ASİYA

Asiya əsasən şimal yarımkürəsində yerləşən qitədir. Köhnə Dünya quru kütləsinin bir parçası olan Asiya 44.391.163 km²-lik sahəsi ilə dünyanın ən böyük qitəsidir. O, Avrasiya materikinin 4/5-dən çoxunu əhatə edir. Asiyanın sahəsi Cənubi Amerika, Antarktida, və Avstraliyanın birgə götürülmüş sahəsindən daha çoxdur. Bu qitə Avrasiya materikinin şimal-şərq, şərq, cənub və cənub-şərq hissələrini əhatə edir. Asiya qərbdən şərqə doğru 10.200 km, şimaldan cənuba doğru 7.000 km məsafədə uzanır. Avropa ilə Asiyanın şərti sərhədi Ural dağlarının şərq ətəkləri, Emba çayı, Xəzər dənizinin şimal sahilləri, Kuma-Manıç çökəkliyi, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi və Aralıq dənizi qəbul olunmuşdur. Afrika ilə Asiyanı bir-birindən Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı və Ədən körfəzi ayırır.

Asiya Yer kürəsinin yeganə qitəsidir ki, onun sahillərini dörd okeanın suları əhatə edir. Asiyanın qərb və cənub-qərb sahilləri daha çox girintili-çıxıntılıdır. Asiyanın şərq sahillərini Sakit okeanın suları əhatə edir. Materikin cənub və cənub-qərb sahillərini isə Hind okeanının suları əhatə edir. Burada nəhəng Ərəbistan və Hindistan yarımadaları, onları ayıran Ərəbistan dənizi və Benqal körfəzi yerləşir. Qırmızı dəniz Asiya sahillərində yerləşən ən isti dənizdir. Asiyanın cənub sahillərində adalar azdır. Şri-Lanka buradakı ən iri adadır. Hind okeanı sahillərində musson cərəyanları çox böyük təsir göstərir. Atlantik okeanı suları Asiyanın ucqar cənub-qərb qurtaracağı olan Kiçik Asiya yarımadasını əhatə edir. Bu yarımadanı qərb sahilləri olduqca girintili-çıxıntılıdır. Kipr adası Asiyanın Atlantik okeanı hövzəsinə aid olan ən böyük adasıdır. Asiyanın bir qrup böyük ada və yarımadaları olan Yamal, Taymır, Çukot yarımadaları və Novosibirsk adaları Şimal Buzlu okeanında yerləşir. Berinq boğazı Asiyanı Şimali Amerikadan ayırır. Şimal Buzlu okeanındakı dənizlərin hamısı qışda donur.

Etimologiya

Asiya Assuriya dilində asu – "şərq" sözündən götürülmüşdür. Qurunun təqribən 30 %-ni təşkil edir. Şimal yarımkürəsinin coğrafi qurşaqlarını tutur. Şimaldan cənuba 8200 km, şərqdən qərbə 8500 km-ə qədər uzanır.

Relyef

Dünyanın ən yüksək zirvəsi Asiya qurunun ən yüksək qitəsidir. Yer kürəsinin ən uca dağ silsilələri və iri düzənlikləri onun ərazisində yerləşir. Asiyanın ən ucqar dağ zirvəsi olan Everest ilə ən dərin çökəkliyi Ölü dəniz arasındakı hündürlük fərqi 9.200 metrdən artıqdır. Qitənin əsasını qədim Avrasiya litosfer tavası təşkil edir. Həmin tava Sibir, Çin-Koreya, Cənubi Çin, Hindistan, Ərəbistan platformalarından ibarətdir. Müxtəlif geoloji dövrlərdə baş verən dağəmələgəlmə prosesləri bu platformaları birləşdirərək qitənin ərazisini xeyli genişləndirmişdir. Paleozoy erasında Altay, Sayan, Tyanşan dağlarının ətəkləri, Böyük Xinqan dağları formalaşmışdır. Asiyanın Lena çayından şərqdə yerləşən dağları Mezozoy qırışıqlığı dövründə əmələ gəlmişdir. Avrasiya və Hind-Avstraliya tavalarının birləşdiyi sahələrdə Kaynozoy erasının əvvəllərində güclü dağəmələgəlmə prosesləri baş vermiş, nəticədə nəhəng Alp-Himalay qurşağı yaranmışdır. Bura Kiçik Asiya, İran yaylası, Qafqaz, Hindiquş, Pamir, Tyanşan, Kunlun, Himalay dağları, Hindçin yarımadasının qərbi, Zond adaları daxildir. Asiyanın şərqində Sakit okean tavasının Avrasiya tavasının şərq kənarları ilə qovuşduğu sahədə zəncirvarı ada qövsləri və dərin ada çökəklikləri əmələ gəlmişdir. Bu qurşağa Kamçatka yarımadası, Kuril, Yapon, Filippin adaları daxildir. Ona Sakit Okean "odlu halqası" da deyilir. Asiyanın qeyd edilən hissəsində Yer qabığı çox fəaldır, relyefin inkişafı indi də davam edir. Bu sahələrdə tez-tez vulkan püskürmələri və zəlzələlər baş verir.

Vulkan rayonlarında çoxlu qaynar bulaqlar – qeyzerlər də fəaliyyətdədir. Zəlzələlər Asiyanın cənubundakı seysmik qurşaqda da xeyli fəaldır. 1902-ci ildə Şamaxı şəhərində baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdı. 1911-ci ildə Alma-Ata, 1948-ci ildə Aşqabad, 1966-cı ildə isə Daşkənd şəhəri zəlzələ nəticəsində viran qalmış, on minlərlə adam həlak olmuşdu. Asiyanın seysmik qurşaqlarında çoxlu sayda fəaliyyətdə olan və sönmüş vulkan vardır. Qitənin fəaliyyətdə olan ən uca vulkanı Kamçatka yarımadasındakı Klyuçi Sopkasıdır (4750 m). Böyük Zond adalarında yerləşən Krakatau vulkanı dəhşətli püskürmələri ilə məşhurdur. Abşeron yarımadası və Qobustanda çoxlu sönmüş və fəaliyyətdə olan palçıq vulkanları vardır. Hazırda vulkan və isti bulaqlardan müxtəlif məqsədlər üçün istifadə edilir. Yerin dərinliklərindən çıxan isti buxar və sulardan elektrik enerjisi alınır, evlər və istixanalar qızdırılır. Yerin daxili enerjisindən Yaponiyada, Rusiyada, İndoneziyada və digər ölkələrdə geniş istifadə edilir.

Asiyanın müasir relyefinin formalaşmasında qədim materik buzlaşmasının böyük rolu olmuşdur. Qədim buzlaqlar Taymır yarımadası və Uralın şimal qurtaracağından cənuba hərəkət edərək geniş sahələri basmışdır. Bəzi sahələrdə buzların qalınlığı 1,5-2 kilometrə çatırdı. Qədim buzlaşmalar Asiyanın relyefini kəskin dəyişdirmişdir. Şimalda buzlaqların əriməsi nəticəsində müxtəlif ölçülü süxur qalaqları olan morenlər səthdə qalın örtük yaratmışdır. Asiya ərazisinin yarıdan çoxunu dağlar və yaylalar tutur. Düzənliklər kimi dağlar da mənşəyinə və yaşına görə fərqlənir. Burada həm cavan, həm də qədim dağlar vardır. Cavan qırışıq dağlar qitənin şərq və cənub kənarlarında iki nəhəng qurşaq əmələ gətirir. Alp-Himalay qurşağı Atlantik okeanı sahillərindən Sakit okeana qədər davam edir. Bu qurşağa Asiyanın qırışıq-faylı Qafqaz, Pamir, Hindiquş, Himalay dağları aiddir. Himalay dağları qövsvari şəkildə Hindistan yarımadasının şimalı ilə qərbdən şərqə doğru 2400 km məsafədə uzanır. Onun ən hündür nöqtəsi Everest dağıdır (8848 m). Əksər zirvələri qar və buzlaqlarla örtülüdür. Himalay dağlarından şimalda 2 milyon km² sahəni əhatə edən dünyanın ən hündür yaylası olan Tibet yaylası yerləşir. Tibet yaylasının şimalında bəzi bəzi zirvələrinin hündürlüyü 7000 metrə çatan, qar və buzlaqlarla örtülü Kunlun dağları yerləşir. Onunn uzunluğu 2000 km-dən artıqdır. Daha şimalda Mərkəzi Asiyanın yüksək düzənlikləri geniş əraziləri əhatə edir. Onlardan ən böyükləri Qobi, Tarım və Cunqar yüksəklikləridir. Qeyd olunan yüksək düzənliklərdə quru iqlim şəraitində geniş səhralar yaranmışdır. Təkləməkan və Qobi səhraları buna misaldır. Himlaya dağları qərbdə Hindiquş dağları ilə, onlar isə Pamirlə qovuşur. Pamir dağlarının hamar, yüksək səthindən 7000 metrə qədər ucalan çılpaq zirvələri diqqəti cəlb edir. Hamar səthlər və zirvələr buzlaqlarla örtülüdür. Qara dəniz və Xəzər dənizi arasında 1500 km məsafədə uzanan Qafqaz dağları da cavan qırışıqlığa aiddir. Dağ əmələgəlmə prosesi burada hələdə davam edir. Böyük və Kiçik Qafqaz dağları arasında Kür-Araz və Kolxida ovalıqları yerləşir.

İqlim

Asiya Yer kürəsinin ən mürəkkəb iqlim şəraitinə malik hissəsidir. Bunun səbəbi Asiya ərazisinin böyüklüyü, xüsusilə onun şimaldan cənuba və qərbdən şərqə doğru geniş ərazi boyu uzanmasıdır. Şimal yarımkürəsinin ən soyuq sahəsi Asiyada yerləşir (Oymyakon, -71 °C). Yer kürəsində ən yüksək rütubət də Asiya qitəsindəki Himalay dağlarının cənub-şərq ətəklərindədir. Asiyanın iqliminin formalaşmasına coğrafi enlik, hava kütlələri, okean və dənizlər, səth örtüyü çox böyük təsir göstərir. Asiyanın cənub əraziləri günəşdən şimal ərazilərə nisbətən iki dəfə çox istilik alır. Tropik enliklərdə günəşdən Yer səthinə gələn istilik enerjisi (günəş radiasiyası) 80-200 kkal/sm², şimal qütb dairəsində isə 100 kkal/sm² təşkil edir. Ərəbistan yarımadası Yer kürəsinin ən çox günəş radiasiyasına malik sahəsidir (220 kkal/sm²). Asiya iqliminin qərbdən şərqə doğru kəskin dəyişilməsi okeanların, dənizlərin və hakim küləklərin təsiri ilə bağlıdır. Asiyanın mülayim enlikləri Avropaya nisbətən az rütubətlidir. Asiyanın şimal rayonları az yağını qəbul etməklə yanaşı, kəskin kontinentallığı ilə də fərqlənir. Qışda Asiyanın şimal rayonlarının çox hissəsi qarla örtülüdür, bu da günəş şüalarının bir qismini əks etdirir və havanın temperaturunu aşağı salır. İqlimin formalaşmasında atmosfer dövranının da böyük rolu vardır. Şimaldan Asiyaya daxil olan Arktika hava kütlələri geniş məsafədə materikin daxili hissələrinə təsir göstərir. Qitənin şərq hissələrinin iqliminə yayda Sakit okeandan gələn rütubətli dəniz hava kütlələri, qışda isə qitənin daxili hissələrindən gələn kontinental hava kütlələri təsir edir. Kurosio cərəyanı tropik enliklərdə Asiyanın mülayim enliklərinə, xüsusilə Sakit okean adalarına istilik və rütubət gətirir. Asiyanın cənub-şərq hissələrinin iqlimi mussonlardan çox asılıdır. Okeanlardan quruya doğru əsən yay mussonları özü ilə çoxlu yağıntı, qış mussonları isə quru, aydın hava gətirir. Musson iqlimi Hindistan və Hindçin yarımadaları üçün xüsusi səciyyəvidir. Hind okeanından materikə doğru əsən mussonlar olduqca çox yağıntı gətirir. Qışda mussonlar materikdən dənizə doğru əsir. Yalnız yay aylarında materik üzərində alçaq təzyiq əmələ gəldikdə bura okeanlardan ekvatorial hava kütlələri daxil olur. Asiyanın okean və dəniz sahillərindən mərkəzi hissələrinə doğru getdikcə demək olar ki, bütün ərazilərində yağıntıların miqdarı azalır, eyni zamanda temperatur rejimi də dəyişilir. Asiyanın rəngarəng relyef formaları iqlim əmələgəlmədə misilsiz rol oynayır. Burada qərbdən şərqə doğru əsasən enlik istiqamətində uzanan Himalay, Kunlun, Tyanşan, Qafqaz, Altay, Sayan dağları soyuq Arktika hava kütlələrinin cənuba keçməsinə imkan vermirlər. Atlantik okeanı üzərindən gələn hava kütlələri Ural dağlarına qədər bütün Avropanı əhatə etsə də, Asiyanın mürəkkəb relyefi onların Asiyada yayılmasına imkan vermir. Hind okeanından materikə daxil olan mussonların qarşısını Himlay və digər digər dağlar yüksək sədd şəklində kəsir. Ona görə də dağətəyi hissələrdə illik yağıntının miqdarı bəzən 10.000 mm-dən artıq olur. Yer kürəsinin ən çox yağıntı olan ərazisi Çerapunci məntəqəsi burada, Himalay dağlarının cənub-şərq ətəklərində yerləşir. Qafqaz dağlarının qərbindəki Kolxida ovalığında və Azərbaycanda Talış dağlarının ətəklərində də dağların sədd şəklində hava kütlələrinin qarşısını kəsməsi ilə əlaqədar rütubətli subtropik iqlim yaranır. Əhalinin təsərrüfat fəaliyyətinə iqlimin təsiri böyükdür. Asiyanın soyuq şimal hissələrində kənd təsərrüfatının inkişafına iqlim mane olduğu halda, tropik və subekvatorial qurşaqlarda iqlim şəraiti ildə 2-3 dəfə məhsul yetişdirməyə imkan verir. Lakin bəzi ərazilərdə rütubət çatışmamazlığı problem kimi qarşıya çıxır. Musson iqlimi olan ərazilər kənd təsərrüfatı üçün olduqca əlverişlidir. Ona görə də həmin ərazilər lap qədim zamanlardan mənimsənilmişdir. Aralıq dənizi iqlimi subtropik bitkilər, mülayim iqlim, taxıl, şəkər çuğunduru, üzüm, meyvə, musson iqlimi isə (həm tropik və həm də subekvatorial) şəkər qamışı, çay, çəltik və digər bitkilərin yetişdirilməsi üçün əlverişlidir.

Daxili Suları

Asiya planetimizin zəngin su ehtiyatına malik sahələrindən biridir. Yer kürəsinin bir sıra iri çay və gölləri burada yerləşir. Lakin Asiyanın mürəkkəb relyef və iqlim şəraitindən asılı olaraq, çay və göllər ərazidə olduqca qeyri-bərabər paylanmışdır. Səth sularının 2/3 hissəsi qitənin cənub-şərq hissəsində cəmlənmişdir. Mərkəzi və Orta Asiyada su ehtiyatları olduqca azdır. Asiyanın çayları dörd okean hövzəsinə aiddir. Bundan başqa qitə ərazisinin 1/3 hissəsindən çoxu axarsız hövzəyə aiddir.

Çaylar

Asiyanın ən mühüm çayları Yansızı, Xuanxe, Qanq, Hind, Ob, Lena, Amur, Yenisey, Amudərya, Sırdərya, Brahmaputra, Mekonq, Dəclə və Fəratdır. Yansızı Asiyanın ən uzun çayıdır, onun uzunluğu 5800 km-dən çoxdur. Musson yağışları zamanı daşan bu çay, Kunlun dağlarının cənub-şərq hissələrindən başlayır və Şərqi Çin dənizinə tökülərək iri delta əmələ gətirir. Çayın aşağı axarı gəmiçilik üçün yaralıdır, ondan suvarmada geniş istifadə olunur. Yansızı çayının aşağı axarı hələ qədimdən mənimsənilmişdir. Hazırda Çin əhalisinin 25%-dən çoxu 
Yansızı çayının hövzəsində yaşayır. Qanq çayı Asiyanın ən gursulu çayıdır. O, su axımının həcminə görə təkcə Amazon, Konqo və Parana çaylarından geri qalır. Qanq öz mənbəyini Himalay dağlarından götürür və Asiyanın ən rütubətli musson iqlimi zonası boyunca axır. Benqal körfəzinə töküldüyü yerdə, Brahmaputra çayı ilə birgə nəhəng delta əmələ gətirir. Musson yağışları ilə qidalandığından yay aylarında daşır. Qanq çayının suları dağlardan çoxlu miqdarda çöküntü materialları gətirir. Hind çayı isə Himalay dağlarının buzlaqlarından və musson yağışlarından qidalanır, quraq ərazilərlə axaraq Ərəbistan dənizinə tökülür. Şimal Buzlu okeanı hövzəsinin ən uzun çayı Lena (4.400 km), ən bolsulu çayı isə Yeniseydir. Lena Baykal dağlarından öz mənbəyini götürür, Sibir tayqası ilə axaraq Laptevlər dənizinə tökülür. Əsasən yağış və qar suları ilə qidalanan bu çay qışda uzun müddət buz bağlayır. Asiyanın axarsız hövzəsində çaylar azdır. Buradakı ən mühüm çaylar Sırdərya, Amudərya, Narın və Zərəfşandır. Onlar yüksək dağlardan başlayır, quru səhra və yarımsəhralardan keçərək, əsasən axarsız göllərə tökülür. Bu çaylar quraq, susuz Orta və Mərkəzi Asiyanın həyatında mühüm rol oynayır. Onlar cansız torpağa həyat verir. Bu çayların hesabına vahələr, iri yaşayış məntəqələri salınır. Axarsız hövzənin çayları başlıca olaraq qar və buzlaqlarla qidalanır.
 
Göllər

Asiya ərazisində çaylar kimi göllər də qeyri-bərabər paylanmışdır. Qitənin şimal-şərq hissələrində buzlaq mənşəli göllər yaranmışdır. Qədim buzlaqlar minlərlə göl çökəklikləri əmələ gətirmiş və həmin sahələrə şirin sular toplanmışdır. Quraq və isti rayonlarda, həmçinin axarsız sahələrdə göllər azsulu və şordur. Balxaş, Lobnor, Ubsu-Nur, Urmiya gölü belə göllərdəndir. Dünyanın ən böyük gölü olan Xəzər dənizi və həmçinin Aral dənizi vaxtilə Dünya okeanı ilə əlaqədə olmuş, qurunun qalxması nəticəsində bu dənizlərin Dünya okeanı ilə əlaqəsi kəsilmişdir. Dağlıq ərazilərdə tektonik mənşəli göllər əmələ gəlmişdir. Asiyanın ən böyük tektonik mənşəli gölü Baykaldır. O həm də dünyanın ən dərin gölüdür (1720 m). Yer kürəsindəki içməli suyun 20%-i Baykal gölündədir. Tyanşan dağlarında yerləşən İsıkkul gölü də tektonik çökəklikdə yerləşən, şəffaf, təmiz suya malikdir. Asiyanın ən böyük göllərindən biri də Ərəbistan yarımadasının şimal-qərbindəki, okean səviyyəsindən 400 m aşağıda yerləşən Ölü dənizdir. Onun orta duzluluğu 260 ‰-dir.

Qitə əhalisi

Asiya əhalisi 4 milyard nəfərə yaxındır. Yer kürəsi əhalisinin 2/3 hissəsinə yaxını Asiyada məskunlaşmışdır. Dünyada ən çox əhaliyə malik ölkələr olan Çin və Hindistan burada yerləşir. Bunların birgə əhalisi 2,5 milyard nəfərdən artıqdır. Asiya ölkələrində əhali sürətlə artır. Əksər ölkələrədə əhalinin təbii artımı hər min nəfərə 20 nəfərdən çoxdur. Asiyada çoxlu xalq yaşayır, onlar 600-ə yaxın dildə danışırlar. Dünyanın ən böyük xalqlarından olan çinlilər, hindlilər, benqallar, yaponlar burada yaşayırlar. Asiya xalqları 10-a yaxın dil ailəsinə və 20-dən artıq dil qrupuna mənsubdurlar. Onlar dünyada mövcud olan insan irqlərinin üçünü də təmsil edirlər. Kiçik Asiya yarımadasında və İran yaylasında türklər, farslar, Ərəbistan yarımadasında ərəblər, Hindistan və Hindçin yarımadasında hindlilər, birmalılar, vyetnamlılar, benqallar, Şərqi Çin düzənliyində çinlilər, Mərkəzi Asiyanın yayla və düzənliklərində monqollar, uyğurlar, tibetlilər, türklər yaşayırlar. Türk və fars xalqları üçün qara saçlar, dərinin qarabuğdayı olması səciyyəvidir. Çinlilərin, yaponların, vyetnamlıların boyu nisbətən alçaq olur, onlar tünd, qara saçları, qıyıq gözləri ilə fərqlənirlər. Asiyanın əhalisi qeyri bərabər yerləşmişdir. Qitə əhalisinin 80%-ə yaxını ərazisinin 20%-də cəmlənmişdir. Dünyanın ən yüksək əhali sıxlığına malik əraziləri buradadır. Əhalinin sıx yerləşməsinin əsas səbəbi həm Asiyanın əlverişli coğrafi şəraitə, zəngin təbii ehtiyatlara malik olması, həm də məskunlaşmanın qədimliyidir. Asiyanın subtropik mülayim və subekvatorial qurşaqları yaşayış üçün daha əlverişlidir. Hələ uzaq keçmişdə insanlar Hindistan yarımadasında, Şərqi Çin düzənliyində, Kiçik Asiya yarımadasında məskən salmışlar. Hazırda Çinin şərqində, Qanq çayı deltasında, Hindistanın bəzi yerlərində əhalinin sıxlığı 1 km²-də 1000-1500 nəfərə çatır. Yapon adalarında, Koreya yarımadasının əksər hissələrində, Yava adasında 1 km²-də 300 nəfərdən çox əhali yaşayır. Qafqaz dağlarının ətəklərində, iri çay dərələrində, Mesopotamiya ovalığında da əhali sıxlığı yüksəkdir. Asiyanın çox yerində əhali olduqca azdır. Qitənin soyuq şimal rayonlarında əhalinin sıxlığı 1 km²-də 10 nəfərdən azdır. Tayqa və tundra zonalarının əksər hissələrində 1 km²-də hətta 1 nəfərdən də az əhali yaşayır. Arktika adalarının əksəriyyətində demək olar ki, əhali yaşamır.



 
10820
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic