlanmış bu  xəritələr onun 40 illik fəaliyyətində mühüm yer tutur. R.Məmmədov nəzəri tədqiqatlar sahəsində də dəyərli nəticələr əldə etmişdir.

R.M.Məmmədov beynəlxalq aləmdə yaxşı tanınmış tədqiqatçıdır. Son on ildə 30-a qədər ölkədə, məruzə ilə çıxış etmiş, bəzilərinə isə sədrlik etmişdir. O, ümumiyyətlə götürdükdə dünyanın 82 şəhərində müxtəlif elmi toplantıların iştirakçısı olmuşdur, hazırda dünyanın 15-dən çox elmi tədqiqat institut və universiteti ilə əməkdaşlıq edir.

Elmi işlərlə yanaşı R.M.Məmmədov aktib olaraq elmi-təşkilatı və kadrların hazırlanması, gənclərlə işləmək, elmi fəaliyyətdə onlara dayaq olmaq onun həyatınının mühüm özəlliklərindəndir.

R.M.Məmmədovun monoqrafiyaları, elmi məqalələri və yazdığı kitablar bir çox ölkələrdə işıq üzü görüb. Alim 230-dan çox  elmi məqalənin və 10 kitabın müəllifidir.
 

AMEA akad.H.Ə.Əliyev adına

 Coğrafiya İnstitutunu  əməkdaşları          

 H.İ.Əhmədzadə, V.R.Məmmədova

 

           
                   "Məktəb  press"   qəzeti,

                     17-28 fevral 2016-cı il                                            

 
4329
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic