DAĞLIQ ŞİRVAN İQTİSADİ-COĞRAFİ RAYONU

Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə edir. İqtisadi rayon Böyük Qafqazın cənub-şərq ətəkləri və Şirvan düzündə yerləşir. Sahəsi 6,06 min km2 olan Dağlıq Şirvan ölkə ərazisinin 7%-i əhatə edir. İqtisadi rayonun ərazisinin çox hissəsinin dağlıq zonadan ibarət olması təsərrüfatın inkişafında problemlər yaradır. Region seysmik cəhətdən fəal zonada yerləşir. İqlim şəraiti çox müxtəlifdir, əsasən mülayim-isti və soyuq iqlim tipləri yaranır. Aqroiqlim şəraiti dağlarda dəmyə şəraitində, düzənliklərdə suvarma ilə kənd təsərrüfatı məhsulları becərilməsinə imkan verir. Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunda əhalinin sayı azdır və region zəif məskunlaşmışdır. İqtisadi rayonda əhalinin sayı 289,9 min nəfər, o cümlədən şəhər əhalisi 90,7 min nəfərdir. Ölkə əhalisinin 3,1%-i burada yaşayır. Əhalinin orta sıxlığı hər km2 -ə 48 nəfər, urbanizasiya səviyyəsi 31,3%-dir (2012). İqtisadi rayonda olan əsas faydalı qazıntılara yanar şist, çınqıl, qum, əhəng və digər tikinti materialları aiddir. Dağlıq zonalar müalicə və kurort əhəmiyyətli mineral sularla zəngindir. Tərkibi əsasən kükürdlə, hidrokarbonatlarla zəngin olan bulaqların suyundan müalicə və içmək məqsədilə istifadə edilir. Şamaxı və İsmayıllı rayonlarının iqlim-balneoloji şəraiti, meşələr (8%) əsas sərvətlərə daxildir. Kənd təsərrüfatının əsasını taxılçılıq, meyvəçilik, tərəvəzçilik, üzümçülük təşkil edir, kartof, günəbaxan becərilir. Heyvandarlığın başlıca sahəsi maldarlıq və qoyunçuluqdur, arı saxlanılır, baramaçılıq üçün əlverişli şərait vardır. Sənaye zəif inkişaf etmişdir. Şamaxıda maşınqayırma müəssisələri fəaliyyət göstərir. Kənd təsərrüfatı məhsulları emal edilir. Yüngül sənaye tikiş və xalçaçılıq sahələri ilə təmsil olunur. Yeyinti sənayesində əsas yeri şərabçılıq tutur. Tikinti materialları istehsalı (Şamaxı və Qobustan rayonlarında daş karxanaları, kərpic zavodu) müəssisələri vardır. Lahıc qəsəbəsində misgərlik məlumatları, Basqal kəndində və Şamaxı şəhərində ipək və kəlağayı sexləri fəaliyyət göstərir. İqtisadi rayon magistral yollardan kənarda yerləşir. Bakı-Şamaxı-Ağsu-Kürdəmir avtomobil yolu rayon ərazisindən keçir. Padar stansiyası ilə Çöl Göylər kəndi arasında dəmiryol xətti çəkilmişdir.
32866
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic