YENİ DÜNYANIN KƏŞFİ PORTUQALİYANIN HEGEMONLUĞUNA SON QOYMUŞDU - I HİSSƏ

Kastiliyanın başı ərəblərə qarşı azadlıq müharibəsinə qarışdığı bir zaman portuqallar Afrikanın şimal-qərb sahillərinin mənimsənilməsilə məşğul idi. Bunu qanuniləşdirmək istəyən portuqallar Vatikanda Müqəddəs Pyotrun taxt-tacında əyləşmiş V Nikolaydan fərman imzalamağı xahiş edir. Həmin vaxt yəni, 18 iyun 1452-ci ildə “Dum diversas” adlı bulla verilir və bu dünyanın bölüşdürülməsi ilə bağlı ilk tarixi sənəd sayılır. Sonradan hərc-mərclik olmasın deyə, portuqal kralı I Juan Roma papasından məsələyə aydınlıq gətirməsini xahiş edir. Məhz buna görə də Roma papası V Nikolay 8-i yanvar 1455-ci ildəki bullada (“İnter caetera”) Afrika sahilləri ilə ticarətin inhisarının portuqallara məxsus olduğu göstərilir. Faktiki olaraq Afrika materiki Portuqal kralının ixtiyarına verilir.
Lakin buna baxmayaraq yalnız 1479-cu ili portuqallar üçün dönüş ili hesab etmək olar. Həmin ilin sentyabr ayında Alkasovasdakı bağlanan müqaviləyə əsasən, Atlantik okeanı iki hissəyə bölünür. Bu məsələdə mütləq Kastiliyanın razılığı lazım idi. Alkasovasdakı müqaviləni təsdiqləmək üçün Roma papası IV Sikst 21 iyun 1481-ci ildə hər iki tərəfi danışıqlar masası arxasına dəvət edib, “Aeterni Regis” bullası ilə onları tanış edir. Müqəddəs atanın ispan kraliçası İzabella Kastiliyalıyalıya hörməti olsa da, o, Kanar adalarından cənubda yerləşən bütün əraziləri Portuqaliyanın ixtiyarına verir. Burada portuqalların roma pontifikinə bəxşiş verməsi bir çoxlarına məlum olur. Məhz buna görə də IV Sikst portuqal nümayəndələrinin bütün tələblərini artıqlaması ilə yerinə yetirir.
                                           
                                         
            Roma papası V Nikolay (1397-1455)                 Roma papası IV Sikst (1414-1484)
 
Bundan əlavə həmin dövrdə Portuqaliya krallığı Kastiliya krallığına ərazi iddiası ilə çıxış edərək, arada yaranacaq müharibədən belə çəkinmirdi. Kastiliya isə ixtiyarında olan torpaqlarının bir qarışını qonşusuna qaytarmaq fikirində deyildi. 
Kastiliyanın ərazilərinə olan iddiadan əl çəkən portuqal kralı V Alfons Portuqaliya üçün həddindən artıq əlverişli imtiyazlar əldə edir: Kanar adaları Kastiliyanın tabeliyində qalır, Azör və Madeyra adaları isə Portuqaliyanın ayrılmaz ərazisi kimi sənədləşdirilir. İspan gəmiləri hər hansı bir ekspedisiyanı təşkil edəndə Şimal yarımkürəsinin 28-ci paralellindən aşağı enməməliydi. Nəzəri olaraq Florida yarımadasının yarısı, Böyük və Kiçik Antil adaları, Meksika, Panama, Cənubi Amerika bütünlüklə Portuqaliyanın tabeliyinə keçir.
Alkasovasdakı müqavilə də davamlı olmur. Xristofor Kolumbun birinci səyahətindən sonra ispanlar sülh yolu ilə dünyanın yenidən bölünməsi tələbini irəli sürürlər. Artıq təxmini də olsa bilmək olardı ki, Kolumbun kəşf etdiyi ərazilərdən də cənubda iri torpaq əraziləri yerləşir. Elə olur ki, taleyin hökmü ilə Valensiyanın yaxınlığında yerləşən Hativa şəhərindən milliyyətcə ispan olan Rodriqo Borxa adlı araqonlu Vatikanda müqəddəs Pyotrın taxt-tacında əyləşir. Maraqlı budur ki, Kolumb birinci transatlantik səyahətinə yola düşən zaman (1492-ci il avqust ayı), araqonlu yepiskop Roma pontifiki vəzifəsinə seçilir. Bu ikinci araqonlu idi ki, belə bir yüksək vəzifəyə layiq görülürdü. Birincisi Valensiyanın yepiskopu Alonso de Borxa III Kalikst adı ilə Roma papası olmuşdu.
Belə bir təsadüfi heç kim gözləmirdi. Yeni Roma papası VI Aleksandr (Borxa və ya Borcia) 4-ü may 1493-cü ildə bulla “İnter caetera” verir. Bullada göstərilir ki, Atlantik okeanının qərb hissəsində ispanlar tərəfindən yenicə kəşf olunmuş torpaqlar katolik krallarının (Ferdinand Araqonlu və İzabella Kastiliyalı – R. D.) tabeliyinə verilir. Bir şərtlə ki, orada yaşayan əhali mərhələ-mərhələ xristianlaşdırılacaqlar. İki krallıq bir-birilərinə mane olmasınlar deyə, demarkasion xətt Azör adalarından 100 liq qərbdə çəkilir.
 
                       
                  Kral I Ferdinand Araqonlu (1452-1516)                Kraliça İzabella Kastiliyalı (1451-1504)
 
Bu yerdə Braziliyanın qeyri-rəsmi kəşfinə qayıtmaq istərdim. Tarixçilərin verdiyi tarixlər ki, var, mən onları əsassız saymaq istərdim. Yuxarıda göstərilir ki, guya Braziliya 1480-ci ilə qədər və ya 1490-cı illərdəki (dəqiq rəqəm göstərilmədən), hətta Jan Kuzen, Alonso Uelva, Martin Behaym və başqalarının adı hallanmaqla, kəşflə bağlı öz fərziyyələrini irəli sürürlər. Ən inandırıcı tarix 1494-cü il sayılır. O da nəyə görə?
Xristofor Kolumb Yeni Dünya sahillərinə olan birinci səyahətini 15-i mart 1493-cü ildə başa çatdırır. Bu o deməkdir ki, ispanlar gözləmədikləri halda Atlantik okeanının qərb hissəsində yerləşən torpaq ərazilərinə sahib çıxa bilərlər. Lakin burada bir anlaşılmamazlıq ortaya çıxır; axı, 1481-ci il müqaviləsinə əsasən, onlar 28-ci paraleldən aşağıda yerləşən ərazilərə iddia edə bilməzdilər. Ona görə ki, Alkasovasda bağlanan müqaviləyə görə yuridik olaraq 280 ş.en dairəsindən aşağıda olan ərazilərin hamısı Portuqal taxt-tacına məxsus idi. Bu izdivaca baxmayaraq ispanlar 28-ci paraleldən aşağı düşmüşdülər, amma bunu gizlin saxlamağa çalışırdılar.
Yeni Dünaya sahillərinin kəşfindən sonra hər itirilən gün portuqalların ziyanına idi. Xristofor Kolumb Avropa sahillərinə qayıdanda birinci olaraq həmin kəşfdən elə portuqalların özləri xəbər tutmuşdular. Ona görə ki, admiralın gəmisi qeyri-ixtiyari olaraq Madeyra adalarına yan almış, ondan sonra isə həmin gəmini Lissabona ötürürlər. Ən maraqlı cəhət odur ki, portuqallar üçün zidd olan kəşfi həyata keçirən Kolumbu, Portuqaliyanın kralı II Juan tamtəraqla öz sarayında qəbul edir. Məhz həmin görüşdən sonra kral adekvat addımlar atmaq qərarına gəlir. Bunun üçün II Juan Yeni Dünya sahillərinə missiyası məxfi saxlanılan ekspedisiya təşkil edir.
 
                                                    
                                                       Portuqal kralı II Juan (1455-1495)
 
Çox güman ki, yuxarıda göstərildiyi kimi Duartu Paşeku Pireyra həmin ekspedisiyanın rəhbəri təyin edilir. Çünki sonrakı proseslər və Pireyranın 1505-1508-ci illər arasında yazdığı “Esmeraldo de Sita Orbis” (“Yerin vəziyyəti barəsindəki zümrüd”) kitabında göstərilir ki, o, Braziliya sahillərində Kabraldan altı il əvvəl olubdur.
 
                                      (Ardı – “Papa VI Aleksandr Borcia dünyanı iki yerə bölür” – adlı məqalədə)
                 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı
                                                                                                                                                                                                                                                            
                                                                                                       
 
16896
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic