ÇİNGİZ ABDULLAYEV AZƏRBAYCANLI QƏLƏM USTASIDIR

                   (Əvvəli “İstedadı ölkə hüdudlarını aşan yazıçı – Çingiz Abdullayev” adı məqalə)
                                                      
Xüsusilə, qeyd etmək istəyirəm ki, Çingiz Abdullayev nəhəng yazıçılar arasında həmin rəqabəti, bizim ədəbiyyata yad olan siyasi-detektiv janrında aparır. Bu janrda yazıb-yaratmaq üçün mütləq şəkildə siyasət, tarix, hüquq, coğrafiya, psixologiya elmlərini bilməli, bir çox ölkələrin ictimai, siyasi, hərbi və dövlət xadimlərinin bioqrafik məlumatlarından hali olmalıdır. Ərsəyə gətirilən əsərlərdən isə bilmək olar ki, “Beynəlxalq təcavüz problemi” barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alan (1988), “Beynəlxalq cinayət problemi”barədə doktorluq dissertasiyasını müdafıə edən Çingiz Abdullayev bütün bunlara peşəkarcasına yiyələnibdir.

Mən, dil ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Bir çoxları irad tuturlar ki, Çingiz Abdullayev əsərlərini rus dilində yazır. Mənə elə gəlir burada qəribə heç bir şey yoxdur. O, vaxtilə özünə lazım olan ədəbiyyatları rus dilində oxuduğundan, bu dilə mükəmməl şəkildə yiyələnir. Azərbaycan sovetlər ölkəsinin tərkibində olanda əksər elmi, texniki və bədii əsərlər rus dilində idi və oradakı biliklərə yiyələnmək üçün, həmin əsərlər tərcüməsiz şəkildə kitab rəflərində qalırdı. XX əsrin 80-ci illərin ortalarına qədər dünya yazıçılarının ərsəyə gətirdikləri “Kapitan Qrantın uşaqları”, “Üç muşketyor”, “Oliver Tvistin macəraları”, “Başsız atlı”, “Spartak”, “Ulenşpigel əfsanəsi” və bir neçə əsəri çıxmaq şərtilə, məşhur roman ustaları A. Düma, J. Vern, V. Skott, Ç. Dikkens, M. Drüon, V. Yan, T. Drayzer, M. Tven, F. Kuper, R. Sabatininin əsərləri Azərbaycan dilinə tərcümə olunmamışdı. Müttəfiq respublikalarda onların əsərlərini yalnız rus dilində, özü də tanışlıq sayəsində əldə etmək olurdu.

Çingiz Abdullayev Avropa, Amerika, Asiya ədəbiyyatlarının ən görkəmli sənətkarları, elmi-ictimai, bədii-estetik fikirlərinin nümayəndələri olan Q. Flober, C. Qolsuorsi, A. Sveyq, R. Rollan, A. Morua, Q. Hauptman, L. Feyxtvanger, T. Mann, B. Şou, T. Drayzer, İ. Kant, E. Heminquey, B. Prus, Okeys, H. Ceyms, E. Bronten, A. Kolric, C. Bleyk, A. Strindberq, M. Qandi, R. Taqor, P. Çandr yaradıcılıqlarına, sənətkarlıqlarına valeh olduğunu və əlbəttə ki, gələcək yaradıcılıq işlərində onların əsərlərindən qaynaqlandığını heç kimdən gizlətmir. Onun rus dilinə mükəmməl yiyələnməsi və o dildə müstəqil fikir yürütməsi həmin materialların mənimsənilməsinə və dünyagörüşünün artmasına gətirib çıxarır.

Dünyada bir çox nasirlər öz əsərlərini əcnəbi dillərdə yazıblar və onlar qınaq obyekti olmayıblar. Şəxsən mən çox razıyam ki, o, təfəkkür məhsullarını dünyanın ən oxuyan xalqı rusların dilində yazır və məhz buna görə də nasirin əsərləri çoxsaylı paralelləri və meridianları aşaraq, böyük bir məkanda təşəkkül tapır, oradan isə Avropa ölkələrinə daxil olur. Orta əsrlərdə bizim əksər alim və yaradıcı insanlarımız əsərlərini bizə yad olan tamamilə başqa dillərdə yazmışdılar. Necə ki, dahi Mühəmməd Nəsirəddin Tusi humanitar sahə ilə bağlı əsərlərini fars, elmi əsərlərini isə ərəb dillərində ərsəyə gətirmişdi, lakin özünü dünyaya azərbaycanlı kimi tanıtdırıbdır. Bu siyahıya Qətran Təbrizi, Məhsəti Gəncəvi, Kafiyəddin Ömər, Əfzələddin Xaqani, Bəhmənyar əl-Azərbaycani, Nizami Gəncəvini də daxil etsək, görərik ki, onlar bir azərbaycanlı kimi başqa dillərdə yazıb yaratmışdılar.
Hal-hazırda Moskva şəhərində yaşayıan məşhur yazıçı Rüstəm İbrahimbəyov, tanınmış rəssam Tahir Salahov və digərləri rus dillidirlər, amma hamı onları azərbaycanlı kimi tanıyır.

Haqsız iradlara, əsassız tənqidlərə məruz qalan Çingiz Abdullayev istəyir lap uyqur, monqol, dillərində yazsın, yenə də onun genetik möhürü azərbaycanlıdır və yazdığı əsərlərlə xalqımıza şan-şöhrət gətirir. Mən belə qənaətə gəlirəm ki, nəinki yerli, hətta xarici oxucular arasında kifayət qədər populyarlıq qazanan nasirin yaradıcılığına şübhə ilə yanaşmaq, paxıllıqdan başqa bir şey deyil. XVIII əsrdə yaşayıb yaratmış fransız yazıçısı Klod Helvetsi qeyd edirdi ki,“bütün qəbahətlərdən ən iyrənci paxıllıqdır. Onun bayrağı altında nifrət, xəyanət və böhtan addımlayır”. İspanlar isə deyirlər ki, “paxıl adam ağcaqanaddan da bərk sancar”. Paxıllığı əlində bayraq tutarq, başqalarını ləkələmək istəyən adamlar isə ispan yazıçısı Baltazar Qrasianın XVII əsrdə söylədiyi – “Paxıl adam bir dəfə ölmür; rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür”, ifadəsini eşidəndə bəlkə həmin hissləri özlərindən uzaqlaşdırarlar.

Çingiz Abdullayev yazdığı əsərlərin sayəsində nəinki Azərbaycanda, hətta bir çox ölkələrdə kifayət qədər tanınmış qələm ustasıdır. Onun bir azərbaycanlı kimi məşhur yazıçılarla rəqabət aparması məni həddindən çox heyrətləndirir. Lakin təəssüflər olsun ki, bizim televiziya kanalları demək olar ki, onun təbliğatı ilə, heç bir əməli iş görmür. Halbuki o, bizim hamımızın fəxr etdiyimiz nur saçan ziyalımızdır. Onun ərsəyə gətirdiyi “Mavi mələklər”, “Əclafların qanunu”, “Monte-Mario təpəsində ölüm”,“Qanın üç rəngi”, “Alçağın üslubu”, “Qatil üçün Qran-Pri” və başqa onlarla əsər, oxucular arasında çoxdan dillər əzbəri olubdur və hər ay səbirsizliklə nasirdən yeni kitab əldə etmək üçün, nəzərlərini Bakıda yerləşən ədəbiyyat məbədinə - Azərbaycan Yazıçılar Birliyinə yönəldiblər.  

Xalqın məhəbbətini qazanan belə bir istedadlı yazçıya dövlət qayğısı lazımdır. Cəsarətlə demək olar ki, müasir qələm sahiblərindən bir neçəsinin adını çıxmaqla, onun əsərləri bir çox xarici ölkələrdə yaşayan potensial oxucuların qəlbinə yol tapa bilibdir. Elə bu səbəbdən onu ədəbi külliyat ordusunun sayəsində qəlblərin fatehi adlandırmaq olar.
 
Bu bir həqiqətdir ki, dünya şörətli ədiblər əsl fatehlərdir. Makedoniyalı İsgəndər, Attila, Çingiz xan, Teymurləng, Məhmət Sultan və başqa dahi sərkərdələr ölkələri fəth etməklə, tarixin səhifələrinə fateh kimi düşsələr də, onları tam şəkildə fateh adlandırmaq olmaz, ona görə ki, onlar ölkələri fəth etsələr də, orada yaşayan xalqların qəlbini fəth edə bilməmişdilər. Əsl fateh isə zor gücünə yox, gərək xeyr əməllər sayəsində insanların qəlbini fəth etməlidirlər, necə ki, həmin işin öhdəsindən yaradıcı insanlar, alimlər, xeyriyyəçilər və humanistlər gəlirlər.
 Çingiz Abdullayevin onlarla əsərləri hər il yeni-yeni ölkələrin sərhədlərini keçir və onun 25 milyonluq ədəbi külliyat ordusu əcnəbi şəhərlərdəki kitabxanalara daxil olub, kitabsevər insanların qəlbini fəth edərək hamının sevimlisinə çevrilir. Bonapart Napoleon demişdir ki, “Bir ölkənin məşhurlaşması üçün bir neçə tanınmış sənətkarın olması kifayətdir”. Çingiz Abdullayevin əsərləri ölkəmizin hüdudlarını aşmaqla, mütaliə edən oxucuların arasında, sanki ölkəmizin məşhurlaşması təbliği ilə məşğul olur.

Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun vitse-prezidenti, Beynəlxalq Ədəbiyyat Fondunun həmsədri Çingiz Abdullayev ədəbi həyatında fəal iştirakına görə Şöhrət ordeni ilə təltif edilibdir, Amerikanın “The Christian Science Monitor” jurnalı onu müasir dövrün detektiv yanrında yazan ən yaxşı müəlliflərdən biri adlandırıbdır. Bütün bu tutul və mükafatlara baxmayaraq ən əsası o, əsərləri ilə birlikdə intellektual səviyyəli ədəbiyyatsevər insanların əziz qonağı sayılır.  

                                                                                                       Yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz
                                                                                                        
9357
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic