AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİNİN NÖVBƏTİ IX QURULTAYA HESABATI

Azərbaycan Coğrafiya Cəmiyyətinin VIII qurultayından keçən dövr ərzində dünyasını dəyişmiş Cəmiyyətin üzvlərinin – akademik B.Ə.Budaqov, professor M.A.Müseyibov, B.C.Ələsgərov, Ş.B.Xəlilov, E.Q.Mehrəliyev, S.S.Vəliyev, X.Vəliyev, elmlər namizədləri; R.M.Atakişiyev, V.İ.Babayeva, R.H.Daşdıyev, Mustafa Cahan oğlu Əliyev, Ə.H.Əfəndiyeva, A.H.Əhmədov, Gülsabah Hacıyeva, Səyyaf Xəlilov, Rafiq Quliyev, İ.E.Mərdənov, A.Mirzəzadə, T.X.Zülfüqarov, R.Babayev, Ş.Mirzəyev və s. xatirəsini yad edilməsi

Azərbaycan Coğrafiya Cəmiyyəti VIII qurultaydan keçən dövr ərzində ənənəvi olaraq coğrafiya və ona yaxın sahələrin aparıcı alim və mütəxəssisləri, müəllimləri, tələbələri öz sıralarında birləşdirə bilmiş və onun üzvləri fundamental və tətbiqi elmi tədqiqatlarda mədəniyyətin və coğrafi biliklərin tətbiqində, vətəndaş cəmiyyətinin qurulmasında təbiət və cəmiyyətin bütövlüyünün ərazi problemlərinin həllində, təbii ehtiyatların səmərəli istifadə edilməsində, demoqrafik və milli xüsusiyyətlər nəzərə alınmaqla təsərrüfatın inkişafında, coğrafi təhsildə sanballı naliyyətlər əldə etmişdir.

Cəmiyyətin idarə edilməsi. Cəmiyyətin ali idarə edici orqanı 4 ildən bir çağırılan qurultaylar və ildə bir dəfə keçirilən Ümumi yığıncaqlardır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi İdarə heyəti həyata keçirmişdir. Cəmiyyət VIII qurultaydan keçən müddət ərzində öz işini ərazi və sahə bölmələri vasitəsilə, qurultaylar, konfranslar, iclaslar, seminarlar, mühazirələr və digər tədbirlər keçirməklə, həmçinin müxtəlif məcmuə və  monoqrafiyaların çap edilməsi və üzvlərin elmi pedaqoji fəaliyyəti ilə həyata keçirmişdir.

Hesabat dövründə Cəmiyyət öz işini ərazi bölmələri ilə sıx əlaqədə qurmuşdur. Hazırda Coğrafiya Cəmiyyətinin 3 əsas filialı fəaliyyət göstərir və yaxın vaxtlarda yeni Gəncə, Sumqayıt, Şəki, Yevlax və Lənkəran ərazi filiallarının yaradılması nəzərdə tutulmuşdur:
Keçən müddət ərzində Cəmiyyətin bəzi sahə bölmələri ilə əlaqədar və onlarda həyata keçirilən işlər nisbətən qaneedici səiyyədə qurulsa da, bəzi bölmələrdə işi günün tələbləri səviyyəsində qurulmamışdır.

Fiziki coğrafiya bölməsi əsasən landşaftşünaslıq, geomorfologiya və paleocoğrafiya sahələrini əhatə edir. Bölmədə iş AMEA-nın Coğrafiya İnstitutunun  landşaftşünaslıq və landşaft planlaşdırması, geomorfologiya və paleocoğrafiya şöbələri, BDU-nun və ADPU-nun fiziki coğrafiya kafedraları ilə sıx əlaqədə qurulmuşdur. Müasir dövrdə fiziki-coğrafi proseslərin səbəb-nəticə əlaqələrinin araşdırılması, differensiasiyası və onların CİS mühitində elektron xəritələşdirilməsinin aparılmasına aid fundamental və tətbiqi xarakterli çoxsaylı tədqiqatlar həyata keçirilmişdir. İnamla qeyd etmək olar ki, fiziki coğrafiya sahəsində əldə olunmuş elmi nailiyyətlərdə Azərbaycan Coğrafiya Cəmiyyəti və onun üzvlərinin əməyi danılmazdır. Cəmiyyət fiziki coğrafiya qarşısında duran aktual problemlərin təşəbbüskarı olmuş və lazım olduqda elmi məclislərin əsas təşkilatçısı kimi çıxış etmişdir.

Müasir dövrdə təbii mühitin ərazi üzrə differensiasiyası qanunauyğunluqlarını öyrənən elm kimi öz əhəmiyyətini saxlayan coğrafiya tədricən öz istiqamətini cəmiyyətlə təbiətin , eləcə də iqtisadi və sosial amillər arasında qarşılıqlı əlaqənin məkan və zaman kəsiyində tədqiqinə yönəldir.

Tətbiqi baxımdan ərazinin ekoloji qiymətləndirilməsi, ətraf mühit, ekosistem və landşaftın indiki və gələcək vəziyyətinin öyrənilməsi, həmçinin neqativ ekoloji proseslərin müəyyənləşdiirlməsi və bu kimi proseslərin tamamilə və ya qismən aradan qaldırılmasına dair tədbirlər planınının hazırlanması coğrafiya elminin predmetini təşkil edir. Yeni şəraitdə məhz müxtəlif səviyyələrdə (lokal, regional və qlobal) ekoloji proseslər və ekoloji şəraitin təhlili coğrafiyanın mühüm vəzifələrinə aiddir. Bunun üçün Azərbaycan Coğrafiya Cəmiyyəti tərəfindən aşağıdakı istiqamətlərə dair təşəbbüslər irəli sürülmüş və müvafiq bölmələr tərəfindən (iqtisadi və sosial coğrafiya, təbiəti mühafizə bölmələri və s.) yerinə yetirilməklə mühüm nəticələr əldə olunmuşdur:
  • Təbiətin insan həyatında rolu
  • Bəşəriyyətin təbii mühitə təsirinin tarixi coğrafi mərhələləri
  • Təbii ehtiyatların miqdarı və onların istehlakı arasında nisbət
  • Təbiətdən səmərəli istifadənin ümumi prinsipləri
  • Təbii-təsərrüfat sistemlərinin ərazi planlaşdırılmasında ekoloji, iqtisadi, sosial və siyasi-coğrafi risklər və təhlükələr
  • Maddi istehsalın müxtəlif sahələrinin coğrafi problemləri
  • Planetin landşaft-ekoloji müxtəlifliyinin optimallaşdırılmasında və ətraf mühitin mühafizəsində elmi-texniki tərəqqinin əldə etdiyi nailiyyətlərin tətbiqi və s.
Cəmiyyətin Məktəb coğrafiyası bölməsi  ali və orta təhsil müəssisələrində coğrafiyanın öyrənilməsi və onun geniş əhali kütlələri arasında təbliği ilə məşğul olmuşdur.

Hesabat dövrü ərzində Rəyasət heyətinin 2008, 2009 və 2010-cu illərdəki yığıncaqlarında üç dəfə məktəb coğrafiyasının vəziyyəti müzakirə edilmiş, müvafiq qərarlar qəbul edilmiş və aidiyyəti dövlət orqanlarına müraciətlər edilmişdir. Məktəb coğrafiyasına aid müzakirələrin intensivləşməsinin əsas səbəblərindən biri də orta məktəblərdə təhsil sistemində aparılan islahatlar zamanı coğrafiya fənninin tədrisində yaranmış problemlərlə bağlı Cəmiyyətin üzvləri olan coğrafiya müəllimlərinin çoxsaylı müraciətləri olmuşdur. Son zamanlar coğrafiyanın, xüsusilə Azərbaycan coğrafiyasının tədrisi sahəsində bəzi xoşa gəlməyən dəyişikliklər Coğrafiya Cəmiyyətinin üzvlərini dərindən narahat etməkdədir. Hazırda ölkəmizdə təhsilin müxtəlif pillələrində coğrafiyanın tədrisinin gücləndrilməsini şərtləndirən bir sıra vacib səbəblər vardır:

“Təhsil haqqında Azərbaycan Respublikasının qanunu”nun 7-ci maddəsində ümumtəhsil müəssisələrində Azərbaycan coğrafiyasının tədrisinin vacibliyinin də vurğulanması;
  • hər bir vətəndaşın öz ölkəsinin müstəqillik atributları qədər vacib olan ana dilini, tarixini və coğrafiyasını bilməsnin əsas şərt olması: Ana dili, tarix, coğrafiya xalqın mövcudluq simvoludur. Yalnız dili və tarixi məlum olan, lakin coğrafiyası naməlum xalqlar vətənsizdir.
  • Dövlətlər arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin güclənməsi fonunda baş verən Qloballaşma zamanı milliliyin qorunması şərti ilə dünyaya inteqrasiya prosesində dünya və ölkə coğrafiyasının dərindən öyrənilməsinin vacibliyi. Yer bizim ümumi “evimiz” və “vətənimizdir” təfəkkür tərzinin insanlarda formalaşması coğrafiyanın tədrisi ilə bilavasitə bağlıdır.
  • Hazırda  bəşəri əhəmiyyətə malik olan qlobal, regional və məhəlli ekoloji problemlərin həllində coğrafiyanın rolunun artması;
  • Ölkəmizin dünyada mühüm geosiyasi və coğrafi mövqeyə malik olmasının üstünlüyünün aşılanması;
  • Regiondakı müasir hərbi-coğrafi vəziyyət, ölkənin təbii ehtiyatlarla zəngin ərazilərinin işğal altında olması;
  • Dövlətimizin və onun regionlarının sürətli iqtisadi-sosial inkişaf etdirilməsi siyasətinin coğrafi əsasları, təbliği və s.
Bu və ya digər kompleks amilləri nəzərə alaraq, Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət heyəti ölkənin ümumtəhsil müəssisələrində, o cümlədən də bütün ali məktəblərində coğrafiyanın, xüsusilə də Azərbaycan coğrafiyasının tədrisini yaxşılaşdırmaq üçün dövlət səviyyəsində köklü təşkilatı tədbirlərin görülməsini, tədris saatlarının miqdarının əhəmiyyətli dərəcədə artırılmasını, ali məktəblərin coğrafiya fakültələrində, dövlət qulluqçularının hazırlanmasında “ölkəşünaslıq” fənninin məcburi tədrisini, əyani vəsaitlərin hazırlanmasını, azərbaycan təbiətini və iqtisadi inkişafını əks etdirən bir çox dillərdə tədris filmlərinin çəkilməsini, ali və orta ixtisas məktəblərinin bakalavr və magistratura pillələrində qəbul imtahanlarında bütün ixtisas qruplarında “Azərbaycan coğrafiyası”na aid bilikləri əks etdirən test tapşırıqları və suallardan mütləq istifadə olunmasını məqsədəuyğun hesab edir.

Təhsildə islahatlar ümumi təhsilin hər üç səviyyəsində ( ibtidai, ümumi, orta, tam orta) tədris olunan fənlərin məzmunca yeniləşdirilməsi məsələlərini əhatə edir. Ən vacib yenilik ondan ibarətdir ki, fənlərin, eləcə də coğrafiya fənninin məzmunu, əsas etibarı ilə, nəticə yönümlü standartlar tətbiq edilməklə müəyyən olunur. Hazırda coğrafiya fənni üzrə kurrikulum hazırlanmış və buna müvafiq dərsliklərin yazılmasına başlanmışdır. Bu işlərin həyata keçirilməsində E.K.Əlizadə, F.İmanov, V.Əfəndiyev, Y.Qəribov, N.Əyyubov, O.Alxasov, N.Seyfullayeva və s. fəal iştirak etmişlər.

Nəşr fəaliyyəti. Hesabat dövrü ərzində Cəmiyyətin əsərlər toplusunun 8 cildi nəşr edilmişdir. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərlər toplusu Ali Attestasiya Komissiyası tərəfindən qeydiyyata alındığı üçün burada nəşr olunmağa maraq böyük olmuşdur. Ümumilikdə 8 cild əsərlər toplusunda 1000-ə qədər məqalə çap edilmişdir. Hər bir toplu coğrafiyanın ən mühüm, aktuallıq kəsb edən müasir istiqamətlərinə həsr edilmişdir:


 
 
Azərbaycan Coğrafiya Cəmiyyəti əsərlərinin nəşrinin vəziyyəti ilə bağlı məsələ bir dəfə Cəmiyyətin 28 oktyabr 2009-cu il tarixdə keçirilən Rəyasət Heyətinin iclasında müzakirə edilmişdir. Burada qeyd edilmişdir ki, əsərlərdə məqalələrin seçilməsinə daha ciddi  yanaşılmalıdır, əsasən mövzuya uyğun məqalələr çap edilməlidir. Əsərlərin redaksiya heyətinə AMEA-nın Coğrafiya İnstitutunun və BDU - nun müvafiq kafedralarının əməkdaşları cəlb edilmişdir.

Coğrafiya Cəmiyyətinin əsərlərində coğrafi tədqiqatlarda əldə olunmuş ən son elmi yenilikləri özündə əks etdirən məqalələr çap edilmişdir.  Ümid edirik ki, Cəmiyyətin yeni seçiləcək rəhbərliyi Cəmiyyətin əsərlərinin nəşrindəki neqativ halların aradan qaldırılmasına çalışacaqdır. Növbəti nəşrlərdə əsasən Cəmiyyətin üzvlərinin məqalələri çap ediləcəkdir.

  Konfranslar, yubiley tədbirləri, görüşlər və təqdimatlar.

 
Hesabat dövrü ərzində Azərbaycan Coğrafiya Cəmiyyəti 8 dəfə elmi konfrans təşkil etmişdir. Konfranslardan 7-ci AMEA-nın Coğrafiya İnstitutu ilə birlikdə, biri isə BDU və Təhsil Nazirliyi ilə birgə təşkil edilmişdir.
 
Konfransların plenar iclaslarında coğrafiyanın aktual və müasir problemlərinə dair məruzələr dinlənilmişdir. Hər dəfə konfranslar bölmə iclaslarında öz işini davam etdirmiş və geniş müzakirələr aparılmışdır.
 
 
Ümummilli lider  H.Ə.Əliyevin 90 illik yubileyinə həsr edilmiş 2013-cü il 3-5 iyun  tarixli “Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi” mövzusunda keçirilmiş beynəlxalq konfrans son 30 il ərzində Coğrafiya Cəmiyyətinin təşkil etdiyi ən sanballı tədbir olmuşdur. Konfransın işində Ukrayna, Rusiya Federasiyası, Belarusiya, Qazaxıstan, Gürcüstan, Serbiya və İrandan qeyd olunan problem üzrə aparıcı alim və mütəxəssislər iştirak etmişdir. Konfransın ikinci iş günü Böyük Qafqazın cənub-şərq yamacına Bakı-Şamaxı-Pirqulu istiqamətində çöl tədqiqat marşrutu təşkil edilmiş və təcrübə mübadiləsi aparılmışdır. Üç gün davam edən konfransın işində 100-dən çox nümayəndə, o cümlədən 7 ölkədən 9 nümayəndə iştirak, 12 nümayəndə isə öz məruzələri ilə çıxış etmişlər.
 
Konfransın yekunu olaraq aidiyyəti dövlət orqanlarına və beynəlxalq Təşkilatlara təqdim etmək üçün yekun qərar qəbul edilmişdir. Konfransın yekun qərarında deyilir:
 
-təbii-antropogen geosistemlərin ehtiyat potensialından istifadə edilməsi və onların davamlı inkişafını təmin etmək üçün alim və mütəxəssislərin elmi-nəzəri, metodiki və praktiki cəhətdən yeni texnologiyaların işlənməsi:
  • Qlobal iqlim dəyişmələri şəraitində ölkələrin, regionların, ümumilikdə planetimizin geoekoloji təhlükəsizliyi naminə aero-kosmik informasiyalardan və CİS texnologiyalarından geniş istifadə etmək
  • Regionların inkişafının sosial-iqtisadi və demoqrafik problemlərini müəyyən etmək və onların tarazlı inkişafını təmin edən elmi cəhətdən əsaslandırılmış proqramları dövlət orqanlarına təqdim etmək və s.
 Hesabat dövrü ərzində Coğrafiya Cəmiyyətinin  təşəbbüsü ilə bir sıra alim və mütəxəssislərin yubiley  tədbirləri geniş qeyd edilmişdir.

Cəmiyyətin təşəbbüsü ilə 2008-ci il fevral ayında akademik B.Ə.Budaqovun anadan olmasının 70 illiyinə və elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransın işində Qazaxıstandan, Gürcüstandan nümayəndələr iştirak etmişdir.

2008-ci ildə görkəmli təbiətşünas-alim, akademik H.Ə.Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan təbiətinin ekocoğrafi problemləri” mövzusunda elmi konfrans keçirilmişdir.

2010-cu il fevral ayının 4-də AMEA-nın müxbir üzvü, texniki elmlər doktoru, professor, R.M.Məmmədovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 35 illik yubileyinə həsr edilmiş Xəzər dənizi və ətraf region ekositemləri: təhlükə və risklər mövzusunda elmi konfrans keçirilmişdir.

Konfransda Xəzər dənizindəki ekstremal hadisə və proseslər, Xəzər dənizi və ətraf regionların təbii ehtiyatlarından istifadənin yaratdığı risk və təhlükələr, geosistemlərin inkişaf dinamikasında risk və təhlükələrin yaratdığı qlobal və regional ekoloji problemlər, Xəzər dənizi və ətraf ərazi geokomplekslərinin məsafədən tədqiqi, sahil regionların sosial-iqtisadi inkişafında siyasi, iqtisadi və sosial risklər və onların həlli yolları və s.  Geniş elmi təhlil olunmuşdur.

2010-cu il mart ayının 4-də Ekoenergetika Akademiyasının coğrafiya doktoru A.Ə.Kərimovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda R.M.Məmmədov alimin həyat və yaradıcılığından bəhs edən geniş məruzə etmişdir.

2013-cü il fevral ayının 27-də akademik B.Ə.Budaqovun anadan olmasının 85 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir. Bu münasibətlə Cəmiyyətin təşəbbüsü ilə alimin dəyərli elmi əsərlər və xatirələr kitabı çap edilmişdir.

Azərbaycan Coğrafiya Cəmiyyəti hesabat dövründə bir sıra kitabların təqdimatını və görüşlər keçirmişdir.
2010-cu il fevral ayının 12-də ilk Azərbaycan-Antarktida ekspedisiyasına həsr olunmuş kitabların təqdimatı keçirilmişdir. Təqdimat zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri H.S.Bağırov Antarktida materikinə və Cənub qütbünə səyahəti haqqında geniş məlumat vermişdir. Səyahətdən sonra ərsəyə gəlmiş “Antarktida gündəliyi”, “Antarktidanın iqlimi, qlobal təsirlər” və “Hondvananın donmuş parçası” kitabları geniş müzakirə edilmişdir.

2014-cü il mart ayının 5-də yazıçı tədqiqatçı, publisist “Qızıl Qələm” mükafatı laureatı R.Dənizin üç kitabının təqdimatı keçirilmişdir. Təqdimat zamanı R.Dəniz gördüyü işlər barədə geniş məruzə etmişdir. Onun “Braziliyanın müəmmalı kəşfi”, “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerikanın kəşfinin müəmmalı tarixi” və “Əsrləri qabaqlayan alim-Nəsirəddin Tusi” adlı kitabları ayrılıqda geniş təqdim edilmişdir. Təqdimatda həmçinin Azərbaycan yazıçılar Birliyinin katibi Ç.Abdullayev, bir sıra qeyri hökumət təşkilatları iştirak etmişdir.

Beynəlxalq əlaqələr

Hesabat dövründə Azərbaycan Coğrafiya Cəmiyyəti Rusiya Federasiyası, Ukrayna, Belarusiya, Gürcüstan, Qazaxıstan, Almaniya, Serbiya, İran, Türkiyə və s. dövlətlərin Coğrafiya Cəmiyyətləri, Universitetləri, Elmi-tədqiqat İnstitutları ilə qarşılıqlı əlaqə yarada bilmiş, bir sıra elmi layihələrin həyata keçirilməsində birgə iştirak etmişlər.
22698
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic