ZEYVƏ KƏNDİ VƏ ƏMBİL GÖLÜ İLƏ GÖRÜŞ SƏFƏRİ

Saat 11:00-da Piramsan kəndinin yaxınlığında, Şabran çayının üzərindəki körpünü keçib marşrut avtobusundan düşdük. Məqsədimiz Şahdağ Milli Parkının inzibati binasından yolumuzu salmaqla Zeyvə kəndi istiqamətində hərəkət etmək, oradan da mümkün olarsa, meşənin dərinliklərində yerləşən Ənbil gölü ilə görüşmək idi. Yol yoldaşım həmkarım Nicat İmamverdiyev idi.  Beləliklə, səfərə başladıq. Əsas magistral yoldan 600 m aralıda yerləşən milli parkın inzibati binasına çatdıq.  Nəzarətçidən icazə alıb həyətə keçdik. Binaya daxil ola bilməsək də, ümumi ərazi ilə tanış olduq. Həyətdə bir neçə xidməti avtomobil dayanmışdı. Milli parkın baş ofisi 2 korpusdan - inzibati binadan və ekoturizm məlumat mərkəzindən ibarətdir. İş günü olmadığından mərkəzdə demək olar ki, heç kimə rast gəlmədik. Odur ki, nə milli park, nə də görüşünə tələsdiyimiz göl haqqında hər hansı bir informasiya ala bilmədik. Burada başqa işimiz olmadığından binanın ərazisindən çıxdıq və Zeyvə kəndi istiqamətinə yön aldıq. 
 
   

Yolüstü Qubanın Çiçi kəndinə gedən avtomobilə mindik. Sürücü bizə Qənidərə kəndinə qədər aparacağını və oradan isə təpəni aşandan sonra Zeyvə kəndinə çox asanlıqla gedə biləcəyimizi bildirdi. Belə də oldu. Qənidərə kəndinə qədər 10 km-lik məsafəni avtomobillə getdik. Sürücü ilə vidalaşıb kəndə daxil olduq. Yol boyu sürünənlərin bəzi nümayəndələri ilə də qarşılaşırdıq. Yeni dünyaya gəlmiş ilan balaları gah yolumuzun üstündə, gah da yoldan kənarda otların arasında görünürdülər. Şabançayın sahilində, dərədə yerləşmiş kəndin ətrafı meşə və hündürlüyü 400-500 m olan dağlarla əhatə olunmuşdu. Kəndin dəniz səviyyəsindən hündürlüyü 320 metrdir.  Quba rayonuna aid bu kiçik kəndin əhalisi əsasən tatlardan ibarətdir. Kənddə təxminən 20-25 ev olardı. Əhalinin məşğuliyyətini ənənəvi kənd təsərrüfatı sahələri ‒ əkinçilik və heyvandarlıq təşkil etdiyini öyrəndik.
 
     

Burada çox dayanmayıb cənuba ‒ Zeyvə kəndinə doğru irəliləməyə başladıq. Hündürlüyə çıxdığımız istiqamətdə dağın şimal yamacı ağaclarla örtülü idi. Bu kiçik silsilə həm də Quba və Şabran rayonlarının sərhədini təşkil edir. Aşırımı keçib cənub yamaca endik. Yamacda seyrək kollar, bəzi yerlərdə isə tək-tək ağaclar görünürdü. Bir az da irəliləmişdik ki, Zeyvə və bir qədər ondan sağda Kilvar kəndinin gözəl mənzərəsi ilə qarşılaşdıq. Günəşli və təmiz hava şəraitində bu cazibəli landşaftın görüntüsü həqiqətən də insana bir rahatlıq gətirirdi. Çobanlar Zeyvənin şimal-şərq hisəsində yerləşən kiçik göldə hevan sürüsünü sulayırdılar. Onlarla xeyli söhbətləşdikdən sonra kəndə daxil olduq.
 
   

Rayon mərkəzindən 35 km aralıda yerləşən bu kəndin yaşı, araşdırmalara görə 6-7-ci əsrlərə gedib çıxır. Adının mənası "künc, bucaq, guşə" kimi yozulur.
Bu kəndin də əhalisi tatlardan ibarətdir. Rəsmi məlumata görə, kənddə 350 ev var. Əhalisinin sayı isə 1250 nəfərdir. Kənd sakinlər əsasən heyvandarlıq və əkinçiliklə məşğuldurlar. Ənənəvi sənətkarlıq sahələrindən sayılan xalçaçılıq sənəti bəzi ailələrdə hələ də öz ömrünü yaşamaqdadır. Zeyvə, meyvə bağlarına görə də məhsuldar kəndlərdən sayılır. 2013-cü ildə kəndi rayon mərkəzi ilə birləşdirən Şabran-Pirəbədil-Zeyvə yolu əsaslı təmir olunmuş, 2014-cü ildən etibarən isə kəndə qaz verilmişdir.
Saat 13:30. Kəndin ərazisindəki piri ziyarət etmək üçün kənd qəbiristanlığına daxil olduq. "Pirənəzar Pirəkamal Baba" adlanan pirin ətrafındakı ağaclarda buraya gələn ziyaətçilərin asdıqları rəngli parçaları gördük. Qəbiristanlıqdakı bir çox qəbirlərin üzrəində yazı işarəsi olmasa da, baş daşının yerində taxtadan yonulmuş və mərhumların cinsini bildirən xüsusi formalı dirəklərin basdırıldığı diqqətimizi çəkdi.

 
   
 
Məzarlığı tərk edib kəndin ərazisində haqqında məlumatımız olan qoca çinar ağaclarını tapmağa tələsdik. Diametri təxminən 10 m olan ərazidə 7-8 şərq çinarı 30 m hündürlüyə qədər ucalırdı. Bəzilərinin gövdəsi bitişik idi. Ağacların üzərinə vurulmuş kiçik lövhələrdə hər birinin yaşı, diametri və hündürlüyü göstərilmişdi. İki əsrdən artıq yaşı olan bu möhtəşəm təbiət abidələrini bir qədər müşahidə etdikdən sonra kəndin məscidinə gəldik. XIX əsrə aid məscidin divarına üzərində "Dövlət tərəfindən qorunur" yazılmış lövhə vurulmuşdu. 
    

Beləliklə, 14:30-da kəndin ərazisində işimizi yekunlaşdırıb Ənbil gölünə doğru istiqamət almağa hazırlaşdıq. Kənd sakinləri gölə qədər məsafənin 5 km və bundan başqa, ora bələdçisiz gedib çıxmağımızın çətin olmasını bildirirdilər. Artıq günortadan keçmişdi və axşama qədər vaxtın azlığı da gedib qayıtmağımız üçün bizə problem yarada bilərdi. Bütün bunları nəzərə alıb göllə görüşmək qətiyyətimizi ortaya qoyduq. Kənddən cənub-qərb istiqamətində Şabrançayın yuxarı axarına doğru irəliləməyə başladıq. Yolumuzun üstündə, meşənin içində bir neçə neft buruqlarının mancanaq dəzgahları ilə də qarşılaşdıq. Neft quyuylarının yaxın ətraflarında torpaqlar bir qədər çirklənsə də, digər meşə ərazilərində neft hasilatının təsiri görünmürdü. Beləliklə, təxminən 3 km yoxuşla qalxdıq. Yolayrıcında "Səməd bulağı"nın sol istiqamətdə olduğunu göstərən lövhə vardı. Elə həmin tərəfə də döndük və daha 700 m irəlilədik. Yolun sağında neft-qaz idarəsinə məxsus tikilidə buranın nəzarətçisi ilə görşüb Ənbil gölünün yeri ilə maraqlandıq. Gözətçi bizə cənub istiqaməti göstərərək gölə qədər təxminən 1 km məsafə qaldığını söylədi. 
 
    

Saatlarımız artıq 16:30-u göstərirdi. Tələsməli idik. Meşəyə istiqamət götürmüş cığıra düşdük. Bir qədər getdikdən sonra çayı keçib yoxuşla qalxmağa başladıq. Bəzən cığırı itirir və yenidən tapırdıq. Bundan başqa, gölə aparan yolu itirməmək üçün ağacların üzərinə qoyulmuş işarələr də bizə yardımçı olurdu. Təxminən hər 50 m-dən bir ağacların üzərində qırmızı rəngli işarələr çəkilmişdi. İşarələrin sırasını itirdikdə isə ağaclara bağlanmış poletilen torbalar və rəngli parçalar istiqaməti müəyyən etməkdə bizə yardımçı olurdu. Meşənin içində göldən qayıdan bir qrup gənclə qarşılaşdıq. Hansısa turizm şirkətinin təşkil etdiyi turun iştirakçılarıydılar. Salamlaşıb hal-əhval soruşduq və yenə yolumuza davam etdik. 
 
     

Beləliklə, təpəni aşıb bir qədər də irəlilədikdən sonra, nəhayət, görüşünə tələsdiyimiz gölü görə bildik. 17:00-da gölün sahilində idik. Çəkdiyimiz əziyyətə görə təəssüf etmədik. Gölün gözəlliyinin qarşısında çaşıb qalmışdıq. Yorğunluğumuz yox olub getmişdi. Təbiətin yaratdığı bu möhtəşəm, ecakar mənzərə qarşımızda canlanırdı. Təxminən 150 m diametrində olan göl, dairəvi formada idi. GPS-in köməyi ilə gölün dəniz səviyyəsindən hündürlüyünün 927 m olduğunu müəyyən etdik. Şimal və qərb yamaclar bir qədər meyilli, ətrafı isə meşələrlə örtülü idi. Gölün cənub sahilndə atılıb qalmış ağac gövdəsinin üzərində oturduq, özümüzü unutmuş halda bu heyrətamiz gözəlliyə xeyli tamaşa etdik. Elə bu istiqamətdən də gölə kiçik bir çay tökülürdü. Göl axarlı olduğundan suyu təmiz və şəffaf idi. Çayın şırıltısını, quşların cəh-cəhini eşidib valeh olmamaq mümkün deyildi. Təbiət burada ilkin formasında olduğu kimi qalmışdı. Əziyyətimiz hədər getməmişdi, bura gəlməyə dəyərdi. 
 
     

Saat 18:00-a az qalırdı. Günəşin zəifləməkdə olan şüaları ətrafı isidən gücünü itirməkdə idi. Vaxt daralırdı. İstəməsək də, təbiətin bu gözəl parçasıyla ayrılmaq məcburiyyətindəydik.
Oturduğumuz yerdən qalxdıq və gölə lap yaxşınlaşdıq. Hər ikimiz əlimizi suya saldıq, bir ovuc su götürüb üzümüzə vurduq. Ənbil gölü bizə təsvir edilməsi çətin olan bir rahatlıq və məmnunluq duyğuları yaşatdı. Hələlik deyib göldən ayrılmaq istəyirdik ki, qəfildən bayaqdan sərin-sərin əsən mehin gücü artdı və bizə yaxşı yol arzulamaq istəyirmiş kimi nisbətən iri qırçınlı dalğaları sahilə tələsdirdi, ağac yarpaqlarının pıçıltılı səsi də artdı. Nicat bəylə bir-birimizə baxıb gülümsədik və “Növbəti səfərə qədər” deyib bu səfərimizi də beləcə sona çatdırdıq. Geriyə - Zeyvə kəndinə doğru gəldiyimiz istiqamətdə də enməyə başladıq.
 
Emil Cəbrayılov
23 aprel 2017
23999
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic