ELMLƏ TƏCRÜBƏNİN VƏHDƏTİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB

18 Aprel 2018
 

Coğrafiya İnstitutunda maraqlı tərəflərin geniş iştirakı ilə "Qafqazın dağlıq regionlarında iqlim dəyişmələrinə uyğunlaşma imkanlarının gücləndirilməsi. Elm və təcrübə arasında qarşılıqlı əlaqənin optimallaşdırılması” mövzusunda elmi-praktiki konfrans keçirilib.   

Məqsəd elm və praktikanın vəhdəti, eləcə də bunlar arasında yarana biləcək  boşluq və  çatışmazlıqlar haqqında maraqlı tərəflərin təklif və arzularını öyrənmək, onları ümumiləşdirərək layihə hazırlanmasında səmərəli istifadə etməkdən ibarətdir.

Tədbirdə alim və mütəxəssislərlə yanaşı iqlim dəyişmələrinə uyğunlaşma mexanizmlərinin öyrənilməsi və praktik həyata keçirilməsi fəaliyyəti ilə məşğul olan müxtəlif nazirlik və idarələrin, biznes sektoru və vətəndaş cəmiyyəti, təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Layihə təklifinin hazırlanması üzrə milli məsləhətçi, Qafqaz Dağlıq Regionlarının Elmi Şəbəkəsinin (Dayanaqlı Qafqaz təşkilatı) Azərbaycan nümayəndəsi Azər Qarayev tədbirin məqsədi və gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.

Sonra Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik Ramiz Məmmədov coğrafiya elmində son illər qazanılan nailiyyətlər, gələcək regional və beynəlxalq əməkdaşlıq sahəsindəki planlar, gənc tədqiqatçılar nəslinin formalaşması və təhsil sahəsində atılan uğurlu addımlar haqqında iştirakçılara ətraflı  məlumat verib. Qafqaz mövzusunda keçirilən beynəlxalq forumlarda Azərbaycan tərəfinin mütləq iştirakının vacibliyini vurğulayan akademik “Qafqaz Dağ Forumu”nda iştirak çərçivəsində Azərbaycan coğrafiyaçılarının Türkiyə, Rusiya, Gürcüstan və İranlı mütəxəssislərlə uğurlu əlaqələrindən, eləcə də  Qafqaz Dağlıq Regionlarının Elmi Şəbəkəsi ilə yaranmış əməkdaşlığın əhəmiyyətindən  danışıb.

Coğrafiya institutunun aparıcı elmi işçisi, c.ü.f.d. Rövşən Kərimov  “Qafqaz Dağ Forumu”nda  əməkdaşlıq haqqında təqdimatla çıxış edib. Bildirib ki,   iqlim dəyişmələri, təbiət hadisələri ilə məşğul olan müxtəlif sahələrin mütəxəssisləri ilə əlaqələrin gücləndirilməsi üçün uyğun şəraitin təmin edilməsi vacibdir.

Adları çəkilən aspektlərin Qafqaz ölkələri, Rusiya, Türkiyə,  və İranda texniki dəstəyinə yönəldilmiş yeni regional təşəbbüs müzakirə olunub. Bu təşəbbüs İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin nümayəndəsi  Zahir Əhmədov  tərəfindən dəstəklənib.

Konfransın ikinci hissəsində “Elm və praktika vəhdətinin mövcud vəziyyəti, boşluqların və zəif tərəflərin identifikasiyası və əsas tələbatların müəyyən edilməsi” mövzusunda geniş təqdimatla çıxış edən Azər Qarayev təmsil etdiyi təşkilatın fəaliyyətində regional aspektlər, ACC-i ilə əməkdaşlıq məsələlərinə toxunub. Məruzəçi Qafqazda iqlim dəyişmələrinə adaptasiya məsələlərində elm və praktikanın qarşılıqlı vəhdəti potensialının uyğunlaşdırılmasına yönəlmiş yeni təşəbbüs barədə ətraflı danışıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Respublika Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Statistika Komitəsi, ölkənin ali təhsil müəssisələri, elmi-tədqiqat institutları  və vətəndaş cəmiyyətinin təmsilçiləri mövzu ətrafında çıxışlar edib, səmərəli təkliflər irəli sürüblər.

Konfransda elm və təcrübənin qarşılıqlı əlaqəsini daha da yaxşılaşdırmaq məqsədilə milli və regional səviyyədə həyata keçirilməsi məqsədyönlü olan bir sıra konkret təkliflər hazırlanıb.
 










 

121
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic