GƏNCƏ-QAZAX İQTİSADİ-COĞRAFİ RAYONU
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun tərkibinə respublika əhəmiyyətli Gəncə və Naftalan şəhərləri, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonları daxildir. İqtisadi rayon Azərbaycanın qərbində, əlverişli iqtisadi-coğrafi mövqedə yerləşir. Sahəsi 12482 km2 –dir, bu da ölkə ərazisinin 14,4%-nə bərabərdir. İqtisadi rayonda əhalinin sayı 1205,2 min nəfər, o cümlədən şəhər əhalisi 557,5 min nəfərdir. Ölkə əhalisinin 13,1%-i burada yaşayır. Urbanizasiya səviyyəsi 46,3%-dir. (2012). Sənaye əhəmiyyətli faydalı qazıntılara dəmir filizi, alunit, flüslü əhəngdaşı, mərmər, gips, seolit, bentonit gili, sement xammalı aiddir. Daşkəsəndə dəmir filizi, Zəylikdə alunit, Xoşbulaq flüslü əhəngdaşı ehtiyatları daha əhəmiyyətlidir. Kür çayının rayon ərazisindən axan hissəsi hidroenerji ehtiyatları ilə zəngindir, dağlıq və dağətəyi zonalar zəngin kurort-rekreasiya ehtiyatlarına malikdir. Gəncə-Qazax iqtisadi potensialına görə Abşerondan sonra ölkədə ikinci yeri tutur. Gəncədə və Daşkəsəndə qara və əlvan metallurgiya xammalının hasilatı və emalı müəssisələri yerləşir. Gəncədə yeni Alüminium zavodu tikilmişdir, Metallurgiya zavodu tikilir, maşınqayırmada avtomobil və kənd təsərrüfatı maşınları istehsalı müəssisəsi fəaliyyət göstərir. Yüngül sənaye üzrə Dəliməmmədlidə Pambıq emalı, Gəncədə Toxuculuq Kombinatı, Gəncə, Qazax və Daşkəsəndə xalça sexləri vardır. Kənd təsərrüfatı məhsullarının emalına əsaslanan yeyinti sənayesi məhsulları istehsalı əsasən yerli tələbatı ödəyir, şərab, ət-süd məhsulları, qənnadı məmulatı, meyvə-tərəvəz konservi istehsal olunur. Kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri kartofçuluq, üzümçülükdür, taxıl, bostan-tərəvəz bitkiləri, meyvə, günəbaxan və pambıq (Goranboy rayonu) əkilir, heyvandarlıq sahələri inkişaf etmişdir. Gəncə-Qazax iqtisadi-coğrafi rayonunu Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil yolları üzərində yerləşir. Gəncə və Ağstafa əsas nəqliyyat qovşaqları, Gəncə-daşkəsən sənaye qovşağıdır. Xəzər dənizindən hasil edilən nefti və qazı dünya bazarına çıxarmaq üçün çəkilən boru kəmərləri iqtisadi-coğrafi rayonun ərazisindən keçir. Əlverişli təbii şəraiti, saf iqlim, mənzərəli dağ-meşə landşaftı, müalicə əhəmiyyətli mineral suları istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan verir. Göygöl və Hacıkənd zonasında istirahət mərkəzləri salınmışdır. Naftalan istirahət-müalicə kompleksi özünün əhəmiyyətinə görə seçilir.
36094