HİNDİSTANA GEDƏN PORTUQAL DONANMASI - II HİSSƏ

(Əvvəli – Pedru Alvareş Kabral və Atlantik okeanında hegemonluğunu nümayiş etdirən
                                            Portuqal krallığı” – adlı məqalədə)
 
Pedru Kabralın missiyası əsasən, Hindistanda olanların müqavimətini qırıb orada Portuqaliyanın təsirini möhkəmlətmək, mümkün olan dərəcədə ticarət əlaqələri yaratmaqdan ibarət idi. Çalışıb bütün bunları sülh və əminamanlıq şəraitində qurmaq lazım idi. Ona görə də bu səyahətə 1500-dən çox adam cəlb edilmişdi. Onlardan 1000 nəfərdən çoxu sırf döyüşçülər idi.
Kabralın başçılıq etdiyi ekspedisiyaya diqqət yetirsək görərik ki, onun heyətinə əvvəlki səyahətlərdə iştirak etmiş, zəmanəsinə görə həddindən artıq təcrübəli və bacarıqlı dənizçilər daxil olmuşdu. Losmanlar Afrikanın cənubunu kəşf etmiş Bartolomeu Diaş və Hindistana təşkil olunan birinci ekspedisiyanın iştirakçısı Nikolau Koelyo, səlnaməçisi Duarti Paşeku Pireyra idi. Hindistanla ticarət əlaqələrinin qurulması üçün ayrıca heyət vardı. 
Səyahətdə iştirak edənlərin heyətinə nəzər yetirəndə görərik ki, ekspedisiyanın missiyası tədqiqat işləri üçün yox, siyasi-diplomatik və kommersiya xarakterlidir. Buna bariz nümunə heyətə daxil olan gəmilərin növləri (onların əksəriyyəti ticarət gəmiləri idi), xüsusən də kralın ticarət nümayəndəliyinin gəmisi idi ki, onlar Hindistanla yalnız ticarət əlaqələri qurmalıydılar. Onlara rəhbərlik edən Ayreş Korreyya kralın şəxsi nümayəndəsi sayılırdı və o, bütün səy və bacarığından istifadə edərək, Hindistanda Portuqaliyanın daimi ticarət nümayəndəliyini açmalıydı. Bunun üçün hətta müvafiq şəhər də seçilmişdi – avropalılar orada faktoriya yaratmalı və Ayreş Korreyya katib kimi fəaliyyət göstərməli idi.
Gəmilərin anbarlarına mis, məxmər, yun parçalar və başqa mallar yüklənmişdi. İl yarımlıq ərzaq ehtiyatı tədarük görülmüşdü. Hind knyazlıqları ilə əlaqə yaratmaq üçün kral katibinə Kalikut şəhərində Peru Vaş Kaminya, Vasko da Qamanın heyətində xidmət göstərmiş tərcüməçi ərəb Əl Məsud (Monsaydi), ekspedisiyanın həkimi, alim, bakalavr Juaniş, Enrike de Koimbranın (o, Kalikutda vikariy kimi fəaliyyət göstərəcəkdi) başçılığı altında səkkiz fransiskan rahibi və başqa dini işçilər təhkim olunurdu.
Ekspedisiya martın 9-u 1500-cü ildə Lissabon limanından yola düşür. Ümumiyyətlə, ekspedisiyanın tapşırığı nədən ibarət idi? Kabral Hindistana gedib, oradan qiymətli mallarla Portuqaliyaya qayıdacaq Vasko da Qamanın gəmilərinin təhlükəsizliyini təmin etməliydi.
Plana əsasən, Pedru Kabral cənub kursu ilə 100 ş. en dərəcəsinə kimi Afrikanın qərb sahil boyunca hərəkət etməli, ondan sonra isə açıq okeanda cənub-qərb istiqamətində yolunu davam etdirməliydi.     
Ekspedisiyanın təhlükəsizliyini təmin etməkdən ötrü belə qərar verilmişdi ki, həm vaxta qənaət etmək, həm də Afrikanın Qvineya körfəzi sahilində fəaliyyət göstərən xoşagəlməz cərəyanlarla üzləşməmək üçün belə bir qəribə naviqasiya kursu seçilmişdi.

 
                      
Vasko da Qama (1460 və ya 1469-1524)                    Peru Vaş Kaminya (1450-1500)

 Aprelin 22-i 1500-cü ildə katolik Pasxası günü portuqallar Braziliya sahilini görürlər və bununla da Braziliyanın kəşfi rəsmiləşdirilir. Tarixə isə həmin kəşf “təsadüfən baş verən kəşf” kimi düşür. Maraqlıdır ki, Xristofor Kolumb da 1492-ci ildə dördüncü qitəni kəşf edən zaman, həmin ərazini Asiya qitəsi ilə səhv salmışdı.
Həqiqətən də dünya əhəmiyyətli kəşfləri həyata keçirən zaman təsadüflər baş verirdi, ya yox? Uzun araşdırmalardan sonra belə qənaətə gəldim ki, xüsusi missiya ilə yola düşən ekspedisiyalar kəşf zamanı təsadüflərlə üzləşirlər. Deməli, həmin ekspedisiyanın rəhbərləri yola düşən zaman, hər hansı torpağın kəşf edilməsində onlara xüsusi tapşırıqlar verilirdi ki, həmin ekspedisiyalar əsl missiyası məxfi sayılırdı.
Peru Vaş Kaminya kral I Manuelə yazdığı məktubda göstərir ki, “aprelin 21-də Yaşıl Burun adalarının San-Nikolau adasından 660-670 liq aralıda olanda, sahilin yaxınlığını bildirən əlamətlərlə üzləşdik – sarqass, sedum və quşlar, aprelin 22-də isə biz torpaq gördük. Aprelin 23-də ekspedisiyanın bəzi iştirakçıları sahilə çıxır və həmin günü ilk dəfə yerli əhali ilə rastlaşırlar. Onların dərisi tünd rənglidir və tamamilə çılpaqdırlar: hətta eyib yerləri açıq qalmışdır. Əllərində oxla kaman vardı...” Kaminyanın verdiyi məlumatlara əsasən, onlarla yerli əhali arasında heç bir ciddi münaqişə baş verməmişdi. Halbuki həm Visente Pinson, həm də Diyeqo Lepe Braziliya sahillərinə çıxanda yerli əhali ilə silahlı münaqişələr yaranmışdı. Lakin Pedru Kabralın ekspedisiyası belə çətinliklə üzləşməmişdi. Alınan məlumatlara əsasən, yerli əhali portuqallara ağac kəsməkdə köməklik göstərmişdilər. Buranın flora və faunası hamını heyrətə gətirir.
Maraqlı cəhət odur ki, yalnız 9 gündən sonra mayın 1-i cümə günü Pedru Kabral qərar verir ki, “kəşf” etdiyi torpaqda, üstündə Portuqal kralının şüarı və gerbi olan, taxtadan düzəldilmiş böyük xaç qoysunlar. Bu münasibətlə rahib Enrike de Koimbra yerli əhalinin iştirakı ilə dini ayin oxuyaraq hamıya xeyir-dua dilədi. 
Elə həmin gün Kabral “kəşf” etdiyi torpaqlar barəsində məlumatı krala çatdırmaq üçün, Qaspar de Lemuşu gəmisi ilə birlikdə Lissabona göndərir. Məlumatda göstərilirdi ki, komandor həmin ərazini Həqiqi Xaçın Adası (Vera Kruz) adlandırır. Tarixi qaynaqlarda qeyd olunur ki, həmin xəbər I Manueli heyrətləndirmir, halbuki həmin “ada” Hindistana qərb istiqaməti ilə gedən yolda dayanacaq rolunu oynaya bilərdi. Bir müddətdən sonra kral həmin ərazinin adını dəyişib “Santa-Kruz” (Müqəddəs Xaç) adlandırır və bu haqda Avropanın digər monarxlarına xəbər göndərir.
Pinsonun və Lepenin ekspedisiyalarından fərqli olaraq, Kabral heyətinə daxil olan adamlardan bir neçəsini sahildə qoymağı məsləhət bilir. Onun əmrinə əsasən, iki sürgün olunmuş və fərarilik edən iki yunqa həmişəlik olaraq sahilə çıxarılır.
Mayın 2-si 1500-cü ildə Braziliya sahillərini 11 gəmidə tərk edən ekspedisiya, ilkin plana əsasən, Afrikanın cənubuna tərəf üz tutur və Ümid burnunu keçən zaman dörd gəmini itirir. Təəssüfləndirici hal o idi ki, həlak olanların arasında 1487-ci ildə Ümid burnunu avropalılar üçün kəşf etmiş Bartolomeu Diaş vardı, onun qardaşı Dyoqo Diaş isə Mozambik sahillərində o biri gəmilərdən aralı düşür. Pedru Kabral üçün itkin sayılan Dyoqu Diaş yolüstü Afrikanın ən böyük adası Madaqaskarı kəşf edərək, sağ-salamat vətənə qayıdır.

 

     Bartolomeu Diaş (1450-1500)
 
Pedru Kabralın Atlantik okeanının qərb sahilində aşkarladığı böyük torpaq, təsadüfi kəşf yox, Portuqal krallığının XV əsrdə dünya ictimaiyyətinə təqdim etdiyi ən böyük yalandır. Ona görə ki, ekspedisiyanın hərəkət marşrutuna nəzər yetirəndə aydın başa düşmək olar ki, elə bir donanma ilə, elə bir heyətlə, elə bir təcrübəli şturman və kapitanlarla okeanda azıb, kor-koranə uzun müddət üzərək minlərlərlə kilometr məsafəni arxada qoymaq mümkün deyildi. Düzdür, həmin dövrdə Atlantik okeanı akvatoriyasında yerləşən bütün adalar Köhnə Dünyanın sakinlərinə məlum olmadığından, Kabral yalnız yaxınlıqda olan naməlum adaları kəşf edə bilərdi. Qeyd etmək lazımdır ki, ekspedisiyanın tərkibində həmin yolları kifayət qədər tanıyan Bartolomeu Diaş, Nikolau Koelyo və başqa peşəkar dənizçilər vardı. Həm də onu da bildirmək istəyirəm ki, Lissabondan çıxıb Hindistana gedən həmin dəniz yolunun marşrutunu məhz Bartolomeu Diaş və Portuqaliyada qalmış Vasko da Qama buyurmuşdular. Həmin marşrutdan isə hələ 3 il bundan əvvəl, yəni, 1497-ci ildə Hindistana yollanmış Vasko da Qama istifadə etmişdi. Təlimata əsasən, Pedru Kabral xoşagəlməz cərəyanların yanından ötərək Afrikanın cənubunda yerləşən Fırtınalar burnuna yaxınlaşmadan Hind okeanına çıxmalı idi.
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı



 
3912
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic