AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNİN RELYEFİ

Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400-500 m (Orta və Aşağı Araz çökəkliklərində 800-1000 m), bəzi yerlərdə 100-120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0-50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, yayla və platolardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir.
 
Hündürlüyü Xəzər dənizi sahilində təqribən 27 m-dən Baş Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. Okean səviyyəsindən alçaqda yerləşən sahələr respublika ərazisinin 18%-ini, hündürlüyü 0 m-dən 200 m-dək olan sahələr 24%-ini, 200 m-dən 500 m-dək 15,5%-ini, 500 m-dən 1000 m-dək 15,5%-ini, 1000 m-dən 2000 m-dək 19,5%-ini, 2000 m-dən 3000 m-dək 6,5%-ini, 3000 m-dən yüksəkdə yerləşən sahələr isə 1%-ini təşkil edir. Orta hündürlük 384 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı (Qusar maili düzənliyi ilə birlikdə), Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir.

Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Burada əsas oroqrafiya vahidləri Baş Qafqaz silsiləsi (yaxud Suayrıcı silsilə) və Yan silsilədir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Dağıstan MR-dadır), bundan cənub-şərqdəki hissəsinin isə hər iki yamacı respublika ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü — 4466 m, Tufandağ — 4191 m, Bazaryur dağı — 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.

Baş Qafqaz silsiləsindən şimalda yerləşən və ona paralel uzanan Yan silsilənin Azərbaycan Respublikasındakı hissəsi Şahdağdan (4243 m) başlayaraq cənub-şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m) qurtarır. Yan silsilə Baş Qafqaz silsiləsindən başlayan çayların (Qusar, Qudyal və.) dərələri ilə kəsilərək ayrı-ayrı massivlərə — platolara (Şahdağ, Qızılqaya, Buduq və s.) bölünmüşdür. Yan silsiləyə şimal-qərbdə paralel istiqamətdə Tələbi-Qaynarca tirəsi (hündürlüyü qərbdə 1000-1100 m, cənub-şərqdə 150-200 m) uzanır. Silsilələr və tirələr bir-birindən dərələr, dağarası çökəkliklər (Şahnabad, Xınalıq, Yerfi, Qonaqkənd, Xaltan, Gilgilçay, Tığçay, Rustov, Pirəbədil və s.) vasitəsilə ayrılır.

Baş Qafqaz silsiləsinin cənub yamacı çox yerdə ona paralel uzanan Alazan-Əyriçay çökəkliyinə (bəzi ədəbiyyatlarda Alazan-Həftəran vadisi) enir (bəzi ədəbiyyatlarda Alazan-Əyriçay çökəkliyi Kür çökəkliyinin bir hissəsi kimi verilir). Gürcüstan Respublikası ərazisindən başlanan həmin çökəkliyin Azərbaycan Respublikası ərazisində uzunluğu 210 km, eni 30 km-ə qədərdir. Cənub-şərqdə Baş Qafqaz silsiləsindən Lahıc çökəkliyilə ayrılan Niyaldağ silsiləsi (hündürlüyü 2100 m-dək) uzanır.

Samur-Dəvəçi ovalığı Xəzər dənizinin sahili boyu şimal-qərbdən cənub-şərqə, Azərbaycan Respublikasında Samur çayından Sumqayıt çayınadək uzanır. Ataçayla Sumqayıt çayı arasındakı hissə Boğaz düzü adlanır. Ovalıq şimal-qərbdə (200-250 m hündürlükdə) nisbi hündürlüyü 10-25 m-ə çatan pillə vasitəsilə Qusar maili düzənliyinə keçir. Maili düzənlik cənub-qərbdə Yan silsiləyədək davam edir. Hündürlüyü təqribən 1900 m-ə (Böyük Suval dağı və s.) qədərdir. Ovalığın dəniz sahili hissələri okean səviyyəsindən 28 m-dək aşağıda yerləşir.

Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilə — Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik yayla (Qarabağ yaylasının çox hissəsi), çökəklik (Başkənd-Dəstəfur çökəkliyi və s.) ilə təmsil olunmuşdur (bəzi ədəbiyyatlarda Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir). Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi (Gamışdağ., 3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz d. (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır. Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m). Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. 

Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır. Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zirvələri (Qapıçıq d. -3906 m, Qazangöldağ — 3814 m və s.) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ — 2410 m, Xanağa — 1910 m, Əlincə — 1810 m və s.) səciyyəvidir.

Zəngəzur silsiləsindən qərbdə Araz çayı dərəsinə tərəf alçalan Dərələyəz silsiləsi (Kükü d. 3210 m, Keçəldağ  3115 m) yerləşir. Silsilədən cənubda, ön dağlıqda tirə və platolar (Qıvraq, Duzdağ və s.) əsas yer tutur. Əsasən, Zəngəzur və Qarabağ silsilələri arasında yerləşən, dalğavarı səth üzərində iri sönmüş vulkan konusları (Qızılboğaz — 3581 m, Böyük İşıqlı — 3552 m, Ala Göllər — 3175 m və s.) olan Qarabağ yaylası nisbətən geniş yer tutur. Burada orta hündürlük 2000-2500 m-dir. Yayla şimaldan cənuba daralaraq alçalır. Bazarçay və Həkəri çaylarının birləşdiyi yerdə qurtarır.

Talış dağ sistemi Aşağı Araz çökəkliyindən cənub-şərqdə yerləşir (bəzi tədqiqatçılar Talış dağlarını Elburs dağ sisteminin şimal-qərb davamı hesab edirlər). Əsasən, şimal-qərbdən cənub-şərqə təqribən paralel uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Bunlardan ən uzunu (təqr. 100 km) və hündürü (2500 m-dək) İranla dövlət sərhədi boyu uzanan Talış silsiləsidir. Silsilələr bəzi yerlərdə bir-birilə köndələn qollarla birləşərək qapalı çökəkliklər (Yardımlı, Zuvand və s.) əmələ gətirmişdir. Talış dağları ilə Xəzər dənizi arasından Lənkəran ovalığı uzanır.

Kür çökəkliyi Azərbaycan Respublikası ərazisinin mərkəzi hissəsini tutur. Relyefi əsasən, geniş düzənlik və ön dağlıqlardan ibarətdir. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən bu çökəkliyin əsas oroqrafiya vahidi cənubi Qafqazın ən böyük düzənliyi olan Kür-Araz ovalığıdır. Ovalıq Kür və Araz çayları vasitəsilə Mil-Qarabağ, Şirvan, Muğan-Salyan düzlərinə bölünür. Ovalığın şərq və mərkəzi hissələri okean səviyyəsindən 28 m-dək aşağıdadır. Dağətəyi sahələrdə hündürlüyü 100-250 m, bəzi yerlərdə 400-500 m-ə çatır. Kür-Araz ovalığından şimal-qərbdə Kür çayının sağ sahili boyunca Gəncə-Qazax, cənub-qərbdə isə Araz çayının sol sahili boyunca Aşağı Arazboyu maili düzənlikləri uzanır. Gəncə-Qazax düzənliyi və Kür-Araz ovalığından şimalda Ceyrançöl, Acınohur, Ləngəbiz-ələt ön dağlıqları yərləşir. Bunlardan ən böyüyü Alazan-Əyriçay çökəkliyinin cənub kənarları boyunca uzanan Acınohur ön dağlığıdır (hündürlüyü 1100 m-dək). Bir nəçə silsilə, tirə və onları bir-birindən ayıran çökəklik və dərələrdən ibarətdir.  Azərbaycan Respublikasının ərazisində relyefin mürəkkəbliyi burada yüksək dağlıq, orta dağlıq, alçaq dağlıq və düzənlik-ovalıq şaquli qurşaqları ayırmağa imkan verir.  Yüksək dağlıq qurşağı 2500 m-dən yüksək yərləri əhatə edir. Bura Böyük Qafqazda Baş Qafqaz silsiləsinin və Yan silsilənin, Kiçik Qafqazda, əsasən, Zəngəzur, Murovdağ və Şahdağ silsilələrinin yan hissələri daxildir. Çox yerdə dar zona təşkil edir. Bu qurşaq torpaq və bitki örtüyünün çox zəif inkişaf etməsi, sıldırım və daşlı qayalıqların geniş yer tutması və s. Ilə səciyyələnir. Burada itiuclu və daraqvarı zirvələr çoxdur. Qədim buzlaq relyefi formaları (troq, sirk, kar) qalmışdır. Kiçik müasir buzlaqlar var. Dağ yamaclarının ətəkləri qalın qırıntı materiallarla örtülüdür. 

Orta dağlıq qurşağı dağ sistemlərinin çox hissəsini əhatə edir: əsasən, 1000 m-dən 2500 m-dək hündürlükdədir. Dərin çay dərələri ilə kəsilmişdir. Yamaclara pilləvarı görkəm vərən düzəlmə səthlər geniş yayılmışdır. Dərələrin genişləndiyi yerlərdə, xüsusilə dağarası çökəkliklərdə terraslar inkişaf etmişdir. Bəzi dağ yamaclarında sürüşmə və uçqun sahələri var. 

Alçaq dağlıq qurşağı hündürlüyü təqribən 200 m-dən (Qobustan və Acınohur) ön dağlığında 50-100 m-dən olan sahələri əhatə edir. Bu qurşaqda dağ yamacları maili, suayrıcılar hamardır. Bəzi sahələrdə (Qobustan, Ceyrançöl və Acınohur ön dağlığı, Naxçıvan MR-da ön dağlıq rütubət çatışmazlığı arid-denudasiya proseslərinin inkişafına və burada yararsız torpaqların (bedlend), gil karstının və s. relyef formalarının inkişafına şərait yaratmışdır. 

Düzənlik-ovalıq qurşağı hündürlüyü 100-200 m və bəzi yərlərdə 400-500 m-dək (Naxçıvan MR-da 800-1000 m-dək) olan sahələri tutur. Bura Kür çökəkliyinin və Samur-Dəvəçi ovalığının çox hissəsi, Alazan-Əyriçay çökəkliyi, Arazboyu düzənliklər ve s. daxildir. Bu qurşaqda akkumulyativ relyef formaları geniş inkişaf etmişdir. Dağətəyi sahələrdə gətirmə konusları, Xəzər dənizi sahillərində düyunlar əsas relyef formalarıdır.  
48306
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic