İSPANLAR BİRİNCİ OLARAQ BRAZİLİYANI KƏŞF EDİBLƏR - II HİSSƏ

                   (Əvvəli – “Visente Yanyes Pinson, Diyeqo Lepe və ya rəsmi olaraq Braziliyanı ilk dəfə
                                    kim kəşf edibdir?” – adlı məqalədə)
 
Bütün bu ekspedisiyaları Braziliya sahillərinə göndərməklə əslində, ispanların məqsəd-məramı başqa idi. Onlar dəqiq bilmək istəyirdilər, portuqalların rəsmi şəkildə özləri üçün müəyyənləşdirdikləri demarkasion xəttin üzərində torpaq ərazisi var, ya yoxdur? Kəşfiyyat ekspedisiyaları həmin akvatoriyaya göndəriləndən sonra orada kifayət qədər quru ərazinin olduğu məlum olur və ondan sonra ispanlar başa düşürlər ki, portuqallar onları aldadıblar. Lakin aldatmanın miqyası dəqiq müəyyən olmadığından ispanlar elə bir ciddi etiraz bildirmədilər. Bunun üçün isə həmin ərazinin tədqiqi ilə məşğul olmaq lazım idi və bu səbəbdən ora məxfi və icazəli ekspedisiyalar göndərilməyə başlandı.
Hazırda onları yalnız bircə şey maraqlandırırdı, Tordesilyas müqaviləsinə əsasən, portuqalların əldə etdikləri ərazi nə boydadır və hansı enliklərdə yerləşir? Meridian bölgüsünə görə sərhəd bəlli idi, lakin həmin sərhədin haraya qədər uzandığı ispanların maraq dairəsində idi.
Pedro Alonso Ninyo demarkasion xəttdən qərb tərəfə çıxıb həmin ərazilərin tədqiqi ilə məşğul olur. Visente Pinson 80, Diyeqo Lepe 100, 50 30/, Bartolome Roldan 50 30/, Alonso de Mendosa isə təxminən 70 c.en dairəsində sahilə çıxıb, oradan tədqiqat işlərinə başlamışdılar. Visente Pinson, Diyeqo Lepe, Pedro Alonso Ninyo, Alonso Oxeda sahilə yan alan kimi şimal-qərb, Bartolome Roldan, Alonso de Mendosa isə cənub-qərb istiqamətində Braziliya sahillərini tədqiq etmişdilər.
Visente Pinsonun ekspedisiyasında iştirak edən Ameriqo Vespuççi 50-60 c.en dairəsində Braziliya sahillərinə yan alır və oradan cənub istiqamətində hərəkət edir. Onun missiyasına Braziliyanın cənub sahillərinin hara kimi uzandığını müəyyənləşdirmək idi. Lakin o, da həmin missiyanın öhdəsindən gələ bilmir. Sanki onların hər birinə ayrı-ayrılıqda xüsusi tapşırıq verilmişdi ki, oranın hər bir qarış torpağı ispanların diqqətindən yayınmasın.
İspan monarxları bilmək istəyirdilər ki, Tordesilyas müqaviləsindən sonra Atlantik okeanının o biri tayındakı torpağın hansı irilikdə olan hissəsi portuqalların mülkiyyətinə keçir. Parallellər arasındakı məsafə hesablananda onların həddindən artıq böyük əraziyə malik olduğu üzə çıxır. Deməli, belə çıxır ki, portuqal dəniz səyyahları heç bir əziyyət çəkmədən həddindən artıq böyük əraziyə sahib çıxmışdılar. Olmaya, Tordesilyas müqaviləsi zamanı özlərini avam aparmağa çalışmış portuqallar ispanlara hiylə gəlmişdilər? Axı, onlar ikinci bölgü zamanı demarkasion xəttin birdən-birə 270 liq artırmağa müvəffəq olmuş və indiki Braziliya boyda iri bir ərazini ispanların əlindən ala bilmişdilər.
 
                                                
                                       Tordesilyas müqaviləsinə əsasən demarkasion xətt
 
Tordesilyas müqaviləsinə əsasən, artıq Braziliya portuqallara məxsus olduğundan, sadəcə olaraq, bunu rəsmiləşdirmək lazım idi. Həmin kəşf rəsmiləşdiriləndən sonra həmin ərazini tədqiq etmək üçün tədqiqat ekspedisiyasının göndərilməsi planlaşdırılırdı. Bu işi yerinə yetirmək üçün krala bir neçə namizəd təqdim olunmuşdu, lakin o, Qonsalu Kuelyunun üzərində dayandı. Çox maraqlıdır ki, həmin səyahət tədqiqat baxımdan mühüm əhəmiyət kəsb etsə, həmin ekspedisiyaya başçılıq etmiş rəisin adı bir neçə əsr məxfi saxlanmışdı. Öz avantürası ilə bütün həmkarlarını geridə qoyan Ameriqo Vespuççi həmin səyahəti öz adı ilə bağlamışdı. Guya o, 1501-1502-ci illərdə həmin ekspedisiyaya rəhbərlik etmişdi. Lakin gec olsa da həqiqət üzə çıxır, ədalət isə bərpa olunur.
1501-ci ildə Portuqaliya sahillərini tərk edən Qonsalu Kuelyunu uzun müddət Ameriqo Vespuççinin köməkçisi kimi qələmə verirdilər. Bir çox mənbələrdə Vespuççinin guya Alonso Oxedanın ekspedisiyasında Cənubi Amerikanın şimal sahillərini tədqiq etdiyi göstərilir. Əlbəttə ki, bu yalandır. Çünki o, ilk dəfə bu materikin sahillərinə elə Qonsalu Kuelyunun səyahəti zamanı gəlibdir. Əslində Vespuççi Braziliya sahillərinə nəzərdə tutulan Kuelyunun ekspedisiyasına qeyri-rəsmi naviqator kimi təhkim olunmuş və tədqiqat zamanı orada gördüyü hər bir şeyi qələmə almalı idi. Həqiqətən də həmin yazılar, XVI əsrin əvvəlində “Santa-Krus” və ya “Tutuquşular ölkəsi” adı altında Braziliyanın sahil zolağı - çaylar, buxta, körfəzlər göstərilən tərtib edilmiş bir neçə xəritə ilə gəlib bizim günlərə çatıbdır. Maraqlıdır ki, həmin xəritələr başqa-başqa məkanlarda tapılmışdır. Görünür, həmin materialların surətləri çoxaldılaraq, naməlum insanlar arasında yayılaraq, salamat şəkildə indiki zamanda tədqiqat obyektinə çevrilibdir.
Beləliklə, 10-u may 1501-ci ildə kapitan-general Qonsalu Kuelyu üç gəmidə Lissabonu tərk edir və iyunun 1-də Yaşıl Burun adalarında vətənə qayıdan Kabralın ekspedisiyası ilə rastlaşır. Onun missiyası da demək olar ki, yarımməxfi sayılırdı. Lakin buna baxmayaraq o, Pedru Kabralın Braziliya sahillərindəki səyahəti barəsində bəzi məlumatları əldə edir və başa düşür ki, Atlantikanın qərbində yerləşən əraziyə getmək nəinki Hindistana, hətta Afrikanın cənubuna olan marşrutdan da asandır.
11 gün ərzində Bijaqoş arxipelaqında şirin su ehtiyatı əldə edən kimi, onlar beş həftəlik okean keçidindən sonra qayalıqlarla əhatə olunmuş Fernandu-di-Noronya adası ilə, avqustun 17-də isə materikin sahili ilə üzləşirlər. Elə birinci burunda portuqallar demək olar ki, istirahət etmədən bir həftə qalır və yollarını davam etdirirlər. Qəribə olsa da, yerli əhali ilə ticarət əlaqəsi qurmaq üçün sahilə iki dənizçi çıxır və geri qayıtmırlar. Buna görə Vespuççi hinduları cəzalandırmaq təklifi versə də, Kuelyu iğtişaş yaratmadan cənub istiqamətində buradan uzaqlaşır. Sahil zolağının tədqiqi xüsusi əhəmiyyət kəsb etdiyindən, hər bir məntəqə dəqiqliklə qeydiyyata alınırdı. Bu isə hər məntəqəyə müqəddəslərin adı verilməklə həyata keçirilirdi. Məhz həmin adlardan bilmək olur ki, onlar ilk dəfə şimalda hansı məntəqədə olublar.
 
                                          
                                  Ameriqo Vespuççinin Yeni Dünyada hindularla ilk görüşü
 
Dənizçilər yanvarın 6-da Anqra-dus Reys buxtasına, 16 gündən sonra San-Visenti adasına (240 c.en dairəsi), yanvarın sonunda isə Kananea çayının (250 c.en dairəsi və 480 q. uzunluğu) mənsəbinə çatır. Məhz burada Qonsalu Kuelyu tədqiqat işlərini başa çatdırıb vətənə qayıtmağı qərara alır. Ferdinand di Noronyanın səlahiyyətli nümayədəsi olan gəminin biri donanmadan ayrılıb 24-ü iyun 1502-ci ildə Lissabona gəlir.
Bu səyahətin xronologiyasına nəzər yetirəndə Ameriqo Vespuççinin çoxsaylı fantaziyası ilə üzləşirsən. Onun məlumatına əsasən, yerdə qalan iki gəmi fevralın 13-də Braziliya sahillərindən aralanaraq cənub istiqamətində səyahəti davam etdirir və təxminən 3000 km. məsafəni arxada qoyaraq aprelin 3-də 520 c. en dairəsində yeni bir torpaqla üzləşirlər. İ. P. Magidoviç və V. İ. Magidoviçə görə çox güman ki, bu 200 c.en dairəsində və 300 q. uzunluğunda yerləşən Trindadi adasıdır. Burada dənizçilər evə qayıtmaq üçün kapitan-generalı razı salırlar və onlar mayın 10-da Syerra-Leone sahillərinə çatır. Kuelyu orada yararsız hala düşmüş bir gəmini yandırıb yolunu davam etdirir və 6-sı sentyabr 1502-ci ildə Lissabonda lövbər atır. 1
 
                                 
                                 Ameriqo Vespuççinin reallıqdan uzaq olan kəşfi
 
Ekspedisiya axtarışlar zamanı qızıl və gümüş baxımdan kralın ümidlərini puç etsə də, amma böyük coğrafi nailiyyətlərə imza atmışdır. 50 30/ c.en dairəsindən 250 c.en dairəsinə kimi, San-Roka burnundan Kananea çayının mənsəbinə kimi 3000 km-lik sahil zolağını, o cümlədən, Veles de Mendosadan sonra 50 30/ c.en dairəsindən 160 c.en dairəsinə kimi, 1000 km-lik məsafəni təkrarən tədqiq edərək, yeni xəritəyə daxil etmişdi.
Təxminən 450 il həmin ekspedisiyanın nailiyyəti gizlin saxlanılsa da, bu işdə Ameriqo Vespuççinin rolu danılmazdır. Ona görə ki, bu səyahət barəsində o, qeydlər aparan zaman paxllıqdanmı deyim, yoxsa əldə olan şöhrəti öz adına yazdırmaqdanmı, bir dəfə də olsun, Qonsalu Kuelyunun adını çəkmir və bütün missiyanın nailiyyətlərini həyasızcasına mənimsəyir. Yalnız XX əsrin 60-cı illərin sonunda İtaliyanın Fano şəhərində fəaliyyət göstərən kitabxanada, 1504-1505-ci illər tarixi ilə göstərilən köhnə bir xəritə tapılır. Həmin xəritədə Braziliya “Qonsalu Kuelyunun torpağı” adlanır. Məhz ondan sonra Kuelyunun Braziliyanın tədqiqində müstəsna rol oynaması önə çəkilir.
Portuqalların əsl məqsəd-məramı, Pedru Kabralın buraya təsadüf nəticəsində gəlib çıxdığını və ondan əvvəl bu materikdə hər hansı bir səyyahın olub-olmadığını müəyyənləşdirmək üçün Kuelyunun sahilə yaxınlaşdığı coğrafi məntəqələrini nəzərdən keçirməkdən ibarət idi.
Ekspedisiyanın avqustun 17-də sahilə toxunduğu ən şimal nöqtə 50 30/c. en dairəsindəki San-Roka burnudur. Həmin burun bir il bundan əvvəl hələ Visente Pinson və Diyeqo de Lepe tərəfindən kəşf edilmişdi. İspanların bu ərazilərdə keçirdikləri tədqiqat işlərini heçə endirmək üçün portuqallar bu ərazidə fəaliyyət göstərməliydilər. Ona görə ki, sonradan bu ərazilər əldən çıxa bilərdi. Ən əsas portuqallar sənədlə sübut etməliydilər ki, Pinson ilə Lepenin gəmiləri demarkasion xətdən xeyli şərqdə Braziliya sahillərinə yan almış və bununla da onların fəaliyyətinin nəticələri heçə endirilməliydi. Yəni, portuqallar yuridik sənədə əsaslana-raq ispanların fəaliyyətinə bu ərazilərdə son qoymalı idilər.
Bəzi mənbələrdə göstərilir ki, Qonsalu Kuelyu Pedru Kabralın Braziliya sahillərinə hansı enlikdə yan almasından xəbərsiz idi. Lakin bu inandırıcı görünmür. Ona görə ki, Kabral Braziliya sahilləri ilə üzləşəndən sonra, “kəşflə” bağlı xəbəri krala çatdırmaq üçün Qaspar de Lemuşu mayın 1-də Lissabona göndərir. Məhz bunu əsas tutaraq, Qaspar de Lemuşun Lissabonda Kuelyu ilə görüşüb Braziliya barəsində məlumat toplamasını bildirmək olar. Deməli, Kuelyu Pedru Kabralın 160 30/ (indiki Portu-Sequru) sahilə yan almasından məlumatlı idi.
 
                                                   
                                             Pedro Alvareş Kabral (1467-1520)
 
İspanların əziyyətini yerə vuran Qonsalu Kuelyu həmin nöqtədən cənuba doğru üzür və avqustun 28-də Sant-Auqustin (Kabu-Branku) burnuna çatır. Ondan bir az cənubda mülayim hindu tayfası ilə rastlaşır və onlardan üç qadın könüllü olaraq gəlmələrlə Portuqaliyaya getməyə razılıq bildirirlər. Burada dənizçilər bir ay qalır və Borborema dağlarından daşan xırda çaylar olan San-Migel (29 sentyabr), San-Jeronimu (30 sentyabr), oktyabrın 4-də isə 100 30/ c. en dairəsində yerləşən hamısından böyük çay olan San-Fransiskunun mənsəblərinin yanından ötür. Noyabrın 1-də ekspedisiya vacib olan 130 c. en dairəsində yerləşən Todeus-us-Santus buxtasına yan alır. Bu ətraf ərazidə olan ən böyük körfəzin sahili idi, sonralar onu sadəcə Baiya (“Buxta”) adlandırırlar. Portu-Sequruda onlar Pedru Kabralın il yarım əvvəl qoyduğu iki yunqanı götürürlər. Bu bir daha hinduların sülhsevərliyindən xəbər verirdi. Yollarını davam etdirən portuqallar dekabrın 13-də Santa-Lusiya (çox güman ki, Dosi çayıdır) çayının mənsəbini arxada qoyur, dekabrın 21-də San-Tome burnunu (220 c.en dairəsi) keçib birbaşa qərbə tərəf üz tutur və yanvarın 1-də heyranedici Quanabara buxtasına çatırlar. Onlar buranı (230 c.en dairəsi) çayın mənsəbi ilə səhv salaraq, həmin yeri “Yanvar çayı” – Rio-de-Janeyro adlandırırlar.
Ən maraqlısı odur ki, Braziliya sahillərinə üzən ekspedisiya iştirakçıları rəsmi olaraq, həmin sahilləri tədqiq etməkdən ötrü yollansa da, el gözünə onlara daha vacib tapşırıq verilmişdi. Həmin tapşırığa əsasən, Kuelyu Kabralın “kəşf” etdiyi ərazinin Tordesilyas müqaviləsi zamanı müəyyən edilmiş demarkasion xətdən neçə dərəcə qərbdə və ya şərqdə yerləşdiyini təyin etməliydi. Guya əvvəlki ekspedisiya sahilə çıxdığı ərazinin uzunluq koordinatlarını təyin edə bilməmişdi. Portuqallar Tordesilyasda yürütdükləri yalana doğru don geydirmək üçün belə edirdilər. 
Beləliklə, Kuelyunun üç karavellası sahilə yan aldığı nöqtədən 500 km. aşağı düşərək, 1502-ci ilin birinci günündə böyük bir çayın mənsəbinə çatır (indiki Rio-de-Janeyro şəhərinin ərazisi).
Elə ikinci ekspedisiya vaxtı (1503-1504) Ameriqo Vespuççi Qonsalu Kuelyu ilə birlikdə həmin sahillərə üzmüş və bu səyahət zamanı bir çox hadisələri qələmə alıb, həmin qeydləri bir neçə dəfə Avropada çap etdirmişdi. Qeyd etmək istəyirəm ki, həmin səyahət az qala faciə ilə nəticələnəcəkdi.
Portuqallar isə Braziliyanı kəşf edən ilk səyyah kimi həmin adların, yəni Visente Pinsonun və Diyeqo de Lepenin üstündən xətt çəkərək bildirirlər ki, portuqal dənizçisi Duarti Paşeku Pireyra və Portuqaliyanın xidmətində olan alman alimi Martin Behaym 1490-1495-ci illər arasında həmin ərazidə olublar, lakin başqalarını cəlb etməmək üçün, dövlət sirri kimi həmin kəşfi məxfi saxlayıblar. Bu barədə ortaya arqumentlər çox qoyulsa da, lakin bunu sübut etmək hələ də mümkün olmayıbdır. Daha doğrusu bu inandırıcı görünmür. Ona görə ki, alman coğrafiyaşünası o qədər də tanınmış dəniz səyyahı sayılmırdı ki, portuqallar onu belə bir həm məsuliyyətli, həm də dövlət əhəmiyyətli səyahətə yollasınlar.          
 
                                                            
                                                           Martin Behaym (1459-1507)
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı
                                                                                                                                                                                                                                                            
                                                                                                       
 

        1 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географических открытий, II том. Москва, “Просвещение”. 1982. стр.59
4701
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic