ATLANTİK OKEANINDAKI BƏZİ ADALAR İSLAM ALİMLƏRİNƏ BƏLLİ İDİ - I HİSSƏ

Xristofor Kolumb Portuqaliyada yaşayarkən, 1484-cü ilin əvvəlində tərtib etdiyi transatlantik layihəsini kral II Juana təqdim edir. Lakin layihənin verildiyi vaxt Portuqaliyanın monarxı üçün münasib deyildi. Ona görə ki, kral ölkədə maqnatların xəyanətkarlıqla qaldırdıqları qiyamı yatızdırmaqla məşğul idi. Bundan əlavə onu başqa səyahətlərə nisbətən, yalnız Afrikanın qərb sahillərinə nəzərdə tutulan ekspedisiyalar maraqlandırırdı.
Məlumdur ki, Xristofor Kolumb gələcəkdə təşkil olunacaq ekspedisiyanın uğurla nəticələnəcəyi halda və xidmətlərinə görə kraldan həddindən çox imtiyazlar istəmişdi. O qədər imtiyazları hər hansı bir kraldan istəmək, sadəcə olaraq sırtıqlıq sayılırdı. Ona qədər heç kim, hətta vətən qarşısında böyük xidmətləri olan tanınmış zadəganlar kraldan belə bir imtiyazlar istəməmişdilər. Genuyalının tələbləri nədən ibarət idi? O, məlum olan okeanın baş admiralı olmaq, zadəgan rütbəsi, kəşf edəcəyi torpaqların vitse-kralı vəzifəsini, həmin torpaqlardan əldə olunacaq gəlirin onda bir hissəsini, kəşf edəcəyi yeni ölkələrdə təşkil olunacaq ticarətdən gələn verginin səkkiz faizini və qızıl mahmızlar istəmişdi. Krallığının tanınmış zadəganlarını ciddi nəzarət altında saxlayan II Juan, heç vaxt belə bir imtiyazları kiməsə verməzdi.
Məni həmin hadisədə bir şey maraqlandırır, II Juan bu qədər ciddi, tələbkar və sərt fikirli monarxdırsa, onda nəyə görə o, birbaşa Kolumba rədd cavabı verməmişdi? Birinci olaraq onun layihəsinə alimlər rəy verməliydilər. Xristofor Kolumbun layihəsi, Seutanın arxiyepiskopu Diyeqo Ortis de Villeqasın (1457-1519) rəhbərliyi altında, Portuqaliyanın ən istedadlı və bacarıqlı alimlərin, riyaziyyatçıların fəaliyyət göstərdikləri kiçik Lissabon akademiyasına – “Riyaziyyatçılar Xuntası”na – verilir. Bu təşkilatın bir neçə üzvü yəhudi alimləri idi; o dövrün astrolyabiyasını və sektantını təkmilləşdirmiş usta Rodriqo və naviqasiya astronomiyasının ustası Xose Vitsinqo. Adı çəkilən adamlar dəqiq bilirdilər ki, layihədə göstərilmiş uzunluq barəsindəki ölçülər və həmin ölçülərə dair verilmiş məsafələr düzgün ola bilməz. İş ondadır ki, onların da Yer kürəsinin uzunluğunun dəqiq ölçüsü yox idi, lakin buna baxmayaraq həmin alimlər əmin idilər ki, elə Kolumbun da ortaya qoyduğu hesablamalar düzgün verilməyibdir.
Portuqal kralı II Juan
 Dəqiq bilinmir həmin şura hansı qərar verir, lakin o məlumdur ki, 1485-ci ildə çıxarılan qərar gözlənildiyi kimi Kolumbun xeyrinə olmayıbdır. Elə həmin ildə genuyalının həyat yoldaşı vəfat edir və o, İspaniyaya getməyi qərara alır.
Genuyalı dənizçi Lissabonu tərk edən kimi kral II Juan onun dediklərini yoxlamaqdan ötrü, Atlantik okeanının qərb hissəsinə ekspedisiya təşkil etməyi qərara alır. Kral və onun müşavirləri bu məsələdə yekdil fikirə gəlirlər.
Həmin dövrdə nəinki Pireney yarımadasında, hətta Avropanın tərkibinə daxil olan bir çox ölkələrdə Atlantik okeanının qərb hissəsində yerləşən “Yeddi şəhər adası”n-dan, Xaldat və Antiliya adalarından çoxlu söz-söhbətlər gəzirdi. Portuqal dəniz səyyahları həmin adaların axtarılıb tapılması üçün bir neçə ekspedisiya təşkil etmişdilər.
Xaldat və ya Səadət adalarının harada yerləşməsi qədim və orta əsr alimlərini həddindən artıq çox maraqlandırırdı. Bəzi alimlər, xüsusən də görkəmli Azərbaycan alimi, Marağa rəsədxanasının banisi Mühəmməd Nəsirəddin Tusi (1201-1274) həmin adaların Qrinviç meridianından 350 qərb istiqamətində yerləşdiyini bildirirdi.
Bu məsələ ilə ciddi maraqlanan ingilis alimi Q. R. Kaye “Hindistan astronomiyası” əsərində göstərir ki, Səadət adaları Qrinviçdən 350 qərbdədir.1
Maraqlıdır, Q. R. Kaye nəyə görə belə fikirdə olmuşdur? Həm qədim, həm də orta əsr alimlərinin əksəriyyəti üçün Səadət adaları Atlantik okeanının qərb hissəsində təsəvvür edilirdi.
Xorezm dövlətində yaradılan Məmun akademiyasının görkəmli alimi Əbu Reyhan Biruni (973-1048) bu haqda yazır: “Bəzi alimlər başlanğıc uzunluğunu Səadət adalarından, bəziləri isə Qərb dənizinin sahilindən hesablayırlar. Bunların arasında fərq 100-dir”.
                                                  
                             Əbu Reyhan Biruni (973-1048)                     Nəsirəddin Tusi (1201-1274)
 
Həmin adalar barəsində İspaniyada yaşamış ərəb coğrafiyaşünası Əli ibn əl Məğribi əl Əndəlüzi, Suriya alimi Marağa rəsədxanasının əməkdaşı Qriqori əbül Fərəc, həmin rəsədxananın görkəmli alimi Qütbəddin Şirazi, XIII əsrin məşhur coğrafiyaşünası və tarixçisi Mahmud Qəzvini, XIV əsrin tanınmış ərəb alimi Hərrani həmin adalar barəsində müxtəlif elmi fikirlər söyləmişdilər.
Hərrarinin açıqlaması daha maraqlıdır: “O ki qaldı Qərb torpağına, o Qərb zülmət bəhr - mühitindən başlayır. Bu elə dənizdir ki, onun o biri tərəfində heç kəs olmamış və bilmir ki, bunun ardında nə var. Burada külli miqdarda üzərində həyat olan adalar vardır. Bunlardan ikisinə cəzair Xaldat deyilir. Bunların ikisi ən böyük adadır”.
Ərəb aliminin bu fikri, professor Həbibulla Məmmədbəylini heyrətləndirmiş və o, bu məsələyə dair öz fikrini belə izah etmişdir: “Hərrarinin belə bir qeydi doğrudan da diqqəti cəlb edir, o həm Qərb torpağı, həm də Antiliya adaları haqqında danışır. Orta əsrlərdə Qərb dənizi, Qərb bəhr – mühiti və ya Zülmət dənizi dedikdə, Atlantik dənizini düşünürdülər. Hərrarinin dediyi adalar Atlantik dənizində yerləşmiş Kanar, Azör, Yaşıl Burun adaları və ya Antiliya adaları ola bilər. Kanar, Azör, Yaşıl Burun adaları ona görə sıradan çıxır ki, bunlar külli miqdarda olan adalardan ibarət deyildir və bundan başqa həmin adalar öz böyüklükləri etibari ilə bir-birindən çox az fərqlənir. Antiliya adalarına gəldikdə isə bunların sayı həqiqətən də çoxdur.
Bunlardan ikisi; yəni, Kuba və Haiti adaları o birilərinə nisbətən olduqca böyükdür...
Deməli, Hərrarinin dediyinə görə ancaq Kuba və Haiti adaları cəzair Xaldatdır...”1
Bir halda ki, XIV əsrin əvvəlində Hərrani Antiliya adaları haqqında danışmışdır, onda sonrakı coğrafiya ədəbiyyatlarında, xüsusilə xəritələrdə Antiliya adaları haqqında məlumatlar olmalıdır.
Keçmiş alimlər Antiliya adalarının yalnız Asiya qitəsinin şərqində yerləşdiyini göstərmişdilər. Həqiqətən də adı çəkilən adaları göstərilən xəritələr Avropada geniş şəkildə yayımlanırdı.
İtalyan xəritəşünası Fransisk Pitsiano 1367-ci ildə Antiliya adalarını göstərməklə xəritə tərtib etmişdi. Hazırda həmin xəritə Parmanın İtaliya kitabxanasında saxlanılır. Naməlum bir xəritəşünas 1424-cü ildə xəritə tərtib etmişdi və həmin xəritə Almaniyanın Veymar şəhərindəki kitabxanada saxlanılır. Xəritəni alman alimi Humboldt tətqiq etmişdi. Fransız xəritəşünası Battista Bekkariya 1435-ci ildə xəritə hazırlamışdı. Həmin xəritədə Antiliya adı ilə bərabər onun sinonimi Stanahiya sözü də qeyd olunmuşdu. İtalyan xəritəşünası Andrea Biankini 1436-cı ildə, Antiliya adaları göstərilmiş Böyük Venetsian xəritəsini yaratmışdı. İtalyan alimi Paolo Toskanelli 1474-cü ildə tərtib etdiyi xəritədə Antiliyanı Atlantik okeanının mərkəzində göstərmişdir.
 
                                                        
                                              Paolo dаl Pottso Toskanelli (1397-1482)
 
Əlbəttə ki, adları çəkilən xəritələrin tam əksəriyyəti Avropa alimləri tərəfindən müzakirə obyektinə çevrilirdi. Alimlər dəqiq bilirdilər ki, Köhnə Dünyadan qərb tərəfdə yerləşən Atlantik okeanının sahilləri sonsuz deyildi və uzaq qərbdə həmin okeanda böyük torpaq ərazisinin mövcudluğu heç kimdə şübhə doğurmurdu. Lakin maraqlandıran sual o idi ki, həmin ərazi Avropa sahillərindən neçə kilometr aralıda yerləşir?
 
                            (Ardı – “Ferdinand Van Olmen və Kolumbun transatlantik layihəsi” – adlı məqalədə)
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı


 
1 Г.Р. Каyе «Индийская астрономия» 1924, стр. 52
1 H. C.Məmmədbəyli, Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 1980. səh.160-161.





 
4599
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic