DAĞLAR KEŞİKÇİSİ GƏDƏBƏY

Özünün gözəl, füsunkar, əsrarəngsiz təbiətilə, qızıl filiz mədənlərilə maraq doğuran, ən çox da kartofu ilə ilə seçilən, ərlər-ərənlər yurdu olan Gədəbəy rayonu Azərbaycanın sevilib-seçilən regionlarındandır.

Dağ yamaclarının zirvəsinə qalxdıqca sanki göz oxşayan mənzərələr  səni valeh edir. Bütünlüklə Azərbaycan ayağının altındadır. Azərbaycanın bir parçası olan Gədəbəy  mislsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. İl boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqların laylası, meşlәrin titrәmәsi, әsәn külәk, yağan yağış, bol mәһsullu tarlalar, bağlar, bostanlar tәbiәt  һekayәlәrinә dәrin mәzmun, tәsirli ideya, zәngin bәdii-estetik maһiyyәt xüsusi zövq verir. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir.

Əhali çox xoşbəxtdir ki, zəngin təbiət qoynunda yaşayır. Çox mehriban, qayğıkeş, zəhmətkeşdirlər.
Yaşayış yerləri Allah-Tala tərəfindən də möcüzəli və maraqlıdır. Evdən həyətə, həyətdən üzü aşağı  bulağa, bulaqdan çaya, çaydan  meşənin içərisinə, meşədən isə dağa qalxırsan. Ürək, qəlb açılır, beyin təzələnir, insanın əhvali-ruhi yüksəlir. Elə bilirsən ki, dünyanın “Cənnəti”nə düşmüsən, sənin dərdin, qəmin yoxdur, dünyanın ən xoşbəxtisən.   
Bəli, Gədəbəy müxtəlif tarixlərə malik dövrlərin incilərini yaşadan tarixi muzeydir.

1930- cu ildən rayonun Mədən adı dəyişib Gədəbəy  rayonu  status almışdır. Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək  dağlıq zirvələri (Qoşabulaq zirvəsinin hündürlüyü 3549 metr, Qocadağ zirvəsinin hündürlüyü 3317 metrdir). Ərazinin dəniz səviyyəsindən 1480,5 m yüksəkliyinin olması iqlim şəraitinin də müxtəlif olmasını şərtləndirir. Dağlıq ərazidəki tundraya xas olan iqlim tədricən qızmar yay fəsli ilə müşahidə olunan quru iqlimə keçir. Çay şəbəkəsi sıx olan Gədəbəydə meşələrin ümumi sahəsi 30,5 min hektardır. Qərb və cənub-qərb tərəfdən 123 km məsafədə Ermənistan ilə həmsərhəddir. Gədəbəy şəhər  əhalisinin sayı 8500 nəfər, rayon əhalisinin sayı 89 300 nəfərdir. Azərbaycanda Sovet Hakimiyyəti qurulanadək Gədəbəy raronunun ərazisi inzibati bölgü üzrə Yelizavetpol Quberniyasìnìn Yelizovetpol qəzasina daxil idi.

1920-ci ildə Gədəbəy rayonun əhalisi təxminən 35-40 min nəfər idi ki, onlardan 60-65 % azərbaycanlılar, 15-20%  rus və ukraynalılar, 10-14 % ermənilər, 1%   isə almanlar, yunanlar, ləzgilər, türklər, yəhudilər, tatarlar, bolqarlar, italiyanlar ve s. təşkil edirdi. Sahəsi 1232,98 min kv. km, rayonda 1 şəhər və 108 kənd var.

Qara və ağ mərmər, qızıl filizi yataqları ilə zəngin olan bu rayon ərazisi vaxtilə ətraf kəndlərin yaylaq yeri olub. Bura “günəş doğan təpə” deyərlər. Bol çəmənlik, çox sayda bulaq, dağ və meşə faktorlarının hamısı eyni yerdə toplandığı ərazi güclü turizm potensialına sahibdir. XIX əsrin ortalarında mis mədəni işə düşərkən “mədən” sözü yerli əhalinin dilində coğrafi yer adı kimi formalaşıb. 1930-cu ildə rayon statusu alsa da, indiyə qədər yaşlı əhalinin əksəriyyəti mədən və zavodların olduğu qəsəbəyə “mədən” deyirlər.

Meşələrin ümumi sahəsi 30,5 min hektardır (1980). Heyvanları: qayakeçisi, cüyür, qonur ayı, canavar, quşlardan tetra, ular, qartal və sair var.

Rayonda ərazisində məşhur "Qızılça" yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir.

Gədəbəy toponimi də çox müxtəlifdir. Gədəbəy  “Gədə” və “bəy” sözlərinin birləşməsidir. Gədəbəy ərazisində qədim türk tayfaları yaşayıb. Kət və bək sözlərindən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də var. Qədim türkcədə “kət” sözünün əks tapdığı həmin yerlərdə, əhalini düşmənlərin qəfil basqınlarından xəbərdar etmək məqsədilə bir çox qarovulxana, keşikçi – gözətçi məntəqələri mövcud olub. Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib. Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcə “böyük, qüdrətli adam” mənasında işlədilib. Coğrafi relyefinə görə bura qədimdə döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türkcə gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbəlrədə adı ilk dəfə 12-ci əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var. Bək – təpə sözü ilə əlaqədar olaraq Gədəbəy oykoniminin haqqında da danışmaq lazımdır. Gədəbəy qədim türk dillərindən ket – keşik, gözətçi və türk dillərindəki bək – təpə sözlərindən ibarət olub gözətçi (keşikçi) təpəsi mənasını daşıyır.

Gədəbəyin tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12-7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.

XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avropanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin "Folker Şpis" elmi nəşriyyatı tərəfindən "Qalakənd" adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.

1819-cu ildən buraya köç etməyə başlayan almanların Gədəbəydə yerləşdiyi məhəllə belə adlanır. Burada XIX əsrin ikinci yarısında inşa edilmiş xəstəxana, xüsusi memarlığı ilə seçilən evlər və digər tikililər indiyədək qalır. Məhəllədəki daş döşəməli yol diqqəti çəkir. Bir çox yeniliyə imza atan almanlar, yağış və qar yağan zaman yolların sürüşüb çuxur əmələ gətirməməsi üçün 130 – 140 il əvvəl tamamilə yerli daşlardan istifadə edərək yol döşəyiblər. Almanlara məxsus yüzlərlə sənaye və yaşayış tikilisinin bir çoxu sovet hakimiyyətinin ilk illərində amansızca dağıdılıb. Gryunfelddə artıq almanlar yaşamır. Buna baxmayaraq məhəlləyə gələndə sanki başqa dünyaya düşmüş kimi hiss edirsən. Tamamilə fərqli aurası olan bu məhəllədə mütləq dolaşmaq lazımdır.

  Rayonda kəşf edilmiş (1849) mis filizi əsasında yaradılan (1855-1956) Gədəbəy misəritmə zavodu və Qalakənd (1883) mis əritmə zavodu mövcuddur.
Azərbaycanda ilk su elektrik stansiyasi 1880-ci ildə və ilk 29 km-lik dəmiryolu 1879-cu ildə bu rayonda tikilmişdir. Bu yaxınlarda rayon ərazisində qızıl yataqları kəşf olunub və istismarı başlamaq üzrədir. Məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər. İndi qızıl yataqları kəşf olunduqdan sonra bəziləri bu fikirdədi ki, Simens qardaşları Gədəbəydən mis adıyla qızıl çıxardıblar.

Gədəbəyin iqtisaiyyatı da çox zəngin və parlaqdır. İqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur. İkinci çörək sayılan kartofun vətənidir. Ölkənin ən iri kartofçuluq rayonunda hər il tonlarla kartof əkilir. Gədəbəyin özünə aid yerli sort deyilən kartof şirin ləzzətiylə digərlərindən seçilir. Yerli Gədəbəy kartofu xaricdən gətiriləndən 2 dəfə baha olur. Burda kartofları kilo ilə deyil, çuvallarla satın alırlar.

Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var.

Bu regionda xalq sənəti növlərindən ağac üzərində oyma, xalçaçılıq, əlvan rəngli qaba yun sapdan corab və əlcək toxumaq, qoyun dərilərinin emal edilməsi kimi sənət növləri yaxşı inkişaf etmişdir.

Gədəbəydə Narzan tipli mineral su qaynaqları çoxdur. Ərazidə ümumi hesabla 26 tanınmış mineral su bulağı qaynayır. «Narzan» (Slavyanka, Kiçik Qaramurad və Söyüdlü kəndləri), «Turşsu» (Qalakənd), «Mormor» (Mormor kəndi), Turşsu (Şınıx) məşhurdur. Gədəbəylilər müalicə-sağlamlıq üçün yararlı olan bu bulaqlara əsl can dərmanı deyirlər. Yayda bu bulaqların yanında uzun növbələr görmək olur. Ətraf rayonlardan insanlar və istirahətə gələnlər buralardan litrələrlə su doldurub aparırlar.

Öz fünkar, ecazkar təbiəti ilə seçilən Gədəbəydə turizm sahəsi son illər inkişaf etməkdədir. Artıq burda otellər tikilib.
Novosaratovkanın yaxınlığında Fındıqlı deyilən yerdə əvvəllər çox böyük fındıq bağları olub. Ekoturizm zonası elan edilən əraziyə daxili turist marşrutu təşkil olunur. Burada bir neçə mərtəbəli Fındıqlı şəlaləsi var. Şəlaləyə iki cür getmək olur: üst tərəfdən dağ yolu və nisbətən qısa olan aşağı yol. Alt yolu seçənlər, təxminən 2 km məsafəni piyada suyun içilə getməlidirlər. Əziyyətli olmasına baxmayaraq bu “sulu” macəranı yaşamağa dəyər: gah suda, gah da qayaların üstünə çıxaraq davam edən yolçuluqdan sonra nəhayət şəlaləyə çatıb onun səsini dinləməyə, yaranan bol köpüklü təbii su vannalarını seyr etməyə dəyər. Hətta əməlli başlı soyuq duş qəbul etmək, gur sudan yaranan vannada – təbii cakuzidə çimmək olar. Sərinləmək, dincəlmək və pikinik etmək üçün əla yerdir. Burada kanat yolları da çəkilsə daha da turistlər üçün maraqlı olar.

 Rayon ərazisində salamat qalmış tarixi-memarlıq tikililərinə nümunə olaraq Tağlı körpünü (XIX əsr), Qanlı körpü, Qala kəndindəki Qülləni (XVI əsr), Söyüdlü kəndindəki Qız qalasını (və ya Namərd qala - IX əsr), , Şınıx  kəndində İsgəndər qalasını, Koroğlu qalası, Novosaratovka, Söyüdlü, Çanaxçi və Kiləvi kəndlərində erkən orta əsrlər dövrünə aid xristian məbədlərini göstərmək olar.

  Zəngli Kilsə (V – VII əsrlər), Böyük Qaramurad kəndinin ən məşhur tarixi abidəsi V-VII əsrlərə aiddir. XII – XIII əsrlərdə yenidən bərpa edildikdən sonra bu günkü formasını alıb. Bəzi mənbələrdə 1634-cü ildə inşa edildiyi yazılır. Yerlilərdən buna niyə Zəngli Kilsə deyildiyini soruşduq. Sən demə, kilsənin tavanından nəhəng dəmir zəng asılıbmış. Bu zəngə dəmirlə vurulduğu zaman cingiltili səs ətrafa yayılarmış. 1960-cı illərdə kilsənin zəngi müəmmalı şəkildə yoxa çıxıb. Kəndlilər oğurlandığını güman edirlər. Məbədin divarlarına müxtəlif ölçülü formalı xaçlar və naxışlar döyülüb. Deyilənlərə görə vaxtilə bu məbəddən karvansaray kimi də istifadə ediblər.

Tala kilsəsi rayonun yuxarı hissəsindəki meşəlikdə, tala adlanan ərazidə yerləşən qədim kilsədir. Yaşıllıqlar arasında itmiş abidənin içərisində müxtəlif dərin oyuqlar var. Buradan müxtəlif istiqamətlərdə tunellər qazıldığı anlaşılır. Vaxtilə ibadətxana olduğunu deyirlər.

        Saratovka kəndində rusların "duxobor" deyilən köhnə təriqətçilər tayfasının nümayəndələri yaşayır. Onlar özlərinin maddi və mənəvi mədəniyyətini hələ də qoruyub saxlamışlar.

"Qizilağac" qoruğu bu rayonun ərazisində yerləşir. "Azərbaycanın təbiət abidələri" kimi dövlət tərəfindən mühafizə olunan obyektlərin siyahısına daxil edilmiş bir neçə təbii obyekt - Şamliq, Qamiş, Gödəkdərə, Qovdu meşələri də buradadır.

Slavyanka kəndi Gədəbəyin girişində yerləşən mənzərəli kənddir. Rəngli taxtalı, klassik evləri rus nağıllarını xatırladan Slavyanka sarı rəngli malinası və ondan hazırlanan mürəbbəsi ilə məşhurdur. Giləmeyvənin bu sortu Azərbaycanda yalnız bu kənddə yetişdirilir. Əvvəlki adı Qızılça yaylağı olub. Kurort zona hesab edilir. Qızmar yayda şəhərdə temperatur 40 dərəcəyə çatanda, burada istilik 18 – 20 dərəcədən yuxarı qalxmır. İyul ayında dağların yamacı lalələrlə dolu olur. Slavyanka kəndindəki mineral bulaqlarının yanında, kəndin yuxarı və aşağı başlarında yeni açılan otellər yay fəslində fəaliyyət göstərir.

Slavyankada kənd camaatı minillik tarixi abidələrlə iç – içə yaşayır. Qədim Oğuz qəbiristanlığındakı nəhəng qəbr daşları diqqət çəkir. Kəndlilər danışırlar ki, keçən əsrlərdə buraya gələn xaricilər qəbiristanlıqda dəfinə axtarıblar. Kurqanlardan qazıb çıxardıqları xəzinələri də özləriylə aparıblar. Elmi araşdırmaların aparılmadığı ərazidə Oğuz tayfalarına aid olan qədim qala və məbədlər çoxdur.
 
2014-cü il
                                                          Əhmədzadə Həlimə
                                                           Məmmədova Vüsalə
34440
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic