AZƏRBAYCAN RESPUBLİKASININ SİYASİ-COĞRAFİ MÖVQEYİ

Azərbaycan Respublikasının siyasi-coğrafi mövqeyi əsasən mikro, mezo və makro coğrafi mövqe ilə səciyyələnir. Respublikanın mikro-coğrafi mövqeyi ölkənin paytaxtının onun regionları ilə, eləcə də ölkənin həmsərhəd olduğu ölkələrlə siyasi-coğrafi problemlərini əks etdirir. Azərbaycan bu coğrafi mövqedə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və İranla sərhədlərin delimitasiyası üzrə danışıqlar aparıb müəyyən müvəffəqiyyətlər  qazansa da, Ermənistanla bu sahədə böyük problemlər mövcuddur.

Azərbaycan mikro-coğrafi mövqeyində ərazisinin böyüklüyünə, əhalisinin çoxluğuna və təbii ehtiyatlarının zənginliynə görə Cənubi Qafqaz ölkələrindən fərqlənsə də, onunla həmsərhəd olan ölkələrdən RF-dən geri qalır. Həmçinin ümumi siyasi-coğrafi mövqeyninin qiymətləndirilməsində bir çox siyasi problemləri Gürcüstan Respublikası  vasitəsilə tənzimləyir.

Azərbaycan Respublikasının mezo-coğrafi mövqeyi onun bütün Qafqaz regionunda yürütdüyü siyasətlə bağlıdır. Respublikamız bir çox göstəricilərinə görə Qafqazda aparıcı yer tutsa da, RF-nin bu regionda təsir dairəsinin geniş olması onun siyasi-coğrafi əlaqələrinin normal inkişafına mane olur. Qafqazda mövcud olan 7 Muxtar Respublika (Adıgey, Dağıstan, İnquş, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya, Çeçenistan), 2 diyar (Krasnadar və Stapropol) və 1 vilayətin (Rostov) RF-nin bilavasitə təsir dairəsində olması Qafqazda  siyasi problemləri tənzimləməkdən daha çox, əksinə, regionda milli, dini zəmində böyük münaqişələr yaradır. Cənubi Qafqaz ölkələrindən Ermənistan Respublikası regionda Rusiyanın əsas tərəfdaşı kimi siyasi-coğrafi problemlərin inkişaf etməsində böyük maneələr yaradır.

Azərbaycan  Respublikasının makro siyasi-coğrafi mövqeyi onun dünyanın siyasi xəritəsində, dünyada gedən siyasi proseslərdə tutduğu mövqe ilə üst-üstə düşür. Müstəqillik qazandıqdan sonra respublikamızın BMT, ATƏT, GUAM, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlara üzv olması, Türk dünyası ölkələri ilə əməkdaşlığı beynəlxalq nüfuzunun yüksəlməsində  mühüm  yer  tutur.
 
Mənbə: “Azərbaycan Respublikasının Coğrafiyası”, II cild, Bakı - 2013
51103
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic