ARAN İQTİSADİ-COĞRAFİ RAYONU
Aran iqtisadi-coğrafi rayonu respublika əhəmiyyətli Mingəçevir, Şirvan və Yevlax şəhərlərini, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax və Zərdab inzibati rayonlarını əhatə edir. İqtisadi rayon əsasən Kür-Araz ovalığında yerləşir, əlverişli İCM-ə malikdir. Ovalığın ərazisinin mərkəzi və şərq hissələri okean səviyyəsindən aşağıda yerləşir, səthi hamardır. Dəniz və çay çöküntüləri düzənliyin çox hissəsini örtür. İqtisadi rayonun ətrafında olan dağlara yaxın sahələrinin səthi meyllidir. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. İqtisadi rayonun sahəsi 21,43 min km2 olmaqla ölkə ərazisinin 24,7%-ni əhatə edir. Əhalinin sayı 1863,5 min nəfər, o cümlədən şəhər əhalisi 708,3 min nəfərdir. Ölkə əhalisinin 20,2%-i burada yaşayır. Əhalinin orta sıxlığı hər km2-ə 87 nəfər, urbanizasiya səviyyəsi 38,0 %-dir (2012). İqtisadi rayonun düzən relyefi, bol aqroiqlim ehtiyatları, Kür və Araz çayları kimi su arteriyaları, suvarma şəraitində məhsuldar olan torpaqlar kənd təsərrüfatı işləri aparılması və əhalinin məskunlaşması üçün əlverişli təbii şərait yaradır. Kür çayının sahillərində tuğay meşələri vardır. Aran iqtisadi-coğrafi rayonunun əsas yeraltı sərvətlərinə neft, təbii qaz, yodlu-bromlu mədən suları, müxtəlif tikinti materialları (əhəngdaşı, qum-çınqıl) aiddir. Bu ehtiyatlar əsasən rayonun mərkəzi və şərq hissəsində cəmlənir. Aran iqtisadi-coğrafi rayonu inkişaf etmiş sənaye sahələrinə malikdir. Sənaye potensialının əsas hissəsi şərqdə yerləşən Şirvan, Salyan və Neftçala şəhərində, şimal-qərbdə olan Mingəçevir və Yevlax şəhərlərində cəmlənmişdir. Neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları istehsalı iqtisadi-coğrafi rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələridir. Şirvan şəhəri ətrafında, Salyan və Naftçala rayonlarında neft-qaz hasil olunur. Mingəçevir və Şirvan Şəhərində DRES-lər, Mingəçevir və Varvarada SES-lər işləyir. Mingəçevir ölkənin mühüm energetika bazasıdır. Ölkədə istehsal edilən elektrik enerjisinin 60%-i bu iqtisadi rayon verir. Kimya sənayesi üzrə Mingəçevir, Salyan və Neftçala şəhərlərində müəssisələr fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu yerləşir. İqtisadi rayonda becərilən pambığın ilkin emalı pambıqtəmizləmə zavodlarında həyata keçirilir. Bu sahə yüngül sənaye məhsullarının əsas hissəsini verir. Bununla yanaşı, pambıq parça istehsalı (Mingəçevir), yunun ilkin emalı (Yevlax), xalçaçılıq (Hacıqabul) üzrə müəssisələr vardır. Lakin onların fəaliyyətində ciddi problemlər yaranmışdır. Ona görə yüngül sənayenin rolu hələlik aşağıdır, onun əvvəlki rolunun qaytarılması vacibdir. Yeyinti sənaye sahəsində kifayət qədər xammal bazası olsa da, onlardan az istifadə olunur, emal müəssisələri şəbəkəsi zəifdir. Meyvə-tərəvəz və balıq konservləri, ət-süd və digər heyvandarlıq məhsullarının emalı sahəsində çoxsaylı müəssisələr yaradılması imkanları vardır. Aran iqtisadi-coğrafi rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonudur. Əkinçilik yalnız suvarmaya əsaslanır. Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Həmçinin taxıl, üzüm, kartof, şəkər çuğunduru, günəbaxan, yem bitkiləri əkilir. Heyvandarlığın inkişafı üçün təbii imkanlar kifayət qədərdir və onlardan istifadə edilərək mal-qara, qoyun saxlanılır. Aran iqtisadi-coğrafi rayonu ölkə və regional əhəmiyyətli magistral dəmir və avtomobil yolları üzərində yerləşir. Bakı şəhərini ölkənin əksər inzibati rayon mərkəzləri, Gürcüstan, İran İR və Türkiyə ilə birləşdirən nəqliyyat yolları onun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Ərzurum qaz kəməri də bu rayonun ərazisindən keçir.
58778